• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

“Xanımın sevgilisini, yoxsa həyat yoldaşını seçdiyini deməyəcəyəm” - Onun film seçimi

07.12.19 13:00 1374
“Xanımın sevgilisini, yoxsa həyat yoldaşını seçdiyini deməyəcəyəm” - Onun film seçimi
Elnaz Əbluc: "Bir amerikalını sağ ola-ola basdırırlar və onun tabutdan çıxmaq uğrunda, yaşamaq naminə apardığı mübarizənin şahidi olursunuz”
Bəzən insanlardan boş vaxtlarında nə ilə məşğul olduğunu soruşanda, filmə baxdığını deyir. Film insanlara estetik zövq verən, onların dünyagörüşünü inkişaf etdirən ən gözəl vasitələrdəndir. Boş vaxtı olan şəxslər dostlardan baxmağa, zamanı xərcləməyə dəyən yaxşı filmlər haqda soruşurlar. Bu zaman çoxlu film məsləhət verənlər olur. Bu dəfə oxuculara rejissor Elnaz Əblucun məsləhət gördüyü filmləri təqdim edirik.
Müsahibimizin ilk seçimi real hadisələr əsasında çəkilən"Qudzonda möcüzə” filmi oldu: "Filmin rejissoru Klint İstvuddur, baş rollardan birini isə məşhur aktyor Tom Henks oynayır. Kino real hadisələri əks etdirdiyi üçün daha çox bəyəndim. Filmdə təyyarə qəzasından və ondan sonra yaşananlardan bəhs edilir. Məşhur aktyor təyyarənin pilotu rolunu canlandırır. Qəza vəziyyəti yarandığı üçün o, məcburən təyyarəni Qudzon çayına endirir. O vəziyyətdə təyyarədə kiminsə sağ qalması mümkün deyildi. Lakin möcüzə nəticəsində 155 nəfər sərnişinin hamısı sağ qalır. Baxmayaraq ki, pilotun bu hərəkətini media və cəmiyyət alqışlayır, amma ona qarşı məhkəmə işi açılır və hadisələr bu istiqamətdə davam edir”.
2-ci film isə "Diri-diri basdırılmış” adlanır. Kino, sadəcə bir məkanda, yəni tabutda baş verir: "Təsəvvür edin ki, film boyu yerə basdırılmış tabutda gedən prosesləri izləyirsiniz. Bir amerikalını sağ ola-ola basdırırlar və onun tabutdan çıxmaq uğrunda, yaşamaq naminə apardığı mübarizənin şahidi olursunuz. Filmin rejissoru Rodriqo Kortesdir. Baş rolda da Ryan Reynolds oynayır. Bu kinoya baxanda böyük zövq aldım. Film bir aktyorun oyunu üzərində qurulub. Gənclərə məsləhət görərdim ki, bu filmi mütləq izləsinlər, çox təsirlidir. İzlədikcə, sanki qəhrəmanın yaşadığı hisslərin eynisini keçirirdim”.
3-cü film melodrama janrında olan tənha qadın və kişinin sevgisindən bəhs edən, ən yaxşı film kimi orijinal ssenarisinə görə 2 dəfə Oskar alan "Kişi və qadın” oldu: "Bu filmi səhnələşdirən rejissor bundan əvvəl çəkdiyi kinoya bütün kapitalını xərcləsə də, çox uğursuz alınıb və depressiya düşüb. Bu vəziyyətdə dəniz kənarına gedir və səhərə qədər orada olur. Səhər tezdən bir qadının uşağının əlindən tutub dəniz kənarında gəzişdiyini görür. Bu səhnə adını qeyd etdiyim rejissora ilham verir. Elə ssenarini dəniz kənarında yazmağa başlayır. Maraqlısı odur ki, adətən filmlər yazılır, sonra ona uyğun musiqilər bəstələnir, amma burda əksinə oldu. Musiqilər bəstələndi, sonra film çəkildi. O musiqi bəstələnəndən sonra, filmi çəkmək üçün rejissora bir növ istiqamət verib. Həmin musiqilər illərdir bütün verilişlərdə səsləndirirlər”.
"Metro” filmi isə 4-cü sırada yer aldı. Rusiya istehsalı olan filmin rejissoru Anton Megerdiçevdir: "Burada metroda baş verən fəlakətdən danışılır. Tuneldə nə isə çöküntü olur və nəticədə Moskva çayı həmin əraziyə sızır. Baş verən hadisələr, insanlar xilas edilməsi səhnələri ilə yanaşı, fəlakət zamanı orada olan bir xanımın seçim qarşısında olması da süjet xəttini daha həyəcanlı edir. Belə ki, uzun müddətdir ki, həyat yoldaşı ilə sevgilisi arasında seçim etməkdə çətinlik çəkən xanım, bu hadisələrdən sonra qərarını verir. Qeyd edim ki, xanımın həyat yoldaşından bir qızı var. Amma filmin sonunu, yəni xanımın sevgilisini, yoxsa həyat yoldaşını seçdiyini deməyəcəyəm. Bir az oxucularımızı intizarda saxlayaq. Maraqlı gələrsə, filmi özləri izləyərlər”.
5-ci isə komediya janrında olan "Tutsi” filmidir: "İnanmıram ki, bu filmə baxmayan biri olsun. Datsın Hofmanın iştirakı filmə xüsusi rəng qatıb. O, filmdə iş axtaran kişi aktyor rolundadır, amma tapa bilmədiyindən, məcbur qalıb kastinqə qadın qiyafəsində gedir. Necə olursa, seçilir və bundan sonra film maraqlı süjet xətti ilə davam edir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər