• şənbə, 20 Aprel, 12:19
  • Baku Bakı 23°C

Xalqımızın tərəqqisinin təməlində güclü dövlət və qüdrətli dövlət rəhbəri amili dayanır

12.06.21 09:45 267
Xalqımızın tərəqqisinin təməlində güclü dövlət və qüdrətli dövlət rəhbəri amili dayanır
1993-cü ilin 15 iyun tarixindən 28 il keçir. İlk dəfə olaraq bu günü qalib xalq olaraq qeyd edirik. 1997-ci ildən 15 İyun - Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu günün mahiyyətini dərk etmək və müvafiq nəticələr çıxararaq ibrət dərsləri almaq təkcə ötən illərdə müstəqil dövlətimizin keçdiyi yolu, mövcud vəziyyəti bilmək deyil, eyni zamanda, inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından vacibdir.
Bu fikirlər Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının "15 İyun və bu günümüz: xalqımızın tərəqqisinin təməlində güclü dövlət və qüdrətli dövlət rəhbəri amili dayanır” sərlövhəli məqaləsində yer alıb.Kaspi.az məqaləni təqdim edir.
15 iyunadək olan şəraitin qısa mənzərəsi
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının qarşısında bir sıra vacib vəzifələrin həll edilməsi dayanırdı: dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək, planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək, fəal xarici siyasət yürütmək, Ermənistanın əsassız ərazi iddiaları ilə başlatdığı hərbi təcavüzünü dayandırmaq və nəticələrini aradan qaldırmaq və digər məsələlər. Azərbaycanın dövlət müstəqilliyi bərpa edilən zaman Ermənistanın əsassız ərazi iddiaları səbəbindən başladığı hərbi təcavüzü davam edir, azərbaycanlılar tarixi torpaqlarından qovularaq qaçqına çevrilir, təcavüzün gedişində ərazilər bir-birinin ardınca işğal edilir, etnik-tarixi mənsubiyyətini itirmək üçün yaşayış məntəqələri yandırılır, əhali məcburi köçkünə çevrilirdi. Belə bir şəraitdə hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında amansız mübarizə gedirdi.
1992-ci ilin may ayında silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi ölkənin qarşısında dayanan problemləri həll edə bilmədi, onları daha da dərinləşdirdi. Azərbaycan xalqı və dövləti parçalanmaq ərəfəsində idi.
Dövlətin xarici siyasət fəaliyyəti də bərbad halda idi. Hissiyyatlara əsaslanan xarici siyasət yürüdülür, beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilmirdi. Dövlət idarəçilik bacarığına və qabiliyyətinə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət beynəlxalq aləmdə ölkəni təcrid vəziyyətinə gətirib çıxarmışdı. Diplomatiya dostlar əvəzinə daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları qoruna bilmirdi.
Yaranmış şərait Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, humanitar və psixoloji həyatını tamamilə bürümüş ağır ümumi böhran idi. Müstəqil dövlət sanki kağız üzərində, bəyanat xarakteri daşıyırdı. Bərpa edilmiş dövləti təmsil edən hakimiyyət real olaraq hər hansı bir məsələni həll etmək gücündə deyildi.
Niyə məhz Heydər Əliyev?
Azərbaycan xalqı yaranmış ağır şəraitdə nicat yolu axtarırdı. Xilaskar axtarışında olan xalqın nəzərləri hələ sovet dövründən yaxşı tanıdığı, dövlət idarəçilik bacarığına və liderlik keyfiyyətinə inandığı Heydər Əliyevə yönəldi və ümidlə ona üz tutdu. Xalqın inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni parçalanmaqdan, dağılmaqdan xilas edə, milləti mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi.
Xalqın Heydər Əliyevə üz tutması səbəbsiz deyildi. Hələ sovet sisteminin mövcud olduğu bir şəraitdə, 70-ci illərdə Heydər Əliyev respublikanın rəhbəri, sonra isə dünyanın quru ərazisinin altıdabir hissəsini tutan dövlətin başçılarından biri kimi xalqının başını daim uca etmişdi. Xalq onunla fəxr edirdi. Moskvada vəzifələrindən çıxdıqdan sonra sərt nəzarət altında olmasına baxmayaraq, 1990-cı il 20 Yanvar hadisəsindən dərhal sonra Azərbaycanın daimi nümayəndəliyinə gəlib bəyanat verərək qırğını törədənləri ittiham etmiş və ən çətin anda xalqının yanında olmuşdu. Hələ Kommunist Partiyasının, sovet sisteminin mövcud olduğu bir zamanda bilavasitə Heydər Əliyevin təşəbbüsü və liderliyi altında Naxçıvan Muxtar Respublikasında SSRİ-nin saxlanılmasına dair referendum keçirilməmiş, Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist” ifadələri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Ali Məclisdə dövlət bayrağı olaraq qəbul edilmiş, bu barədə Bakıya təklif ünvanlanmış, Naxçıvandan sovet ordu hissələri çıxarılmışdı. Milli Məclisdə etdiyi çıxışlarında Heydər Əliyev Azərbaycan xalqının yolunun müstəqillikdə olduğunu qəti şəkildə dəfələrlə bildirmişdi.
Qurtuluş naminə dönüş
Xalqın təkidli tələbləri qarşısında çarəsiz qalan Azərbaycan rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Xalqın güvənc yeri olaraq milli liderlik missiyası daşıyan Heydər Əliyev parlamentdə çıxış etdi, sonra isə hərbi qiyam baş verdiyi Gəncəyə yalnız jurnalistlərlə gedərək şəhər əhalisi ilə görüşüb şəraitlə yerində tanış oldu. Bakıya qayıtdıqdan sonra iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi.
Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli mürəkkəb və ağır vəzifələri həll etmək dayanırdı: dövləti dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq, xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq. Həmçinin iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək, dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə cinayətkarlıq şəraiti yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək, ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı inkişafa aparmaq və mənəvi-psixoloji ruhunu yüksəltmək, dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq və s.
Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında dayanan başlıca vəzifələr dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın davam edən hərbi təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış təkqütblü, savadsız, millətə və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək və s. idi. Coğrafi, siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər boyunca imperiya siyasəti yürütmüş böyük dövlətlərin sınaq meydanına çevrilmiş Azərbaycanda bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş idi. Yaranmış şərait təcili, düzgün qərarların qəbul edilməsini və qətiyyətlə həyata keçirilməsini tələb edirdi. Heydər Əliyev dövləti və xalqı bəlalardan qurtararaq xilaskarlıq missiyasını yerinə yetirdi və iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Azərbaycan nədən qurtuldu?
Heydər Əliyevin parlament sədri, oktyabr ayında isə prezident seçilməsi ilə Azərbaycan xalqı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Çünki həmin vaxt səriştəsiz iqtidarın yarıtmaz fəaliyyəti ölkəni bütün sahələrdə - siyasi, iqtisadi, milli təhlükəsizlik, mənəvi və digər fəlakətlərə düçar etmişdi. Ölkənin bu ağır vəziyyətindən istifadə edən xarici düşmənlər bəzi daxili qüvvələrin köməyilə öz çirkin məqsədlərini həyata keçirmək astanasında idilər. Xalq qardaş qırğınından, vətəndaş müharibəsi təhlükəsindən, müstəqil dövlətçiliyə, firavan gələcəyə olan inamsızlıqdan, bədbinlikdən və mənəvi-psixoloji böhrandan xilas oldu. Azərbaycan Respublikası xaricdən dəstəklənən separatizmdən və parçalanmaqdan xilas oldu, tək dövlətini qorumaq imkanı əldə etdi. Azərbaycan bütün sahələrdə millətin ümumi səviyyəsindən qat-qat aşağı olan, onun həm iqtisadi, siyasi, təhlükəsizlik, dövlətçilik, həm də mənəvi tələbatına cavab verə bilməyən və nəhayət, müstəqil dövlətin qarşısında dayanan vəzifələri yerinə yetirməyə qadir olmayan səviyyəsiz adamların hakimiyyətindən xilas oldu. Xalq hakimiyyətə konstitusiyaya zidd yollarla gəlmək, silah və təzyiqlə hakimiyyət dəyişikliyinə nail olmaq, eksperimentlər ölkəsinə çevrilmək meyillərindən xilas oldu. Qəti şəkildə bəlli oldu ki, hakimiyyətə gəlməyin yeganə yolu seçkidir.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində yeni mərhələ başladı. Bu, müasir müstəqil milli dövlətin və dövlətçiliyin xilası, möhkəm əsaslarda qurulması mərhələsi idi. Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu oldu. Müasir milli dövlət quruldu. Dövlətin və millətin inkişafı baxımından bir sıra tarixi əhəmiyyət daşıyan məsələlər həll edildi. 1994-cü ilin may ayının əvvəllərində Ermənistan və Azərbaycan arasında atəşkəs elan edildi.
Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin tərəqqisi və gələcəyi üçün möhtəşəm bir addım atdı. Yeni neft strategiyası işlənib hazırlandı və reallaşdırıldı. 1994-cü il sentyabrın 20-də dünyanın bir sıra böyük ölkələrini təmsil edən transmilli şirkətlərlə "Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyev bir-biri ilə didişən ölkələri Azərbaycanda əməkdaşlığa dəvət etdi, onları ortaq məxrəcə gətirdi. Bəzi ölkələrdən ərazicə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq, Azərbaycan özündən qat-qat böyük olan dövlətləri bir masa arxasında oturda bildi. Heydər Əliyev təbii sərvət olan neft və qazı Azərbaycanın milli sərvətinə çevirən ilk dövlət xadimi oldu. Yeni neft strategiyası ölkənin inkişafı, güclü dövlət qurulması, xalqın daha yaxşı yaşayışını təmin etmək üçün bərabər imkanlar yaradılmasında açar oldu. "Əsrin müqaviləsi” Azərbaycanın bütün gələcək inkişafına ciddi təsir edən, tərəqqisinin və vətəndaşın rifah halının yaxşılaşdırılmasına yönələn siyasətin başlıca amillərindən biri oldu.
Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Ölkədə ölüm hökmü ləğv edildi.
İbrət dərsləri
15 iyun tarixindən ibrət alınası bir çox dərslər var. Demokratiyanı bərqərar etmək üçün ilk növbədə dövlət olmalıdır. Zəif dövlət və anarxiya olan yerdə demokratik cəmiyyət qurmaq olmaz. Anarxiya, xaos və başıpozuqluq demokratiya ilə ziddiyyət təşkil edir. Millət öz taleyini və onu idarə edən hakimiyyət sükanını heç bir zaman naşı, populist adamlara, millət-dövlət maraqlarını düzgün müəyyənləşdirə bilməyən, çətin anlarda qaçıb gizlənən şəxslərə etibar etməməlidir. Sabitlik güclü dövlətin, tərəqqinin, rifahın və demokratiyanın təməlidir. Sabitlik olmasa, insanlar rahat yaşaya bilməz. İqtidar və xalq arasında sıx birlik, hakimiyyətin qanadları arasında faydalı əməkdaşlıq daim qorunmalıdır. Fikir müxtəlifliyinin və ziddiyyətlərin mövcud olması demokratik cəmiyyətlərə xas bir əlamət olsa da, qarşıdurmalara, toqquşmalara gətirməməlidir.
Ötən illərin təcrübəsi göstərdi ki, güclü dövləti və qüdrətli dövlət rəhbəri olan Azərbaycan qarşıya qoyduğu məqsədlərə nail olub. Bunu Prezident, Müzəffər Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə bir daha sübut etdi.
banner

Oxşar Xəbərlər