• cümə axşamı, 18 aprel, 13:58
  • Baku Bakı 22°C

Xan əmi belə oxuyardı...

18.03.20 09:00 1902
Xan əmi belə oxuyardı...
O, Cabbar Qaryağdıoğlunun imtahanından necə çıxıb?
O, muğam və təsnifləri, xalq və bəstəkar mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalar qatırdı. "Mahur-Hindi”, "Bayatı-Qacar”, "Qatar” muğamı, "Qarabağ şikəstəsi”, "Arazbarı”, "Heyratı” zərb muğamları, təsniflər onun ifasında səslənəndə, dinləyicilər "Xanın ifasıdır...” deyə pıçıldayırdılar.
Qarabağ məclislərinin yetirməsi
Əsil adı isə İsfəndiyar olub. Şuşa şəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsiMəhəmməd bəy Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində dünyaya gəlib. Anası Bəyimxanım da Cavanşirlər sülaləsindən idi. Atasının Şuşada evi olmaqla yanaşı, Xanbağı yaxınlığındakı Ballıca kəndində böyük mülkü, qoyun sürüləri, at ilxısı, geniş otlaqları, un dəyirmanı və meyvə bağları vardı. Aslan ağa təsərrüfat işlərinə rəhbərlik etməklə yanaşı, ov ovlamağı və hərdən peşəkar səviyyədə olmasa da, tarda çalıb zümzümə etməyi xoşlayırmış. Ermənilərin 1905-1907-ci illərdə, eləcə də 1918-ci ildə Qarabağda törətdikləri iğtişaşlar zamanı Aslan ağanın Şuşadakı evi və Ballıcadakı mülkü dəfələrlə yandırılmış və təsərrüfatı talan edilmişdi. Bu səbəbdən də sonradan müflisləşmiş Aslan ağa ailəsi ilə birlikdə Ağdama köçmək məcburiyyətində qalır. Sonradan Allahyar adlı oğlu və Rüxsarə adlı qızı doğulur.
İsfəndiyarın anası Bəyimxanım erkən vəfat etdiyindən, uşaqlar xalaları Zümrüd və Sədətbəyimin qayğısı ilə böyüyür. İsfəndiyarın təlim-tərbiyəsinə, təhsilinə əmiləri Baxış ağa, Azad ağa, Rəhim ağa və dayıları Əbülhəsən bəy, Yusif bəy də yaxından diqqət göstərirlər. İsfəndiyar Şuşadakı Realnı məktəbində təhsil alır, təbiət elmlərini öyrənir, fars və rus dillərindən müəyyən anlayışa malik olur. Ədəbiyyata, o cümlədən poeziyaya meyli olduğundan, mütaliə edər, şeir oxumağı xoşlayarmış. Əsasən dəFüzuli poeziyasına marağı daha geniş olmuş və dahi şairin qəzəllərini təhlil edərək, dərindən dərk etməyə çalışarmış. İsfəndiyarın atası və əmiləri mütərəqqi fikirli insanlar olduğundan, tez-tez evlərində ədəbi-musiqili məclislər təşkil edər və bu tədbirlərə Qarabağın say-seçmə ziyalıları, muğam, poeziya aşiqləri toplaşarmış.Bu məclislərdə qrammofon səslənər, şeir oxunar, ara-sıra tanınmış xanəndələr dəvət olunub, muğam dəsgahı ifa edərmişlər. Bu mühitdə böyüyən İsfəndiyardakiçik yaşlarından musiqiyə böyük maraq yaranır. Çox keçmədənonun bu marağı diqqət çəkir və atası ona tar alaraq məşğul olmasını tövsiyə edir. Bir müddət tar çalmağı öyrənən İsfəndiyar, sonradan bu sənəti qardaşı Allahyara öyrədir. Allahyar bu sənəti davam etdirməklə, gələcəkdə Azərbaycanın məşhur tarzənlərindən biri kimi püxtələşərək, uzun illərqardaşıilə çiyin-çiyinə fəaliyyət göstərir.
İsfəndiyarda geniş diapazonlu, məlahətli səsin və xanəndəliyə həvəsin olması çox erkən nəzərə çarpdığından, Aslan ağa oğlunuyeniyetmə çağlarından dövrünün tanınmış xanəndələrindən olanİslam Abdullayevin (Segah İslamın) şagirdliyinə verir. İsfəndiyar ustadından xanəndəlik sənətinin incəliklərini, muğam və təsnifləri, eləcə də bir sıra el havalarını öyrənə-öyrənə Segah İslamın dəvət aldığı musiqi məclislərində iştirak edər, müəlliminin izni ilə öyrəndiyi muğamlardan oxuyaraq, tədricən tanınmağa başlayır. Artıq o, öz ustadı ilə yanaşı 19-cu və 20-ci əsrlərin görkəmli muğam ifaçıları – Cabbar Qaryağdı, Seyid Şuşinski, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Məşədi Məmməd Fərzəliyev və digər ustadların ifasını dinləyir, onlardan muğamatınən mürəkkəb şöbə və guşələrini öyrənib,hafizəsinə həkk etməyə və ifasını zənginləşdirməyə müvəffəq olur.
İsfəndiyar necə "Xan” oldu?
1918-ci ilin yazında Ağdamın Novruzlu kəndində, Qarabağın o dövr üçün mütərəqqi fikirli ziyalılarının, şair və nasirlərinin və eləcə də məşhur sənət adamlarının dəvət aldığı mötəbər bir məclis qurulur. Segah İslam həmin məclisə gənc şagirdi İsfəndiyarla birlikdə gəlir. Məclisdə elm-ədəbiyyat sahəsində yeniliklərdən söz açılıb, xanəndələrin ifasında muğam dəsgahları dinlənildikdən sonra İslam Abdullayev pəncərənin önündə o dövr üçün yenilik sayılan qrammofon cihazını görür. Məclis əhli Əbülhəsən Xanın valına qulaq asmaq istəyir. İsfəndiyar vala çox həyəcanla qulaq asır və oxunanları sakitcə zümzümə edir. Bu, Segah İslamın diqqətindən yayınmır. İfa başa çatdıqdan sonra ustad xanəndə məclisdəkilərə şagirdini təqdim edərək, onun da gözəl səsə malik olduğunu deyir. "İsfəndiyar, sən də belə oxuya bilərsənmi?” - deyəndə, "Bir də qulaq assam oxuyaram” cavabını verir. Məclisdəkiləri maraq bürüyür və val bir də səsləndirildikdən sonra gənc xanəndə üzünü tarzənə tutaraq, "başla” işarəsi verir. Tarın, kamanın xoş sədaları altında "Kürdü Şahnaz” muğamı səslənir. İsfəndiyar peşəkar xanəndə tərzində, eynilə Əbülhəsən Xanın oxuduğu kimi "Şahnaz”ı ifa etməyə başlayır. İsfəndiyar ifasını başa vurub, qavalı dizinin üstünə qoyur. Bu zaman məclisi alqış sədaları bürüyür. Heyrətə gəlmiş qonaqlardan - "Bu ki, əsl xanəndədir. Bu, Xanın oxumasından heç seçilmədi. Bu uşağın böyük gələcəyi var. Əsl Xan elə budur ki...” tərifləri eşidilir. Məclisdəki qonaqlardan kim isə gəncin adını bir də soruşanda Segah İslam məclisdəkilərə üzünü tutub: "Hörmətli ağalar, xanəndə və sazəndələr, bildiyiniz kimi, xanəndə Əbülhəsən xalq içindən çıxmış sadə bir rəiyyət nümayəndəsi olub. İran Şahı onun sənətini yüksək qiymətləndirib, ona Xan titulu, böyük mülk, var-dövlət hədiyyə edərək onu İran xanəndələrinin Xanı - Əbülhəsən Xan İqbal adlandırıb.Bu gün bu gənc oğlan Əbülhəsən Xanın ifasını olduğu kimi təkrarlaya bildiyi üçün qoy bu gündən o da olsun bizim Xan, Azərbaycan xanəndələrinin xanı, Xan Şuşinski”. Hamı ustadın bu təklifini razılıq və sevinclə qəbul edir. Sonra Xan məclisdəkilərin xahişi ilə daha bir neçə təsnif və muğam ifa edir. Həmin gündən sonra hamı Qarabağda yeni, Xan adlı çox istedadlı bir xanəndənin yetişməsindən danışaraq, onu tezliklə görüb və səsini dinləməyə tələsirdi. O dövrdən etibarən Xan Şuşinski musiqiçilərdən ibarət dəstə yaradaraq el şənliklərində müstqil iştirak etməyə başlayır.
Gələcəyin xanəndəsi sənsən!
1919-cu ildə Xan Şuşinski hərbi xidmətə cəlb edilir. Sonradan onu tanıyan hərbçi zabit, onun öz sənəti ilə yenicə yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsas gətirərək, Xan Şuşinskini hərbi xidmətdən azad edir.Xanəndə bir müddət Gəncədə və ətraf bölgələrdə kütlələr qarşısında və rəsmi tədbirlərdə çıxışlar edir. 1920-ci ilin mayında baş vermiş Gəncə qiyamından sonra yenidən Qarabağa qayıdaraq, Ağdam şəhərində məskunlaşır və el şənliklərində, toy-düyünlərdə iştirak edərək yaradıcılığını davam etdirir. Xan Şuşinski müstəqillik dönəmində, eləcə də sovet hakimiyyətinin ilk illərində dəfələrlə erməni quldurlarının qəfil hücumlarına məruz qalır, yeri gələndə sərrast atıcılıq qabiliyyəti və ehtiyatlı davranışı hesabına düşmən gülləsindən qurtulur, ən qəddar qaçaq - yolkəsənləri belə səsinin, sənətinin sehri ilə ram edərək, özünün və yoldaşlarının həyatını xilas edir.
1934-cü ildə Bakıda keçirilən dövlət tədbirinin bədii hissəsində o dövrün tanınmış incəsənət xadimləri, o cümlədən Cabbar Qaryağdıoğlu ilə yanaşı, Xan Şuşinski də çıxış edir. Konsertin sonunda Cabbarın ifasında "Heyratı” zərb muğamı elan edilir. Cabbar Qaryağdıoğlu xanəndələrə müraciət edib, onunla birgə ifa etmək istəyəni səhnəyə dəvət edir. Xanəndələr Cabbarla yarışmaqdan ehtiyatlanıb, boyun qaçırsalar da, gənc xanəndə Xan Şuşinski tərəddüd etmədən ustad sənətkarın təklifini qəbul edir. O vaxtlar Cabbar Qaryağdıoğlu sənətinə xüsusi maraq göstərən ölkə rəhbəri Mir Cəfər Bağırov tamaşaçıların içərisindən bu sənət yarışmasını diqqətlə izləməyə başlayır. Xanəndələr muğamın şöbələrini növbə ilə oxuyaraq öz məharətlərini nümayiş etdirirlər. İfanın sonuna yaxın gözlənilmədən Cabbar Qaryağdıoğlu səsini zilə çəkərək "Şikəsteyi fars” şöbəsi oxumağa başlayır. Cabbar "Şikəsteyi fars”ı oxuyub, zil notda estafeti Xana ötürür. Xan Şuşinski özünü itirmədən həmin yerdən "Şikəsteyi fars” şöbəsini oxuyub, bir qədər də zil notlarda "Qazağı” şöbəsinə keçərək şaqraq zəngulələrlə gəzişmələr edib, muğamın başlanğıc pərdəsində ayaq verir. Salonu alqış sədaları bürüyür. Cabbar Qaryağdıoğlu tarzən Qurban Primovun təəccüblü və sual dolu nəzərlərlə ona doğru baxdığını görüb deyir: "Qurban, dədəmin goru haqqı Xana qıymazdım, dedim bir imtahan eləyim, görüm nə edir?” Sonra əlini mehribancasına Xanın kürəyinə vurub, hamının eşidəcəyi səslə ucadan deyir: "Əhsən sənə, gələcəyin xanəndəsi sənsən!”
Elə həmin ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülür. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edir.
Xan Şuşinski 1939-cu ildə M.C. Bağırovun sərəncamı ilə 24 saat müddətində Ağdamdan Bakı şəhərinə köçürülür. Bakıya köçdükdən sonra Xan Şuşinski doğma el-obası ilə əlaqəni pozmur, vaxtaşırı Ağdamdakı evinə baş çəkməklə yanaşı, yay istirahətini bir qayda olaraq Qarabağın səfalı yaylaqlarında keçirir. 1960-cı ildən isə Şuşa şəhərinin "Çöl qala” məhəlləsində həyət evi alaraq, sonrakı illərdə mütəmadi olaraq məzuniyyətə daim Şuşaya gedir.
Xan Şuşinski bəstəkar mahnılarının da mahir ifaçısı kimi tanınıb. "Şuşanın dağları”, "Qara göz” mahnılarını yüksək zövqlə oxuyub.
X.Şuşinski 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam studiyası” yaradır və gənc xanəndələrə muğamın sirlərini öyrədir. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyir. Dost-tanışları, həmkarları və yetirmələri onu "Xan əmi” çağırırdılar. İndi də sənətindən söz düşəndə "Xan belə oxuyardı...” deyə böyük sənətkarı ehtiramla anırlar... Xan Şuşinski 1979-cu ilin 18 martında vəfat edib. Bu gün onun anım günüdür.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər