XXI əsrin layihəsi
Heç kimə sirr deyil ki, bir çox ölkələrin enerji təhlükəsizliyinin
təminatına böyük töhfələr verən Azərbaycan bu gün dünya birliyində etibarlı və
strateji tərəfdaş kimi öz yerini möhkəmləndirməkdədir. Son illərdə bu
istiqamətdə baş verən və gələcəkdə Avropanın enerji xəritəsinə ciddi
korrektələr edəcək hadisələr həm də Azərbaycanın enerji siyasətinin böyük
uğurlarıdır. Bəlli olduğu kimi, üç il bundan öncə, daha dəqiq desək, 2014-cü il
sentyabrın 20-də Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl
hərflərlə yazılan möhtəşəm hadisə baş verdi - "Əsrin müqaviləsi”nin 20 illik
yubileyində müxtəlif dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu
şirkət rəhbərlərinin iştirakı ilə digər nəhəng transmilli layihənin - Cənub Qaz
Dəhlizinin təməlqoyma mərasimi keçirildi. Sonrakı müddətdə Türkiyənin Qars
vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin
iştirakı ilə Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması Cənub
Qaz Dəhlizinin reallaşması istiqamətində atılan mühüm addım oldu. Prezident
İlham Əliyevin də dediyi kimi, "Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir - "Şahdəniz”
yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Azərbaycan bütün bu layihələrdə
fəal iştirakçıdır və bu gün biz yeni reallığı yaradırıq. Çünki enerji
təhlükəsizliyi bu gün milli təhlükəsizlik qədər önəmlidir. Heç bir ölkə öz
milli təhlükəsizliyini enerji təhlükəsizliyini təmin etmədən sığortalaya
bilməz. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Görün, Azərbaycan
qazı bu gün Avropa üçün, Avrasiya üçün, bu bölgə üçün nə qədər böyük əhəmiyyət
daşıyır. Yəni, yeni enerji xəritəsi yaradılır. Bunu biz yaradırıq, öz
tərəfdaşlarımızla birlikdə. Ona görə təbii ki, görülən bu işlər Azərbaycanın
geosiyasi əhəmiyyətini artıracaq və bizim gücümüzü də artıracaq, təsir
imkanlarımız da artacaq”.
Beləliklə, aparılan uğurlu iqtisadi və siyasi islahatlar nəticəsində
regionun lider dövlətinə çevrilən Azərbaycan sözün əsl mənasında bir enerji mərkəzinə
çevrilməkdədir Təsadüfi deyil ki, enerji mərkəzinə çevrildiyi səbəbindən
ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dünən Bakıda öz işinə
başlayan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü
toplantısı da bunun bariz nümunəsidir. Toplantıya qatılan prezident İlham
Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan Avropa Komissiyası ilə bu mühüm
layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurub. Və bu gün Azərbaycan
dünya praktikasında nadir hallarda rast gəlinən nümunəvi beynəlxalq əməkdaşlıq
formatı yarada bilib. Ölkə prezidenti xüsusi olaraq qeyd edib ki, 1994-cü ildə
imzalanan "Əsrin müqaviləsi” gələcək enerji layihələrinin həyata keçirilməsində
əhəmiyyətli rolu olub. Və bu gün müasir Azərbaycanın nailiyyətləri məhz bunun
sayəsində mümkün olub. Cənub Qaz Dəhlizinin icrasında "Şahdəniz” qaz yatağının
əhəmiyyətini vurğulayan, bu yatağın verdiyi imkanların Azərbaycanın özünü
nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanıtmasında mühüm rol oynadığını
deyən dövlətimizin başçısı çıxışında layihə üzrə regional əməkdaşlığın əhəmiyyətli
olduğunu qeyd edib. Bunun bariz nümunəsi isə uzun illər ərzində Azərbaycan,
Gürcüstan və Türkiyə tərəfindən icra olunan enerji dəhlizlərini göstərmək olar.
Qeyd edilməlidir ki, Cənub Qaz Dəhlizinin həyata keçirilməsində bir
neçə il öncə Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinin icrasına dair
imzalanan saziş, həmçinin Transadriatik boru kəməri layihəsinin böyük əhəmiyyəti
var. Prezident İlham Əliyev də bu cür toplantıların layihənin vaxtında və
keyfiyyətlə yerinə yetirilməsində xüsusi rol oynadığını diqqətə çatdırıb.
Ötənilki görüşdən sonra bir çox irəliləyişlərin olduğunu, "Şahdəniz-2” layihəsinin 90 faiz
səviyyəsində həyata keçirildiyini, TANAP və TAP layihələrində də mühüm
uğurların müşahidə edildiyini deyən prezident İlham Əliyev Azərbaycanın
"Abşeron” qaz yatağının işlənilməsinə başladığını, bunun da ölkəmizin qaz
potensialının yalnız "Şahdəniz”lə məhdudlaşmadığını göstərdiyini vurğulayıb.
XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində
beynəlxalq maliyyə qurumlarının fəaliyyətini vurğulayan dövlətimizin başçısı
Avropa maliyyə təşkilatlarının da layihənin icrasında yaxından iştirak
etməsinin əhəmiyyətli olacağını bildirib.
Sözsüz ki, bu kimi layihələrin reallaşmasında beynəlxalq əməkdaşlıq
da vacib məsələdir və rəsmi Bakı da siyasətini bu istiqamətdə qurur. Avropa
İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı nəzərdə tutan çərçivə sazişi
imzalanıb, enerji təhlükəsizliyi ilə bağlı səmərəli müzakirələr aparılıb. Avropalı
rəsmilər dəfələrlə bildiriblər ki, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı
üçün strateji əhəmiyyət daşıyır. Konkret olaraq
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş
Şefçoviç qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa
maliyyə təşkilatlarının da diqqət göstərməsinin vacibliyini vurğulayıb,
layihənin vaxtında icra olunacağına əminliyini ifadə edib.
Xatırladaq ki, Azərbaycandan başlayan yeni boru kəməri Avropa
İttifaqında bir neçə kəmərlə əlaqələndiriləcək. Beş il ərzində reallaşması
nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ
2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi
ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə
çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr
Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə
Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya
Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
Kamran