• cümə axşamı, 28 mart, 22:03
  • Baku Bakı 13°C

Yanacağın qiymətindəki artımı fürsət bilənlər

09.01.21 14:00 498
Yanacağın qiymətindəki artımı fürsət bilənlər
Millət vəkilləri bildirirlər ki, süni qiymət artımına cəhd edənlər çox olacaq və dövlət bunu nəzarətdə saxlamalıdır
Yanvarın 4-də Tarif Şurasının iclasında Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq Aİ-92 avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının qiyməti isə 80 qəpik müəyyən edilib. Bundan əvvəl bu markalı benzinin qiyməti 90, dizel yanacağınkı isə 60 qəpik idi.
Vətəndaşlar bu qiymət artımından narahatdır, çünki digər sahələrə təsiri qaçılmaz olacaq. Ancaq dövlət tərəfindən bildirildi ki, qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimum olması üçün müvafiq tədbirlər görüləcək. Bu tədbirlər qiymətləri nəzarətdə saxlamaq üçün nə dərəcədə effektli olacaq?
Millət vəkili Vüqar Bayramov bildirdi ki, yanacağın qiymətindəki artımla əlaqəli dövlətin dəstək tədbirləri vacibdir: "Hökumətin də bəyan etdiyi kimi yanvarın sonuna qədər dəstək tədbirləri elan olunacaq. Dizel yanacağının qiymətinin artmasının ən çox təsir etdiyi iki sektor kənd təsərrüfatı və nəqliyyatdır. Xüsusilə də ictimai nəqliyyat. Bunun üçün kənd təsərrüfatında subsidiya məbləğinin artırılması nəzərdə tutulur. Fermerlərə verilən subsidiya məbləğinin yenidən hesablanması və dizel yanacağının qiymətinin artmasından yaranan xərcin artırılmış subsidiya vasitəsilə kompensasiya edilməsi gözlənilir. Məqsəd kənd təsərrüfatı məhsullarının qiymətinin artmasının qarşısının alınmaqdır. Xərc dövlət tərəfindən kompensasiya olunacağı üçün kənd təsərrüfatı məhsullarının qiymətlərinin stabilliyini - ən azı optimallığını qoruyub saxlamaq mümkün ola bilər.
İctimai nəqliyyatda da oxşar olaraq dəstək paketi hazırlanır. Burda da məqsəd ictimai nəqliyyat sahəsində fəaliyyət göstərən sahibkarların qiymət artımları nəticəsində yaranan əlavə xərclərinin kompensasiya edilməsinə nail olmaqdır. Məqsəd ictimai nəqliyyatda tariflər və qiymətləri stabil saxlamaqdan ibarətdir”.
V.Bayramovun sözlərinə görə, dəstək tədbirlərinin effektli olması gözləniləndir: "Məsələn, fermerlərə verilən birbaşa subsidiya məbləği artırılacaq. Onun effektli olması gözləniləndir. Çünki bütün hallarda fermerə, 2020-ci ildə eyni hektara görə aldığı subsidiyadan daha çox məbləğdə subsidiya veriləcək. Yəni fermerlər öz xərclərini kompensasiya etmək üçün büdcədən daha çox vəsait alacaqlar. Eləcə də ictimai nəqliyyata dəstək paketi olacaq və bu da birbaşa effekt göstərməlidir. Təbii ki, dəstək paketi elan olunduqdan sonra onun detallı olaraq müzakirəsi mümkündür. Dəstək paketləri, adətən, seçilmiş sektorlar üzrə xərclərin bir hissəsini və bəzi hallarda hamısını dövlət tərəfindən kompensasiya edir”.
Millət vəkili bildirdi ki, belə dövrlərdə süni qiymət artımlarına cəhd göstərənlər də çox olur: "Bizim əvvəllər bu tipli dövrlərdə apardığımız monitorinqlər göstərir ki, hər zaman süni qiymət artımlarına cəhdlər və meyllər olur. Hətta xərcin dövlət tərəfindən kompensasiya olunması halında belə, sahibkarlar süni şəkildə qiymətlərin artırılmasında meyilli və maraqlı olurlar, daha çox izafi gəlirlər əldə etməyə çalışırlar. Bütün dəstək tədbirləri fonunda, eyni zamanda istehlak bazarının monitorinqinin davam etdirilməsi və daha da gücləndirilməsinə ehtiyac var. Söhbət inzibati müdaxilədən getmir. Söhbət süni şəkildə xərc artımı baş vermədən qiymət artımlarının qarşısının alınmasından gedir. Bunun üçün xüsusən də yanacağın qiymətinin hansı məhsullar və xidmətlərə təsir etdiyinin qiymətləndirilməsi və buna uyğun olaraq monitorinqin aparılmasına ehtiyac var. Güman edirəm ki, xüsusilə də istehlak bazarında monitorinqləri gücləndirmək və xərc və qiymət strukturuna uyğun olaraq inzibati deyil, mövcud qanunvericilik çərçivəsində tənzimlənmələrin genişlənməsinə ehtiyac var. Çünki bu tip artımların psixoloji tərəfləri var. Hökumət qurumları çalışmalıdır ki, bu psixoloji effektdən istifadə edərək qiymət artımlarına və ya kəskin qiymət artımlarına gedilməsin”.
Millət vəkili Azər Badamov bildirdi ki, yanacağın qiymətindəki artımın əhali üçün vacib olan digər sahələrə təsirini minimallaşdırmaq önəmli idi: "Bu istiqamətdə tədbirlər artıq görülür. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalına dizel yanacağının qiymətinin artımının təsirini azaltmaq məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən subsidiyaların artırılması nəzərdə tutulur. Yaxud ictimai nəqliyyatın qiymətinin artırılmaması üçün ictimai nəqliyyat xidməti ilə məşğul olan şirkətlərə subsidiyaların verilməsi mexanizmi hazırlanır. Burda məqsəd yanacağın qiymətinin bahalaşmasının insanların sosial vəziyyətinə təsirini minimallaşdırılmaqdır”.
A.Badamov bilirdi ki, yanacağın qiymətinin əsas sahələrə təsirini dövlət tənzimləyəcək, digər sahələrdəki qiymətlərə təsiri isə cüzi şəkildə olacaq: "Yanacağın qiymətinin artması bir çox sahələrdə qiymətlərə cüzi də olsa təsirini göstərəcək. Tarif Şurasının nəzarətində olan sahələr üzrə qiymət artımı bu gün gündəmdə deyil. Amma ümumilikdə, digər sektorlarda cüzi artımlar baş verməsi qaçılmazdır. Çünki daşınmaların qiymətlərində müəyyən qədər artım olacaq. Amma bu, çox da hiss edilməyəcək dərəcədə artımlar olacaq. Yəni kəskin artımdan söhbət gedə bilməz. Çünki daşınma xərcləri məhsulun maya dəyərində çox cüzi hissəni tutur. 1 faizdən aşağı qiymət artımı ola bilər. 1 faizdən artıq qiymət artımı harada baş verirsə, bu, artıq süni qiymət artımı olacaq. Təbii ki, fürsətdən istifadə edərək pul qazanmaq niyyəti ilə süni qiymət artımına gedənləri də müşahidə edəcəyik. Bunun üçünsə dövlət tədbirlər görəcək, dövlət strukturları monitorinqlər keçirəcək, inzibati tədbirlər görüləcək”.
Aygün






banner

Oxşar Xəbərlər