• çərşənbə axşamı, 16 aprel, 08:09
  • Baku Bakı 14°C

“Ya Allah, qalxın çəkək”

04.12.18 09:00 919
“Ya Allah, qalxın çəkək”
Bu gün serial aləmində bir çox dəyişikliklərin şahidi oluruq. Əslində bu dəyişikliklər bizi sevindirir. İlk növbədə ona görə ki, hər televiziya kanalında bir neçə serial nümayiş olunur və bu da onlar arasında olan rəqabəti artırır. Nədənsə serialdan söhbət düşəndə rejissorlar, ssenaristlər media nümayəndələrinin sərt tənqidinə tuş gəldiklərin qeyd edir, bu fikirlərlə razılaşmırlar. Bəzən tənqidlər əsassız olur, bəzən də zamanında və yerində vurğulanır və qeyd edilməsi lazım olan məqamlara toxunulur.

Bu gün isə rejissorların mübahisəli məsələ hesab etdiyi serialların sınaq çəkilişlərindən danışdıq. Belə ki, sosial şəbəkələrdə bir çox rejissorların serialları, xüsusən də baş rolların qəhrəmanlarını sınaq çəkilişləri etmədən çəkdiklərini və belə olduğu halda, həmin aktyorların uğursuz bir obraz yaratdıqlarını deyirlər. Biz də rejissorlar arasında sorğu etdik. Onlardan serial çəkərkən baş və digər rolların ifaçıları üçün sınaq çəkilişləri edib-etmədiklərini xəbər aldıq.

Azərbaycanda heç bir çəkiliş qrupunda lüks imkanlar yoxdur
"Ata ocağı” serialının baş rejissoru Rüfət Şahbazov deyir ki, çəkdiyi filmlərə və seriallara aktyor seçərkən sınaq çəkilişləri deyil, birbaşa məşqlər edir: "Biz filmi böyük kinoplyonkaya çəkmirik deyə, sınaq üçün video lenti hazırlamırıq. İndiki reallıq başqa cürdür. Serial çəkilişlərinə başlayanda, ofisdə aktyorlarla tək-tək xarakter üzərində işləyirik, xırda-xırda səhnələr üzərində məşqlər edirik. Məhz bu xırda məşqlər sayəsində qərar veririk. O da yalnız xarakter səhnələrində bu proses baş verir. Bütöv bir səhnənin məşqini etmirik. Çəkilişə başlayanda aktyor öz üzərində işləyir və bilir ki, ondan nə tələb olunur. Serialda isə mövsümün əvvəlində aktyorları seçəndə belə onun oynayacağı səhnədən hissəciklər verir və aktyoru yoxlayırıq. Xarakteri yerinə otuzdurmaq üçün bu yüngül məşqlər mütləqdir. Mövsümün ortasında bunu etmək mümkün olmur. Serialların sınaq çəkilişləri Azərbaycandakı imkanlarla və zamanla üst-üstə düşmür. Mən yalandan deməyəcəyəm ki, biz VİP-yik, lüks şəraitdə çalışırıq. Əgər kimisə seriala daxil etmişiksə, onun sınaq çəkilişi olur, bundan sonra əsas çəkilişə gedir. Bu da ancaq bir dəfə baş verir. Hər dəfə aktyorun oynayacağı səhnələrin sınaqlarını etmirik və edə bilmərik də. Azərbaycanda heç bir çəkiliş qrupunda lüks imkanlar yoxdur. Ola bilər ki, bədii filmlərdə olsun. "Azərbaycanfilm”də əvvəllər belə imkanlar var idi ki, aktyorların bir dəfə sınaq üçün məşq çəkilişləri olurdu. Əgər ilk söhbətdən aktyorla münasibətlərimiz alınmırsa, onunla işləmirik. Epizodik rollarda işlədəcəyimiz adamlarla heç bir məşq etmirik. Sınaq çəkilişləri Azərbaycan imkanları və şərtləri ilə mümkün deyil. Rejissor düşünür ki, sınaq çəkilişlərinə ayırdığı maliyyə, vaxt və o enerjini çəkdiyi filmə qoyar və bu daha səviyyəli görünər”.
Rejissor deyir ki, tanımadığı və istedadı olmayan adamı sıfırdan gətirib serialda və filmdə çəkmir: "Ola bilər ki, epizodik rollarda bir cümləsi olan kimisə çəkim. Bu hallarda sınaq çəkilişləri etmirik. Rejissor əgər yaxşı rejissordursa, istənilən insanı epizodik rolda istədiyi şəkildə çəkər. Rejissorlar "birdəfəlik” aktyorlardan istədiyini alıb, buraxır. Ancaq uzunmüddətli çalışacağı aktyorlarla məşğul olur, onlara obrazının davranışlarını izah edir. Mən heç zaman tanımadığım hər hansı bir modelə birdən-birə baş və ikinci dərəcəli obrazı həvalə etmirəm. Düzdür, hər mövsüm seriala yeni simalar dəvət edirəm. Onların da üzərində məşqlər edir, xeyli işləyirik. Yoxsa mən ora texnika töküm, işıq sistemi qurum və kameraları hazırlayım, bir günümü ayırım ki, sınaq çəkilişi edəcəm. Hazırda Azərbaycanda heç bir kino çəkən şirkətin sınaq çəkilişində bu komfortlu şərait yoxdur. Bunu kim deyirsə, özünü VİP olaraq göstərməyə çalışır. Azərbaycanda çəkiliş qrupu, rejissorlar, operatorlar, prodüserlərin çəkəcəkləri materialın öncə sınağını edib, sonra çəkmək kimi bir imkanı yoxdur. O zaman bu, mümkün ola bilərdi ki, çəkdiklərimiz bir az imkanlı layihələr olardı. Bizim çəkdiyimiz layihələr həddən artıq bahalı layihələr deyil”.
Xalq artistindən istədiyimi ala bilməmişəm
Xəzər televiziyasında yayımlanan "Ay yay, yay”, "Xalxın evi” seriallarının baş rejissoru Ramin Hacıyev bizimlə söhbətində bildirdi ki, aktyoru ilk növbədə kastinqdə yoxlayır, onu görkəm, tipaj olaraq çəkir: "Bundan sonra sınaq çəkilişlərini edirik. Çəkiliş də olmasa, aktyora mətni veririk və bizə lazım olan obrazı verə bilirsə, artıq onu seriala çəkirik. Heç bir aktyoru sınaqsız seriala götürmürük. Aktyor var ki, sınağa ehtiyac yoxdur, bilirəm ki, ona həvalə olunan obrazı gözəl canlandıracaq. Hətta kino aləmində ən çox inkişaf edən Hollivudda belə, film çəkərkən aktyorları kastinqə dəvət edirlər. Dünyaca məşhur tanınmış aktyorlar da həmin kastinqlərdə iştirak edirlər və bunu özlərinə heç də əskiklik hesab etmirlər. Ancaq nəbadə bizim tanınmış aktyorlara deyəsən ki, "kastinqə gəl”. O saat başlayırlar inciməyə, küsməyə. Hələ rejissora bir sifət də edirlər ki.. Yəni, "məni nə yerinə qoymusan ki, kastinqə çağırırsan, bilmirsən, mən necə bir peşəkar aktyoram?” Ancaq mən burda inciməli bir şey görmürəm. Dəfələrlə olub ki, peşəkar, xalq və əməkdar artistləri dəvət etmişəm, ancaq onlardan istədiyimi ala bilməmişəm. 2-3 bölümdən sonra onlarla vidalaşmışam. Çünki mənə uyğun gəlməyib, özlərini doğrultmayıblar. Ancaq o, əvvəlcədən kastinqə gəlsəydi, biz bilərdik ki, bu obraza yarayır, ya yox. Daha doğrusu, mən aktyorla sağollaşmamışam və ona uyğun obraz yaratmağa başlamışam. Halbuki mən istədiyim olsaydı, daha yaxşı olardı. Serial elədir ki, orada variant etmək olur, filmdə isə gərək başqa cür edəsən”.
Ramin Hacıyev işinin peşəkarı olduğunu və aktyora baxanda, beynindəki obrazı onun canlandıra bilib-bilməyəcəyini təxmin etdiyini deyir: "Bu mənim işimdir. Ssenari yazılanda, bəzən məhz nəzərdə tutduğum aktyora görə yazılır. Həmin ssenari nəzərdə tutduğumuz aktyorun jestinə, mimikasına, davranışına görə hesablanır. Yazdığımız hər hansı bir obraza uyğun aktyor axtaranda düşünürəm ki, bu aktyor onu canlandıra bilər. Hətta 3 nəfərin arasında fikir mübadiləsi edir və nəticədə bir qərara gəlirəm. Serial uzun məsələdir deyə, aktyorun birinci dəfədən uyğunlaşa bilməməsi halları da olur. Amma 3-4 bölümdən sonra görürsən ki, aktyor həmin obrazı gözəl canlandırır. Bir dəfə aktyorlarımızdan biri sevdiyim bir obrazı mənə verə bilmədi, mən ssenarini həmin aktyorun oyununa görə yazdım. Mənim istədiyim replikanı lazımi dərəcədə demirdi deyə, həmin replikanı çıxardım, aktyorun deyə biləcəyi kimi uyğun ssenari yazıldı. Belə olanda obrazlar daha şirin və daha baxımlı olur. Hətta deyiblər ki, bu necə təbii oynayır, ancaq bilməyiblər ki, biz ona başqa replika yazmışdıq”.
Rejissor bəzən "yox” deməyi bacarmadığını da etiraf etdi: "Bəzən olur ki, "yox”u "hə” formasında deyirəm. Obrazının öhdəsindən gələ bilməyən aktyorla işləyəndə məcbur olub, onun rolunu azaldıram. Biz Hollivudda yaşamırıq, eyni şəhərdə yaşayırıq. Bunun sabah üz-üzə gəlməyi də var. Bir sahədə çalışırıq, təəssüf ki, bizdə sistem belədir. İşi adi həyatımıza da daxil edirik. "Sən sabahdan serialda yoxsan” sözlərini demirəm, aktyoru başqa və özümə məxsus şəkildə komandadan ayırıram”.
Məşq etmədən aktyoru filmə çəkmirəm
Rejissor Rövşən İsax "Şərq” qəzetinə açıqlamasında deyib ki, çəkdiyi ekran işlərində köhnə adamlardan istifadə eləməmək kimi bir məqsədi yoxdur: "Hər çəkilişdə özüm üçün sanki imtahan verirəm. Aktyorumun da qarşısında rejissor olaraq imtahan vermiş oluram. Aktyorumdan da eyni münasibəti tələb edirəm. Mənimlə işləyən aktyorların da, şükür ki, 98 faizinin əqidəsi mənimlə eyni olub. İş birliyimiz, məqsəd birliyimiz uyğun gəlib ki, çalışmışıq. Uyğun gəlməyənlərə də yaxşı yol. Məşq etmədən aktyoru filmə çəkmirəm. Mütləq sınaq çəkilişləri olur. Bəli, hansı aktyor o rolun öhdəsindən gəlirsə, onunla işləməyə qərar veririk. Belə olan halda professional aktyor heç vaxt incimir. İnciyə də bilməz. Çünki professional aktyor bilir nəyə görə dəvət olunub. Professionaldırsa, bilir ki, film çəkilərkən sınaq çəkilişlərinin olması normal prosesdir. Model ola bilər ki, sınaq çəkilişlərinə gəlsin, amma çəkilməsin, ona görə də incisin. Bu, modelin xətrinə dəyə bilər. Ancaq peşəkar aktyorda belə hal baş vermir”.
Rejissor əlavə edib ki, türkiyəli aktyorlar yaxşıdır deyə bir anlayış yoxdur: "Bizim aktyorlar niyə yaxşı oynamır ki? Sən o aktyorumuza yaxşı pul ver, gör necə oynayır. Sən rejissor olaraq aktyorun qarşısına qoyulan vəzifəsini düzgün izah et, ondan aktyor kimi nə tələb olunur, obraz nəyi tələb edir - bunu izah et, sonra ondan istədiyini al. Mən başqa serialların çəkiliş meydançalarında olmamışam, amma aktyorlar deyir ki, məşq nədir? Mətni bilirsən, ya Allah, qalxın çəkək. Belə film, serial çəkilə bilməz, amma çəkilir. Məşq də yoxdu, ssenari də zəifdir, rejissor işi də bərbaddır. Amma nə olsun, nə çəkirsən-çək, efirdə yayımlanır. Ən böyük problem elə burdan başlayır”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər