Yaşlılar üçün xüsusi təcili tibbi yardım? - ARAŞDIRMA
Türkiyədə
65 yaşdan yuxarı şəxslərin daha yaxşı və operativ təcili tibbi yardım xidməti
alması üçün xüsusi sistem yaradılır. Ancaq belə sistemin Azərbaycanda tətbiqinə
münasibət birmənalı deyil.
Türkiyədə
65 yaşdan yuxarı şəxslər üçün ayrıca Təcili Tibbi Yardım xidmətinin
formalaşdırılmasına başlanılıb. Avropa Birliyinin maliyyə yardımı ilə
reallaşacaq pilot layihənin icrasına yaxın zamanlarda başlanacaq. Türkiyənin Təcili
Tibbi Mütəxəssislər Dərnəyinin Başçısı Prof. Dr. Başar Cander layihə haqqında
danışarkən bildirib ki, bu, dünyada ilkdir: "Yaşlı əhali tədricən artır.
Onların sağlamlıq problemləri də fərqlidir. Bu layihəmiz Avropada böyük maraq
gördü. Avropa Birliyi tərəfindən dəstək aldı. Dünyada belə bir xidmət yoxdur.
İlk olaraq Türkiyədə bu sistemi qurmağa başlayırıq. Yalnız yaşlılara yönəlmiş təcili
xidmət olacaq”. Maraqlıdır, belə bir sistemin ölkəmizdə də qurulmasına ehtiyac
varmı? Hansı cəhətdən effektli ola bilər? Belə bir layihənin ölkəmizdə tətbiqi
hazırda nə dərəcədə real görünür?
Təcili
yardıma tez-tez müraciət edən qrup
Tibbi
ekspert Şəmsiyyə Namazova deyir
ki, 65 yaşdan yuxarı şəxslər üçün ayrıca təcili tibbi yardım xidmətinin
yaradılması bir neçə səbəbdən əhəmiyyətlidir: "Demoqrafik göstəricilərə nəzər
salsaq, görərik ki, 65 yaşdan yuxarı insanların sayı artıb. Digər tərəfdən, bu
yaş qrupundakı insanlarda xroniki xəstəliklər daha çox olur. Ürək-damar,
dayaq-hərəkət, yuxarı tənəffüs yolları, endikrinoloji və s. xəstəliklərə yaşlı
insanlarda daha sıx rast gəlinir. Yaşlı insanların əksəriyyəti şəkər xəstəsi kimi
qeydiyyatdadırlar. Əksəriyyəti təcili tibbi yardıma tez-tez müraciət edir. Yəni
bu yaş qrupu üzrə təcili tibbi yardım çağırışları ildən-ilə artır. Bu səbəblər
qeyd etdiyimiz qrup əhaliyə daha xüsusi diqqət göstərilməsini vacib edir”.
Pandemiya
dövründə olsaydı…
Ş.Namazova
bildirdi ki, hazırda ölkədə belə bir xidmət olsaydı, koronavirusu ağır keçirən
yaşlı şəxslərə daha operativ xidmət göstərilərdi: "Yaşlı şəxslər bu virusa
qarşı daha həssasdırlar, eyni zamanda xroniki xəstəlikləri olanları da çoxdur.
Pandemiya ilə əlaqəli çağırışlar olanda təcili tibbi yardım çağırışlara növbə
ilə gedir. Amma 65 yaş üzəri şəxslər üçün ayrıca tibbi yardım olardısa, onlara daha
tez xidmət göstərilə bilərdi”.
Xəstəliyin
ağırlaşmamağı üçün
Tibbi
ekspertin sözlərinə görə, xəstəliklərin ağır fəsadla nəticələnməməyi üçün yaşlı
şəxslərə vaxtında təcili tibbi yardım xidməti göstərilməsi vacibdir: "Düzdür,
indi xəstəliklərin cavanlaşdığını deyirik, amma klinik gedişata baxanda yuxarı
yaş qruplarında olanların təcili yardıma daha çox müraciət etdiyini görürük.
Hipertonik krizislər, insultdan sonrakı kritik dövr olur. O şəxslərdə həmin xəstəliklər
xroniki formaya keçir. Ömür boyu o xəstəliklə bağlı narahat olurlar. Deyək ki,
təzyiq qalxıb, həm də şəkərli diabetdir. Bu hal, an içərisində insulta səbəb
ola bilər. Təcili Tibbi Yardım isə ümumi çağırışlara sıra ilə gedir. Yaşlıları
önə çəkmirlər. Ancaq sırf yaşlıların çağırışlarına baxan xidmət olsa, onların
yardımlarına daha tez çatarlar. Bu, həmin şəxslərdə xəstəliklərin fəsadlaşmasının
qarşısını alacaq. Vaxtında ilkin yardım göstərilməyəndə bəzən problem çox dərinləşir,
ağırlaşır. Təcili Tibbi Yardım daha tez çatsa, ilkin yardım daha tez göstərilsə,
problemlər daha dərin səviyyəyə gəlməz”.
Azərbaycanda
real görünmür
Millət vəkili
Müşfiq Məmmədli deyir
ki, Türkiyədə planlaşdırılan 65 yaşdan yuxarı şəxslər üçün ayrıca təcili tibbi
yardım xidmətinin üstün tərəfləri var, ancaq hazırkı dövr üçün ölkəmizdə tətbiqi
o qədər də real görünmür: "Həm səhiyyənin kadr resursları baxımından o imkan
yoxdur, həm də bu istiqamətdə ayrıca xidmətin təşkilinin effektivliyi yüksək
olmayacaq”.
Ailə həkimliyi
institutu
M.Məmmədlinin
sözlərinə görə, hazırda Azərbaycanda formalaşdırılan Ailə Sağlamlıq Mərkəzləri
və ailə həkimliyi institutu bütün yaş qruplarında olan şəxslərin sağlamlığının nəzarətdə
saxlanması cəhətdən önəmli olacaq: "Ailə həkimliyi institutu ailədə olan fərdlərin
hər birinin sağlamlığını nəzarətdə saxlayacaq, lazım olduqda icbari, yaxud
könüllü dispanserizasiyasını həyata keçirəcək. Davamlı
şəkildə ailə üzvlərinin sağlamlığı haqqında məlumatlara malik olacaq. 2000-2500
şəxsin bir ailə həkiminə bağlı olması nəzərdə tutulur. Bu, təxminən 400-500 ailə
edir. Həm yaxınlıq, həm də həkimə etibarlılıq baxımından kifayət qədər
dayanıqlı sistemdir. Ailə həkimliyi institutu və Ailə Sağlamlıq Mərkəzləri
icbari tibbi sığorta çərçivəsində aparılan islahatlarla özünün strateji hədəfinə
yaxınlaşsa, bu, bizim səhiyyə sistemimizdə 65 yaş üstü insanları da əhatə etmək
baxımından kifayət edəcək”.
Aygün
Asimqızı