• cümə axşamı, 28 noyabr, 05:25
  • Baku Bakı 10°C

Xəyanətkarın “göz yaşları”

23.08.19 19:00 6320
Xəyanətkarın “göz yaşları”
Radikal çıxışları ilə tez-tez gündəmə gələn AXCP sədri Əli Kərimli Vətən, millət, xalq təəssübkeşi kimi özünü cəmiyyətə sırımağa çalışsa da keçmişi onun barəsində tamamilə başqa adamı xatırladır. Zahirən gülərüz, demokrat, qərbpərəst kimi görünən bu şəxs əsl gerçəklikdə əsəbi, ambisiyalı, qorxaq, idarəetmə baxımından diktator, əks fikrə dözümsüz, pul müqabilində nəinki şimalpərəst, hətta cənubpərəst molladır. Onun barəsində xalqa, dövlətə bağlılıqdan, sədaqətdən ümumiyyətlə danışmaq olmaz. Bu şəxs lideri Əbülfəz Elçibəyə xəyanət edən, onu pula satan, maddi maraq müqabilində bütün havalara oynamağı ustalıqla bacaran "siyasətçidir”. Belə bir adamın ötən gün Fəxri Xiyabana gedərək guya eks-prezident Ə.Elçibəyin anım gününü qeyd etməsi, məzarını ziyarət eləməsi, orada səsləndirdiyi boğazdan yuxarı fikirlər timsahın göz yaşlarını xatırladır.


AXCP sədrinin və tərəfdarlarının həmin gün sosial şəbəkədəki şəxsi səhifələrində paylaşdığı şəkillər bir daha sübut edir ki, Ə.Kərimli üçün müqəddəs heç nə yoxdur və o, hər bir hadisədən, hətta Ə.Elçibəyin anım günündən də yalnız öz maraqları naminə istifadə edib və etməkdədir. Belə ki, AXCP sədrinin "Facebook”dakı səhifəsində Fəxri Xiyabandan paylaşdığı fotolarda yalnız ziyarətə gələnlər əks olunub. Fotolardan görünür ki, ön sırada Ə.Kərimli, onun silahdaşları Nurəddin Məmmədli, İbrahim İbrahimli, Fuad Qəhrəmanlı yer alıb, onların arxasınca isə yüzə yaxın insan irəliləyir. Ə.Kərimli müxtəlif istiqamətlərdən çəkilmiş eyni görüntüləri paylaşmaqla, guya böyük bir izdihama, insan kütləsinə öndərlik etdiyini, lider olaraq arxasında minlərlə tərəfdarının olduğunu nümayiş etdirib. Ardınca da partiya üzvlərinə tapşırıq verib ki, yalnız onun səhifəsində paylaşılan şəkillər davamlı olaraq ictimailəşdirilsin.


Halbuki, həmin fotolar AXCP sədri tərəfindən - "Əqidədaşları və partiyadaşları olaraq Əbülfəz Elçibəyi məzarı başında andıq. Bu gün onun haqq dünyasına qovuşmasının 19 ili tamam oldu. Allah Əbülfəz Elçibəyə rəhmət eləsin!” – təqdimatı ilə paylaşılıb. Məntiqlə Ə.Elçibəyin məzarı və heykəli də o şəkillərdə görünməli idi. Amma bu fotoların heç birində nə Ə.Elçibəyin məzarı, nə də məzarı üstündə ucaldılan heykəli görünmür. Yəni, eks-prezident Ə.Elçibəyin məzarını ziyarət etmək adı ilə Fəxri Xiyabana gələn Ə.Kərimli burada da özünü reklam etdirmək vərdişindən əl çəkə bilməyib, müqəddəs ruhların uyuduğu bir məkanda siyasi şou göstərib, növbəti dəfə lideri Ə.Elçibəyə, onun ruhuna xəyanət edib. Bu, bir daha onun xislətini, xarakterini tam çılpaqlığı ilə ortaya qoyub.

Burada başqa bir diqqət çəkən məqam sağlığında Ə.Elçibəyə dəyər verməyən Ə.Kərimlinin indi özünü Elçibəyçi, onun kimi vətənpərvər biri olaraq cəmiyyətə sırımaq istəməsidir. Halbuki, bu şəxs Ə.Elçibəyə xəyanət etməsi, ona çamur atması ilə yaddaşlarda qalıb. 1995-ci ildə AXC-nin mirasına sahib olmaq, partiyaya çevirərək mandat qazanmaq üçün məhz Ə.Kərimlinin həyata keçirdiyi məkrli planlar nəticəsində Xalq Cəbhəsi dörd yerə bölünüb. O, Cəbhənin möhürünə sahib olmaq üçün ətrafındakılara qarşı təxribatlar törədərək "Cəbhənin gələcəyi Əli Kərimli ilə bağlıdır” təbliğatına start verdirib. Ə.Kərimli xarici havadarlarından aldığı maliyyə dəstəyi ilə tam nəzarət etdiyi "Azadlıq” qəzetində sələfi Ə.Elçibəyə qarşı iyrənc təxribat kampaniyası aparıb, onu mənəvi terrora məruz qoyub. Ə.Kərimli AXC daxilində "Yurd” fraksiyası yaratmaqla bölücülük və təxribatla məşğul olub.


Bunu o dövrdə Ə.Kərimli ilə təmasda olan, onu yaxından tanıyan şəxslər də etiraf edirlər. Misal üçün, vaxtilə eks-prezident Ə.Elçibəyin siyasi məsələlər üzrə müşaviri olan, hazırda Böyük Quruluş Partiyasına (BQP) başqanlıq edən Fazil Mustafa media açıqlamasında bildirib ki, AXC-də satqınçılığın əsasını Ə.Kərimli, həmçinin bu gün onun yanında olan adamlar qoyub və bu səbəbdən Xalq Cəbhəsi dağılmağa başlayıb.
Yaxud, vaxtilə Ə.Kərimlinin yanında yer alan, hazırda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri olan Qüdrət Həsənquliyev Ə.Kərimlinin eks-prezident Ə.Elçibəyə xəyanətini təsdiqləyərək, mediaya açıqlamasında bildirib ki, milli düşüncəyə malik, demokratik xarakterli insan onunla birgə ola bilməz. Partiya sədrinin sözlərinə görə, Ə.Elçibəyin vaxtında AXC İdarə Heyətinin 19 üzvü olsa da hazırda onlardan heç biri Ə.Kərimlinin yanında yer almayıb. Çünki Ə.Kərimli öz liderinə, həmçinin ən yaxın müttəfiqlərinə xəyanət edən birisidir.

Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMACP) sədri, Ə.Elçibəyin qardaşı Almurad Əliyevin oğlu Hürrü Əliyev də əmisinə qarşı AXCP sədri Ə.Kərimlinin xəyanətlərindən söhbət açıb. O, bu barədə mediaya verdiyi açıqlamasında qeyd edib ki, xəyanətkarƏ.Kərimlihətta Ə.Elçibəyin AXCP qərargahındakı kabinetinə dinləyici qurğu yerləşdirib, öz otağından partiya sədrini, aparılan danışıqları, keçirilən görüşləri dinləyib, onun əleyhinə sifarişli şəkildə əxlaqa, insanlığa sığmayan məqalələr yazdırıb. Bu çirkin kampaniyaya Ə.Elçibəy Türkiyədə ölüm yatağında olanda belə son qoymayıb. H.Əliyev vaxtilə mediaya və ictimaiyyətə müraciət ünvanlayaraq Ə.Elçibəyin AXCP sədri tərəfindən zəhərləndirildiyini bildirib. H.Əliyev AXCP sədrinin eks-prezident Ə.Elçibəyin məzarı üstündə hər il şou göstərdiyini xatırladaraq, Elçibəy ailəsinin Ə.Kərimlinin arxasında durmadığını, nankor və xəyanətkar birini dəstəkləmədiyini vurğulayıb.

Bütün bu fikirlərdən aydın olduğu kimi, AXCP sədri Ə.Kərimli eks-prezident Ə.Elçibəyə həm sağlığında, həm ölümündən sonra xəyanət edib. Onun Ə.Elçibəyin anım günü adı altında Fəxri Xiyabana getməsi, oradan paylaşdığı fotolar, səsləndirdiyi fikirlər, düzənlədiyi siyasi şou da bu xəyanətin davamı, eks-prezidentin ruhuna hörmətsizliyin növbəti təzahürüdür.

Alpər TURAN

banner

Oxşar Xəbərlər