• cümə, 29 Mart, 02:49
  • Baku Bakı 7°C

Yaradıcılıq tiranlığa qarşı

29.10.18 09:07 1526
Yaradıcılıq tiranlığa qarşı
"Dünyada baş verənləri düşünün. Bu mənzərəyə baxanda anlayırsan ki, artıq nə siyasət, nə din, nə də hər hansı digər bir strukturun bu xaosda düzən yaratmaq gücü yoxdur. Yeganə güc incəsənətdir. Bizi incəsənət xilas edəcək. Lap hərfi mənada desək, bizi burada qurulan münasibətlər xilas edəcək. Çünki, bu münasibətlər incəsənət kimi bir müstəvidə qurulur. Ehkam kəsməyən, fərq qoymayan, sərhəd tanımayan eyni tanrıya inanan insanlarla...”
Bu, düşündüyünüz kimi yazıya uzaqdan başlayan bir giriş deyil. Dostumuz, rəssam Mustafanın Tiflisdə səhnədizaynı biennalesi çərçivəsində düzənlənən naharda incəsənətin şərəfinə dediyi sağlıqdır. Ki, yazını məhz bununla başlamaq istəyirəm.
Bir sənət törəni yalnızca təcrübə mübadiləsi deyil. Ustad dərsləri, təqdimatlar haqqında yazılacaq əlbəttə. Lakin biennalenin, ümumiləşdirsək beynəlxalq bir sənət törəninin ilk növbədə əhəmiyyəti ona əhəmiyyət verməkdədir.
Tiflis Səhnə Tərtibatı biennalesi OİSTAT National Center of Georgiyavə Valerian Quniya asına Gənc teatr rəssamları Birliyinin (Youth theatral artists) təşəbbüsü ilə 2016-cı ildən keçirilir.
Bu il 11-18 oktyabr tarixində keçirilən Tiflis səhnə tərtibatı biennalesi müxtəlif ölkələrdən olan teatr rəssamlarının eskizlərin, müstəqil janrlı işlərin sərgisindən, sözügedən işlərin daha sonra şərhli təqdimatından, müxtəlif mövzularda ustad dərsləri və təcrübə bölüşməsindən ibarət idi. 10 ölkədən tədbirə qatılan rəssamlar, rejissor və alimlər 7 gün ərzində rəssamlıq, səhnəqrafiya və dizayn sahəsində müxtəlif mövzularda təqdimatlar dinləmələr etdilər.
Əziz məna
Biennalenin ilk günü açılan beynəlxalq sərgidə səhnə eskizlərinə baxdıqca "əsər və quruluş haqqında məlumatsızlıq bu eskizləri anlamaqda, qiymətləndirməkdə məhdudluq yaratmır ki? Axı hər hansı konseptual əsaslandırma olmadan biz onların yalnız vizual və texnoloji keyfiyyətini görürük.” – deyə düşünürdüm. İki gün sonra rəssamlar Power point proqramı vasitəsilə proyeksiya lövhəsində eskizləri yenidən təqdim edib şərh verdikdə, təşkilatçıların heç nəyi nəzərdən qaçırmadıqlarını fərq etdim.
Bu təlaş özü də əsassızdır, əlbəttə. Çünki vizual sənətlərin, xüsusən müasir incəsənətin sözdən, anlayışdan daha artıq olmaq gücü var. Sözə belə çevrilmədən təəssüratda, təhtəlşüurda, assosiativ qatda özünə yer etməsi, individualca qavranılması müasir incəsənətin gücü deyilmi?
Məsələn, rəssam Mustafanın "Axmaqlar” a (rej.M Mikayılov) verdiyi səhnə quruluşundakı çarxların personajların dövri axmaqlığından çox, ümumiyyətlə dünyanın belə axmaqca fırlanmasına aksent etməsi niyə əsas ideya olmalıdır ki?
Və yaxud da macar rəssamlarının təqdim etdiyi yaşlı adamın məişətlə dolu gündəliyindən bəhs edən instalyasiyadan niyə yalnız zamanın onun üstündən axması kimi məna çıxarmalıyıq?
Konkretləşdikcə mənalar azalırsa bundan qaçmaq lazım deyilmi?
Hər kəsə öz assosiasiyası, mənası daha əziz deyilmi?
O zaman aydın olmaq məsələsi niyə problem olsun ki?
Biennaledə daha çox rəssamların iştirak etdiyini nəzərə alsaq, onları daha çox praktik tərəflərin maraqlandırdığını təxmin edə bilərik.
Hər halda ümumən mövzu səhnəqrafiyadır. Deməli, eskizin hansı ideyaya əsaslanmasını düşünmədən sualları da ümumi qoymalıyıq:
Bu gün səhnəqrafiya ilə yanaşı hansı terminlər işlənir? Yeni istiqamətlər hansılardır və tamaşaçıya hansı yeni qavrayışlar verilir?
Postteatr
Məlum, bu gün səhnəqrafiya bizim işlətdiyimiz anlayış "Səhnə tərtibatı” terminindən çox uzağa gedib. Səhnəqrafiya yalnız tamaşanın vizual forma həlli deyil, konseptual həllində ön plana çıxıb. O, Qordon Kreqdən başlayaraq, Robert Uilson, Romeo Kastelluçi kimi rəssam-rejissorların simasında tamaşaçını başqa məkana, başqa müstəviyə aparmağa iddia edib. Teatrı "tekstoniklik”dən tektonikliyə aparıb, ənənəvi verballıqdan vizual-virtual qavrayışa qədər inkişaf etdirib.
Tədbirdə iştirak edən rusiyalı teatr rəssamı, illüstrator Polina Baxtinanın "Səhnə qutusundan kənarda teatr (Promenad və Site Spesific)”mövzusunda çıxışı səhnə məkanının tamaşaçıya hansı imkanlar və məhdudiyyətlər yaratması məsələsini yada saldı.
Teatr səhnəsi "ənənəvi italyan qutusu sosial ierarxiya yaratması” ilə qavrayışlara da müəyyən məhdudiyyətlər qoyur. Daha doğrusu, Baxtinanın fikrincə, bu qutudan kənara çıxmaqla tamaşaçı üçün yeni yanaşma imkanları açılır. Yeri gəlibsə, bu istiqamətlər haqda məlumat faydalı olardı.
Sözügedən Promenad yaxud immersiv teatrın daha doğrusu, tamaşanın bir nümunəsini bizə Tərlan Rəsulovun rəhbərliyi ilə yenicə yaranmış "dOM” teatrı göstərdi. Artıq iki interaktiv tamaşasını Bakı tamaşaçılarına təqdim edən teatrın üz tutduğu janr ənənəvi "Aktyor səhnədə, tamaşaçı zalda” şablonunu dağıdır.
Bu istiqamətdə hazırlanan tamaşalarda sən yad müşahidəçi deyilsən, iştirakçının özüsən. Hansısa teatrallaşdırılmış vəziyyətdən söhbət gedə bilməz. Tamaşaçının işi yalnız təklif olunan şərtlərdə olmaqdır. Buna başqa adla "gəzinti teatrı” da deyilir. Dünyada bu istiqamətdə işləyən Punchdrunk kimi (Böyük Britaniya) teatr şirkətləri var.
Bu istiqamət ola bilsin ki, kinonun və virtual internet oyunların qarşılıqlı təsiri ilə ortaya çıxıb. Çün, müxtəlif ölkələrdə bu tamaşa nümunələri məşhur əsərlər üzrə qurulur. Tutalım, tamaşaçıya "Alisa möcüzələr diyarında” əsəri üzərində seçilmiş bir məkana səyahət təklif olunur. Ondan tələb olunan qulaqcıqları taxmaqdır. Qulaqcıqdakı səslər, yəni müşayiət yalnız emosional təsir gücünü artırmaq üçündür. Bəs bütün bunlar nə üçündür?
Naməlum dünyanı araşdırmaq, yaxud da tanış olana başqa gözlə baxmaq və oradakı hadisələrdən təsirlənmək, təəccüblənmək, yeni kəşflər etmək üçün.
Burada artıq müəllif avtoritarizmi yoxdur, ümumiyyətlə, müəllif anlayışı yoxdur. İstiqamətləndirmə və səyahət var. Eynən uşaqların dünyanı tanımağa başlaması kimi.
Site spesific teatr postteatr formalarından biridir. Burada səhnə məkanı ifaçı ilə eyni bədii statusda çıxış edir. Site spesific-də məkan öz üzərinə dramatik teatrda mətnin dramaturji materialın götürdüyü vəzifəni götürür. Belə tamaşalar bəzən müxtəlif təyinatlı məkanlarda oynanılır: bunlar hovuzlar, boşalmış zavodlar (bizim ölkədə buna analoji nümunə illər əvvəl köhnə kondisioner zavodunda müasir incəsənət sərgisinin keçirilməsi idi) xəstəxana palataları və s. ola bilər. Bu zaman məkan əhvalata artıq bir kontekst yükləmiş olur və bu kontekstdə tamaşaçı üçün tekst – mətn üçüncü dərəcəli olur.
Lakin məsələ bu qədər də çətin deyil. Yəni, tamaşaçının mənalar bolluğuna (yaxud da mənalar boşluğuna) istiqamətlənməsi yeni hisslər, yeni yanaşmalar əldə etməsi üçün ənənəvi teatrın da yeni imkanları var. Bu barədə yenə də Rusiyanı təmsil edən video və media rəssamı Yan Kalnberzin ustad dərsləri həm praktik həm də nəzəri baxımdan faydalı oldu. Yeni texnologiyalar səhnə məkanının yaradılmasına nə qədər funksional ola bilər? Bu, aktyora hansı imkanlar və məhdudiyyətlər yaradır? İqtisadi baxımdan nə qədər sərfəlidir? Çoxölçülü məkan hissi tamaşaçıya nə verir?
Qoy bu suallar anons xarakterli olsun. Çün cənab Yan Kalnberz Öz ustad dərslərindən başqa gələn yazıda sizə təqdim edəcəyim müsahibədə də bu suallara cavab verdi.
İsrailli teatr rəssamı Yaron Abdellafianın işığın köməyilə məkan və dekor yaratmış çoxölçülü məkan effektli səhnə işləri eskizləri böyük maraq və suallar yaratdı. Məsələn, bu, necə mümkündür?
Deməli ki, işıq, səs, dekor, görüntü kimi komponentlər bədii-konseptual həldə iştirak etmir, onu təyin edir. Onlar aktyordan, dramaturqdan daha çox danışa bilər və yeni qavrayışlar, hisslər yarada bilər.
Yaradıcılıq tiranlığa qarşı
Yeni dövrün teatrı başqa dildə danışır. Lakin o köhnə deyim heç vaxt köhnəlmir: Teatrda xırda heç nə yoxdur, teatr xırdalıqlardan ibarətdir.
Biennalenin ikinci günündə britaniyalı professor rəssam Pamela Hovard "Yaradıcılıq tiranlığa qarşı” adlandırdığı çıxışında ölüm düşərgəsində üç rəngdə olan karandaşı ilə rəsmlər çəkmiş Şarlotta Salomon haqda danışırdı.
İngilis kəlmələrinin ruscaya çevrilməsini gözləyərkən ortalıqda bir sual dolaşırdı:
Doğrudan, incəsənətin gücü nədədir?
Yəqin ki, onun kənardan təlqin olunmamasında. İnsanın özündə, ruhunda saxlı olmasında. Başqa sözlə, doğma olmasında...
Aliyə
banner

Oxşar Xəbərlər