• şənbə, 20 Aprel, 01:35
  • Baku Bakı 15°C

“Xəstə heyvanı sağaldanda, özünü qəhrəman kimi hiss edirsən” - Peşə

07.12.18 13:00 3931
“Xəstə heyvanı sağaldanda, özünü qəhrəman kimi hiss edirsən” - Peşə
Bakıda yaşayan bir çox uşaqların yay tətillərini keçirdikləri yer, rayonda nənə-babanın evi olur. O da yay aylarını kənddə keçirirmiş. Bu tətillərdə həm də babasının təsərrüfatına gedir, heyvanlarla yaxşı təması yaranır. Heyvanlara qarşı sevgisi yaranır ki, bu sevgi də onun ixtisas seçiminə təsirini göstərir və baytarlıq üzrə təhsil alır. Müsahibimiz gənc baytar Elvin Məhərrəmlidir.

Qeyd edək ki, Elvin Məhərrəmli 1993-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 143 saylı tam orta məktəbdə alıb. 2011-ci ilə məktəbi bitirib Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq ixtisasına qəbul olub. Ali təhsilini başa vurduqdan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirib. Hazırda Dövlət Baytarlıq Xidmətinin Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının heyvandarlıq təsərrüfatlarının qeydiyyatı və epizootik tədbirlərin təşkili şöbəsinin aparıcı bayatar həkimidir.


Dedim ki, heyvanları sevirəm...

Elvin Bakıda doğulub, böyüyüb, heyvanlara qarşı sevgisi isə kəndə gedəndə babasının yanında yaranıb: "Babam heyvandarlıqla məşğul olurdu. Uşaq vaxtı yay aylarında kənddə qalırdıq, babamın təsərrüfatına gedərdim, zamanla məndə heyvanlara qarşı maraq və sevgi yarandı. Ali təhsil seçimi zamanı isə ailəmdən gələn qərar, heyvanlara qarşı olan sevgim öz təsirini göstərdi. Bakıda doğulub böyüməyin bu ixtisası seçməyə hər hansı əngəl olduğunu düşünmürəm. Düzdür, tələbə yoldaşlarımın hardasa 60 faizi kənd yerlərində yaşayanlar idi. Amma Bakı şəhərindən də orda təhsil alan kifayət qədər gənc var idi”.

Elvin deyir ki, qəbul imtahanında topladığı balla başqa ixtisasları seçmək imkanı da olub: "386 bal toplamışdım, elə də az sayılmırdı. Müəllimlik ixtisasını seçmək haqqında da fikirləşirdim, bu istiqamətdə də seçim edə bilərdim. Amma ixtisas seçimində perspektiv məsələsi də önəmlidir. Fikirləşdim ki, müəllimlik ixtisası üzrə ölkədəki universitetlərin əksəriyyəti kadr istehsal edir. Ölkəmizin də nə qədər müəllimə ehtiyacı ola bilər ki? Dedim ki, heyvanları sevirəm, bu sahədə də perspektiv var. Zaman keçdikcə seçimimin nə dərəcədə doğru olduğuna daha da əmin oluram”.


Yaxşı baytar həkimlərinə ehtiyac var

Müsahibimiz gənclərə, bu sahəni seçərkən tərəddüd etməmələrini məsləhət gördü: "Düzdür, ilk olaraq heyvanları sevmək lazımdır, çünki insan sevdiyi peşə ilə məşğul olsa, daha uğurlu ola bilər. Aqrar sahənin inkişafı göz önündədir, bu sahədə olan kadrlara tələb də getdikcə artır. Yaxşı baytar həkimlərə ehtiyac var. İri təsərrüfatlarda savadlı baytar həkimlərinə kifayət qədər məvacib verməklə, işə götürürlər. Bu cəhətdən problem yaşamayacaqlar. Məsələn, biz qrupda 40 nəfər idik. 10 nəfər qız olardı, qalanı oğlanlar idi. Onların 80-90 faizi bu gün işləyir. Qızlar adətən, laboratoriya sahəsində fəaliyyət göstərir, oğlanlar isə iri təsərrüfatlarda, dövlət təşkilatlarında”.

Elvin qeyd etdi ki, indi arqar sektorda təhsil alanlar üçün hər bir şərait yaradılıb. O təhsil aldığı müddətdə heç də hər şey indiki kimi deyilmiş: "5 il əvvəl mən qəbul olanda, hətta təhsil aldığım müddətdə bu sahəni seçən gənclərin sayı az idi. Durğunluq olduğunu deyərdim. Amma hazırda bu sahəyə axın edən gənclər çoxdur. Çünki perspektiv olduğu göz önündədir. 5 il öncə Azərbaycan DövlətAqrar Universitetinin maddi-texniki təminatı da indiki kimi deyildi. Məsələn, yataqxana o vaxt elə də yaxşı deyildi, gənclər fikirləşirdilər ki, Bakıda qalıram, Gəncədə qaldığım yerin şəraitinin necə olacağını bilmirəm. Başqa yerdə qalanda da xərc-filan məsələsi ortaya çıxırdı. Hazırda bu kimi problemlər aradan qalxıb. Müasir standartlara cavab verən 4 ulduzlu otel səviyyəsində 1000 nəfərin qalması üçün şərait yaradılıb. 500-dən çox bal toplayıb kənd təsərrüfatı ixtisaslarını seçənlərə, əlavə olaraq, 200 manat məbləğində təqaüd verilir. Bu da bir stimuldur”.


Heyvanlara canlı varlıq kimi yanaşmaq lazımdır

Gənc baytarın sözlərinə görə, heyvana canlı kimi yanaşmalı, bunu uşaqlara da öyrətməliyik: "İnsanlar bəzən heyvanlara qarşı kobud davranış nümayiş etdirirlər. Bunu müşahidə edən uşaqlar da eyni cür davranırlar. Düzdür, heyvanların dili yoxdur, amma onlara heyvan yox, canlı varlıq kimi yanaşmaq lazımdır. Onların qayğısına qalmaq önəmlidir. Heyvanlara olan sevgi, qayğı göstərmək istəyi məni bu sahəyə gətirdi. Belə fikirləşirəm ki, hər bir insan heyvanlara qayğı göstəməlidir”.
Müsahibimiz deyir ki, haqqında kifayət qədər məlumat topladıqdan sonra hansısa heyvanı evə gətirmək olar: "Bəzən heyvanı görüntü naminə saxlayırlar, parkda kiməsə göstərmək üçün və s. Lakin heyvanı sevdiyi üçün saxlayanlar, yaxud bu arzuda olanlar da çoxdur. Amma evdə heyvan saxlamaq üçün onları sevmək yetərli deyil. Həm də heyvanla, onun qidalanması, gigiyenası, sağlamlığı ilə bağlı əvvəlcədən məlumatlı olmaq lazımdır. Əks halda, heyvana xeyirdən çox ziyan vurmuş olarsınız. Çox sadə bir nüansı deyim. Məsələn, yemləmə qaydasına düzgün riayət olunmalıdır. Heyvanı çox yemləmək olmaz, o da canlı orqanizmdir və qidası normasında olmalıdır. Bu balansı bilmədən, necə gəldi qidalandırdıqda, onlar üçün zərərli olar. Yaxud heyvandır deyib, təmizliyinə səthi yanaşmaq da düz deyil. Bunu xüsusi diqqətdə saxlamaq lazımdır. Çünki təmizlik olan yerdə xəstəlik də yaranmır”.


Təsəllim o olur ki, ən azından, öhdəmə düşəni etdim

Elvin deyir ki, özü, hazırda ev şəraitində hansısa heyvan saxlamır, amma belə istəyir var: "Tələbə vaxtı Gəncədə qalanda bir itim var idi, 4 il ona baxdım, qayğısına qaldım. Bakıya gələndə yaxın adama hədiyyə etdim. Bakıda bina evində yaşadığım üçün ona uyğun şəraitim yox idi. Amma pişik, tutuquşu kimi ev heyvanları saxlamağı fikirləşirəm”.

İşin çətin tərəflərinə gəlincə, Elvin cəmi bir nüansı vurğuladı: "Dövlət Baytarlıq Xidməti olaraq biz rayonlara gedirik, ordakı vəziyyəti araşdırırıq. Şəxsi təsərrüfatlara gedəndə heyvanlarla təmasda oluruq. Kənd yerlərində şəxsi təsərrüfatlarda heyvanların saxlanma şəraitində çox vaxt sanitar qaydalara düzgün riayət edilmir. Belə tövlələrə girəndə bir az bizim durumumuz çətin olur. Amma işin o gözəlliklərinin yanında belə bir məqamın olması ilə də barışırıq. Ümumilikdə, işin elə də çətin tərəfi kimi qeyd edəcəyim nə isə yoxdur”.

İşin ən gözəl tərəfi isə canlının həyatına həyat qatmaq olduğunu bildirdi: "Bizim sahənin ən gözəl tərəfi odur ki, bir canlını müalicə edirsən, sağaldırsan. Xəstə heyvanı sağaldanda, özünü qəhrəman kimi hiss edirsən. Amma ölüm Allahın əlində olan şeydir. Biz öz üzərimizə düşən işi lazımınca yerinə yetiririk. Qalanı Allahın işidir. Düzdür, heyvana nə isə olanda adam pis olur, amma təsəllim o olur ki, ən azından, öhdəmə düşəni etdim”.


Evə girəndə baxdım ki, hər yer pişikdir

Elvin deyir ki, insanlar bəzən saxladıqları heyvana insanlardan da çox sevgi bəsləyirlər, heyvana nə isə olanda çox pis olurlar: "Heyvan sahibləri - xüsusilə də it-pişik saxlayanlar heyvanlarına qarşı xüsusi bir sevgi bəsləyirlər. Hətta bəzi adamlar heyvanlarını öz yaxınlarından da çox istəyirlər. Ona görə, heyvana nə isə olanda, narahatlıq keçirilər. Biz onların narahatlıqlarını başa düşürük, heyvanları müalicə etməklə yanaşı, insanları da sakitləşdirməyə çalışırıq. Əlimizdən gələni etdiyimizi deyirik. Müayinə edirik, sağalması mümkündürsə, bunu izah edirik. Heyvanın həyatını xilas etmək, bu zaman insanların üzündə yaranan sevinc bizim mükafatımızdır. O sevinci insanların üzündə görmək, nəyə desən dəyər”.

Gənc baytarın heç vaxt unutmadığı bir heyvan sahibi də var: "Bizi bir dəfə göndərdilər ki, pişik müalicə edəcəksiniz. Çağırış edən 55 yaşlı qadın idi, tək yaşayırdı. Bina evində 2 otaqlı bir mənzildə yaşayırdı. Evə girəndə baxdım ki, hər yer pişikdir. Saydım 50 pişik var idi. Fikir verdim ki, onların hamısına yem alır, hər birinə qulluq edir. Bir neçəsini saxlayan görmüşdüm, amma 50-ni görməmişdim. Bu, mənə çox təəccüblü gəlmişdi”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər