• bazar, 22 Dekabr, 10:13
  • Baku Bakı 8°C

Xaricdən gələn pullar azalıb

09.09.23 03:00 3127
Xaricdən gələn pullar azalıb

Azərbaycana xaricdən pul köçürmələrinin həcmi azalıb. Ekspertlər bildirirlər ki, ölkəmizlə bağlı bu məsələdə ən böyük pay Rusiyanındır. Müharibə və tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədə yaşayan soydaşlarımızın da qazancı azalır. 


Azərbaycan Mərkəzi Bankının statistikasına görə, ötən ilin yanvar-iyun aylarına nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 1 milyard 327 milyon manat azalıb. Hesabat dövründə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 299.9 milyon manat vəsait daxil olub. Bu rəqəm 2022-ci ilin eyni dövründə 2 milyard 627 milyon təşkil etmişdi. Rəqəmlərdən də göründüyü kimi köçürmələrdə azalmalar baş verib. Bəs bunun səbəbi nədir?

Köçürmələrin azalması gözlənilən idi 

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, əslində köçürmələrin azalması gözlənilən idi. Çünki keçən il proses düzgün getmirdi: “2022-ci ildə bu istiqamətdə anomaliya baş verib. Yəni, birdən-birə köçürmələr 2-3 dəfə artmışdı. Bu vəziyyət Rusiya-Ukrayna münaqişəsi fonunda həm azərbaycanlıların, həm də qeyri-rezidentlərin hansısa formada ölkədən pul çıxarması cəhdləri nəticəsində yaranmışdı. Azərbaycana göndərilən remitensilərin təxminən 60-70 faizi Rusiyanın payına düşür. Normalda əksinə, bu istiqamətdə azalma olmalı idi. Çünki Rusiya iqtisadiyyatı zəifləyib və rubl dəyər itirir. Rublun dəyərdən düşməsi fonunda orada yaşayan Azərbaycan vətəndaşlarının da imkanları məhdudlaşır. Bununla da Azərbaycana köçürmələrdə problemlər yarandı. İkinci məsələ rublun məzənnəsi ilə əlaqəlidir. Ötən il gözlənilmədən rublun məzənnəsində möhkəmlənmə baş verdi. Bu da rublla gəlir əldə edən Rusiyada yaşayan azərbaycanlıların köçürdükləri vəsaitin daha dəyərli olmasına gətirib çıxarırdı. Bu il isə proses tərsinə gedir. Bu dəfə Azərbaycana köçürülən vəsaitlər daha dəyərsiz şəkildə öz əksini tapır”.  

Cibdə gətirilən pullar

R.Həsənov bildirdi ki, keçən il rəqəmlərin böyük olmasının səbəblərindən biri pulların artıq daha leqal yollarla ölkəyə gətirilməsidir: “Rəsmi rəqəmlərlə Azərbaycanda ailə təsərrüfatlarına il ərzində təxminən 1-1,5 milyard dollar ətrafında pul köçürmələri gəlirdi. Keçən il bu köçürmələrin birdən-birə yüksəlməsi ailə təsərrüfatlarının gəlirlərinin artmasına, alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olmuşdu. Amma dəqiq bilmirik, bu gəlir birbaşa ailə təsərrüfatlarına çatıb, yoxsa yox. Çünki artıma pulun Rusiyadan çıxarılması cəhdləri də daxil idi. 2022-ci ilin əvvəlindən Rusiya-Ukrayna müharibəsi fonunda hazırlanan proqnozlar əsasən remitensilərin azalması istiqamətində idi. Quru sərhədi ilə səyahətlərin məhdudlaşması cibdə gətirilən pulların da azalmasına səbəb olub. Pullar məcburən transfer olunur, köçürmələr şəklində əksini tapırdı”.

Bəzi regionlar prosesdən əziyyət çəkir

İqtisadçının fikrincə, Rusiyada daha çox sakini işləyən rayonlara bu proses mənfi təsir göstərib: “Köçürmələrin azalması regionlarda fərqli formada əks olunur. Rayonları müqayisə edəndə görə bilərik ki, cənub bölgəsi - Lənkəran iqtisadi rayonunda əhalinin imkanlarının məhdudlaşmasında bu, özünü daha kəskin şəkildə göstərir. Tovuz, Qazax, Şəmkir  rayonlarında yaşayan əhalinin ailə təsərrüfatlarının gəlirlərində remitensilərin payı çoxdur deyə, orada da vəziyyət kəskindir. Amma Şirvan bölgəsinə baxanda orada həyat tərzinə o qədər də ciddi təsir göstərmir”. 

İqtisadiyyatımıza dəyən ziyan

Ekspert dedi ki, ölkəmizə pul köçürmələrinin azalması hələ uzun müddət davam edəcək: “Pul nə qədər az gəlirsə, bu, tədiyyə balansına mənfi təsir göstərir. Düzdür, bizdə istənilən halda profisit olur. Amma bu proses profisitin həcminə də mənfi təsir göstərir. Bu pullar eyni zamanda bazarda xərclənir. Sərhədlər açılandan sonra imkanlar yenidən yaranacaq. Eyni zamanda, Rusiya iqtisadiyyatının indiki şərtlər daxilində özünə gəlməsinin məhdudluğu da prosesin davam etməsi ilə bağlı çağırışlar yaradır”. 

İqtisadi böhranların yaratdığı problem

İqtisadçı Eldəniz Əmirov isə düşünür ki, digər ölkələrdən gələn pul köçürmələri azalsa da, Rusiyadan olan köçürmələrdə heç bir problem yoxdur: “Xaricdən Azərbaycana pul köçürmələrinin azalmasının əsas səbəbi dünyada baş verən iqtisadi təlatümlərdir. Bu təlatümlər həmçinin xaricdə yaşayan azərbaycanlıların fəaliyyətlərinə də mənfi təsir göstərib. Bu da ölkəyə pul köçürmələrinin həcminə təsir edib. Digər ölkələrdən pul köçürmələrinin həcmində azalma olsa da, Rusiyadan Azərbaycana köçürmələrdə artımlar olub. Ukrayna ilə müharibədən dolayı Rusiyadan bir çox ölkələrə kapital axını, vəsaitlərin yatırılması hesabına pul köçürmələrində artımlar baş verib”. 

Mənfi təsirləri qaçılmaz olacaq

E.Əmirov qeyd etdi ki, bu proses Azərbaycandan xaricə olan pul köçürmələrinə də mənfi təsir göstərəcək: “Rusiyadan da Azərbaycana pul köçürmələrinin həcmi getdikcə azalacaq. Həmçinin, digər ölkələrdən də köçürmələrin həcmində azalma baş verəcək. Bu proses hazırda dünyanı caynağına keçirmiş iqtisadi təlatümlər sovrulana qədər davam edəcək. Nə qədər ki inflyasiya davam edəcək, iqtisadi böhranın təsirləri real şəkildə azalmayacaq. Köçürmələr azala-azala gedərsə, təbii ki, mənfi təsirlər də qaçılmaz olacaq. Amma xaricdən pul köçürmələri azalırsa, eyni zamanda Azərbaycandan da xaricə pul köçürmələrində azalmalar baş verəcək”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər