• cümə axşamı, 25 aprel, 13:02
  • Baku Bakı 23°C

“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı keçirilib - Fotolar

10.12.18 16:24 734
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı keçirilib - Fotolar
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun«Xəzər hövzəsi və Enerji təhlükəsizliyi» adlı kitabı işıq üzü görüb. Kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Ölkəmizin ümummilli lider Heydər Əliyev tərəfindən əsasları qoyulan balanslaşdırılmış enerji siyasəti kursunun həm də enerji təhlükəsizliyi baxımından təhlili məsələləri, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi prioritetləri, Xəzər ətrafında uzun illər davam edən danışıqlar prosesi, Xəzəryanı dövlətlərin münasibətləri, əldə edilən nəticələrin təhlili tədqiqatın başlıca məqsəd və vəzifələri sırasındadır.

Tədbiri giriş sözü ilə açan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov müəllif Rufiz Qonaqovu «Xəzər hövzəsi və enerji təhlükəsizliyi»adlı kitabı münasibətilə təbrik edərək tədbir iştirakçılarını salamladı. Başlıca prioritetləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və bu gün Prezident İlham Əliyevin praqmatik siyasi iradəsi ilə balanslaşdırılan Azərbaycanın enerji siyasətinin uğurlarını qeyd edərək«Xəzər hövzəsi və enerji təhlükəsizliyi» kitabının Xəzərin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışdı.

Kitabın rəyçilərindən olan millət vəkili, professor Elman Nəsirov Rufiz Qonaqovun elmi-ictimai mühitdə aktual olan tədqiqat əsərinin əhəmiyyətini vurğuladı.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov enerji təhlükəsizliyinin enerji resurslarının kəmiyyəti qədər vacib əhəmiyyət daşıdığını bildirdi. Həmçinin qeyd etdi ki, müəllif kitabda enerji təhlükəsizliyi məsələləri ilə bağlı ayrı-ayrı dövlətlərin enerji siyasətini təhlil edib, problemin nəzəri və təcrübi aspektlərinə xüsusi yer ayırıb, dünyada baş verən konfliktlər kontekstində Xəzərin statusu ilə əlaqədar Xəzəryanı dövlətlər arasında əldə edilmiş konsensusun beynəlxalq hüquqi və politoloji əhəmiyyətini uğurla tədqiq etməklə yanaşı, hövzə dövlətləri arasında Azərbaycanın potensial imkanlarını və üstün cəhətlərini sistemli şəkildə müqayisə edib.

Millət vəkili, akademik Ziyad Səmədzadə Azərbaycanın XXI əsrdə enerji və enerji təhlükəsizliyi məsələləri istiqamətində ən sabit ölkə olduğunu bildirdi.

Kitabın daha bir rəyçisi olan fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə müasir insan amilinin inkişafında enerji və enerji təhlükəsizliyinin vacibliyindən bəhs etdi. Kitabda bu məsələlərə müqayisəli yer ayrıldığını bildirdi.

Fəlsəfə elmləri doktoru Rövşən Məmmədov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov kitabın geniş oxucu kütləsi, eləcə də ekspertlər üçün vacib əhəmiyyət daşıdığını bildirdilər.

Tədbirin sonunda siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi və müasir Azərbaycan dövlətinin uğurlu enerji siyasəti ətrafında gələcək tədqiqatların müqayisəli metodlarla sistemləşdirilməsi zərurətindən bəhs etdi. O, Bakı-Tiflis-Ceyhan neft kəmərindən sonra TANAP, TAP kimi iri layihələrin nəinki regionda, eləcə də dünyada mühüm sabitlik mənbəyi olacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı.



banner

Oxşar Xəbərlər