Xərçəngə qalib gələnlər

Xərçəngə qalib gələnlər

Təfsilat
24 Sentyabr 2019, 09:30 571
Adı Neslican idi. Artıq üç dəfə xərçəngə qalib gəlmişdi. Deyirdi ki, mən xərçəngə mübarizə apararaq uduzacam. 21 yaşlı Neslican Tay sağ ayağını itirsə də, ümidini və həyat eşqini itirməmişdi. Çəkdiyi videolarda, sosial şəbəkədəki paylaşımlarında deyirdi ki, mən bir ayaqdan ibarət deyiləm. Qardaş Türkiyədə xərçənglə mübarizə aparan videobloger bu xəstəliklə mübarizənin ən gözəl simvoluna çevrilmişdi. Xərçəng olduğunu öyrəndikdən sonra həyatına, xəstəliyinə dair videolar çəkməyə başladı və özünü, çəkdiyi acıları orda zərrə-zərrə ifadə etməyə çalışdı. 

O, xərçəngə makiyajı, həyat eşqi, gülüşü ilə meydan oxuyurdu. Amma "yaşamaq istəyirəm. Çox istəyirəm” – deyərək göz yaşlarını da gizlədə bilməmişdi. İzləyiciləri də ən az onun qədər xərçəngə qalib gələcəyinə inanırdı. Bəlkə də son videosunda da gözəl, gülümsəyən biri kimi yadda qalmaq istədi. Bütün Türkiyə onun xərçəngə bu dəfə də qalib gələcəyini gözləyirdi. Bir ayağı protez, mini ətəklə şəhərə, insanların içinə çıxır, onlara gülümsəyir, xəstəliyə necə meydan oxuduğunu göstərməyə çalışırdı. Neslican Türkiyədə bu xəstəliyə qalib gələn gənc fenomenə çevrilmişdi. Xərçəng xəstəliyə ilə üzləşən insanlara ümid olmağı bacarmışdı. O, xəstəliyə meydan oxuduqca xərçəng onun bədəninə hər dəfə fərqli nahiyələrdən hücum edirdi. Bu dəfə isə xərçəng istəyinə nail oldu... Neslicanın ölümü, ümid yeri olduğu insanların əlindən ümidini aldı... Neslicanın mübarizəsi, "Ölmək istəmirəm” deyərək çəkdiyi videolar o gündən sosial şəbəkələrdə bir simvola çevrildi. Onun üçün bütün Türkiyə ağladı. Neslicanın mübarizəsinin səsi-sorağı sərhədi aşaraq bizlərə də gəlib çatdı. Neslicana haştaqlar, statuslar həsr olundu. Xərçəng - adı belə çəkiləndə insanı vahiməyə salan bir xəstəlik olsa da, bizim yerli məşhurlarımız arasında da ona qalib gələnlər az deyil. Bir zamanlar mətbuatda onların da belə bir xəstəliyə tutulduqlarını və mübarizə metodlarını bizlər də qələmə almışdıq.  Şükürlər olsun ki, onlar bu xəstəliyə qalib gəliblər, yaşadıqları o günləri isə xatırlamaq belə dəhşətlidir. Onlar da belə gündə Neslicanın mübarizəsini dəstəklədilər.  
 


Aparıcı, aktrisa Zümrüd Qasımova Neslican haqqında paylaşımları gördüyünü  və onun  Türkiyədə xərçənglə mübarizə edən qadın simvoluna çevrildiyini bildirdi: "Neslicanın ölüm xəbəri, açığı, mənə də çox pis təsir etdi. Ümumiyyətlə, bu xəstəlikdən əziyyət çəkib, məğlub olan hər bir insanın məğlubiyyəti mənə təsirsiz ötüşmür. Sıralarımızda sağalmış insanlar çox olanda, bu mənə daha da ruh yüksəkliyi verir. Belə olduğu halda, özündə toxtaqlıq hiss edirsən ki, həyat davam edir və sən bu sınaqdan qalib çıxmısan. Ancaq itkilər olanda, insan məyus olur. Neslican doğrudan da xərçəngə qarşı ən gözəl mübarizəni göstərdi. Özünə, bədəninə yayılan o xəstəliyi heç kimdən gizlətmədi, açıq şəkildə mübarizə apardı. Mən bu xəstəliyə tutulandan iki il sonra bu haqda danışdım, çünki öz-özlüyümdə ölüm-dirim savaşı aparırdım. Bu savaşdan qalib, yoxsa məğlub çıxacağımı bilmirdim. Qalib gələndən sonra rahat şəkildə danışa bildim”.

Aktrisa qeyd edir ki, hər şeydən önəmli zamanında onun aşkar edilməsi və xəstəliyin dəqiq diaqnozunun qoyulmasıdır: "Neslicanın həyatsevərliyi çoxlarına örnəkdir. Mən də həyatı çox sevirdim, böyük ümidlərim vardı. O dönəmlər düşünürdüm ki, mən ölməməliyəm. Çünki hələ  çox arzularım vardı. Artıq 9 ildir ki, bu xəstəliyə qalib gəlmişəm. Həmin illər mənim də qurbanlarım oldu. Mən gənc xanım idim, ana olmaq istəyirdim. Ancaq analıq xəyalımdan vaz keçdim. Həyatımda olan bəzi şeylərdən imtina etmişəm ki, əsas mənim canım sağlam olsun. Mənim üçün həyatda ondan önəmli heç nə yoxdur. Bundan başqa, ətrafımda olan insanların sevgisi də məni möhkəm tutdu. Özümü motivasiya edirdim ki, hər şey yaxşı olacaq. Ölümlü dünyadır, hər kəs öləcək. Ancaq mən belə bir xəstəlikdən ölmək istəmirdim. Allahıma çox şükür, mən yenə həminki Zümrüdəm, əvvəlki həyatıma davam edirəm. İnsan özünü lazımlı, dəyərli olduğunu biləndə, daha güclü olur”. 
 
 

Tanınmış aparıcı Zülfiyyə Bayramova Neslicanın başına gələnlərdən xəbərdar olduğunu və bu xəbərdən məyusluğunu ifadə etdi. Qeyd etdi ki, insan özünü nəyə daha çox inandırsa, o da gerçək olur: "Əgər sən uğuru çağırsan, uğur səni daima izləyəcək, mübarizə də həmçinin. İnanırsan ki, hər şey yaxşı olacaq və bütün gücünü ona səfərbər edirsən. Bizi Allah yaradıb və biz ölümə məhkum varlıqlarıq. Ancaq hansımızın ölüm zamanının nə vaxt gəldiyini isə heç birimiz bilmirik. İstər xəstə olsun, istər sağlam və biz bunu dərk etməliyik. Əgər "mənim ölümüm Allahın əlindədir, sağlam da olsam gedib hardasa ölə bilərəm” - kimi düşünsək, o zaman xəstəliyi heç vaxt dərd etməyəcəyik. Düzdür, canın ağrıyacaq, ancaq qalib gəlməyə çalışacaqsan. İnsan neqativ olanda, bədəndə immunitetin düşür və immunitet də düşürsə, bu o deməkdir ki, xəstəlik üçün bədənində gözəl şərait yaranır”.
 
Zülfiyyə Bayramova o dönəmlər ailəsinin, dostlarının yanında olduğunu bildirdi: "Onlar məni bir dəqiqə belə məyus olmağa qoymadılar. Hətta xəbəri eşidəndə, biz onu gülərək qarşıladıq. Saç kəsmə mərasimində də məndən öncə yoldaşım, oğlanlarım, qardaşım və qardaşımın uşaqları, dostlarım, hətta saç ustamın özünə qədər hamısı saçlarını keçəl etdirmişdilər. Hələ heç mənim saçlarım keçəl deyildi, onlar artıq saçlarını keçəl edib məni gözləyirdilər. Belə bir situasiyada məyus olmağa dəyməzdi. İndi 3 aydan bir müayinələrdən keçirəm, şükür Allaha, hələ ki, hər şey qaydasındadır. Neslican üçün də çox məyusam. Ümumiyyətlə, bu xəstəlikdən əziyyət çəkən tanınan simaların mübarizəsi digərləri üçün də nümunədir. Adi müharibədə belə insanlar kiməsə baxıb, ruhlanıb döyüşə gedirlər. Bu xəstəliyə tutulanda düşündüm ki, insanlar mənə baxır və o insanlara ruh verməliyəm. Onlar aciz, zəif olmamalıdırlar, saçları kəsiləndə depressiyaya düşməməlidirlər. Əvvəllər sosial şəbəkələrdə o qədər də aktiv deyildim. Bu xəstəlikdən sonra aktiv olmağa başladım. Məqsədim isə budur ki, xərçəngdən əziyyət çəkən insanlara mənəvi dəstək olum. Gördüm ki, nəticəsi çox gözəl olur. Bu xəstəlikdən əziyyət çəkən insanlar mənimlə əlaqə qurmaq, görüşmək, danışmaq istəyirlər. Etiraf edirlər ki, sizdən sonra daha güclü olduq. Bu məni sevindirir, az da olsa o insanlara köməkliyim dəydi”.
 

 
Jurnalist, aparıcı Tahirə Məmmədqızı deyir ki, xərçəng qorxunc bir dünyanın başlanğıcıdır: "Bu xəstəliyə qarşı güclü motivasiyan olmalıdır, eynən Neslican Tayın motivasiyası kimi. İnsan əslində ruhən yaşamağı bacarmalıdır. Ən ağır xəstəlikdə sənin tutuna, güvənə biləcəyin, səni həyata bağlaya biləcək kimlərsə varsa, o xəstəliyə qalib gələ bilirsən. O dönəmdə mənim oğlum və çevrəmdəki insanlar mənə dəstək olmasaydılar, iki-üç ay ərzində yəqin ki, bu dünyadan köçərdim. Həmin ərəfələr o qədər çökmüşdüm ki, həm fiziki, həm də mənəvi cəhətdən gücüm qalmamışdı. Buna baxmayaraq, içimdə bir analıq məsuliyyəti var idi və düşünürdüm ki, öhdəliyimdə tamamlanmamış işlər var. Mənim üçün ən böyük motivasiyam oğlum oldu. Mən istənilən halda onu yarı yolda qoymaq haqqına sahib deyiləm. Bilirdim ki, məndən başqa onun kimsəsi yoxdur, uduzmağa haqqım yox idi. Bəlkə sözdə o qədər asan görünür. Əməldə bunları həyata keçirmək o qədər də asan deyil. Neslicanın da həyatda tutunacağı yaxşı şeylər olub. Amma mən bacardım. Mən Allaha inanan insanam. Son anda da mən Allahdan ümidimi kəsmədim. Allahın gücünü o dönəmlərdə daha çox gördüm”.

Həmkarımız qeyd edir ki, xərçəngə qalib gəlmək üçün ilk növbədə pis insanlardan, mənfi enerji ötürən çevrədən uzaq durmaq lazımdır: "O dönəmlər çalışdım ki, maksimum dərəcədə güzgüdən uzaq olum. İnsan o an özünü güzgüdə görəndə halı dəyişir. Çünki çökdüyünü görürsən. Çevrəndəki insanlar sənə hər nə qədər "yaxşı olacaqsan” desə də, sən güzgüdə özünü görürsən. Başa düşürsən ki, yaxşı deyilsən. Cizgilərin, baxışların dəyişib. O dönəmlər sanki beynimdə iki Tahirə var idi. Biri deyirdi ki, hər şey bitdi, bu da sondur. Digər Tahirə isə hər şeyin yaxşı olacağına inanırdı. İndi hər şey yaxşıdır, müayinələrə gedirəm, qidama diqqət etməyə çalışıram. Çalışıram ki, işimdə də dayanmayım. Bəzən iş insanı o pis auradan uzaq edir. Pis nələr varsa, onlar haqqında düşünməyə vaxtın olmur. Çalışırsan ki, işinlə, yaradıcılığınla uğur qazanasan və o dönəmdə ayaqda qalasan. Artıq yeni layihəmə başlamışam. Üç ay səkkiz gündən sonra oğlum gəlir. Çalışıram ayaq üstə durum ki, o gələndə xəstə ananı bir də görməsin. İstəmirəm ki, oğlum qarşısında xəstə, yorğun bir ana görsün. Həyatda onun üçün vuruşuram”. 
 
Xəyalə Rəis