• cümə, 29 Mart, 00:55
  • Baku Bakı 7°C

Yaradıcı ilə yaratdığının mənəvi bağı nədir?

06.06.15 11:43 1197
Yaradıcı ilə yaratdığının mənəvi bağı nədir?
“Ye, Dua et və Sev” (“Eat, Pray, Love”) əsəri ilə 2014-cü ilin ən çox satılan kitabları siyahısında uzun müddət liderliyi əldən verməyən yazıçı Elizabet Qilbert həm də ilin haqqında ən çox danışılan personası olmuşdu. Qilbert incəsənət adamları və dahilərə aid edilən, onları fərqləndirən keyfiyyətləri satiranın dili ilə olduqca ustalıqla tənqid edir və insanın özünü özü də hiss etmədən bacarıqsız məxluq kimi qəbul etməsinin sublimal səbəblərini göstərirdi. Hər zaman atdığı addımlar haqqında şübhədə olan, gücünün yetərsizliyindən qorxan insanlar üçün isə məşhur bir şüar vermişdi – “O insanlara dahi demək yerinə, dühadan lazımınca istifadə edən insanlar demək daha doğrudur”. Hər çıxışı ilə beyinlərdə sorğulanacaq yeni düşüncələr oyadan Elizabet Qilbertin “TED” – Yayılmağa Dəyər İdeyalar layihəsi çərçivəsində etdiyi çıxışdan bəzi hissələri təqdim edirik. Yazının tam mətni və ya çıxışla tanış olmaq istəyənlər - http://www.ted.com/talks/elizabeth_gilbert_on_genius ünvanına baxa bilər.
“Yaradıcı sahənin insanları da, işləri də hər zaman daha çox sorğulanır. İnsanlar başqa sahənin peşəkarları ilə o qədər də maraqlanmaz, amma bir yazıçıdan hər zaman işinin təhlükəli, yorucu, onu qorxudan tərəfləri ilə bağlı nəsə soruşurlar. Nədənsə bu sahənin insanlarının ruhi vəziyyəti hər zaman təhlükədəymiş kimi görünür. Məsələn, atamın qırx illik kimya mühəndisliyi karyerası var, kiminsə onun işi haqqında narahatlıq keçirdiyini, qorxub-qorxmadığı ilə maraqlandığını görməmişəm”.
“Antik Yunanıstan və Romada insanlar yaradıcılığın insanın özündən yarandığına inanmırdılar. Onlara görə yaradıcılıq insana haradansa ruh halında göndərilir, insanlara naməlum olan uzaq bir mənbədən ayrılıb gəlirdi. Sokrat özü belə, məchulluqdan ona müdriklik dərsləri verən şeytanın olduğuna inanmağı ilə məşhurdur. Romalılar da onun kimi düşünürdü. Amma onlar bu naməlum varlıqlara şeytan yox, “dahi” deyirdilər. Bu detalı öyrənəndə çox sevindim. Yəni “dahi” məfhumunun sadə, ölümlü bir canlını təsvir etdiyini düşünmürdülər. Onlara görə bu dahilər yaradıcılıqla məşğul olanların evlərinin divarında, tavanında
yaşayır, rəssam, yazar, filosof işləməyə başlayanda dahilər də yuvalarından çıxıb, onlara nə etməli olduqlarını deyirdilər. Hamı bu sistemə inanırdı. Beləliklə, antik çağın mədəniyyəti müxtəlif problemlərdən uzaq qala bilirdi - ən çox da özünü bəyənmişlik, müştəbehlikdən. Yəni ərsəyə gələn əsər nə qədər mükəmməl, möhtəşəm olursa-olsun, bunun yaradıcı insanın əməyi ilə yox, gözəgörünməz dahinin köməyi nəticəsində yarandığına inanırdılar. Əsər pis alınsa da, dahi yaradıcı insanın günahına ortaq olurdu. Bu isə həm yaradıcı insanların ruhdan düşməsini, həm də lüzümsuz mənəm-mənəmliyini əngəlləyirdi”.
“İntibah dövründən sonra insanlar daha “ağıllı” düşünməyə başladılar. Ruhi, mənəvi mənbələrdən, mistik “dahi”lərdən imtina etdilər və yarada bilən insanların özlərini dahi adlandırdılar. Birdən-birə nə qədər böyük məsuliyyət, nə qədər ağır söz yükü... Min illərlə inanılan o mistik, qeyri-adi gücün, ilahi sistemin hamısının qaynağının insan olduğu göstərildi, o, dahi adlandırıldı və bütün sistem pozuldu.
Bir dəfə Rut Ston dedi ki, tarladan işləyəndə şeirin tarlanın sonundakı dağların arxasından gəldiyini hiss edib, dərhal evə cumub, kağız-qələm tapırmış. Sonra dağları aşıb, tarlaların üzərindən süzülən o şeiri əli çatan bir yerindən tutub, kağıza köçürürmüş. O, sistemin bu olduğuna inanırdı. Mən isə eynən bir qatıram, hər gün eyni saatda dururam, eyni yerdə, eyni əzmlə işləyirəm, tər tökürəm, əlləşib-didişirəm, işimi eyni zamanda bitirirəm. Amma bu qatır sistemində belə mən də tez-tez Rutun sisteminə oxşar şeylərin baş verdiyini hiss edirəm. İdeyaların, duyğunun, sözün qəribə şəkildə haradansa sel kimi axıb gəldiyini mən də hiss etmişəm. Sonra bunun üzərində düşündüm, bu qaynaq nədir? Bu qaynaqla ağlımızı itirmədən, psixi vəziyyətimizi pozmadan necə balans qura bilərik? Bunun öhdəsindən gəlməyin ən yaxşı yolunu isə musiqiçi Tom Uoltsda tapdım. Bir neçə il əvvəl işlədiyim jurnal üçün ondan müsahibə almışdım. Elə bu mövzudan bəhs edirdik. Tom da illərlə bu suallar içində qalıb, amma çarəni mənim kimi işləməkdə görüb. Amma yaşlandıqca durulur və bir gün Los Ancelesdə başına bir hadisə gəlir. Maşında gedərkən anidən beynində incə və nazlı bir melodiya səslənir. Bütün ruhu sarsılır. Dərhal bunu unutmamaq üçün harasa qeyd etmək istəyir, amma yanında kağız, qələm, səsyazma aparatı - heç nə olmur. Başa düşür ki, bu yarpaq kimi düşən melodiyanı unudacaq. Qeyri-ixtiyari maşını saxlayır və üzünü göyə tutur: “Bağışla, amma sən mənim maşın sürdüyümü görmürsən? Səncə, mən indi mahnı yaza bilərəm? Var olmaq, yaranmaq istəyirsənsə, daha uyğun bir zamanda gəl. Ya da get Leonard Kohenin başına dol”.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər