• cümə, 29 Mart, 16:12
  • Baku Bakı 14°C

Yaşamaq sənəti

10.01.20 09:45 890
Yaşamaq sənəti
Fani olanlar, zamanı zərrələrə bölə bilməyənlərdir
Mənim son təsbitlərimə görə, insan ömrü heç də qısa deyilmiş. Əksinə, çox uzunmuş. Zamanın nisbiliyi tam da bu məqamda öz təsdiqini tapır. Zamana münasibət həyat sahibinin o həyatdan nə anladığına bağlıdır. Zaman bizim əlimizdədir, biz zamanın yox. Zaman hesablanan bir şey deyil. Hiss edilən və yaşanılan bir şeydir. Zərrələr də zamandır, o zərrələri görünməz edən kütlə də. Kütlə də zamandır, o kütləni təşkil edən zərrələr də. Mən həmişə antimateriyanı - maddənin qarşısında duran antimaddəni axtarmışam. O, nə zərrədir, nə də kütlə. Onların ikisini də yaradandır. Antimaddənin zamanı ya mütləqdir, ya da ki, onun zamanı heç mövcud deyil. Şərq təsəvvüfündə "Tanrının gözü ilə baxmaq" və ya "Tanrının gözünə sahib olmaq" deyə bir anlayış var. Yəni zaman materiyadan sonra başlayır. Materiya özü isə antimateriyadan sonradır. Deyilənlərə özümüz də inansaq, o zaman antimaddənin zamanı yoxdur. Olmayan bir zaman "mütləq zaman" adlandırılıb. Halbuki o mütləqi nə görən var, nə duyan. Nə qədər ki, antimaddə kəşf edilməyib, Tanrı özü də antişüur olaraq qalacaq və heç kimə, heç nəyə bir faydası toxunmayacaq.
Bu mənada zərrələrə dönük insan həyatı çox uzundur. Çünki zərrələrin hər birində tam bir kütlə mövcuddur. Zərrələrin təşkil etdiyi hər hansı bir kütlənin özü də nisbidir, yəni onun özü də bir zərrədir. Yalançı mütləqə dayaz inancın əvəzinə, "hər tanrının bir tanrısı var" desək, daha ədalətli olardı.
Dünya fani-filan deyil. Fani olanlar, zamanı zərrələrə bölə bilməyənlərdir. Kütlənin əksinə, zərrə heç zaman ölmür. Hər kütlənin özü də bir zərrə olduğu üçün, ölüm, ümumiyyətlə yoxdur. Ölmək, yaşamamaq deməkdir. Yaşayan heç nə ölməz. Deməli, fiziki ölüm yoxdur, sadəcə mənəvi ölüm vardır.
Kütlə aldanışdır, çünki görüntüdür. İnsanlar Tanrını zərrədə axtarmaq yerinə, kütlədə axtardılar. Halbuki Tanrı cüzvdür, küll deyil. Cüzvü görməyənlər küllün iddiasında oldular. Nəticə isə küll yox, təəssüf alovundan geriyə qalan bir ovuc kül oldu! Hər kəsin evindəki Tanrı onun qəlbindəki, şüurundakı Tanrı idi. Monoteizm Tanrının məhrəmliyini yox etdi. Guya, çoxtanrılığı birləşdirib tək tanrı yapdılar. Nə baş verdi? Tanrını birləşdirmək olar, ancaq şüurları, qəlbləri birləşdirmək mümkün deyil. Tanrı bir ola bilər, ancaq ona münasibət heç zaman bir ola bilməz! Onsuz da çox tanrı da, tək tanrı da gerçək deyil. Hər ikisi insanın maddi, mənəvi ehtiyacından yaranmış qaya rəsmi, divar tablosu kimi bir şeydir. Ovçular, əkinçilər və tacirlər… Bəşər bu üç zümrənin material davamıdır. İnsan oğlu heç bir zaman öz həyat ehtiyaclarını öz uydurduğu tanrıya qurban verməz. Əksinə, insan oğlu tanrını yaradıb ki, öz ehtiyaclarını ödəsin və daha dəqiqi, ona ödətsin. Tanrı bir zaman insan övladının komandanı oldu və Qüdsə müqəddəs məzar dalınca getdi. Başqa bir "Allah" peyda oldu və onun qarşısına yeni bir komutan olaraq çıxdı. Çox nadir hallarda bunların tanrısının əlindən yaxşı işlər gəldi! Bir yaxşı-yaxşı baxın bu başıbəlalı Dünya səhrasına! Görün qan qırmızı bu qumların üzərində "Allahu Əkbər"dən başqa nə yazılıb?! Dünyanı bu hala gətirən də insan, ona "fani" deyən də insan! Halbuki o ağır silahların yerinə, uçarkən qanadından ərməğan deyə torpağa bir lələk sancıb gedən bir durna yadigarını mürəkkəbə batırıb,çocuq qanı tökmək yerinə "kafir-kafir" şeirlər yazmaq nə gözəl idi! Siz deyin, tanrını əlaqəsiz məsumların qanı ilə təsdiq edən haqlıdır, yoxsa onu mürəkkəbi ilə inkar edən?! Hansı fayda gətirdi bu insanlığa?! Bir tanrını ki, qaçan da çağırır, qovan da - nə anlayım mən bu tanrıdan?!
Halbuki zamanı zərrələrə bölüb, hər zərrəni bir kütləyə çevirdiyimiz zaman, nə çox tanrıya ehtiyac qalır, nə tək tanrıya. İnsanların tanrısından uzaqlaşmadıqca, öz tanrısına qovuşa bilməz insan! Əsl poluteizm elə monoteizmdən sonra başladı. Əvvəllər tanrılar bir-birilə savaşırdı, indi insanlar bir-birilə savaşmağa başladı. Əvvəllər tanrılar insanların üstündə savaşırdı, indi insanlar bir tanrının üstündə. Yazıq Tanrı! Hardadır görəsən?! Neyləyir, nə iş görür?!
Sufilər "Tanrının gözü" dedilər, aləmlərə "Onun gözü ilə baxın" dedilər. İnsanlar da götürdülər o "gözü" qoydular bir piramidanın təpəsinə və dedilər ki, tanrı sizi görür ha, günah işlətməyin, ağıllı olun, ona iman edin. Digərləri isə, piramida düzəltmədi, ancaq onu öz kitabına saldı və dedi: "Tanrı eşidir və görür". Əvvəlki tanrının gözü vardı, bunun gözü də var, qulağı da! Rəhmətlik Bethoven deyirdi tənhalıq mənim dinimdir! Bunlarsa dedilər, yox, camaatla birgə edilən duaları o daha tez eşidir. Biz də fikirləşdik ki, yəqin tək olanda səsimiz zəif çıxır və hər şeyi eşidən, bilən tanrı bizi duymur. Başladıq xor əsərləri yazmağa... insanlar da başladı bizim bu sənət əsərlərini oxumağa. Bədbəxtlər özləri də bilmədilər ki, kilsəyə tanrının səsini dinləməyə yox, Baxın kantatalarını eşitmək üçün gedirlər. Gözəllik bu səfər dünyanı yox, tanrının özünü xilas elədi. Çünki o notların hərəsi bir zərrədir, müfrədatdır, dolayısı ilə elmdir. Elmə isə bu günə qədər heç kəsin, heç nəyin gücü çatmayıb. O əzəmətli, o yaraşıqlı məscidlər, kilsələr, məbədlər vəhlə yox, memarlıq elmi ilə inşa edilib. O daşlarda zərrələrin sirri yatır. Harmoniyanın, əslində əksliklərin vəhdəti olduğunu insanlıq çox sonralar anladı. Bəlkə səhv edirəm, hələ də insan oğlu anlamayıb ki, təsdiqdən təsdiq doğurmaq olmaz. Təsdiq yalnız və yalnız inkardan doğulur. Əgər Motsartın pulu olsaydı, məmnuniyyətlə Səlib yürüşlərini mədh etmək yerinə əbədi bir sevgi hekayəsini öz əsərinə mətn olaraq seçərdi. Çünki nə kapuletlər qaldı, nə montökyelər. Qalan, sadəcə Romeonun dırmaşdığı pilləkən və sevgilisinin söykəndiyi güllü balkon oldu. Azad sevginin adını "zina" qoyub yox etdilər, yerinə beldən aşağı ehtiyacların mütləq ödənməsi gərəkən siğəni qoydular. Çox gülməlidir. İnsan indi başa düşür ki, "tənhalıq mənim dinimdir" deyən Lüdviq Van Bethoven nə üçün ölərkən "komediya bitdi" dedi!
Zamanın nisbiliyi çox böyük bir ayrıntıdır. Hətta insanlıq üçün böyük bir şansdır. Zərrələri kütləyə çevirən insanın ömrü hər zərrədə bir kütlə qədər uzanır. Tanrını ona görə laməkan ediblər, ona görə boşluğa bağlayıblar ki, tanrı fikrinin özü boşluqdan, yəni bekarçılıqdan yaranıb. Kobud və ironik səslənsə də, bunun həqiqət olduğunu hər kəs bilir. Yalançı tanrıya ehtiyac, gerçək Tanrıya ehtiyac duyulmadığı zaman ortaya çıxır. Mən qəti şəkildə əminəm ki, göz yaşı olmadan, kimsəsizlik və Yusifin atıldığı quyu qədər qaranlıq və ümidsiz bir məqam olmadan, Tanrı gerçək ola bilməz! İnsan yalnız öz yaşadığını başqalarına yaşada bilər! Tanrını görməyən, o tanrını mənə göstərə bilməz. Necə deyərlər, kordan kora bələdçi olmaz!
Halbuki, gerçəklik müfrədatın incələnməsində, dolayısı ilə zəhmətlə dolan zamanın qazanılmasındadır. Bəli, zaman qumar kimidir, kimiləri onu udur, kimiləri uduzur. Müfrədat elmin yaşam səbəbidir. Məhz elə bu səbəbdən də din heç zaman elmlə barışmayacaq. Yalnız gerçək Tanrının varlığını elmlə sübut etmək olar. Dinin tanrısı isə yalançıdır, uydurmadır! Din elmdən ona görə qaçır ki, elmin gerçək tanrısı onun yalançı tanrısını məhv edəcək. Gerçək Tanrı məbədlərdə ona yalvarmağımızı istəmir. Bunlar Ona lazım deyil. O, sadəcə olaraq, yaranışdan bəri mövcud olan və hər şeyə rəğmən bir misqal belə əksilməyən vəhdət sevgisini Onun kimi bizim də yaşamağımızı istəyir. Uydurma zəkadan fərqli olaraq, gerçək zəka unutqan deyil. Çünki o, zərrələrin üstündən ötüb keçmir, onları incələyir, bir zərrənin özünü min zərrəyə bölür, molekulyar transplantasiya vasitəsilə məkan və hətta zaman dəyişdirir. Bəli, elm artıq təsdiq edir ki, zərrələrə bölünmədən heç nə dəyişməz. Zərrələr olmadan heç nə hərəkət edə bilməz. Elə kuantum mexanikası da eyni şeyi deyir. Başqa bir məkana, başqa bir zamana getmək istəyən və ümumiyyətlə, başqası olmaq istəyən bir kütlə əvvəlcə zərrələrə bölünüb, sonra bütövləşməlidir. Necə ki, insan ana bətnində embrion şəklindədir. Yəni zərrədir, zərrələrdən ibarətdir. Onu görünən, anlaşılan, bütöv bir insana çevirən məhz onun zərrə halıdır. "Tanrı hər yerdədir" nə deməkdir? Heç bunu düşünən oldumu? Sizə elə gəlmirmi ki, Tanrı hər zərrədədir və daha yaxına gəlsək, hər zərrə elə bir Tanrıdır! Bunu anlamaq, bunu dərk etmək, bəlkə də insanlığın xilası olardı! Ancaq nədir xilas?! Kimdir xilaskar?! Xilas olmaq gerçəkdir, yoxsa xilaskarı gözləmək?! Ən az on min ildir ki, qeyri-maddi təfəkkürə sahib insan oğlu gözləyir. Belə getsə, hələ bir on min il də gözləyəcək. Amma gəlməyəcək o xilaskar! Gəlsin, kimi xilas etsin, nədən xilas etsin? Hamı gözləyir! Bir insan oğlu xilas olmaq istəmir. Heç kim o xilas dedikləri şeyin məhz burada, bu sonsuz okeanın hansı küncündəsə əsir düşdüyü Dünya adlı bu kimsəsiz adada olduğunu bilmir. Gəlməyəcək o xilas gəmisi. Çünki biz xilas olmaq üçün gəlmişik bu Dünyaya! Vallah Marsda koloniya qurmaq istəyənlərin elmi sevdaları mənə dindarların Dünya dışı cənnətlərindən daha real, daha səmimi görünür. Çünki insanlığı bir gün Marsa aparsa, onun ağlı aparacaq. Amma mən hələ bu Dünyada cənnət həsrəti çəkən bir dənə ağıllı adam görmədim. Çağdaş bir rus alimi əlindəki qələm boyda bir fantastik planet düzəldib, adını da "Asgaria" qoyub, Dünyanın ən varlı adamlarına həmin uydurma planetdən yer satır, onlara "Asgaria vətəndaşlığı” verir. Əlbəttə, bu məqamda yadıma orta əsr Roma papalarının əhalinin günahını bağışlamaq üçün onlara baha qiymətə satdıqları indulgensiyalar düşərdi,... əgər "Asgaria"da yer alanlar həmin indulgensiya alıcıları kimi avam və kasıb kütlə olsaydı! Ancaq deyil. O rus iddiaçıya mənim hörmətim elə bu varlı və intellektual alıcı kütləsinə görə artır. Bəli, insanlar nə etdiklərini çox yaxşı bilirlər!
İnsanlıq xilas olmayacaq, insan xilas olacaq. Onsuz da heç bir insan üçün insanlıq yoxdur, sadəcə insan var! Təkrar da olsa, mən də deyəcəyəm; insanın xilası insanlığın xilasıdır. Çünki insanlıq elə bir kütlədir ki, zərrədən, yəni insandan təşəkkül tapır. Özünü xilas deyə bir şey də yoxdur əslində. Özünə dönmək var. Ən böyük xilas, tanımaqdır. Tanrı da ordan keçir. Tanrı adlı əfsanəni gerçək edən yeganə şey fərdin qurtuluşudur. Çünki fərd zərrədir, ancaq bütöv bir kütləni özündə daşıyan zərrədir. Deməli zərrə həm də zərrələrdir. Yəni insan qaçılmaz ziddiyyət və təbii kəsrətdən ibarətdir. Özündə vəhdətə yetişmək isə birbaşa içində olan hər şeyi bir şey etmək deməkdir. "Nə varsa səndə var" kəlamını boşuna işlətməyib ariflər! Nəsimi "Sən sana gər yar isən, var ey könül, yar istəmə" deyəndə, dedilər Seyid Nəsimi ya eqoistdir, ya mazaxist. Halbuki, səndən ayrı olan o "yar" elə sənin içində səndən ayrılıb. Sənin içində də birləşəcək. O yar kimdir? Əlbəttə ki, bu kainat, bu küll, bu hər şey! Görürsünüz, Nəsimi müjdə vermir, şərt qoyur - "sən sana gər yar isən" deyir. Buradakı "gər", yəni "əgər" ifadəsi məhz şərtdir. Əgər bunu edə bilsən, başqa bir yar, başqa bir Tanrı axtarma! Yox edə bilməsən, o zaman heç axtarma, çünki başqa yerdə, başqa bir yar, başqa bir Tanrı yoxdur. İndi siz deyin, əsrlər keçməsinə baxmayaraq, hələ də cəhalətdən bəslənən din və dindarlar nəsimiləri əfv edərdimi?! Heç zaman! Heç zaman!!!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər