Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi
Hörmətli oxucular!
Dünən "Facebook” səhifəmdə paylaşdığım bir məqalədə
1993-cü ilin yay-payız aylarında Azərbaycanda yaşanmış faktiki hakimiyyətsizliyin
doğurduğu acı fəsadlara toxunmuş və bu fəsadları aradan qaldırmaq üçün
ümummilli lider Heydər Əliyevin həmin vaxt hansı ciddi maneələri dəf etməsindən
bəhs etmişdim. Qeyd etmişdim ki, hakimiyyəti və ölkəni məsuliyyətsizcəsinə
taleyin hökmünə buraxaraq sabotaj yolunu tutmuş ozamankı AXC-Müsavat hökumətinin
bəzi rəhbər şəxsləri öz fəaliyyətsizliklərinin acı nəticələrini illər sonra
onların özünü belə fiziki məhvolmadan xilas etmiş şəxsə və komandaya yükləməklə
davam etməyə çalışırlar.
Belə şəxslərin əsassız ittihamlarına cavab olaraq
yazdığım həmin məqaləni təhlil edən bəzi müxalif bloqçular nədənsə yazıda
sadalanmış ciddi faktları və arqumentləri arxa plana ataraq, oxucuların diqqətini
1993-cü ilin avqust ayında keçirilmiş referendum aktı üzərində fokuslamağa,
sanki bununla o zamankı məsuliyyətsizliklərinə haqq qazandırmağa çalışırlar.
Bəli, avqustun 29-da referendum aktı olmuşdu və mən
o zaman Heydər Əliyevin rəhbəri olduğu YAP-ın fəal üzvlərindən biri olaraq və
aktiv vətəndaş mövqeli şəxs kimi, əlbəttə ki, bu proseslərdən xəbərdar idim. Həm
də sadəcə xəbərdar deyildim, yaxından müşahidə etmək imkanına malik idim. Referendum
aktını zəruri edən səbəblər o zaman kifayət qədər idi. İlk
növbədə, Azərbaycanın xariclə əlaqələrini tənzimləmək üçün hüquqi əsas lazım
idi. O zamankı xarici diplomatların ölkədəki
faktiki siyasi durumu legitimləşdirmək üçün etdiyi çağırışlar da unudulmayıb.
Lakin təəssüflə təkrar xatırlatmağa məcburam ki, Azərbaycanın
daha çox xarici diplomatik əlaqələrini tənzimləmək, xarici tərəfdaşlarla
danışıqlarda "legitim və faktiki hakimiyyəti olmayan dövlət” imicindən
qurtulmaq üçün məcburən gedilmiş referendum ölkə daxilində vəziyyəti tam nəzarətə
götürmək üçün yetərli olmamışdı. Çünki, bir tərəfdən
Əbülfəz Elçibəy təkidlə özünü yeganə seçilmiş prezident elan edir, Ali Sovetin
müvafiq qərarını, eləcə də sonradan keçirilmiş referendumun nəticələrini qəbul
etmir, digər tərəfdən ona sadiq parlament üzvləri və məmur korpusu Heydər
Əliyevə öz parlament sədri səlahiyyətlərini icra etməyə bu və ya digər maneələr
yaradır, vəzifələrini dondurur, dövlət idarələrinin işini sabotaj edirdilər.
Digər tərəfdən ilin sonuna qədər ölkənin sərhəd bölgələrində separatizm təhlükəsi
davam edirdi. Yaranmış hüquqi anlaşılmazlıqları, məmur korpusunun sabotaj cəhdlərini,
silahlı qüvvələrin başıpozuqluğunu aradan qaldırmaq üçün tanınmış ziyalıların Kələkiyə
etdikləri səfərlər də nəticəsiz başa çatmışdı.
Parlamentdə aparılmış
müzakirələrdə silahlı
qüvvələrin
Heydər Əliyevə deyil, baş nazirə tabe edilməsi haqda anlaşma əldə edilmişdi.
Lakin silahlı qüvvələr üzərində nəzarət yalnız baş nazirdə də deyildi, Ələkrəm
Hümbətova, Rövşən Cavadova, ayrı-ayrı səhra komandirlərinə tabe olan silahlı
birliklər də mövcud idi. Anlaşma da heç bir vahid hüquqi fəaliyyət ehtiva
etmirdi. Çünki Azərbaycanın
o zaman düşdüyü vəziyyətdə hüquqi addımlar atmaq mümkünsüzləşmişdi. Bəzən ümumi
qənaətlər, parlament tribunasında edilən şifahi çıxışlar hüquqi aktları əvəz
edirdi. "Bütün
ölkənin reqlamenti pozulub, qanunlar pozulub, bunu siz etmisiz, amma indi siz
parlamentdə reqlamentinin pozulmasına irad tutursunuz”- "Demblok”
deputatlarından birinin dediklərinə verilmiş məlum cavab ozamankı hüquqi
anarxiyanın ən gözəl izahı idi.
Məqalədə mən, həm də ordu olmadan atılması mümkün olan, bəlkə də bir çox
hallarda qeyri-mümkün görünən addımlar - hüquqi anarxiya və özbaşınalığın,
separatizmin, ölkənin siyasi xəritədən silinmə təhlükəsinin, vətəndaşların
fiziki təhlükəsizliyinə olan təhdidlərin, beynəlxalq blokadanın və sairin aradan
qaldırılmasını sadalamışam.
Lakin,
hamıya məlumdur ki, əraziləri hakimiyyət uğrunda siyasi mübarizəyə cəlb edilmiş
başıpozuq hərbi dəstələrlə, vahid nizami ordu olmadan qorumaq mümkün deyildi.
Yalnız Heydər Əliyev oktyabrda prezident seçildikdən, hüquqi anlaşılmazlıqlar və
silahlı qarşıdurmalar nisbətən ardan qalxdıqdan sonra ölkədə ciddi ordu
quruculuğuna başlanması mümkün oldu ki, bu haqda da məqalədə qeyd edilib. Həmin
mərhələnin başlanğıcı dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan
xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu. 2 noyabr 1993-cü il tarixli
müraciət təkcə hərb quruculuğu deyil, həm də Azərbaycanın dövlət quruculuğu sahəsində
tarixi əhəmiyyət daşıyan proqram səciyyəli çıxış idi.
Mən dünənki məqaləmdə məhz bu reallığı anlatmağa cəhd
etmişəm…
Əli HƏSƏNOV
Azərbaycan
Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor