“Xərçəng xəstələri sağalırlar, uzun illər yaşayırlar da”

Tibb nə qədər inkişaf etsə də, xərçəng xəstəliyi
artmaqda davam edir. Zaman-zaman çarəsinin tapılması istiqamətində müxtəlif işlər
görülür, araşdırmalar aparılır, amma hələ də tam şəkildə çarəsi tapılmayıb. Heç
bu xəstəliyi yaradan səbəblər də konkret bilinmir. Amma ümumilikdə, xəstəliyi
yaradan və müalicəsində effektli olan faktorlar var.Bu kimi mövzular ətrafında onkoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitenin (ATU)
Onkoloji Klinikasının həkimi Günay Əhmədova ilə söhbətləşdik.
- Tibbin sürətlə
inkişaf etdiyi bir vaxtda xərçəng xəstəliyi niyə azalmır, əksinə, artır?
- Bəli, son illər bu xəstəlik yüksək templə artır. Artmasına
əsas səbəb xarici mühit, qidalanma amilləridir. Xarici mühit deyəndə havaya
atılan kimyəvi maddələri, insanların sağlamlıq üçün zərərli olan maddələrlə təmasda
olduğu işləri nəzərdə tuturam. Qida amili də böyük rol oynayır. Əvvəllər daha
çox təbii qidalar qəbul edirdiksə, bu gün hormonlu, müxtəlif qatqıları olan
qidalar qəbul edirik. Məsələn, hormonlar vurulan broyler məhsulları, konservləşdirilmiş
qidalara, "fast food”lara üstünlük verənlər çoxalıb. Birbaşa bunların xərçəng
yaratdığını demək olmaz, amma bunların cəminin daxili mühitdə gedən dəyişikliklərlə
vəhdəti xərçəngə səbəb ola bilir.
- Daxili
mühit deyəndə nəyi nəzərdə tutursuz?
- Hormonal pozuntular, əsəb, gərginlik, stress, gec
ailə qurmalar. Zərərli olan daxili və xarici amillər bir insanda toplananda,
sonda xərçəngə səbəb ola bilir.
- Belə bir
fikirlə rastlaşmışdım ki, xərçəng xəstəliyi həm vitamin azlığından yaranır, həm
də çoxluğundan. Belə çıxır ki qidalanmada balansı qoruya bilmirik?
- İnsanın qəbul etdiyi qidanın tərkibində yağ,
zülal və karbohidratlar müəyyən bir balans təşkil etməlidir. Məsələn,
Yaponiyada ətdən həddindən artıq istifadə olunması, Avropada "fast food”a çox
yer verilməsi həmin yerlərdə mədə, yoğun bağırsaq xərçənginin çoxalmasına gətirib
çıxarır. Xərçəng xəstəliyi cəhətdən yanaşsaq, insanın qidasında A, E, C
vitamini mütləq olmalıdır. Amma ümumilikdə isə, qəbul etdiyimiz qidalar çeşidli
və təzə olmalıdır. Konservləşdirilmiş, günlərlə qalan qidaları yemək olmaz. Məsələn,
bəzən qatığın istifadə müddəti 1 il yazılır. Qatıq təbii halında bir neçə günə
xarab olursa, deməli onu 1 il saxlamaq üçün hansısa dərmandan istifadə edilir.
O cür qatqılarla zəngin qidalar üst-üstə qəbul edildikdə, nə zamansa sağlamlığa
zərərini vurur. Nizami Gəncəvi deyib ki, bir inci saflığı varsa da suda, artıq
içiləndə dərd verir o da. Hər vitamini gündəlik norma çərçivəsində qəbul etmək
lazımdır.
- Bizdə ən
çox yayılan xərçəng növü hansıdır?
- Azərbaycanda ən çox süd vəzi xərçəngi yayılıb. Bu
əsasən qadınlarda olur. Amma kişilərdə də 2 faiz ehtimalla süd vəzi xərçəngi
yarana bilir. İkinci yerdə isə ağciyər xərçəngi durur. Bu isə kişilərdə daha
çox olur. Mədə xərçəngi də çoxdur. Az və ya çox yayılan növləri var. Amma
ümumiyyətlə, hər orqanda xərçəng inkişaf edə bilər.
- Əsasən süd
vəzi xərçəngini müalicə edirsiniz. Bundan da danışaq. Regionlarda insanlar şəhərə
nisbətən təbii qidalar qəbul edirlər, hava da təmizdir. Bəs qadınların
regionlarda xərçəng olmasını yaradan səbəblər nələrdir?
- Məsələn, hamiləlikdən qorunmaq əvəzinə, saysız dərəcədə
aborta gedirlər. Faktorlar çoxdur. Ölkəyə, regionlara, hətta ayrı-ayrı
insanların orqanizminə görə xərçəngin yaranma səbəbləri fərqli olur.
- Xərçəngin
uğurlu müalicəsi üçün vaxtında müraicət edilməsi tələb olunur. Bu isə çox zaman
bilinmir. Mütləq həkim müayinəsi zamanı bu, aşkarlanır, yoxsa hansısa əlamətlərlə
insanlar özləri də təyin edə bilərlər?
- Hər insan xərçəngə tutula bilər, heç kim bundan
sığortalanmayıb. Problemin ilk simptonlarında həkimə müraciət etmək lazımdır.
Amma biz onkoloqların yaralı yeri odur ki, xəstə problemi hətta 5-10 il əvvəl
müşahidə etsə də, həkimə bıçaq sümüyə dirənəndə gəlir. Söhbət əsnasında məlum
olur ki, çoxdan tapıb, amma əsaə görmədiyi üçün həkimə getməyə ehtiyac
duymayıb. İlkin əlamətdə müraciət etsə, bəlkə heç xərçəng səviyyəsinə gəlib
çatmaz. Hepatitlər, mədə xorası, qastritlər vaxtında müalicəsini tapsa,
qarşısını almaq olur. Yaxud süd vəzində düyün, ağrı, yaxud narahatlıq varsa,
bunu xəstə görür, amma həkim müayinəsini illərlə ləngidir. Belə uzada-uzada həm
bizim işimizi çətinləşdirirlər, həm də öz sağlamlıqlarını təhlükəyə atmış
olurlar. Gərək insan özünə qarşı həssas olsun. Hər qadın ayda bir dəfə süd vəzisini
əli ilə müayinə etsin. Yaxud qadının mensturasiya funksiyası pozulub, amma həkimə
müraciət etməyib. Həkimə vaxtında müraciət etsələr, bir çox problemlər böyüməz.
- Əvvəllər
müraciət gecikmiş hallarda daha çox olurdu. Erkən müraciət hallarında artım
müşahidə olunur?
- Mətbuat vasitəsilə, xanımlarla görüşlərdə nə qədər
çağırışlar etsək də, erkən müraciət halları artmır. Ən yaxşı halda xəstəliyin 2
və ya 3-cü mərhələsində gəlirlər.
- Xəstəlik həm
də gəncləşib. Yaşa görə xərçəng fərqlənirmi?
- Eyni tip, eyni ölçüdə xərçəng 65 yaşlı qadınla 25
yaşında olan qadında fərqlidir. Gəncin orqanizmi cavan, qan dövranı güclü
olduğu üçün xərçəng də sürətlə inkişaf edir. Gənc yaşlarda meydana çıxan xərçəng
xəstəlikləri daha çox irsi xarakter daşıyır. Tutaq ki 30-40 yaşına qədər qadın
xərçəngə tutulubsa, onun qızında da olma ehtimalı yüksəkdir.
- Bizdə belə
bir fikir var ki, xərçəng xəstəsidirsə, mütləq onu ölüm gözləyir. Amma uzun
müddət yaşayanları da görürük. Bu nədən asılıdır?
- Gec müraciətin bir səbəbi də onkologiyanın adının
ağır olmasıdı. Sağalma o zaman mümkün olur ki, xəstə vaxtında müraciət etsin,
görülən tədbirlərə riayət etsin, bir də müalicəyə inansın. Özünü passivləşdirməsin,
yaşamağa, müalicəyə inamı olsun. İnam olmasa, heç nə mümkün deyil. Elə xəstələr
var ki, müayinədə görürük, orqanizmi müalicəyə yaxşı cavab verə bilər. Amma özü
o qədər inamsız olur ki, orqanizm də müalicəyə cavab vermir. Kim ürəklə gəlib-gedir,
həkimə, həyata inanırsa, müalicə də yaxşı gedir. Düzdür, bu, elmi əsaslandırılmış
fikir deyil, amma real həyatda belədir. "Xərçəng xəstəsi heç vaxt sağalmır”
yanaşması düzgün deyil. Xərçəng xəstələri sağalırlar, uzun illər yaşayırlar da.
Əksər vaxt ölüm səbəbləri heç xərçənglə bağlı olmur.
- Xoşxassəli
şiş olanda, bəzən insanlar arxayın düşürlər ki, problem yoxdur. Amma bunun bədxassəliyə
çevrildiyini də görmüşük. Bu necə baş verir?
- Xoşxassəli şiş dəfələrlə bədxassəlidən çox olur.
Amma xoş olanın bədə çevrilmə riski də yüksəkdir. Travma, stress, hormonal
disbalans, hər hansı digər bir səbəbdən bədxassəliyə keçə bilər. "Məndə xoşxasəlidir”
deyib evdə oturmaq yaxşı deyil. Xoşxassəlinin bədxassəliyə keçməməsi üçün də
müalicə getməlidir.
- Qol altında
limfa vəzilərinin də şişi olur. Bu zaman xanımlar çox vaxt süd vəzi xərçəngi
olduğundan qorxurlar...
- Süd vəzində 30-dan çox şiş ola bilər. Bədxassəlilər
xoş xassəlilərdən 10 dəfə azdır. Limfa düyünlərinin böyüməsi böyük problemdir.
O mənada ki limfa vəzləri şişəndə xəstə elə bilir ki, onda xərçəng var. Bu, səhv
fikirdir. Düzdür, xərçəng xəstəliyində də limfa düyünləri böyüyür, amma limfaların
böyüməsi həmişə xərçəng olmur. Limfalar orqanizmin polisləri rolundadırlar. Bədəndə
baş verən proseslərə görə özünü şişməklə göstərir. Adi qripdən boyunda limfalar
böyüyə bilir.
- Limfalar
böyüyəndə, sonradan tez yox olmur. Bu zaman problemin ciddi olma ehtimalı
varmı?
- Limfa düyünləri böyüyübsə, sabah
balacalaşmayacaq. Onun müəyən bir dövrü var. Məsələn, süd vəzində mastit var,
limfa düyünləri də şişib. Mastit yarıldı getdi, amma
limfa düyünlərinin şişi durur. O bir müddət sonra az-az gedəcək.
- Belə bir
fikir var ki, antiperspirantlar da süd vəzi xərçənginə səbəb
olur. Çünki tər vəzinin fəaliyyətinin qarşısını alır...
- Bununla razılaşmıram. Süd vəzisində narahatlığı,
mastopatiyası olanlara qoltuqaltı epilyasiyanı məsləhət görmərəm. Amma antiperspirantın
keyfiyyətlisi xərçəng yaratmamalıdır. Elə antiperspirantlar var ki, qoltuqaltı
piy vəzilərinin iltihabını yaradır. Bunlar keyfiyyətsiz olanlardır. Keyfiyyətli
olanından gündə bir dəfə istifadə etməkdə hər hansı problem olmaz.
- Xərçəngin
növləri çoxdur. Növlərə görə yaranma səbəbləri nə dərəcədə fərqlidir?
- Hər xərçəngin yaradıcı faktorları fərqlidir.
Ağciyər xərçəngində birinci yerdə siqaret çəkməkdir. Kimyəvi maddələrlə, tozlu
mühitdə işləyəndərdə də ağciyər xərçəngi olur. Mədə xərçəngində qidalanma
amilinin rolu böyükdür. Bərk qidalar, "fast food”, konservlər, duzlu balıq kimi
qidalardan çox istifadə mədə xərçənginin yaranmasına səbəb ola bilər. Uşaqlıq
boynu xərçənginin yaranmasının əsas səbəbi abortlar, cinsi partnyorun tez-tez dəyişdirilməsidir.
Süd vəzi xərçəngini yaradan səbəb hormonal amillər, süd verməmək, hamiləliyin
sayının az olmasıdır. Anadan qıza keçmə ehtimalı da var. Hər xərçəngin yaranma
səbəbi var. Amma bu o demək deyil ki, ancaq bir amil rol oynayır. Qidalanma tək
mədə deyil, yoğun, düz bağırsaq, həmçinin süd vəzi xərçənginə də təsir edir. Məsələn,
duzlu-istiotlu qidalara qadağanı təkcə mədəsində problem olanlara deyil, süd vəzi
ilə bağlı müraciət edən xanımlara da deyirik. Bu, kompleks bir şeydir. Hələ xərçəngin
bilavasitə yaradıcısı məlum deyil. Hər adamda eyni şey yaratmır, müxtəlif amillər
xərçəngi yarada bilər.
- Stress də
günümüzdə qaçılmazdır...
- Bəli, stress çox böyük təsir edir. Məsələn, iki nəfərdə
xoşxassəli şiş ola bilər. Gərgin, əsəbi olan, bütün günü stresslə keçən
insanlarda xoşxassəli şişin bədxassəliyə çevrilməsi daha tez baş verir.
- Xərçəngdən
danışanda, adətən şiş faktorunu çox eşidirik. Xərçəng şişsiz yaranmır?
- Şiş olmasa da, bəzən xərçəng müşahidə edilir. Xəstə
gəlir, limfa düyünləri böyüyüb, amma süd vəzisində heç nə yoxdur. Əgər ehtiyac
olursa, daha detallı müayinələr aparılır. Süd vəzisində şiş olmur, amma üstündə
dərisi dəyişilir, süd əvəzinə qan gəlir. Adi vaxtda süd gələndə bəzən qadınlar
qorxular ki, xərçəng ola bilir, amma bu, səhv yanaşmadır. Sırf qan gəlirsə, xərçəng
əlamətdir. Yaxud belə baxanda heç bir problem görünmür, amma gilə arxaya çəkilib.
O da bir əlamətdir. Şərt deyil ki düyün olsun. Ona görə də diqqətli olmaq
lazımdır.
- Sonda
xanımlara məsləhətiniz...
- Maksimum qorunmaq üçün idman etsinlər, immunitetlərinin
düşməsinə şərait yaratmasınlar, stressdən uzaq dursunlar, vaxtında ailə
qursunlar, uşaq dünyaya gətirsinlər, uşaqlarına süd versinlər, aborta getməsinlər,
qidalanmalarına fikir versinlər, təbii olanları seçsinlər, siqaretdən uzaq
dursunlar. Kiminsə irsi olaraq anasında, nənəsində xərçəng olubsa, vaxtında
gedib genetik analiz versin, ildə bir dəfə süd vəzilərini, yumurtalıqlarını
yoxlatdırsın. İltihabi xəstəlik varsa, onu müalicə etdirsin. Demirik ki, elə
onkoloqa getsinlər. Yumurtalıqda iltihab, ağrı varsa, ginekoloqa müraciət edin,
ehtiyac varsa müalicə aparılsın. Qonum-qonşunun üsulları ilə özünüzü müalicə
etməyin.
Aygün Asimqızı
