Yaşıllıqdan boylanan təhlükə - PROBLEM
Azadlıq prospekti boyunca yolun kənarlarında, yolayrıcında əkilən həmişəyaşıl və dekorativ ağaclar, yaşıllıq zolağının tən ortasında əlavə olaraq
dəmir konstruksiyadan hazırlanan keçid – "arko” piyadaların təhlükəsizliyi üçün
problemə çevrilib
Bakı şəhəri Binəqədi rayonu ərazisində - Azadlıq
prospekti boyunca yolun sağ və sol hissəsində, yol ayrıcında həmişəyaşıl və
dekorativ ağaclar əkilib. Yaşıllıq zolağının tən ortasında əlavə olaraq dəmir
konstruksiyadan keçid – "arko” düzəldilib, üzəri həmişəyaşıl sarmaşıq bitki ilə
örtülüb. Bu "arko”nun girişi və çıxışı birbaşa avtomobil yoluna baxır.
Ani diqqətsizlik qəza və ölümlə nəticələnə bilər
Yaxınlıqdakı Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasından çıxan tələbələr, oradakı dayanacaqda avtobusdan düşən sərnişinlər
əvvəlcə piyada keçidi və piyada zolağı olmayan, dördzolaqlı, ikitərəfli yolu
qarşı tərəfə keçərək bu "arko”ya daxil olur, oradan da çıxıb növbəti birtərəfli,
ikizolaqlı yolu keçib yaşayış binalarına doğru, yaxud əksinə hərəkət edirlər.
Yolun bu hissəsində hər hansı yol nişanı yoxdur. Azadlıq prospekti ilə M.Ə.Rəsulzadə
qəsəbəsi istiqamətində hərəkət edən sürücülər, eləcə də sözügedən "arko”dan
istifadə edən piyadalar üçün bu vəziyyət olduqca təhlükəlidir. Çünki axşam
saatlarında istər-istəməz görüntü məhdudlaşır. Bununla bərabər, yaşıllıq
zolaqlarının içi ilə hərəkət edərək qəfil yolu keçməyə çalışan, yaxud qeyd
etdiyimiz "arko”dan istifadə edən piyadalar sürücülər üçün görünməz olurlar.
Ani diqqətsizlik qəza və ölümlə nəticələnə bilər.
Ağac və kollar görüntünü məhdudlaşdırır
Nəqliyyat eksperti, qəza əleyhinə kursların məşqçisi
Aqil Rəhimov da hesab
edir ki, ağacların və kolların yol kənarında, ayrıca zolaqlarda standartlara
riayət olunmadan, gələcəkdə yarada biləcəyi maneələr düşünülmədən əkilməsi həm
piyadalar, həm də nəqliyyat vasitələrini idarə edən sürücülər üçün təhlükəlidir:
"Məsələ ondadır ki, piyadaların əksəriyyəti yolu ancaq keçidlərdən, xüsusi
zolaqlardan deyil, ən qısa məsafədən, yəni istədiyi yerdən keçirlər. Bəzi piyadalar
ağac və kolların arxasından qəfil çıxır, yolu keçməyə çalışırlar. Bu zaman fərqinə
varmırlar ki, sürücü onları görmür. Yol kənarındakı ağac və kollar görüntünü məhdudlaşdırır.
Belə şəraitdə piyadalar qəfil yola çıxır, öz həyatları üçün təhlükəli vəziyyət
yaradırlar. Piyadanı qəfil qarşısında görən sürücü idarə etdiyi avtomobilin sürətini
tənzimləyə bilmir. Düzdür, sürücü dərhal əyləci sıxır ki, piyadanı vurmasın.
Amma nəzərə alaq ki, əyləc sıxıldıqdan sonra avtomobilin sürüşmə-əyləc məsafəsi
var”.
Özünü nəqliyyat vasitəsinin altına atan piyadalar
Ekspert qəzetimizə açıqlamasında deyib ki, avtomobil 50 kilometr/saat sürətlə hərəkət edəndə belə, sürücü qaranlıq vaxtlarda kolun
və ya ağacın arxasından qəfil yola çıxan, bilməyərəkdən özünü nəqliyyat vasitəsinin
altına atan piyadanı vurmaqdan yayına bilmir: "Nəticə etibarilə həm piyada xəsarət
alır, həm də sürücü məsuliyyətə cəlb olunur. Ona görə də yol kənarlarında,
ayırıcı zolaqlarda yaşıllaşdırma tədbirləri həyata keçirilərkən mütləq bu məqamlar
nəzərə alınmalı, standartlara uyğun şəkildə iş aparılmalıdır. Yol hərəkətinin təşkili
zamanı elə edilməlidir ki, yol nişanları hərəkət iştirakçıları üçün aydın
görünsün, yollar piyadalar və sürücülər üçün təhlükəsiz olsun. Bu kimi səbəblərə
görə, yol kənarlarında, yol ayrıclarında görüntünü məhdudlaşdıran dekorativ, həmişəyaşıl
ağac və kolların əkilməsinin əleyhinəyəm. Çünki baş vermiş qəzaların müəyyən
hissəsi məhz bundan qaynaqlanır”.
Yolda hərəkətin təhlükəsizliyi vacib məqamdır
Bakı Nəqliyyat
Agentliyinin (BNA) mətbuat katibi MaisAğayev mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib
ki, avtomobillərin intensiv hərəkətinin müşahidə olunduğu Azadlıq prospekti
boyunca piyadaların hərəkət təhlükəsizliyi üçün zəruri olan tədbirlər görülüb. Onun
sözlərinə görə, bu çərçivədə zəruri olan yerlərdə həm müxtəlif səviyyəli, həm də
eyni səviyyəli piyada keçidləri təşkil edilib: "Bu yoldan istifadə edən
piyadalara da məhz yol hərəkəti təhlükəsizliyi qaydalarını nəzərə almaqla,
piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Səkinin üzərində
yaşıllığın bu formada dizayn edilməsi hərəkətin təhlükəsizliyi baxımından risk
yaradır. Çünki bu cür vasitələrin mövcudluğu bir növ çaşdırıcı rol oynayır və
piyadaları normalara uyğun təşkil edilən keçidlərdən istifadə etməkdən
yayındırır. Digər tərəfdən, burada yaşıllıq elə dizayn edilib ki, sürücü hərəkətdə
olan zaman piyadaların yola yaxınlaşdığını ümumiyyətlə görə bilmir. Əlbəttə ki,
yol boyunca yaşıllıqların olması, ağac və bitki kollarından gözoxşayan müxtəlif
dekorasiyaların quraşdırılması yaxşı haldır. Biz bunu təqdir edirik. Amma mütləqdir
ki, bu cür vasitələr düzəldilərkən yolda hərəkət təhlükəsizliyi kimi vacib məqamlar
da nəzərə alınsın. Əks halda, xoş niyyətlə atılan bir addım insan faciəsinə səbəb
ola bilər”.
Rufik İSMAYILOV