• çərşənbə axşamı, 16 aprel, 15:46
  • Baku Bakı 19°C

Yarmarkada respublikanın bütün iqtisadi rayonlarından 250 arıçı iştirak edir

20.10.21 17:53 261
Yarmarkada respublikanın bütün iqtisadi rayonlarından 250 arıçı iştirak edir
Bu gündən arıçılıq məhsullarının sərgi-satış yarmarkası fəaliyyətə başlayıb. Ardıcıl olaraq hər il təşkil edilən yarmarka ötən il pandemiya ilə əlaqədar olaraq kütləvi tədbirlərin təxirə salınması səbəbindən keçirilmədi. Bu da arıçılara təsir etdi. Onlar öz məhsullarını satmaqda bəzi problemlər yaşadılar. Çünki yarmarka arıçıların bir qismi üçün əsas satış platformalarından biridir. Nəticə etibarilə mövcud vəziyyəti dəyərləndirərək bu il yarmarkanın keçirilməsi qərarına gəldik. İlk dəfə olaraq pandemiya şəraitində bu cür kütləvi tədbirin keçirilməsi təşkil olundu.
Kaspi.az-ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, bal yarmarkasında respublikanın bütün iqtisadi rayonlarından 250 arıçı iştirak edir: "İştirakçıların sayını müəyyənləşdirən zaman qərara gəldik ki, bütün iqtisadi rayonları əhatə edək. Hər rayondan onlayn olaraq qeydiyyatdan keçmiş ilk 20 arıçıya yarmarkada iştirak hüququ verildi və onlara öz məhsullarını təqdim etmək üçün şərait yaradıldı. Məhsullar 10 gün əvvəl gətirilərək xüsusi anbarlara yığılıb və keyfiyyətin müəyyənləşdirilməsi məqsədilə laboratoriyada analiz götürülüb. Bu gün yarmarkaya ən keyfiyyətli məhsullar çıxarılıb. Ümumilikdə yarmarkaya 18 gün ərzində 120 ton məhsulun çıxarılması nəzərdə tutulub”.
Vüqar Hüseynov yarmarkada iştirak edə bilməyən arıçıların narazılığına da toxunub: "Ölkədə 21 mindən çox arıçı var. Bu, təkcə dövlətdən subsidiya alan arıçıların siyahısıdır, hansı ki, onlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçiblər. O qədər arıçının bir yarmarkada iştirakı təbii ki, mümkün deyil. İndiyə qədər ən çox arıçı 2019-cu ildə keçirilmiş yarmarkada iştirak edib. Onların sayı 370 nəfər olub. Budəfəki yarmarkada pandemiya şəraitini nəzərə alaraq həm sosial məsafəni qorumağa, həm də bütün rayonları əhatə etməyə, təşkilatçılıq işlərində nöqsana yol verməməyə çalışdıq”.
Nazirliyin rəsmisi qeyd edib ki, məhsulların qiymətlərini arıçılar özləri müəyyənləşdirirlər. "Balın çeşidləri də, alıcıların istəyi də fərqlidir. Yarmarkaya 100-dən artıq çeşiddə bal çıxarılıb. Onların da qiymətləri dəyişir. Vətəndaşın kifayət qədər seçim imkanı var. Bu da qiymətin həm arıçıya, həm də alıcıya sərf edəcək səviyyədə olmasına təsir göstərəcək. Məhsulların daşınmasına, logistika məsələlərinə də təşkilatçı olaraq dəstək vermişik. Qablaşdırma məsələsində də dəstək göstərilib”, - deyə o əlavə edib.
Builki yarmarkanın işğaldan azad olunmuş ərazilərdəki arıçılıq təsərrüfatları nümayəndələrinin öz məhsullarını alıcılara təqdim etməsi ilə fərqləndiyini deyən V.Hüseynov diqqətə çatdırıb ki, azad edilmiş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində yerləşdirilmiş, dislokasiya olunmuş arıçılıq təsərrüfatları var idi. Həmin təsərrüfatların nümayəndələri, yəni istər Kəlbəcər, istərsə də Laçın arıçılarının bir qismi yarmarkada iştirak edirlər. "Üç ay ərzində pilot layihə dövründə davamlı olaraq Kəlbəcər və Laçın rayonlarında monitorinq aparılıb. Həmin bölgələrin balı kifayət qədər yüksək polen göstəricisinə malikdir və bu göstəriciyə malik bal dünyada məşhurdur. Çox ciddi tələbat olduğuna görə, bir çox Kəlbəcər və Laçın arıçıları öz məhsullarını hələ yaylaqda olarkən satıblar. Məhsulunu satmayıb yarmarka üçün saxlayan və daha çox məhsul götürən arıçılar da var və bu yarmarkada iştirak edirlər”, - deyə V.Hüseynov bildirib. (Azərtac)
banner

Oxşar Xəbərlər