• cümə axşamı, 18 aprel, 13:30
  • Baku Bakı 22°C

“Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir”

18.01.19 19:53 553
“Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir”
Azərbaycan-Rusiya əlaqələri son bir neçə ildə daha da irəliləyərək yeni mərhələyə qədəm qoyub. Lakin iki ölkə arasında mövcud olan bu dostluq əlaqələri Rusiyada bəzi dairələr tərəfindən birmənalı qarşılanmır. Bu səbəbdən də onlar zaman-zaman iki ölkə arasındakı münasibətlərə kölgə salmağa cəhd göstərirlər. Bunu bu günlərdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı yaydığı əsassız bəyanatından da görmək olar.
Zaxarovaya cavab olaraq Azərbaycan XİN-in rəsmisi Leyla Abdullayeva bildirib ki, Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır: "Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə yaxşı bəllidir ki, uzun illər ərzində Ermənistan Azərbaycana qarşı işğalçı siyasət aparır və bu siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib, bir milyondan artıq insan etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir”.
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir: "Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxararaq şişirtmə cəhdləri qeyd etdiyimiz ümumu tendensiyanın növbəti təzahürüdür. Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başadüşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır. Bir daha bildiririk ki, Rusiya XİN-in mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək”.
Təbii ki, Azərbaycanla Rusiya arasında inkişaf edən əlaqələr bəzilərini ciddi narahat etməyə başlayıb. Xüsusilə, Rusiya XİN-in belə açıqlamaları bu ölkədəki erməni lobbisinin Rusiya-Azərbaycan əlaqələrindən narahatlığının nəticəsidir. Bu da təsadüfi deyil və bilirik ki, Ermənistanda siyasi hakimiyyət dəyişdikdən sonra iqtidara gələn Paşinyan sərsəm bəyanatları ilə Rusiyanın Ermənistana olan münasibətini dəyişdi. Bundan sonra Rusiyadakı ermənipərəst qüvvələr əndişə içində Paşinyanın yanlış, siyasətdən uzaq və ziddiyyətli bəyanatlarına müxtəlif cür don geyindirməyə çalışsalar da, bu heç də özünü doğrultmadı. Elə bu səbəbdən də Rusiya XİN-dəki ermənipərəst şəxslər artıq narahatlıqlarını gizlədə bilmir və müxtəlif tipli təxribat xarakterli əməllərə əl atırlar. Buna misal kimi Rusiyanın "Ekspress qazeta” qəzetində nəşr edilən anti-Azərbaycan xarakterli material göstərmək olar. Burada da erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması mövzusunun qabardılması heç də təsadüfi deyil. Bəs görəsən, "Komsomolskaya Pravda” nəşriyyat evinin kuratorlarından (məhz "Ekspress qazeta” ona məxsusdur) kim Moskva ilə Bakının münasibətlərinin korlanmasında maraqlıdır? Bu tezisləri qəzetin jurnalistlərinə kim ötürüb?
Maraqlıdır ki, bütün bunlar sorosçuların Ermənistanda hakimiyyətə gəlməsi ilə əlaqədar Rusiya-Ermənistan münasibətlərinin pozulması fonunda baş verir. Lakin heç fərqinə varmırlar ki, "inqilabçıların” əli ilə darmadağın edilən iki ölkə arasındakı münasibətlər Azərbaycana düşmənçilik etməklə bərpa olunmayacaq. Elə Rusiya XİN-in mövqeyi də Rusiya ilə Azərbaycan arasında formalaşmış yüksək səviyyəli əlaqələrin, habelə iki dövlət başçısının bu əlaqələri daha da inkişaf etdirmək istiqamətində iradəsinin və atdığı addımların ruhuna uyğun deyil. Yaxşı olar ki, Rusiya xarici siyasət idarəsi mövcud Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişafında maraqlı olsun və daxildəki ermənipərəst qüvvələrin iki ölkə arasındakı dostluq münasibətlərini hədəfə almasına imkan verməsin. Hər halda Azərbaycan əleyhinə sərgilənən qeyri-müəyyən mövqe gələcək Azərbaycan-Rusiya starteji əlaqələrinə təsirsiz ötüşməyəcək.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər