• cümə, 19 Aprel, 09:01
  • Baku Bakı 13°C

Xaricə getmək adı ilə aldadılan azərbaycanlılar Araşdırma

24.12.13 10:22 3826
Xaricə getmək adı ilə aldadılan azərbaycanlılar Araşdırma
“Bakıda kurslardan birində işləyən kanadalı müəllimlə tanış oldum. Tanışlıqdan bir müddət sonra danışıq əsnasında mənim xaricə getmək istədiyimi bildi və mənə Kanadaya 1 illik iş vizası almaqda kömək edəcəyini dedi. Bunun üçün məndən 5500 manat pul aldı. Amma nə vizam düzəldi, üstəlik xarici pasportum da getdi”.
Bunu bizimlə söhbətində Kanada vətəndaşı tərəfindən aldadılan və adının çəkilməsini istəməyən müsahibimiz (şərti olaraq Anar-L.M.) dedi.
“Bir aydan sonra kanadalı müəllimimi Bakıda tapa bilmədim”

Anarın sözlərinə görə, kanadalı müəllimi ondan pulu almamış Kanadada işləmək üçün kompyuter mühəndisliyini öyrənməyini məsləhət görüb: “Həm də burada işləyə-işləyə pul yığırdım. Bilmirəm, bu, qurama idi, ya yox, müəllimimin həyat yoldaşı da kursda işləyən azərbaycanlı idi. Özü də yoldaşı uşaq gözləyirdi. Mənə dedi ki, 1 illik vizanı alacaq, amma 1 ildən sonra vizanı uzatmaq onluq deyildi. Beləliklə, razılaşıb pulu verdim. Dedi ki, Kanadanın Azərbaycanda səfirliyi olmadığına görə, mənim xarici pasportumu Ankaradakı səfirliyə göndərib və 1 həftəyə cavab gələcək. 1 həftədən sonra mənə zəng gəldi ki, vizam Ankaradakı Kanada səfirliyindədir, yollayacaqlar. Gözləməli oldum. Bir aydan sonra kanadalı müəllimimi Bakıda tapa bilmədim. Hüquq-mühafizə orqanlarına müraciət etdim. Məlum oldu ki, Kanadada həbs edilib. Xarici pasportum da onda qalıb”.
Qeyd edək ki, son illər xaricə getmək adı ilə aldanan Azərbaycan vətəndaşlarının sayı artmaq üzrədir. Xaricdə daha yaxşı yaşayış vəd edilən vətəndaşlarımızdan 5-10 min manat alınır və eyni ssenari ilə aldadılaraq sonda acı həqiqətlə üz-üzə qalırlar. Bu zaman isə gec olduğundan, “it də iplə birlikdə gedir”.
İran azərbaycanlısı tərəfindən aldanan xanım

Digər müsahibimiz Reyhan da kiçik qızı ilə Kanadaya getmək üçün İnternetlə tanış olduğu İran azərbaycanlısına aldanıb: “Pasportumu da, 6 min manat pulu da yolladım. Dedilər ki, pasportum Kanadanın Ankaradakı səfirliyindədir. Bir müddət sonra isə xəbər elədilər ki, vizam düzəlib, mən də bilet aldım, uçuşa 1 gün qalmış xəbər gəldi ki, bileti 10 gün sonraya alım, sonra da bir xəbər çıxmadı və həmin insanlarla əlaqəni itirdim. Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etdim. Məni aldadan İran azərbaycanlısının həqiqətən də orada yaşadığı bəlli oldu, amma Kanadanın hüquq-mühafizə orqanlarından bildirdilər ki, həmin adamı tutmaq üçün İnterpolun Bakı bürosuna müraciət etməliyəm”.
Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev bizimlə söhbətində bildirdi ki, azərbaycanlıların xaricdə yaşamasına kömək etmək istəyənlər adətən həmin ölkənin vətəndaşları olur və ölkənin qanunvericiliyini öyrənir və bu işlə məşğul olurlar: “Məsələn, keçən il bizə bir qız müraciət etmişdi. Kanadada yaşayan şəxs onu aldatmışdı ki, Amerika səfirliyinə viza göndərirəm, gedin alın. Üst-üstə həmin qızdan doqquz min dollar pul almışdılar. Həmin aldadan adamın şəxsiyyətini müəyyənləşdirdik. Məlum oldu ki, həmin şəxs Cənubi Azərbaycandandır. 9 min manatdan əlavə qızdan 5 min manat pul istəyəndə qız bizə müraciət etdi. Biz Amerika səfirliyi ilə görüş keçirdik və bəlli oldu ki, qızı aldadıblar və əlavə ödənişin edilməsinin qarşısını aldıq”.
Xaricə dəvət olunanlar nəyə fikir verməlidir?

Ə.Əliyev deyir ki, Azərbaycanda fəaliyyət göstərən turizm firmaları da xaricdə siyasi sığınacaq adı ilə insanları şirnikləndirməsi də ölkəmizdə geniş yayılmış üsullardan biridir: “Firmalar insanlardan pulu alırlar və inandırırlar ki, onlar xaricə gedən kimi evlə, işlə təmin olunacaqlar.
Əgər kimsə Azərbaycan Respublikasının vətəndaşını xaricdə işləməyə dəvət edirsə, bir sıra nüanslara diqqət etmək lazımdır. Çünki inkişaf etmiş ölkələrdə işəgötürmə qaydaları bizdəki kimi deyil. Kimsə işə dəvət edirsə, əvvəlcədən onunla həm Azərbaycan, hm də həmin ölkənin rəsmi dilində əmək müqaviləsi bağlanmalıdır, həmin adam sığorta edilməlidir. Həmin iş yerinə həmin ölkə vətəndaşının ehtiyacı olmamalıdır. Xaricə getməmişdən əvvəl vətəndaşın əmək haqqından tutmuş qalacağı yerə qədər dəqiq informasiyası olmalıdır. Amma təəssüflər olsun ki, bu barədə mütəmadi olaraq KİV-də informasiyalar getsə də Azərbaycan vətəndaşlarının aldadılması davam edir”.
Ə.Əliyev keçən il Azərbaycan vətəndaşlarını xaricə aparmaq adı ilə pul yığan bir firmanı aşkarladıqlarını bildirdi: “Bu firmanın Bakıda 10-15 ofisi olmaqla bərabər, Gəncə, Qazax, Lənkəran, Şirvan, Quba, Xaçmazda da ofisləri vardı. Kütləvi olaraq vətəndaşlardan 29 manat alırdılar ki, guya xaricə göndərəcəklər. Öz də pulun miqdarını elə qoymuşdular ki, cinayət məsuliyyəti də yaratmırdı. Biz məsələni ictimailəşdirəndən sonra aidiyyatı qurumlar işə qarışdı və sözügedən firma fəaliyyətini dayandırdı”.
Ə.Əliyev onu da bildirdi ki, 2013-cü il ərzində onlara müxtəlif səbəblərdən müraciət edən Azərbaycan vətəndaşlarından 1800 nəfəri ölkəni tərk etmək istədiyini bildirib: “Bu, 1995-ci ildən sonra qeydə alınan ən yüksək göstəricidir. Mərkəzə daxil olan 1870 belə müraciətdən 41 faizinin müəllifi Kanada və Amerikaya getmək istəyini bildirib. Bunlar əsasən bir neçə xarici dil bilən, neft və digər sahələrdə işləyən ixtisaslı mütəxəssislərdir”.
“Saytımıza baxsınlar”

Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətinin (DMQ) ictimaiyyətlə əlaqələr şöbəsi ilə danışıb sözügedən xidmətin mütəxəssislərinin vətəndaşlarımızın aldanmamaı üçün onlara hansı məsləhətləri verə biləcəkləri ilə maraqlandıq. Şöbədən bildirdilər ki, “bunun üçün vətəndaşlar qurumun rəsmi saytına baxsınlar, orada hər şey yazılıb”. Biz də www.migration.gov.az saytına baxdıq, amma maarifləndirici məlumatların əksəriyyəti Azərbaycana gəlmək istəyən və Azərbaycanda yaşayan miqrantlarla bağlı idi. Azərbaycandan xaricə getmək adı ilə aldanan azərbaycanlılarla bağlı bir cümlə belə yox idi.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər