• çərşənbə axşamı, 23 aprel, 17:34
  • Baku Bakı 24°C

Xocalı soyqırımı - XX əsrin faciəsi olan qan yaddaşımız!

26.02.20 10:00 1470
Xocalı soyqırımı - XX əsrin faciəsi olan qan yaddaşımız!
İndiki və gələcək nəsillərimiz bu amansız cinayəti heç vaxt unutmamalıdır

Xocalı soyqırımı - ermənilərin törətdikləri kütləvi cinayətlərin bir həlqəsi olan, faciənin miqyasına görə analoqu olmayan, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilən, ən qanlı, ən əzablı, yaddan çıxmayan, xalqımıza qarşı amansız kütləvi terror hadisəsi kimi dünya tarixinin ən faciəli səhifəsidir.
Soyqırımı hadisəsi dünyanın bir çox yerlərində baş verib. Lakin erməni şovinist-millətçi qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Ah-nalələri ilə qulaqları batıran, vəhşiliyi və cəza üsulları ilə seçilən Xocalı soyqırımının törədilməsindən 28 il keçir. Xalqımıza qarşı törədilən bu vandalizm aktı bizim tariximizin ən ağır yaralarından biridir. Xocalı soyqırımına aid tədbirlər Azərbaycanın bütün regionları ilə yanaşı, dost və qardaş ölkələrdə də bu qanlı terror aktı nəticəsində qətlə yetirilmiş insanların xatirəsi yad edilir. Keçmiş sovetlər birliyinin süqutu ərəfəsində xarici himayədarların dəstəyi ilə şovinist-millətçi ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiası irəli sürərək xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıblar. Bu gözəl və səfalı torpaqlardan, tarixən Azərbaycan xalqına məxsus Dağlıq Qarabağ ətrafında baş verənlər, erməni barbarların "dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm bir ideyanı reallaşdırmaq cəhdi, kəndlərin və şəhərlərin dağılması, günahsız insanların ölümü, azərbaycanlıların öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri ilə keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan və Xankəndində yerləşən 366-cı moto-atıcı alayın şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə Xocalıya hücum edərək, şəhəri tamamilə dağıdıb azərbaycanlı sakinləri xüsusi qəddarlıqla qətlə yetirdilər. Mühasirədə olan, köməksiz və silahsız Xocalı şəhərində erməni daşnakları əsl genosid aktı həyata keçirdilər. Yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta südəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirildilər, girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldular. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-in taleyi indi də məlum deyil. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Bu vəhşilikləri sözlə ifadə etmək çox çətindir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta erməni xüsusiyyətindən geri qalmayaraq meyitləri belə təhqir etməkdən çəkinməmişlər.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Soyqırımının miqyasını göstərən bu rəqəmlər nəinki ayrı-ayrı kitablarda və nəşrlərdə daimi qeyd edilməli, həm də xalqımızın hər bir vətənpərvər övladının yaddaşına həkk olunmalıdır. Çünki bizim indiki və gələcək nəsillərimiz bu amansız cinayəti heç vaxt unutmamalı, onu törədənləri həmişə, hər yerdə ifşa etməlidir. Xocalı soyqırımı haqqında həqiqətlər yalnız Ulu öndər H.Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra üzə çıxarıldı. Ulu öndər H.Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. Bundan əlavə, Ulu öndər azərbaycanlılara qarşı davamlı olaraq törədilmiş soyqırımı ilə əlaqədar 31 Mart Azərbaycanlıların soyqırımı günü elan edilməsi barədə 26 mart 1998-ci il tarixli Fərman imzaladı. Ümummilli lider faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayaraq deyirdi ki, "Bu, amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Xocalı soyqırımı ilə bağlı real və konkret faktların daha dolğun şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə Heydər Əliyev Fondu sistemli və ardıcıl iş aparır. Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək üçün "Xocalıya ədalət" beynəlxalq kampaniyası2008-ci ildəHeydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisiLeyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İ.Əliyevin rəhbərliyi ilə bu istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina, Peru, Honduras parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, dünyanın supergücü olan ABŞ-ın 21 ştatı Xocalını qətliam kimi tanıyan sənədlər qəbul etmişdir. Bu da Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin nəticəsidir.
Almaniyanın Münxen şəhərində Azərbaycan və Ermənistan liderlərinin debatı zamanı ən absurd məqamlardan biri Nikol Paşinyanın Xocalı soyqırımı ilə bağlı cəfəng fikirləri idi. Daşnakların baş naziri Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun "Xocalıda qırğını azərbaycanlıların özləri törətdiyi haqda etiraf etdiyini” iddia edib. Azərbaycan Prezidenti Cənab İlham Əliyev cavabında bildirdi ki, bu, sadəcə "feyk” xəbərdir: "Prezident Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib. Günümüzdə deyildiyi kimi, bu, "feyk” xəbərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə bir həqiqətdir. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub”. Azərbaycan Respublikasının Prezidenti Cənab İ.Əliyevin zəngin tarixi və hüquqi biliyi, siyasi təfəkkürü, hazırcavablığı ona növbəti dəfə diplomatik zəfər qazandırdı.
Azərbaycan üçün diplomatik zəfər hesab edilə biləcək Münxen Konfransı təsdiqlədi ki, dövlətimizin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipal, dönməz və inamlı mövqedədir. Ancaq, ermənilər baş nazirləri Nikol Paşinyanın timsalında bir daha dünya ictimaiyyəti qarşısında fiaskoya uğradılar.
Azərbaycanın ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan Xocalıda baş verən soyqırımı qurbanlarının xatirəsinə abidəni elə bu şəhərdə də ucaldacağıq. Bunun reallaşacağı günü bütün dünya azərbaycanlıları və türk dünyası səbirsizliklə gözləyirlər.
Hüseyn Vəliyev,
Qaz Anbarlarının İstismarı İdarəsi,
YAP Qaradağ rayon İdarə Heyətinin üzvü
banner

Oxşar Xəbərlər