• cümə axşamı, 28 mart, 12:52
  • Baku Bakı 16°C

Yarası ağrıyır şeir balamın

22.09.14 17:59 2784
Yarası ağrıyır şeir balamın
“Qapının zəngi çalındı. Bəxtiyar ucadan “gəl” dedi. Qapı ahəstə aralandı. “Yavaş səslə kimsə Bəxtiyarı çağırdı. Dərhal qalxdı:
- Ay səni xoş gördük, Abbas müəllim, keçin içəri... Neçə gündü sizi axtarıram.
Müsahibi gəlmək istəmirdi:
- Eyvanda söhbətləşək, Bəxtiyar! Dərdim uzundur, pünhandır, dolaşıqdır...”
Olub bunlar... Bu o zamandı ki, görkəmli alim Abbas Zamanov iclasların birində çıxış edib erməni qəsbkarlarının məkrli Naxçıvan siyasətini qətiyyətlə ifşa etmişdir. Milyonlara meydan oxuyan Abbas Zamanov həmin iclasdan sonra labüd həbsdən yaxa qurtarmaq üçün doğma Bakısında gizli, qaçaq yaşamaq zorunda qalmışdı və öz nicatını Bəxtiyar Vahabzadənin hamiliyində görərək onun qapısını açmışdı. O da mərdi-mərdanə Mərkəzi Komitənin ideologiya üzrə katibi Nazim Hacıyevə zəng edib ərklə “Abbas müəllimi bu bəladan qurtar” xahişini etmişdi.
“Bəxtiyar üçün insana xidmət, çarəsizləri sevindirmək ömür məramı idi...” İndi bu deyilənləri bütün olmuşların canlı şahidi, müdrik alim İmamverdi Əbilovun “Xatirələrin ay işığında” kitabından oxuyuram. O İmamverdi Əbilovun ki, görkəmli xalq şairimiz Bəxtiyar Vahabzadə ona etdiyi bütün müraciətlərinin əvvəlində mütləq “əzizim, iki gözüm, qardaşım, məsləkdaşım” doğmalığını ifadə edirdi. Tez-tez ucqar əyalət rayonu olan Neftçalada işləyən dostunu könüldaşları ilə bərabər ziyarət edir, onunla birgə keçən anlarını belə dəyərləndirirdi: “Əzizim İmamverdi, sənin bu Azərbaycan nəfəsli, Vətən havalı doğma, isti ocağına yenə baş çəkdik, isindik, qızındıq...”
Bu isinənlərin, qızınanların biri Xudu Məmmədovdu, biri Məsud Əlioğlu, Xəlil Rza, Balaş Azəroğlu, Rəsul Rza, İsmayıl Şıxlı, İlyas Əfəndiyevdi... Və onları təbiət etibarilə elə də axar-baxarlı, o zaman üçün kommunal təsərrüfatı baxımından elə də qənaətbəxş olmayan Neftçala rayonuna tez-tez səfərə çıxmağa təşviq edən, “gəl” deyə səsləyən zəruriyyət ilk növbədə İmamverdi Əbilovun şəxsi keyfiyyətləri, insanpərvərliyi, şəxsi cazibəsi idi. İndi o böyük yaşantıların canlı şahidləri kimi oxunur Bəxtiyar Vahabzadə ilə İmamverdi müəllim arasında damarda qan kimi dövr edən, fikir, düşüncə daşıyıcısı rəmzinə çevrilən məktublar. Bu məktublarda azadlıq mücadiləmizin təməlinə ürək qoyan Azərbaycan ziyalılarının canlı nəfəsi, etiraz dolu həyəcanları dipdiridi. Söhbətlərinin əsas mövzusu səxavət və hallalıqdır. Nə qədər qəribə olsa da (və həm də çox təbii olraq!) zamanında bu görkəmli sənət və elm xadimlərinin çoxu bir-biri ilə məhz İmamverdi müəllimin evində şəxsən tanış olmaq imkanı qazanmışdılar. Bu görüşlərin təəssüratları indi “Xatirələrin ay işığında” kitabında an-an yaşamaqdadı. İmamverdi müəllim indi ötən illərin olmuşlarına belə işıq tutur: “Bəxtiyar Vahabzadədə istedad fitri olduğu kimi cəsarət də anadangəlmə olub. 60-cı illərin əvvəllərində onlara getdim və şairi xeyli rahatsız, pərişan gördüm. Səbəbini soruşmadım, bir stəkan çay içəndən sonra söhbəti özü açdı:
- Sapı zərgərə, zəri dərziyə verəndə işin nizamı pozular. Dünən bir qanacaqsız İncəsənət müzeyinə gedib və mənim oradakı ağ gipsdən yonulmuş əl boyda büstümün götürülməsi haqqında sərəncam verib. Bu yekəbaş anlamır ki, söhbət Bəxtiyardan yox, sənət əsərindən gedir. O əsərin çöhrəsindəki cizgilərə bax, əsrin iztirablarını gör.
- Axı bu sərəncamı verən kimdir! Onu başa salmaq olmaz ki, tarixən milləti yıxan gözügötürməzlik və cəhalət olub?!
- Sərəncamı verən partiya Mərkəzi Komitəsinin katibidir. MK-nın rəyi əleyhinə kim gedə bilər? Ancaq mən gedəcəyəm, özü də eqoizmə, nadanlığa üsyan əlaməti kimi. Telefonla sifariş vermişəm, iki dəfə xatırlatmışam, axırda hədələyib dedim ki, əgər zəngimə cavab verməsə, Moskvaya müraciət edəcəyəm. İndicə dedilər ki, dəstəyin yanında gözləyin, katib sizinlə danışacaq, gözləyirəm. Yaxşı ki, gəldin.
- Ağır zamandır, sən Allah, yuxarılarla ixtilaf yaratma... “Donuz-çimdik” məsələni unutma. 37-nin ab-havası tam ötməyib. Bu məqamda telefon səsləndi, “indicə MK katibi sizinlə danışacaq, dəstəyi əldə saxlayın” – dedilər. Nəhayət, katiblə salamsız-kalamsız qısa, sərt dialoq başlandı:
- Ə, eşitdim mənim büstümün götürülməsi haqqında sərəncam vermisən.
- Bəli.
- Unutma ki, bir vaxt mənim heykəlim Bakının ortasında ucalacaq, o zaman sən X. (katibin adının baş hərfıdir) nimdaş boz plaşınla heykəlimin postamentinə dirsəklənib tramvay gözləyəcəksən, namərd!
Dəstəyi asdı, “Dilara, çay gətir” deyib əyləşdi, rahat nəfəs aldı...
1990-cı ilin yanvarında imperiya generalının üzünə tüpürən şairin cavan yaşlarındakı belə cəsarətindən xəbərdar olanlar onun həmin ağır günlərdəki qeyri-adi cəsarətinə heyrət etməzdilər”.
Bu görüşlər, mütəmadi, davamlı səfərlər, necə deyərlər, qonaqolmalar heç də zəngin süfrə başında əyləşib beş günlük olan dünyanın əzab-əziyyətini qədəh bahasına candan çıxarmaq istəyinə hesablanmayıb. Bütün hallarda insanın mənəvi, ruhi aclığını doyuran, böyük düşüncələrinə meydan açan fikir mübadiləsi anları kimi qiymətlidi. Bu deyilənlər İmamverdi müəllimin xatirələrində birər-birər ifadə olunub. Oxuduqca, mahiyyətinə vardıqca adam elə özünü də o vətəndaş qayəli, ziyalılıq nümunəli görüş və söhbətlərin şahidlərindən, tərəf müqabillərindən biri kimi hesab edir: “Bəxtiyar Vahabzadənin Neftçalaya hər gəlişi bizə təkcə istiqlal havası, yaxud böyük poeziya cazibəsi gətirmirdi. Özü dünya nemətlərindən pay götürməyən Bəxtiyar müəllim mənim evimi mənəvi nemətlərlə zənginləşdirərdi: Mövlana Cəlaləddin Ruminin kitabları, namazlıq xalça-səccadə, “Türk Yurdu” dərgisinin topluları, İstanbulun o zaman üçün nadir hesab olunan şəkilləri, təsvirləri... İstanbul, İzmir barədə kitablar... Hər yadigar kitabın üzərində də Bəxtiyar müəllimin öz dəst-xətti ilə yazdığı qeydlər. Məsələn, “Türk Yurdu” məcmuəsinin birinin üz qabığına Atatürkün bu sözlərini yazıb: “Türklər meymun deyil və təqlid etməzlər”.
Hamıya bəllidir ki, Bəxtiyar Vahabzadə sovetlər dönəmində Azərbaycanda türk ədəbiyyatının təəssübünü dönmədən çəkirdi və qəribədir ki, bu missiya sanki təkcə Azərbaycanda deyil, elə Türkiyədə də Bəxtiyarın üzərinə düşmüşdü.
Türkiyənin ən ünlü ədəbiyyat jumallarından birində - bu gün qardaş ölkədə çox tanınan İsmət Zəki Əyyuboğlunun “Ölü ədəbiyyat” məqaləsinə 1973-cü ildə Bəxtiyar elə həmin “Varlıq” dərgisində divan tutmuşdu. O zaman aləm bir-birinə dəydi. Sovet Azərbaycanında yaşayan şair Bəxtiyar Vahabzadə Türkiyədə, Türkiyə türkü olan bir alimin hədyanlarından klassik türk ədəbiyyatını, xüsusən, Yunis Əmrə və Füzulini qoruyurdu. Vahabzadə İstanbul ədəbi mühitinə təsəvvüf ədəbiyyatının dəyərini anladırdı. “Yel qayadan nə aparar” məqaləsindən sonra Bəxtiyar Vahabzadə Türkiyədə geniş şöhrət qazandı, onu etiraf etdilər, onun böyüklüyünü qəbul etdilər.... Çünki Vahabzadə ortaq Türk ədəbiyyatına öz vəfa borcunu sovet senzorunun gözü önündə, qorxub-çəkinmədən yerinə yetirmişdi”.
Bu unudulmaz xatirələri oxuduqca gözəlimiz Türkiyənin mənəviyyat mərkəzlərindən biri olan Konya şəhərindən vətənə dönərkən konyalı rəssamın “rica edirəm, bu məktubu Azərbaycanda böyük şair Bəxtiyar Vahabzadəyə çatdırın” deməsi düşür. Mən o məktubu dərin bir sayğıyla özümlə götürdüm. Ancaq ünvanına çatdırmağa özümdə heç cür güc-qüvvət, cəsarət tapmadım. Ona görə ki, Bəxtiyar Vahabzadə mənim üçün mifik, əfsanəvi bir dünya idi, onunla canlı ünsiyyətdə olmağın gerçəkliyi mənim üçün əlçatmaz, tabu zonası kimiydi. Konyalı rəssamın məktubunu xeyli vaxt özümlə daşıdım. İllər sonrası xalqımızın böyük şairini son mənzilə yola salarkən vida mərasiminə qatıldığım zaman da ovcumu həmin məktubun istisi yandırmaqdaydı...
İndi də o səhnənin təəssüf dolu anları mənimlədi. Gözlərimsə İmamverdi müəllimin xatirələrini birər-birər izləyir: “Altmışıncı illərin əvvəlləri idi. Axşam Bəxtiyar müəllimin evində qaldım. Gündüz özüməməxsus işləri gördüm, günorta gəldim, Dilara bacı ilə görüşdüm, xudahafizləşəndə - getmə, - dedi, - Bəxtiyar indicə gələcək, zəng eləmişdi... Bəxtiyar müəllim gəldi, günorta yeməyindən sonra ayrılmaq istəyəndə - sən bir axşam da qalmalısan. Qonaqlarım olaraq, birlikdə şam edər, söhbətləşərik,-dedi”.
Oxuyuram... Bəxtiyar müəllimin ayaq səslərini, nəfəsini, söhbətlərini, təbəssümünü an-an gözlərim önünə gətirirəm...
Bilirəm ki, çox xeyirxah idi, yaxşı, yeni sözün, şeirin Məcnunu, hamisiydi. Elə ürəyimdən keçir ki, mürəkkəbi qurumamış bu şeirimi məxsusi olaraq məhz Bəxtiyar müəllim üçün oxuyum və dərin bir nigarançılıqla münasibət bildirməsini gözləyə-gözləyə qalım:
Başı bəlalıdı, anası ölsün,
Hələ də bilmirəm, bilmirəm ki, mən
Harası ağrıyır şeir balamın.
Yarası birdimi, beşdimi – biləm? -
Canında göynəşən saysız-hesabsız
Yarası ağrıyır şeir balamın.
Yandır göynəyimi yarasına bas,
Göyləri yandıran onun ahıdı.
İllərin ağrısı canında gəzir,
Köksü min illərin nişangahıdı,
Yarası ağrıyır şeir balamın.
Atdım yaylığımı ayaqlarına
Nə kədər dinlədi, nə də qəm məni.
Ümidim Sən idin, duymadın Sən də,
Bircə Sən duyardın, duyardın məni.
Təkcə Sən bilərdin, bilərdin, Allah,
Harası ağrıyır şeir balamın.
Nağıl çıxardanın evi yıxılsın,
Evimi nağıllar yıxıbdı mənim.
Dağılıb başımdan ağıl, danışma,
Onsuz da bir ömür yatıb qalmışam,
Sən mənə bir daha nağıl danışma,
Yarası ağrıyır şeir balamın.
De, hansı dərdini arayım, seçim?-
Köksündə hər yara bir tarix yazıb.
Nəyə inanırsan, nəyə and içim? –
Özünün qəbrini öz əli qazıb,
Yarası ağrıyır şeir balamın...
banner

Oxşar Xəbərlər