• çərşənbə, 24 Aprel, 06:00
  • Baku Bakı 13°C

“Yaşıl dəhliz”in yaşıl işığı

29.03.19 10:10 2644
“Yaşıl dəhliz”in yaşıl işığı
Gömrük sistemində islahatların dərinləşməsi sahibkarlığın inkişafına ciddi təkan verəcək

Son illər ölkəmizdə əhalinin rahatlığını təmin etmək, vətəndaşların məmurlarla təmasını sıfıra endirmək məqsədi güdən çoxsaylı yeni sistemlər tətbiq olunur. Ciddi islahatların aparıldığı sahələrdən biri də gömrükdür.

Uzun illər vətəndaşların gömrüklə bağlı müəyyən narazılıqlarının olduğu heç kimə sirr deyil. Gömrük məntəqəsindən keçərkən sərhəddə mal daşıyan yük avtomobillərinin saatlarla növbədə dayandığının şahidi olurduq. Tez-tez mətbuatda müxtəlif sərhəd-keçid məntəqələrindən giley-güzar dolu reportajlar dərc edilirdi. Səbəb malların gömrük məntəqəsindən keçirilməsi prosesinin mürəkkəb olması və çox vaxt aparması, mal gətirən şirkətlərin sənədlərinin yoxlanılmasında problemlərin yaranması idi.

Lakin artıq bu sahədə inqilabi dəyişikliklərin həyata keçirildiyini demək olar. Gömrük sistemində aparılan islahatların əksəriyyəti bu sahədəki prosedurların asanlaşdırılmasına, insanların xidmətlərdən rahat istifadəsinə, bu sahədə sənədləşmə üçün tələb olunan vaxtın azaldılmasına yönəlib. Məmur-sahibkar təmasının minimuma endirilməsi nəticəsində idxal-ixrac əməliyyatlarında şəffaflıq təmin olunub, gömrük postlarında qeydiyyat prosedurları asanlaşdırılıb. Nəticədə gömrük xidməti mədəniyyəti xeyli yüksəlib, vətəndaşlar lazımsız xərclərdən azad olub.

Bu sahədəki yeniliklərdən "e-gömrük” layihəsini, sərhəd-keçid məntəqələrində "Bir pəncərə" proqramını qeyd etmək olar. "Yaşıl dəhliz" prinsipinin tətbiqi isə bütün sistemdə köklü dəyişikliyə səbəb olub. Belə ki, 2019-cu il fevralın 1-dən etibarən Azərbaycanda gömrük sərhəd buraxılışı məntəqələrində "Yaşıl dəhliz” sistemi işə düşüb. Hələ ötən ilin dekabrında "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydaları" təsdiq edilib.

Fərid Vəliyev: "Bu sistem ixrac potensialımızın artmasına xidmət edir”

"Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılmış bu addım xarici ticarət iştirakçılarının və gömrük orqanlarının münasibətlərinin tənzimlənməsi məqsədinə xidmət edir. Bu prinsiplərin tətbiqi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə münbit şərait yaratmağı nəzərdə tutur”. Bu fikirləri Dövlət Gömrük Komitəsinin tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev bizə müsahibəsində bildirib. Onun sözlərinə görə, yeni qaydalar ilk növbədə xarici ticarət iştirakçıları üçün gömrük prosedurlarının və idxal-ixrac əməliyyatlarının daha da sadələşdirilməsinə imkan verəcək.
Şöbə rəisi qeyd edib ki, "Yaşıl dəhliz” sistemi ölkənin ixrac potensialının artırılması istiqamətində atılan mühüm addımlardan biridir: "Bu sistem xarici ticarət iştirakçılarına ilk növbədə gömrük sərhədindən malları prioritet qaydada keçirməyə, gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasına imkan verir. Şirkətlər gömrük məntəqələri və digər yerlərdə həyata keçirilən əməliyyatların və prosedurların istifadəsində, o cümlədən gömrük ekspertizasının aparılmasında üstünlük əldə edirlər”.

"Yaşıl dəhliz” kimə yararlıdır?

F.Vəliyev bildirir ki, "Yaşıl dəhliz” sisteminə qoşulan sahibkarlar ofislərini tərk etmədən, öz anbarlarından idxal-ixrac əməliyyatlarını həyata keçirə bilərlər. Bu sistemdən istifadə etmək üçün onlar ilk növbədə elektron müraciət formasını doldurmalıdırlar. İxrac zamanı isə sahibkarlar bir saat öncədən ixrac bəyannaməsini və qanunvericiliklə tələb olunan məlumatları gömrük orqanlarına göndərməlidirlər:

"İstər səlahiyyətli yük alan, istər səlahiyyətli yük göndərən statusunda çıxış edən şəxslərin gömrük təminatı vasitələrindən istifadəsi daha da asanlaşır. Xarici ticarət iştirakçıları məlumatların təsdiqini əldə etdikdən sonra öz anbarlarından birbaşa malların ixracını bəyan olunan gömrük sərhəd məntəqəsinə keçirə bilərlər. Bu da məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında tənzimlənməsində ən mühüm məsələlərdən biridir”.

Qeyd edək ki, "Yaşıl dəhliz” sistemindən istifadə etmək istəyən xarici ticarət iştirakçıları üçün müəyyən meyarlar müəyyənləşdirilib. Əsas tələblərdən biri sahibkarların son 1 il ərzində xarici ticarət əməliyyatlarının olmasıdır. Digər tərəfdən, sahibkarların yükdaşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələri ilə həyata keçirilməlidir. Həmçinin xarici ticarət iştirakçıları müvafiq məlumat mübadiləsini həyata keçirməyə imkan verən elektron infrastruktura malik olmalıdır. Şirkətin qaçaqmalçılıq və gömrük ödənişlərindən yayınma hərəkətlərinin olub-olmaması da əsas kriteriyalardan biridir. Öz anbarlarından yüklərin boşaldılmasını istəyən şəxslərin bu sistemə buraxılması üçün anbarlar da Nazirlər Kabinetinin müəyyən etdiyi standart və normalara uyğun olmalıdır.

Bu sistemin tətbiqi ilə bağlı tövsiyə hələ iki il əvvəl Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən hökumətə təqdim olunub. Palata 2016-cı ildə hazırladığı "Ağ sənəd”də "Yaşıl dəhliz”in tətbiqini təklif edib. Bu tövsiyə ötən ilin dekabrında hazırlanan növbəti "Ağ sənəd”də də yer alıb.

AmCham: "Xarici şirkətlərin Azərbaycan bazarına marağı artacaq”

AmCham-ın icraçı direktoru Natəvan Məmmədova bizə açıqlamasında deyib ki, bu sənəd iqtisadiyyatın 11 sahəsini əhatə edən 100-ə yaxın təklifi özündə ehtiva edir. Təkliflərdən biri də "Yaşıl dəhliz”lə bağlı olduğundan, AmCham bu məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq edib:

"Bu sistem imkan verir ki, sərhəddən mal keçirən sahibkarlar qısa idxal bəyannaməsini əvvəlcədən elektron qaydada gömrük orqanına göndərməklə, heç yerə getmədən, gömrük əməkdaşı ilə təmasda olmadan malların yükləmə və gömrük rəsmiləşdirməsi proseslərini icra etsinlər. Yəni, gömrük sərhəd buraxılış məntəqələrində uzun-uzadı növbələr, sənədləşdirmə işləri olmayacaq. İndiyədək gömrükdə qanun pozuntusuna yol verməyən, hər zaman gömrük sənədləri qaydasında olan, şəffaf bəyannamə verən şirkətlər "Yaşıl dəhliz” istifadəçisi ola bilər. Bu, hər tərəfə faydalıdır. Çünki şirkət öz xərclərini və yolda olma zamanını azaldır. İşin effektivliyi, səmərəliliyi artdığı, şirkət daha rahat işlədiyi üçün onun Azərbaycan bazarına marağı da yüksəlir”.

N.Məmmədova deyir ki, bu sistem hökumətə də sərfəlidir. Çünki ölkəyə daxil olan hər avtomobili, onun gətirdiyi malları yoxlamaq, malların siyahısını çıxarmaq böyük vaxt itkisidir. Odur ki, bu sistem hər iki tərəf üçün olduqca əlverişli mexanizmdir.

Natəvan Məmmədova hesab edir ki, "Yaşıl dəhliz”in tətbiqi şirkətlər arasında da rəqabəti artıracaq. Çünki şirkətlər sərhədi daha rahat keçmək naminə gömrük sənədləşməsini daha diqqətlə və şəffaf şəkildə həyata keçirəcəklər. Odur ki, özəl sektor bu imtiyazdan düzgün istifadə etməlidir. AmCham da öz növbəsində, "Yaşıl dəhliz”in tətbiqi ilə bağlı sahibkarlar arasında maarifləndirmə işini həyata keçirməyə hazırdır.

60-a yaxın operatora "Yaşıl dəhliz”dən keçməyə icazə verilib

"Yaşıl dəhliz” layihəsinə gəlincə, bu sistemin tətbiqi nəticəsində buraxılış məntəqələrində idxal-ixrac əməliyyatları sadələşdirilib, bu da öz növbəsində ticarətin asanlaşdırılması və tranzit yüklərin daşınmasının sürətləndirilməsinə təsir göstərib. Artıq 60-a yaxın iqtisadi operatora "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə icazələrin verilməsi təmin edilib.
Ümumilikdə, hazırda Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla, elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. Artıq gömrük ödənişlərinin "ASAN Pay" sistemi vasitəsilə həyata keçirilməsinə başlanılır.
2018-ci ildə Dövlət Gömrük Komitəsinə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib. Ötən ilin 11 ayı ərzində 405 min gömrük bəyannaməsi, 1 milyon 221 minə yaxın sərnişin bəyannaməsi, 1 milyona yaxın elektron ödənişlər olub. Bu sahələrdə artım tendensiyası davam edir.

Ekspert: "İslahatlar sahibkarlığın inkişafına təkan verəcək”

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, yaxın gələcəkdə gömrük sistemində növbəti islahatların həyata keçiriləcəyi, şəffaflığın daha da dərinləşdiriləcəyi, prosedurların elektronlaşdırılmasının davam etdiriləcəyi gözlənilir.

Ekspert xatırladır ki, vergi kimi, gömrük sektoru da respublikamız üçün dövlət gəlirlərinin formalaşdırılması, büdcəyə daxilolmalar baxımından aparıcı dövlət qurumudur: "Eyni zamanda, bu qurum iqtisadi islahatların, iqtisadiyyatın liberallaşması, həmçinin sahibkarlığın inkişafı baxımından da vacib institutdur. Bu qurumun fəaliyyəti bilavasitə sahibkarlığın inkişafını təşviq edir və bu baxımdan, gömrük sistemində islahatların dərinləşməsi sahibkarlığın inkişafına yeni təkan verəcək”.

"İslahatların nəticələrini sonrakı illərdə də görəcəyik”

Aparılan islahatlar dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib. Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev bildirib ki, gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır: "Bu sahələrdə sağlamlaşdırma prosesi gözəl nəticələr verir. Bizim maliyyə imkanlarımız genişlənir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Burada tam şəffaflıq və dürüstlük olmalıdır. Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq - artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb - eyni zamanda, kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olacağıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq”.
Prezident İlham Əliyev bir daha qeyd edib ki, gömrük sahəsində tam yeni yanaşma mövcuddur. Artıq bu sahədə şəffaflıq, dürüstlük təmin edilir, tam sağlamlaşdırma prosesi gedir.
Ümumilikdə, gömrük xidməti innovativ, güclü, stabil və tamamilə avtomatlaşdırılmış, eyni zamanda beynəlxalq ticarətin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləyən bir xidmət kimi tanınmağı hədəfləyir. Bu xidmət beynəlxalq ticarətin asanlaşdırılması, təhlükəsizliyin təmin olunması istiqamətində çalışır, Azərbaycanın regionda əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməsi üçün mühüm layihələr reallaşdırır.

Məğrur Əli Polad


banner

Oxşar Xəbərlər