• cümə, 19 Aprel, 06:13
  • Baku Bakı 13°C

“Xarıbülbül” festivalı möhtəşəm qələbəmizin, Şuşaya zəfər qayıdışımızın təcəssümü oldu

16.05.21 11:30 590
“Xarıbülbül” festivalı möhtəşəm qələbəmizin, Şuşaya zəfər qayıdışımızın təcəssümü oldu
İyirmi doqquz il bundan əvvəl may ayı ən ağrılı ay kimi həyatımıza daxil olmuşdu, çünki Azərbaycanın ürəyi, qürur yeri, mədəniyyət ocağı Şuşanı qoruya bilməmişdik, əlimizdən almışdılar. Ancaq bu il may ayı həyatımızın bayramlı, sevincli günlərini yaşadan aydır. Məhz bu ayda Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi, Vaqif Poeziya günləri və "Xarıbülbül” festivalının bərpa etməsi də ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi hamının ürəyini ehtizaza gətirdi.
Dillərə dastan, əfsanə olan Xarıbülbül Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarıbülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Qarabağa qonaq gələnlər həmişə ilk növbədə onu seyr ediblər. Təsadüfi deyil ki, 2020-ci ildən Xarıbülbül bizim üçün başqa bir rəmzi məna da daşımağa başlayıb. O, Vətənin azadlığı uğrunda qan tökmüş, şəhid olmuş igid oğullarımızın xatirəsi rəmzinə çevrilib. Buna görə də o daha əziz, daha kövrək hisslər oyadır.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.
Milli Məclisin deputatı daha sonra deyib: "Mayın 12-də və 13-də Şuşada keçirilən "Xarıbülbül” festivalı bir daha möhtəşəm qələbəmizin, Şuşaya zəfər qayıdışımızın təcəssümü oldu. 1989-cu ildə Şuşada ilk dəfə keçirilmiş festival 32 il sonra yenə Cıdır düzündə baş tutdu və bu da bizim qayıdışımızın daha bir əlamətidir.
Maraqlıdır ki, festival bütün azərbaycanlıların qəlbində 44 günlük müharibə günlərində olduğu kimi, eyni duyğular oyatmışdı. Sanki hamı yenidən düz altı ay əvvəlki möhtəşəm qələbə sevincini, Şuşanın azadlıq xəbərini yaşayırdı. Bunu sosial şəbəkələrdəki paylaşımlardan da aydın görmək olur. Eyni sevinc göz yaşları, eyni eyforiya bayramımızı bayrama qatdı: müsəlmanlar üçün ən müqəddəs bayram – Ramazan bayramı və "Xarıbülbül” festivalımız eyni günlərə düşdü. Bir daha düşünürsən ki, dünyanın düzənində təsadüfi heç bir şey yoxdur: hər şey bir qanunauyğunluğa tabedir. Gec-tez ədalət bərpa olunur. Hər kəs öz doğma ana yurduna qayıdır. Şuşa doğma Azərbaycanına geri qaytarılıb, əsirlikdən azad edilib. Biz doğma Şuşamıza qovuşmuşuq.
Festivalın ilk günündə - mayın 12-də ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları çıxışları ilə millətindən, dinindən asılı olmayaraq, Azərbaycanın hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı və göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var.
Festivalın keçirildiyi iki gün ərzində təbiət də bizim sevincimizi dəstəkləyirdi sanki. Dağlar da, daşlar da Qarabağ şikəstəsinə sevinir, canlı insan kimi o da kövrəlirdi. Axı Muğam vətəninə qayıtmışdı. Bu təbiət də darıxmışdı doğma sədalar üçün. Konsertin ən möhtəşəm görüntülərindən biri də Alim Qasımovun ifası zamanı Qartalın - o məğrur quşun səmada qanad çalması oldu, o da sanki Şuşanın azadlığını alqışlayırdı, qonaqlara "Xoş gəldin” deyirdi. Festivalın sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə müdrik uzaqgörənliklə söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik” sözlərinin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşa şəhərinin azad edilməsi münasibətilə 2020-ci il noyabrın 8-də xalqımıza müraciətində dediyi "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” təbrikinin yenidən səsləndirilməsi bayram əhvali-ruhiyyəsinə yeni ovqat gətirdi.
Bir daha bizə bu sevinci, bu xoşbəxtliyi yaşadan, bizi doğma Şuşamıza, xan Qarabağa qaytaran, təbiətin bu əsrarəngiz gözəlliyini özümüzə qaytaran Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Söz veririk ki, bir daha bu yerlərə düşmən ayağı dəyməyəcək. Prezidentimizin "Biz səni dirçəldəcəyik!” vədini hamımız birlikdə yerinə yetirəcəyik”.
banner

Oxşar Xəbərlər