• cümə, 29 Mart, 01:07
  • Baku Bakı 7°C

Xəstəlikdən sağalma vasitəsi - İNCƏ BAXIŞ

25.09.21 13:13 317
Xəstəlikdən sağalma vasitəsi - İNCƏ BAXIŞ
Belçikada muzeylər artıq açılıb. Hətta insanları depressiyadan xilas etmək üçün muzeylərə giriş pulsuz elan olunub. Telekanallarda eksponatları seyr edən insanların maraq dolu baxışlarını izlədim. Pandemiyanın ilk mərhələsindən bütün ölkələrdə olduğu kimi orda da muzeylər qapanmışdı. Ümumiyyətlə, bütün mədəniyyət müəssisələri ictimaiyyət üçün bağlı idi. Amma həkimlər son günlər yazdıqları reseptə müalicə vasitəsi olaraq muzey və qalereyalara pulsuz ziyarətləri əlavə ediblər.
Bir sənət əsəri ilə birbaşa dialoqa girmək imkanının indiki vaxtda insanlar üçün çox vacib olduğunu vurğulayıblar. Həkimlər bu həssas məqamı insanların simasından, eləcə də onlarla söhbətlərdən anlayıblar. Bu təşəbbüs ölkədə turizmin canlanmasına da töhfə verib.
Zalın ab-havası
Tibb işçilərinin təşəbbüsü reaksiyasız qalmayıb. Ölkə rəsmiləri də təşəbbüsü dəstəkləyiblər. "Dərman almaq üçün həkimə getməyə alışmışıq. Bu təşəbbüs xəstəliklərdən sağalma və ya onun qarşısının alınması üçün biletdir” deyiblər. Ölkənin ən böyük muzey və qalereyaları həkimlərin çağırışına qoşularaq qapılarını taybatay açıblar.
Pandemiyadan əvvəl də xəstə və həssas insanları, o cümlədən, narkomanları muzeyə dəvət edən Belçika Kral Gözəl Sənətlər Muzeyi təşəbbüsdən xüsusi zövq alıb. ”Hər ziyarətçi incəsənəti dərinliyinə qədər dərk edə bilməz, amma zalın ab-havası ona müsbət təsir edə bilər”-deyiblər.
İndi muzeylər tamaşaçı girişini tənzimləməyə çalışırlar ki, ekspozisiyaları seyr etmək və növbəyə durmaq rahat olsun.
Kreativlik olmayanda
Oxşar təşəbbüslərə təəssüf ki, bizim ölkəmizdə rast gəlinmir. Muzeylərin açılması ilə bağlı sosial platformalarda da məsələyə ikili yanaşma oldu: "Bizdə muzeyə gedən yoxdur?”və ya "Muzey salonlarında növbə ilə də olsa adamlar niyə olmasın?” kimi ziddiyyətli münasibətlər meydana çıxdı.
Hazırda muzeylərin qapıları gələn qonaqlara açıqdır. Ancaq bu, heç kimə lazım deyilmiş kimi muzeylərin binasına tərəf baxan yoxdur. Muzey rəhbərlərinin kreativliyi onsuz da əvvəldən görünmürdü. Pandemiyanın ətaləti üstünə gələndən sonra publikaya ünvanlanan hər hansı bir layihə haqqında isə ümumiyyətlə düşünmürlər.
Nə təşəbbüs var, nə entuziazm
Artıq məktəblər də açılır. Sabah-biri gün də ali məktəblərin auditoriyaları da dolub-boşalacaq. Muzeylər pandemiya şərtləri nəzərə alnmaqla heç olmasa şagird və tələbələrə kiçik qrup şəklində ekskursiyalar təklif edə bilərlər. Açıq havada geniş publikaya yönəli səyyar ekspozisiyalar da təşkil etmək olar və s. Ancaq nə təşəbbüs hiss olunur, nə də entuziazm. Belçikadakı yanaşma olmasa belə, muzeylərimiz ən azı büdcədən maliyyələşən qurum kimi mövcudluqlarını hiss etdirmək üçün nümunə təqdim etsələr yaxşı olar...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər