Xırda şriftlər, ekrana dikilmiş gözlər - ARAŞDIRMA
Mütəxəssis
deyir ki, hərəkət edən vasitə - avtomobil, qatar, avtobusda dərs oxuyanda göz və
beyin tez yorulur, belə hal informasiyanı qəbuletmə keyfiyyətini də azaldır
Hər gün işə
gedəndə ictimai nəqliyyatda telefona zillənmiş gözlərlə qarşılaşırıq. Kimi
sosial şəbəkələrdədir, kimi xəbər saytlarında, kimi də oyun oynayır və s. Və
bir də telefonda PDF formatlı kitablardan dərs oxuyan tələbələr. Aydındır,
texnologiya inkişaf edir və artıq telefonumuz həm də kitabı əvəz edir. Yaxşı, bəs
bu texnoloji yenilik sağlamlığa necə təsir edir?
Telefonun
xeyri
Tələbə
Türkan Hüseynli bildirir
ki, dərsləri telefondan oxumağın üstün tərəfləri var: "Məsələn, mən kitabdan dərsi
daha gec oxuyub mənimsəyirəm, nəinki telefondan. Digər tərəfdən, hər PDF
formatlı mövzunun kitab nəşri olmur. Universitetdə bizə mövzu, kitab adı verirlər.
Bir mövzuya görə bütün kitabı əldə etmək mümkün deyil. İnternetdən axtarıb
tapmaq daha asandır. Harasa getdikdə kitabları özünlə daşımaqdansa, PDF ən
yaxşı vasitədir”.
Çox
oxuyanda…
T.Hüseynli
deyir ki, telefonda davamlı dərs oxuyanda gözlər çox yorulur: "Çox oxuyanda
gözlərimdə bulanıqlıq, yorğunluq, sulanma olur. Bunun qarşısını almaq üçün
arada fasilə verirəm. Məsələn, bir saat oxuyuramsa, bir neçə dəqiqə fasilə
verirəm, havaya çıxıram, üzümə su vururam, çay içirəm. İstirahət etdikdən sonra narahatlıq
yavaş-yavaş keçib gedir”.
Dünya təhsili
Təhsil eksperti
Kamran Əsədov deyir ki,
dünya təhsil sistemi artıq elektronlaşıb: "Dünya universitetlərinə baxsaq, görərik
ki, tələbələri elektron resurslar, qiymətləndirmə materialları ilə təmin ediblər.
Orada onlayn qaydada tədrisin keyfiyyətinin yoxlanılması belə mümkündür”.
Tələbələrin
problemi
Təhsil
eksperti bildirir ki, Azərbaycanda ali təhsil müəssisələrinin kitabxanaları zəngin
deyil: "Hər bir tələbəyə çata biləcək qədər kitab resursu yoxdur. Bir fakültənin
100 tələbəsi eyni vəsaiti istəsə, onları təmin etməyə kitab çatmaz”.
Telefonu
aktuallaşdıran səbəb
Kamran Əsədovun
sözlərinə görə, pandemiya şəraitində tələbələr telefondan daha çox istifadə etməyə
başladılar: "2020-ci ilin martından ölkədə pandemiyadır və tədris onlayn həyata
keçirilir. Müəllimlər mühazirə mətnləri, köməkçi vasitələri tələbələrə elektron
formatda verirlər. Onlayn rejimdə tələbələr materialları kompüter, planşet,
telefondan oxuyurlar”.
Kitabla elektronikanın
fərqi
K.Əsədov
deyir ki, elektron vəsaitlərdən öyrənilən dərs kitab qədər yadda qalmır: "Dünya
təcrübəsi, tədqiqatlar göstərir ki, kağız daşıyıcılardan - kitablar, jurnallar,
monoqrafiyalardan istifadə edən tələbələrin
bilikləri daha güclüdür. Kompüter, planşet, telefon üzərində hər hansı qeyd
apara bilmirlər və göz yaddaşları yaxşı olmur”. K.Əsədov bildirir ki,
telefondan istifadə müəyyən qədər fiziki və zehni problem yarada bilir:
"Monitorinq aparanda gördük ki, tələbələrdə görmə problemi, onurğa sütunu əyriliyi
ortaya çıxıb”.
Eynəkdən
istifadə
Oftalmoloq
Emil Yusifov deyir ki,
texnologiya əsridir və kompüter, telefon istifadəsi nəticəsində yaxını görmək
üçün hazırlanan eynəklərə tələbat artıb: "Əvvəllər sadəcə kitab oxumaq, yazı
yazmaq üçün istifadə edirdik. İndi gənclər dərs oxumaq üçün də telefonlardan
daha çox istifadə etməyə başlayıblar. Bu zaman, bəzən telefonu gözə çox yaxın
tuturlar ki, bu da mənfi təsirini göstərir”.
Oxuyanda
titrəmə
Emil
Yusifov bildirir ki, hərəkət edən vasitə - avtomobil, qatar, avtobusda dərs
oxuyanda göz və beyin tez yorulur: "Nəqliyyat vasitəsi hərəkətdə olanda, təbii
ki, titrəmə baş verir. Titrəmə əlimizdə olan vasitəyə də təsir edir və
oxuduğumuz zaman hərflər oynamağa başlayır. Bu da gözdə xırda hərəkətlərə gətirib
çıxara bilər. Belə hal həm informasiyanı qəbuletmə keyfiyyətini azaldır, həm də
gözü və beyni tez yorur. Məsələn, insan bir saat oxuyub yorulacaqsa, on dəqiqəyə
yorulur. Ona görə, sabit bir yerdə oxumaq lazımdır. Sabit bir sürət varsa, o
zaman oxumaq problem deyil”.
Sağlamlığa
ziyanları
E.Yusifovun
sözlərinə görə, elektron vasitələrə çox baxmaq səhhətimizdə müəyyən problemlər
yaradır: "Əgər telefonu 20-30 dəqiqə 20
santimetrdən daha yaxına tutub istifadə edəndə baş və göz ağrısı olursa, həmin
insan həm astiqmat, həm də miopiya problemindən şübhələnə bilər. Aparılan elmi
araşdırmalar göstərir ki, uzun müddət mobil telefonla danışmaq, onu başa yaxın
tutmaq beyin xərçəngi ehtimalını çoxaldır”.
E.Yusifov
bildirir ki, telefon kimi vasitələr şüalanma mənbəyidir: "Adi internet istifadəsi
sırasında da telefonun bütün vücuda zərəri var. Xüsusən də 4 və 5G
texnologiyaları köhnələrə görə daha zərərlidir. Ona görə də, istifadə zamanı nə
qədər bədənə yaxın tuturuqsa, zərərverici effekti yüksək olur. Texnologiyalar
gözdən çox, beyinə zərər verir”.
Axşam
oxumaq
E.Yusifov
deyir ki, orqanizm axşamlar sakit rejimdə və daha az fəaliyyətdə olur.
Elektronika vasitələrində ağ işıq istifadə etdiyimiz zaman bədən oyanır və gecə
rejimində işləmir: "Bu, yuxunu gec gətirə bilər və nəticədə bir neçə gün və ya
həftələr sonra özümüzü yorğun hiss etməyə başlayacağıq. Ona görə, axşamlar
elektronika vasitələrindən gecə modunda istifadə etmək məsləhətdir”.
Həkim məsləhəti
Son olaraq
oftalmoloq məsləhət verdi ki, telefon istifadə etdikdə, 20 sm-dən daha yaxın
tutmayaq, titrəmə olmayan mühitdə oxuyaq, daha çox planşet kimi vasitələrdən
istifadə edək.
Zərif
Salmanlı