• çərşənbə, 24 Aprel, 15:39
  • Baku Bakı 27°C

YAĞIŞ

14.01.16 11:14 3064
YAĞIŞ
Sferblatın yuxarısındakı plastik qapaq açıldı. Saata zəng əvəzinə quraşdırılmış mikrofon – bülbül səsli mexanizm cəh-cəh vurmağa başladı. Təbiət alimi T.Nuruyev şirin yuxu aləmindən ayrılmaq üçün pəncərəyə sarı boylandı. Bayır görünmürdü. Çünki şüşələri şaxta “rəsmlərlə” bəzəmişdi. Qarın yağmağı bir də küçənin belə sakit olmağından – eşikdən səs-küyün gəlmədiyindən bilinirdi.
T.Nuruyev ayağa qalxıb nəfəsliyi açdı. Pəncərə çərçivəsindən buz salxımları sallanırdı. Belə günlərdə adamı nədənsə bir qüssə bürüyür. T.Nuriyev üşürgələndi. Bir-iki dəfə çiyinlərini çəkib, sumağı zolaqlı xaltası çiyninə atdı. Nəfəslikdən boylandı, qar ümmanının sahili görünmürdü. Dünya ağappaq idi. T.Nuriyev öz otağını bir anlığa fəzada hərəkət edən gəmiyə bənzətdi və bu bənzətmədə, o, nədənsə hətta, həqiqətə yaxın bəzi fərziyyələrin gizləndiyi qənaətinə də gəldi. T.Nuriyev ayağa qalxıb isti yay günlərinin nişanəsi olan hidrokondisioneri aynabənddən çıxartdı. Kondisionerin yerində sobanı quraşdırdı. Mənzilin havası get-gedə isinirdi. T.Nuriyev vanna otağına keçib soyuq çilək qəbul etdi, bədənini tiftikli qaba dəsmalla quruladı. Sonra o, nəsə itirmiş adamlar təki otaqda vurnuxmağa başladı. Ancaq məhz nəyi, bəli məhz nəyi itirdiyini bilmədiyi üçün təəssüfləndi. Özünə yer tapa bilməyən adamlar kimi bir xeyli var-gəl edib kresloya çökdü, çənəsini ovcunun arasına aldı. Hə, doğrudan da o, nəyisə unutmuşdu. Unutmuşdu və indi o unutduğu “nəyisə” yadına salmağa çalışırdı. O, sadəcə olaraq bayaqdan bəri unutduğu şeyi xatırlamağa ehtiyat edirdi. Və əslində özü indi özünə belə bir hissi təlqin etməyə çalışırdı ki, nəyisə unudub. O, nə qədər özünü aldatmağa səy edirdisə də, istər-istəməz nəyi unutduğunu, daha doğrusu unutmadığını xatırlayır, lap dəqiqi nəyi unutmağa çalışdığını düşünərək şirin bir nigarançılıq içində vurnuxurdu; barmaqları əsəbiliklə titrəyir, sinəsi qalxıb-enir, nəfəsi təngiyirdi.
T.Nuriyev, axır ki, “unutqanlığın” daşını atdı, yadından çıxan şeyi “xatırladı”; o, səhərdən siqaret çəkməmişdi. Oyanandan nəyisə istəyir, lakin ürəyində baş qaldıran hiss o “nəyisəni” boğur, əzirdi. Dolaba yaxınlaşıb siqaret qabını əlinə götürdü. Üstündə sklet şəkli çəkmiş qutunun üstünə, daha doğrusu elə o skletin altına zərlə, böyük hərflərlə yazılmışdı: “Bir ədəd siqaret sənin ömrünü 20 dəqiqə qısaldır”. O, bu sözləri sanki ilk dəfə oxuyurdu. O, gün ərzində üç qutu siqaret çəkdiyi çağları xatırladı. Necə olan işdi? Bu hesabla T.Nuriyev canını çoxdan tapşırmalı idi. Hələ bəzi günlərin hesabına bir saat da artıq gəlirdi. Onun sutkası hərdən 24 saatlıq vaxt çərçivəsini vurub sındırırdı. Bu minvalla çoxdan ölməli idi. Nə üçün? Axı, kim bilir insan nə qədər ömür sürməlidir? İnsana əta edilən zaman kəmiyyətin uzunluğu bilinmirsə? necə qərar çıxarmaq olar ki, bəs filankəsin ömrü filan vaxt tamam olur?
T.Nuriyev bir siqaretin orqanizmdə nə qədər vitamini məhv etdiyini, necə hüceyrəni cəhənnəmə göndərdiyini də bilirdi. Şübhəsiz ki, bu məlumatlardan ən maraqlısı 20 dəqiqəlik ömür məsələsi idi. Çünki hər necə olsa da burada ölüm-dirim, nikotində insan arasında müharibə, çək-çevir məsələsi vardı. T.Nuriyev nikotin qəbul edənlərin nələrdən xali olduğunu fikirləşib hər halda bu anlarda siqaret çəkmədiyi üçün şükür elədi. Artıq bildiyimiz kimi, o, ümumiyyətlə, çəkəndi və yəqin ki, elədiyi şükür də bu səhərdən bəri tütündən uzaq olduğuna görə idi. T.Nuriyev ömründə siqaret çəkmədiyi fikrini özünə təlqin edirdi və indi bu “özünətəlqinə” görə özü öz işinə məəttəl qalmışdı. Hələ bunlar azmış kimi dolabdakı siqaret qutularına tərs-tərs tamaşa elədi: “Dünyada nə ağılsız adamlar var!.. Öz canlarına qəsd edirlər!”
O, yeksəsək, monoton rəngləri qətiyyən xoşlamırdı. Nə ağ qış ona ləzzət verirdi, nə də yaşıl yaz. T.Nuriyev dünyanı rəngarəng görmək istəyir, bir fəsildə bütün fəsillərin əlamətini, gözəlliyini arzulayırdı. Ona görə də, indi səhərdən siqaret çəkmədiyi, nəyisə unutmağa və xatırlamağa çalışdığı bu qış gününün yeknəsəqliyi onun ürəyini qüssə ilə doldurdu. Qüssə də qar kimi soyuq və ağır idi. Fərq təkcə burasında idi ki, qüssə torpağa yox, ürəyə yağırdı, özü də rəngi qar kimi ağ deyildi; tutqun idi ürəyə yağan o qüssənin rəngi. T.Nuriyev qüssənin rənginə öz gözlərinin, saçının rəngindən də yaxşı bələd idi. O, hər halda tənha otağın, yekrəng dünyanın, birrəngli fəsillərin, tutqun qüssənin məngənəsindən çıxmağın “yolunu” bilirdi... Çünki evinin layihəsi, tikintisi zamanı hər şey nəzərə alınmışdı. Mənzildə ilin istənilən vaxt istənilən hava və məkan şəraiti yaratmağa imkan verən proqramlaşdırılmış qurğunun bütün düymələri T.Nuriyevin barmağının altında idi. “Peyzaj” adlanan sistemin idarə mexanizmi, mərkəzi qovşağı mətbəxdə yerləşirdi. Əvvəlcədən nəzərdə tutulmuş proqram üzrə elə otaq şəraitindəcə fəsillərin müəyyən anlarını təzədən “yaşatmaq”, “dəniz sahilində” əyləşmək, yarpaqların pıçıltısını dinləmək, qıy vuran durna qatarına tamaşa etmək ən adi məşğuliyyətlərdən biri idi T.Nuriyevin.
O, nədənsə birdən-birə payızı xatırladı. Ürəyinə çökən qüssə də payız buludu kimi ağır idi. Və sanki özündən asılı olmayaraq “Peyzaj” sisteminin proqram şöbəsinə sifariş verdi: “Payız” göstərilsin...
Bütün idarəetmə mexanizmləri, işıq sistemləri iki dəqiqə ərzində müvafiq vəziyyətə gətirildi. Ekranın siqnal lampaları yandı. Bu, raport idi: “Hazırdır!”
T.Nuriyev ekranda payızın bütün rənglərini, çalarlarını, ultraşüaları tənzimlədi; budaqlara qopub oxuyan quşların səsini artırdı. Bir azdan külək başladı. Yarpaqlar havada uçuşmağa başladı... Təbiətin bəyaz yağışı, yarpaq tökümü istər-istəməz uzaq xatirələri yada salırdı. T.Nuriyev heç də rəng iyi verən dekorların qarşısında əyləşməmişdi. Qətiyyən! Onun otağına əsl payız gəlmişdi. Və o, əgər istəsəydi, bu payız mənzərəsinə, daha doğrusu payızın özünə, daha bəzi təbii predmetlər əlavə edə bilərdi. Məsələn, hovuz, skamya, səki... Bir iş vardı ki, belə əşya bolluğu T.Nuriyevu açmırdı. O, bu bolluqda nəsə adamı dilxor edən bir ağırlıq da hiss edirdi.
T.Nuriyev yorğun adamlar təki ayağa durub ağacların arası ilə gəzişməyə başladı. Ayağının altında qalıb əzilən yarpaqlar xışıldamağa başladı. Otağına əbədi gözəllik verən qızılgüllərin ləçəkləri solmuşdi. Axı, indi payız idi... T.Nuriyev otağın ortasında, daha doğrusu xəzan yarpaqlarının üstündə ayaq saxladı. Qızılgüllərin üstünə doğru əyildi, yarpaqlara sığal çəkdi. O, birdən-birə özünün illərdən bəri işləyib hazırladığı elmi prinsiplərə qarşı çıxıb təbiətin qanunlarını nədənsə pozmaq fikrinə düşdü. Payızda baharın nişanəsini görmək istədi. Niyə, nə üçün belə bir arzuya düşdüyünü o, heç özü də kəsdirə bilmədi. Elə-belə təbiətə öz gücünü göstərmək istəyirdi.
T.Nuriyev “Peyzaj” sisteminin proqram şöbəsinə sifariş verdi: “Yaz” gəlsin. Az keçməmiş baharın rayihəsi duyulmağa başladı. T.Nuriyev ətrafa nəzər saldı. İndi qurumuş yarpaqlar tökülür, qönçələr təzədən pardaqlanırdı. Güllərin üstündəki şeh damcıları parıldayırdı. T.Nuriyev qızılgül kollarının köklərini sezium elementinin buraxdığı qamma şüaları ilə həyəcanlandırdığı üçün qönçələr sürətlə açmaqda idi. Ultrabənövşəyi şüaların təsiri qızılgüllərini cana gətirmiş, onların gövdəsini bərkitmişdi. Yaradılan maqnit sahəsi, qaz boşalmaları güllərin ətrini daha da saflaşdırmış, təzələmişdi...
Sanki otaqda payızla yazın davası gedirdi... T.Nuriyev hər şeyi unutmuşdu: bayırın şaxtasını, yağan quşbaşı qarı, siqaret mərəzini... Hər şeyi, hər şeyi... İndi bir otaqda fəsillər çarpazlaşmışdı. İqlimlərin qovşağı alimin ürəyində qəribə hisslərin baş qaldırılmasına səbəb olmuşdu. Bayırda şaxta idi. Havada oynaşan yarpaqlar payızın, dibçəkdəki qızılgüllərsə baharın nişanəsi idi.
Get-gedə başı ağırlaşır, gözü alacalaşırdı. Dərdini özü yaxşı bilirdi: qan təzyiqi qalxmışdı, bu, xüsusən, son zamanlar tez-tez baş verirdi. O, maqnit kürsünü çəkib oturacağa çökdü. Maqnit qan təzyiqini azaldır, normal hala gətirirdi. “Peyzaj” sisteminin qurğuları elektron dəqiqliklə iki fəslin bütün gözəlliklərini nümayiş eləyirdi. Uzaq üfüqlərdə buludlar qaynaşmağa başlayanda hava qaraldı. Səmanın rəngi T.Nuriyevin əyləşdiyi maqnit kimi boz və ağır idi.
O, darıxmağa, qəribsəməyə başladı. Qəribsəyirdi. Özü də bilmirdi ki, kimin və nəyin üçün qəribsəyir. Qərib yerlərdə kimi var idi? Kim idi onun yolunu gözləyən? Kim idi ona doğma, yaxın olan?.. Ümumiyyətlə, onun nəinki doğma, heç yad adamı da yoxdu... Kimə gərək idi onun “Peyzaj”ı?.. Heç səmanın tutqunlaşmasına ehtiyac vardımı?.. Bayırda qış idi. Soyuq idi... Şaxta idi. Şikayətlənən yox idi qışdan, qardan... Qışdan sonra təbiətin başqa bir fəsli-bahar gələcəkdi. Dünya yaşıl nəğmə yağışında yuyunacaq, yaşıl hava udacaqdı. Kainatın, təbiətin əbədi qanunlarına təkcə onun mənzilində əməl olunmurdu. Proqramlaşdırılmış fəsillər heç bir məntiqə tabe olmadan meydana çıxır, istənilən vaxtsa səhnə dekorları kimi yığışdırılırdı...
Buludlar get-gedə qatılaşır, qaralırdı. Birdən şimşək çaxmağa başladı. Göy gurultusu aləmi başına götürdü. T.Nuriyev heyrətindən donub qaldı. Axı, proqramda göy gurultusu qeydə alınmamışdı. O, tərtib etdiyi sistemin bütün cik-bikinə bələd idi. Hadisələrin ardıcıllığını, momentlərin biri digərini tamamlamasını, nəyin nəyi əvəzləyəcəyini əzbərdən bilirdi. Bəs bu ildırım haradan çıxdı birdən-birə? Əlbəttə, adi payız gününün ildırımı başqa bir vaxt heyrət doğura bilməzdi. Lakin “Peyzaj” qurğusunun payızı, əsl payız deyildi axı; bu, ölçülüb-biçilmiş, proqramlaşdırılmış payız idi. Şıdırğı yağış başlayanda T.Nuriyev daha səbrini basıb dözə bilmədi. Maqnit kürsüdən sıçrayıb ayağa qalxdı. Damcılar onun üz-gözünə səpələnirdi. Yağış şiddətlənməkdə idi. Əsl çalpov gözlənirdi... T.Nuriyev mətbəxə keçmək istədi. Lakin yolu tapa bilmirdi. Otaqdakı qapıların yerində qorxunc mağaralar, kahalar qaralırdı. Çevrilib geriyə baxdı. Bayaq üstündə əyləşdiyi kürsü indi iri bir qaya parçasına çevrilmişdi. Bu, necə ola bilərdi? Hadisələr proqramda nəzərdə tutulan qayda-qanuna tabe olmur, kortəbii şəkildə gedirdi. Göyün gurultusu daha da şiddətlənmişdi. Sel suya qarışmışdı.
Gözlərini qamaşdıran şimşəyin şaqqıltısından vahimələnən T.Nuriyev vurnuxa-vurnuxa “Peyzaj” sisteminin əyləc dəstəyini axtarmağa başladı. Məlum oldu ki, otaqda heç bir dəstək mövcud deyilmiş. Yer onun ayağının altında silkələndi... Sanki onun quraşdırdığı qurğu indi hardansa kənardan, görünməz qüvvələr tərəfindən idarə edilirdi. İşıq, qaz, dalğa... heç bir qanuna tabe olmadan təbii payız fəslinin axarına düşmüşdü. Sanki bütün bütün bu həngamə qapalı bir otaqda - T.Nuriyevin mənzilində yox, açıq səma altında baş verirdi. İndi onun mənzilində heç bir çıxış yolu gözə dəymirdi. Yağış gölməçələri T.Nuriyevin ayağının altında şappıldayırdı. Onun ayaqları topuğacan palçığa bulaşmışdı. Yaş köynəyi bədəninə yapışmışdı. Soyuqdan dişi-dişinə dəyirdi...
O, dözə bilməyib irəliyə doğru qaçmağa, yüyürməyə başladı. Onu heyrət götürmüşdü: sanki heç yerli-dibli mənzil adlı bir yer yoxmuş: o, təbiətin qoynunda, daha doğrusu küçədə imiş. Bir azdan əllərində çətir tutmuş adamlar görünməyə başladı. T.Nuriyev başa düşdü ki, artıq onun quraşdırdığı “Peyzaj” sistemi proqramdan çıxaraq təbiətə doğru “addımlayıb”. Çünki bayaq qar yağan küçələrə indi yağış çisələyirdi. Qışdan əsər-əlamət qalmamışdı. Gənc bir qadın orta yaşlı kişinin qoluna sığınıb deyinirdi:
- Belə də hava olar? Elə bir payızdı... Yağışa bir bax...
Deyəsən, kişi üçün fərqi yoxdu: istər qar yağsın, istərsə də yağış. Ona görə də mızıldandı:
- Yağır yağsın də...
T.Nuriyev istədi qışqırsın: “Xeyr! Bu, təbiətin işi deyil! Mənəm bu yağışı yağdıran!” Ancaq qışqırmadı. Susdu. Gənc qadın böyründən ötüb-keçən ayaqyalın, başıaçıq çətirsiz adamı, yəni T.Nuriyevi, qoluna sığındığı kişiyə göstərdi.
- A-a-a... Ona bax... Yəqin dəlidi.
Kişi qadının işarə etdiyi səmtə baxıb ucadan güldü:
- Dəlinin başında buynuz bitmir ki...
T.Nuriyev başa düşdü ki, indi onu müzakirə edirlər, amma əhəmiyyət vermək istəmədi. Qadının qoluna girmiş kişi ucadan qəhqəhə çəkib güləndə T.Nuriyev ayaq saxladı. Çünki səs tanış gəlirdi. O, qanrılıb ani olaraq arxaya baxdı. Orta yaşlı kişi cərəyana pərçim olunmuş həşərat kimi yerindəcə dik atılıb sustaldı. Qeyri-ixtiyari böyründəki qadının qulağına:
- Bizim müdirimizdi... Evimi yıxacaq, - dedi.
Qadın əlindəki çətirin dəstəyini fırladıb qırıq-qırıq güldü:
- A-a-a... Belə də müdir olar?!.
- Yaxşı... Sus-ss...
T.Nuriyev tini burulub bir xeyli yuxarıya sarı addımladı. Axır ki, öz küçələrini tapdı. Gəlib hündür barılı həyətə girdi. Onun... evi yerində yox idi. Binanın əvəzinə nəhəng bir generator qoyulmuşdu. Nədənsə cihaz ona tanış gəldi. Bu, T.Nuriyevin “Peyzaj” sistemi üçün düzəltdiyi kiçik generatora bənzəyirdi. İndi o kiçik generator sankimikroskop altına qoyulmuş, bir neçə dəfə böyüdülmüşdü. Generator yeknəsəq səslə uğuldayırdı. Yağış get-gedə güclənirdi. Artıq T.Nuriyev yağışı, şimşəyi unutmuşdu. Soyuq da, palçıq da vecinə deyildi. Bu səhərdən bəri onu narahat edən fikirlər, baş ağrısı, qan təzyiqi, yeni tərgitdiyi köhnə vərdiş-siqaret mərəzi T.Nuriyevin zehnindən, yaddaşından silinib-süpürülüb getmişdi.
O, yerində generator “bitən” evinin qarşısında dayanıb bir xeyli ətrafa boylandı. Birdən gözünə bir qaraltı dəydi. T.Nuriyev irəli yeridi. Onu heyrət bürüdü. Bu “qaraltı” onun maqnit kreslosu idi. O, qeyri-ixtiyarı kresloya çökdü. Kreslo qupquru və isti idi. İndi yağış onun əsəblərinə yağırdı. İçinə bir sərinlik çilənirdi. Ürəyi yağışda çimirdi. Bilmirdi ki, payız ona qonaq gəlib, yoxsa ki o payıza qonaq olub... Bu yandan da T.Nuriyevi indi uğultusu kəsmiş o nəhəng generator çaşdırırdı. Yağışsa hələ kəsməmişdi.
Firuz MUSTAFA
banner

Oxşar Xəbərlər