“Xarakterimdə məqsəddən geri çəkilməmək xüsusiyyəti var” - Fotolar
Powerliftinqin wpc versiyası üzrə mütləq çempion Zaur Cəfərov: "Öz
ölkəni dünyada tanıtmaqdan gözəl stimul ola bilməz”
Finlandiyanın Laxti şəhərində öz çəki dərəcəsində Powerliftinqin wpc
versiyası üzrəDünya çempionatının mütləq çempionu adını qazananda onu daha çox
sevindirən yarışın məhz Dövlət Bayrağı Gününə təsadüf etməsi idi. Həmin gün Laxtidə
Azərbaycan bayrağının yüksəyə qalxması və himnimizin səslənməsi Zaur Cəfərovun qəlbini dağa döndərdi.
Bəlkə bu uğurun sevinci indiyə qədər əldə etdiyi bütün titullardan,
mükafatlardan ötə idi.Mütləq çempion "Kaspi”nin redaksiyasına da elə həmin sevinci
bölüşməyə gəldi.
Ən gözəl stimul
- Siz bu yaxınlarda
Finlandiyada keçirilən yarışlardan Mütləq çempion kimi qayıtmısınız. Sizi
təbrik edirik. Yarışın ayrıca özəlliyi – Dövlət Bayraq Gününə təsadüf etməsi
olub.
- Finlandiyada keçirilən yarışlara 25 ölkəni təmsil edən 600-dən çox
idmançı qatılmışdı. Rəqiblərim arasında erməni idmançı da var idi. 6 nəfərlik
heyətlə yarışlarda iştirak edirdik. Mən 110 kq çəki kateqoriyasında Azərbaycanı
təmsil edirdim. 290 kq ağırlıq qaldırmaqla öz çəkimdə birinciliyi qazandım.
600-dən çox idmançı arasında "Mütləq çempion” adını qazanmaq heç kəsə asan
gəlməsin. Mən yarışlarda həmçinin erməni idmançıya da qalib gəldim. Erməni
idmançını da bayrağımızın arxasında dayanıb şəkil çəkdirməyə məcbur etdim.
Mənim üçün ən yaddaqalan məqam yarışın 9 noyabr – Dövlət Bayraq Gününə təsadüf
etməsi oldu. Həmin gün bayrağımızı yüksəklərə qaldırmaq ikiqat qələbə idi. Həm
Bayraq Gününü, həm də birinciliyimi qeyd etdim. Bu qələbəmdən çox böyük qürur
duyuram. Çünki "Mütləq çempion”luq qazanmaq hər idmançıya nəsib olmur.
- İdman bioqrafiyanıza
nəzər salanda uğurlarınızın çox olduğu görünür. Uğurlarınızın sirrini necə izah edərdiniz?
- Hesab edirəm ki, hər bir sahədə uğur qazanmaq üçün istedadla
bərabər, əziyyət də çəkməlisən. Həmçinin, qazanılan uğurda əziyyət 99 faiz
təşkil edir. Belə məqamda həmişə insanın ən yaxınında olan, onu ruhlandıran, başa
düşən ailəsi, həyat yoldaşıdır. Həyatda nəyəsə nail olmaq üçün bir insanın sənə
dəstək olması kifayət edər. Mən də uğurlarıma görə ailəmə borcluyam. Fiziki
göstərici baxımından isə insana dözümü, iradəsi, psixoloji durumu və səbri kömək
edir. İstədiyin məqsədə çatmaq üçün 3-4 il az müddətdir. Bəlkə daha çox il
lazımdır. Əgər məqsədin varsa, sonuna qədər getməlisən. Yıxılsan da durmağı
bacarmalı, irəliləməlisən. Xarakterimdə məqsəddən geri çəkilməmək xüsusiyyəti
var. Nə edirəmsə, onu sonadək etməyi xoşlayıram. Bu, mənim üçün prinsipdir.
- Elə isə gəlin idman
karyeranızı vərəqləyək...
-1997-ci ildə həvəskar kimi idmanla məşğul olmağa başlamışam.
Get-gedə bu istəyim gücləndi. Bu istək məndə özümü Azərbaycan çempionatında
sınamaq həvəsi oyatdı. İdmançıların yarışlarına baxa-baxa «Mən özüm də hansısa
bir nəticəni əldə edə bilərəm» - deyə düşündüm. İlk dəfə 2010-cu ildə
respublika yarışına qatıldım. Bu yarışla Powerliftinq Federasiyasının baş
məşqçisi Şəmsi Bayramovun diqqətini cəlb etdim. Respublika miqyasında
göstərdiyim nəticə artıq mənim dünya miqyasına çıxmağım üçün vəsilə oldu.
2011-ci ildə yığmanın heyəti təsdiqləndi və mən ABŞ-ın Pensilvaniya şəhərində
keçirilən yarışlara qatıldım. Həmin yarışlarda birinci yer qazandım. Sonrakı
illər ərzində də yarışlarım mütəmadi davam etdi. 2012-ci ildə respublika
çempionatına qatıldım. 2014-cü ildə Azərbaycanda keçirilən Avropa Çempionatının
da qalibi oldum. Səkkiz ildir ki, fasilə vermədən Azərbaycanı dünya miqyaslı
yarışlarda təmsil edirəm. Beşqat dünya və Avropa çempionu, 12 qat respublika
çempionu, 3 dəfə Heydər Əliyev adına beynəlxalq turnirin qalibi olmuşam. İdman
ustası və bodibildinq üzrə təlimatçı-məşqçi dərəcəsi almışam. İnşallah, gələn
ilin iyun ayında İngiltərənin Mançestr şəhərində Avropa Çempionatında, noyabr
ayında isə ABŞ-da keçiriləcək Dünya Çempionatında iştirak edəcəyəm.
- Ümumiyyətlə, sizə
yarışlarda stimul verən nədir?
- Mənə stimul verən ilk növbədə Azərbaycan və bayrağımızdır. Bu
ölkənin adı olmasa, biz özümüzü necə təqdim edərik? Biz həmişə bu torpağa
borcluyuq. İçərimizdəki sevgi ilə təmənnasız bu ölkəyə xidmət etməliyik.
İstənilən yarışda bayrağımızı dalğalandırmaq, onu yüksəklərə qaldırmaq
sevincini heç nə əvəz edə bilməz. Yarışlarda qalib gələndə demirlər ki,
filankəs uddu. Adımızın qabağında Azərbaycan. Yüksəyə də qalxan Azərbaycanın
bayrağı olur. Bu baxımdan öz ölkəni dünyada tanıtmaqdan gözəl stimul ola
bilməz.
- Hər bir idman növü üçün
müəyyən yaş limiti mövcuddur. Powerliftinq idmanı üçün yaş limiti necə, varmı?
- Finlandiyada keçirilən yarışlarda 60-65 yaşlı idmançılar da iştirak
edirdi. Bəzi insanlar idmana hobbi, bəziləri öz prinsipiallığını qoruyub
saxlamaq üçün qatılırlar. Tibbi baxımdan, insan fiziologiyasında 55 yaşa qədər
gücün artımı ehtimalı var.
- Heç olubmu, hansısa
yarışda haqqınız tapdalansın, layiq olduğunuz qələbəni başqasına versinlər?
- Haqsızlıq olub... Moskvada keçirilən yarışda belə bir haqsızlıqla
üzləşdim. İdmanda belə bir qayda var: bəzən kimisə susdurmaq, qalib olmaqdan
vacibdir. Bizdə əsas göstərici nəticədir.
- Bildiyim qədər elmi
dərəcəniz də var. İdman karyeranızı başa vurandan sonra yenə bu sahədə
çalışacaqsınız, yoxsa elm yoluna üz tutacaqsınız?
- Mən İqtisadi Universitetinin magistratura və aspirantura
pillələrini bitirmişəm. İdmana sevgimizin kökündə deyərdim ki, genlər dayanır.
Atam alim olsa da, vaxtilə güləşlə məşğul olub. İki oğlum da idmanla məşğul
olur. Əslində atam mənim elm sahəsində olmağımı daha çox istəyirdi. Ancaq mən
özümü idmanda tapdım. Hesab edirdim ki, bu sahədə ölkəmizə daha çox xidmət
etmiş olaram. Əgər xarici ölkələrdə ən azı 10 dəfə Azərbaycan himnini
səsləndirməyə, bayrağımızı dalğalandırmağa nail olmuşamsa, demək məqsədimə
çatmışam. Bundan xoşbəxt hiss yoxdur. Karyeramı bitirəndən sonra bu sahədə
qalıb-qalmayacağıma gəlincə, mən idmana bağlı insanam. Artıq 97-ci ildən
idmandayam. 22 ilə yaxın ştanqla dostluq edən bir idmançının ona xəyanət etməsi
ağlıma gəlmir. İstəyirəm ki, Azərbaycanın uğurları gözəl idmançı nəsli ilə
davam etsin, bu illər ərzində çəkdiyimiz əziyyətlər boşuna getməsin. Mən
bildiklərimi gələcək nəslə ötürmək istəyirəm. Qoy onlar bunu daha yaxşı öyrənsinlər,
Azərbaycanın bayrağını da daim yüksəklərdə dalğalandırsınlar. İstəyirəm
ölkəmizdə potensialı olan idmançılar tanınsın. Powerliftinqin, fitnesin məktəbi
olsun. Biz böyüyən nəslə bildiyimiz yaxşı məsləhətləri verək, təcrübəmizi
öyrədək.
- Yeni nəsil necə, bu idman
növünə həvəs göstərirmi?
- Demək olar ki, hər il bizim rekordlar təzələnir. İdmançının
proqresi də onun gücünün artması ilə ölçülür. Əgər bir idman növündə hər il
nəticələr dəyişirsə, mən bunu yaxşı qiymətləndirirəm. Bu o deməkdir ki, estafet
davam edir.
- Ölkə başçısı idmanın
inkişafına böyük diqqət və qayğı göstərir. O qayğını yəqin ki, siz də öz
üzərinizdə hiss edirsiniz.
- Təbii ki, biz ölkə başçısının diqqət və qayğısını hiss edərək
yarışlara qatılırıq. Ö, özü də idmanı çox sevir və idmanla məşğul olur. Bizim
uğurlarımızın təməlində də prezidentimizin diqqət və qayğısı durur. Ən böyük
arzum Prezident İlham Əliyevlə
görüşməkdir. Mənim üçün bundan gözəl uğur ola bilməz.
Söhbətləşdi
Təranə Məhərrəmova