Xatirələr niyə bu qədər zövqsüzdür?
Onun
hələ 10 yaşı vardı. Bəmbəyazdı, təmizdi.
Bu yazı ona – Nərminə ithaf edilir!
Quşlar intihar edirmi? Bəli, edir. Gözlərimlə şahid olmuşam. Ancaq quşların da, insanların da intiharından daha qəliz bir məqam var. İntihar edə bilməmək? Axı ölmək daha asandır. "Yaşamaq isə dəlilikdir”. Zahid Sarıtorpağın "Quşların intiharına ağlamayın” romanının antiqəhrəmanı Qaraqız intihar edə bilməyəcək qədər dərin psixoloji sarsıntının içindədir. Modernist ədəbiyyata təsir edən "Madam Bovari” romanında Emma intiharı seçə biləcək qədər ayıq idi. Qaraqız isə hələ uşaq ikən cinsi təcavüzə məruz qalır. Travmatik şüuraxını ömrü boyu onu izləyir. Evli Xəlillə eşq macəraları, dayəsi olduğu Gilənara qarşı erotik istəkləri təsadüf deyildir. "Quşların intiharına ağlamayın” romanında bir fərdin kəşf edilməyən, qaranlıq və anlaşılmayan yönləri üzə çıxır.
Bu yazı ona – Nərminə ithaf edilir!
Quşlar intihar edirmi? Bəli, edir. Gözlərimlə şahid olmuşam. Ancaq quşların da, insanların da intiharından daha qəliz bir məqam var. İntihar edə bilməmək? Axı ölmək daha asandır. "Yaşamaq isə dəlilikdir”. Zahid Sarıtorpağın "Quşların intiharına ağlamayın” romanının antiqəhrəmanı Qaraqız intihar edə bilməyəcək qədər dərin psixoloji sarsıntının içindədir. Modernist ədəbiyyata təsir edən "Madam Bovari” romanında Emma intiharı seçə biləcək qədər ayıq idi. Qaraqız isə hələ uşaq ikən cinsi təcavüzə məruz qalır. Travmatik şüuraxını ömrü boyu onu izləyir. Evli Xəlillə eşq macəraları, dayəsi olduğu Gilənara qarşı erotik istəkləri təsadüf deyildir. "Quşların intiharına ağlamayın” romanında bir fərdin kəşf edilməyən, qaranlıq və anlaşılmayan yönləri üzə çıxır.
Flober Kafka və Coysa təsir
etdi. "Madam Bovari” romanında Emmanın
şüuraltında yerləşən, kodlaşmış instinktlərin koordinatları yeni idi. "Madam Bovari” ənənəvi roman mərhələsinə
tarixi planda son qoydu. Zahid
Sarıtorpaq "Quşların intiharına ağlamayın” ilə qadın antiqəhrəman yaradır.
"Madam Bovari” xalis modernist hadisə
deyil. Şeiriyyətli dili daha çox klassik
romanın epik və natural xüsusiyyətləri ilə uzlaşır. Marsel Prust "İtmiş zaman
axtarışında” keçmişi modern dünyaya
transformasiya edir. "Sodom və Homorra”da Albertinenin miflərə eyham edən
monoloqları modern insanın hiss və duyğularının, cinsi arzularının simvolik
ifadəsidir. Bədənimdə hiss etdiyim həzlərin, ləzzətlərin əvəzində alacağım
yeganə həzz keçmişi dəyişdirib nənəmin bir vaxtlar çəkdiyi əzabları azaltmaq
istəyidir. İtirilmiş zamanı tapmaq isə modernizm epoxasında hardasa mümkünsüz və
müşkül işdir. Zahid Sarıtorpaq həmişə aldadılan, təhqir və istismar edilən
Qaraqızın həyatı ilə zamansızlığı göstərir. Qaraqazın həyatı ucsuz-bucaqsız,
qara bir enerjinin içində itib-batır. Bu məqamda romanın zəif cəhətləri olan
ictimai hadisələrə meyl etməsi də, sosial hadisələrin qabarıqlığı da yada
düşmür. Heç ehtiyac da qalmır. Qaraqız təkcə arxetip deyil, o həm də bir
qadının cinsi travmalardan sonrakı vəziyyəti, pataloji və bədii ifadəsidir.
Zahid Sarıtorpaq qadınla
kişinin psixoloji və bioloji fərqlərini Qaraqız – Xəlil xəttində işləyir. Qadının
eqosu, paroniya və disparoniyası, isterik halları Qaraqızın erotik duyğularında
kəşf edilir. Qadınlar niyə çox danışır və onları motivasiya edən nədir? Bu
sualların cavabı bir fərdin, Qaraqızın həyatında romantizmlə erotizmin
bir-birinə qarışdığı anda konkretləşir. Çünki qadınlar daha çox sol beyinə meyl
edirlər. Sol beyində yerləşən linqvistik çalarlar ilə sağ beyinin duyğusal
romantikası qadınlarda güclü bir hiperhəssaslıqla birləşir. "Quşların
intiharına ağlamayın” romanında qadın psixologiyasına aid bu xüsusiyyətlər əyani,
praktiki bir təcrübəyə çevrilir. Qaraqızın beyninin dərinliklərində duyğusal
bir ovqat hakimdir. Həmin ovqat psixoloji bir dinamika periodu yaradır. Qaraqız
üzgün və kefsiz olanda danışmağa, bu yolla özünü ovutmağa çalışır. Xəlil isə
susur. Arvadından şübhələnməyə başlayanda isə bu susqunluq daha da artır. Nəticədə
arvadını öz arşını ilə ölçür. Qaraqızla
yaşadığı eşqbazlığı arvadına da aid edir. Düşünür ki, arvadı da ona xəyanət
edir. Və psixoloji sarsınıtının dinamikası Xəlilin arvadını qətlə yetirməsi ilə
nəticələnir. Qaraqız həmişə yüksək səslə düşünür. Nə istədiyini, daha doğrusu,
nə istəmədiyini yüksək səslə axtarır. Yaşadığı travmalar və dərdlərini bölüşmək
istəyi Qaraqızı danışmağa sövq edir. Dərdlərlə üzləşməmək, yalqız qalmamaq üçün
danışma, ünsiyyət qurma ehtiyacını artırır. Erotik münasibət isə genetik
profili tənzimləyir.
Anatomiyası və fiziologiyasındakı natarazlıq öz cinsindən
olan birinə qarşı maraq və şəhvətə səbəb olur. Zahid Sarıtorpağın musiqili dili
ardıcıl olan zaman anlayışını pozur.
Keçmiş və xatirələrin təkrar-təkrar indiyə aid edilməsi pozulan
psixoloji dinamikanın düzəlməyəcəyini göstərir. Qaraqızın alın yazısına çevrilən
qəddar, disharmonik bir həyatın lənəti nəyi ifadə edir? Zahid Sarıtorpağın romanı nəyi kəşf edə
bilir? Qadın və ya kişi hansısa yolla cinsi ehtiyacını qarşılayır. Lakin
psixoloji ehtiyaclar qarşılanmayanda fərdin də, cəmiyyətin də, bəşəriyyətin də
gələcəyi təhlükədədir. Bəs xatirələr? Xatirələr isə zövqsüzdür, bayağıdır.
Qaraqızın nə keçmişi, nə də gələcəyi var. Gələcəyə gümanı olmadığı kimi, keçmişə
də istinad edə bilmir. O, indiki zamanda mövcud olmaq, keçmişi də, gələcəyi də
silmək istəyir. İndiki zamanda ya Gilənarın, ya da ki, Xəlilin qucağında hər
şeyi unutmağa çalışır. "Quşların intiharına ağlamayın” romanı cinsi travma alan
bir qadının gizli yönlərini kəşf etməsi ilə yeni və uğurludur. Artıq romanda
baş verən hadisələri və qəhrəmanların adını sadalamağa gərək yoxdur. O da
qalsın oxucuya.
Zahid Sarıtorpaq "Dərdin
sarı çəpkəni” və "Quşların intiharına
ağlamayın” romanlarında duyğuların mərkəzinin ürəyin, yoxsa beynin olduğuna ədəbi
müstəvidə cavab verir. Ürək duyğu və hisslərin simvolikasıdır. Əsas olan
yaddaşdır. Bizi kölgətək izləyən yaddaşdan xilas olmaq mümkün deyil. Necə ki bəzi
insanların beyinlərindən amiqdala
çıxarılanda duyğusal və hissi korluq yaşayır. Beyini və bədəni zədələnən qadın
da nə istədiyini bilmir. Quşlar kimi intihar belə edə bilmir ki, canını
qurtarsın. Məhz buna görə də, xatirələr zövqsüzləşir. Qaraqızın isə ruhunun
amiqdalası zədələnib, zədələyiblər. "Dərdin sarı çəpkəni” romanında isə dünyanı
sarı görmə xəstəliyinə tutulmuş Buluddan başqa hər kəs bayağı bir gələcəyə can
atır. Sarı çəpkəni dərən Bulud ölümlə zamansızlığa, əbədiyyətə, sevdiyi qadına
qovuşur. Nəhayətdə "Quşların
intiharına ağlamayın” romanı bir fərdin bioloji, psixoloji və sosial harmoniya
ilə insan kimi yaşaya biləcəyini ədəbi-estetik sferada ifadə edə bilir.
Bioloji, psixoloji və sosial kimliyindən imtina edənlər Qaraqızın gələcəyini
oğurlayır, keçmişini zövqsüzləşdirirlər. Məhz belə bir kimliksizlik balaca Nərminin
yaşama haqqına da təcavüz etdi. Və sənət pataloji səviyyədə amiqdalasızlıqlara
qarşıdır. Eynilə "Quşların intiharına
ağlamayın” romanında olduğu kimi.
Ülvi
Babasoy