“Yaxşı, sənə iki yazmayacağam, amma saçlarından dartacağam” - Məktəb illəri
Məktəb illəri hər kəsin həyatında
unudulmaz xatirələrlə doludur. Bəlkə də insanın ən şıltaq, dəcəl olduğu
vaxtlardır. Zaman keçdikcə həmin dövrdə etdiklərimizi xatırlayanda,
üzümüzdə azda olsa təbəssüm yaranırsa, demək ki, həmin illər elə də sakit keçməyib.
Sinif yoldaşlarımızla etdiyimiz zarafatlar, müəllimlərimizin bizə verdiyi cəzalar
hamısı şirin bir xatirə olaraq yaddaşımıza həkk olunur. Bu dəfə rubrikamızın
qonağı bəstəkar Sevinc Tofiqqızıdır.
Bəstəkar
xanım deyir ki, musiqini o qədər sevirmiş ki, hətta, tarix dərsində belə not
yazırmış: "Bir dəfə
tarix dərsində solfecio dərsindən evə verilən tapşırığı yazırdım. Tarix dərsini
keçən Vaqif müəllim bunu gördü. Soruşdu ki, qızım, Sevinc, sən nə yazırsan? O
not dəftərini görmüşdü deyə, yalan danışa bilməzdim. Müəllim dedi ki, nə
yazırsan bilmirəm, amma tarix dərsidir. Dedim ki, Vaqif müəllim, bir not
yazmalıyam, icazə verin onu yazım. Saçlarım uzun idi. Vaqif müəllimin mənim
saçlarımdan çox xoşu gəlirdi. Dedi qalx ayağa. Qorxudan məni həyəcan basmışdı.
Elə bilirdim ki, mənə iki yazacaq. Dedim, Vaqif müəllim, axşam evimizə qonaqlar
gəlmişdi deyə, solfecio dərsimi evdə çatdırmamışam. Nə olar, məni bu dəfə
bağışlayın. Vaqif müəllim gülə-gülə saçlarımdan tutub dartaraq dedi: "Yaxşı, sənə
iki yazmayacağam, amma saçlarından dartacağam”.
Günel Azadə