• cümə, 29 Mart, 04:44
  • Baku Bakı 7°C

Xalqa xidmət nümunəsi - Fotolar

07.02.19 20:20 3055
Xalqa xidmət nümunəsi - Fotolar
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində ölkə vətəndaşı, onun sosial-rifah halının, yaşayışının yaxşılaşdırılması dayanır. Dövlətimizin başçısı keçirdiyi müşavirələrdə, görüşlərdə dəfələrlə özünü xalqın bir nömrəli xidmətçisi hesab edərək, məmurları da xalqa ləyaqətlə xidmət etməyə səsləyib. Ölkənin birinci şəxsinin öz timsalında göstərdiyi bu davranış icra qurumlarına rəhbərlik edənlər üçün əsl nümunəyə çevrilib. Buna əyani misal kimi son günlər İsmayıllı, Şamaxı və Ağsu rayonlarında baş verən zəlzələlər fonunda icra qurumlarının vətəndaşlara münasibətlərini göstərmək olar. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alındı. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirildi ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Digər 5,3 bal gücündə zəlzələ isə yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alındı. Bu zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olundu. Hər iki zəlzələdən sonra müvafiq icra hakimiyyəti orqanları dərhal öz üzərlərinə düşən vəzifəni icra etməyə başladılar.

Əvvəlcə Şamaxı və Ağsu rayon icra hakimiyyətlərində komissiya yaradıldı və zəlzələnin vurduğu ziyanın hesablanmasına başlanıldı. Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev mətbuata açıqlamasında bildirdi ki, rayon ərazisində dağntılar olmasa da, bir sıra kəndlərdə ümumilikdə 50-yə yaxın evdə köhnədən olan çatlarda genişlənmə əmələ gəlib. Amma Şamaxının 14 kəndində bəzi evlərdə zəlzələ dağıntılara səbəb olmuşdu. Ona görə də həm fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, həm də Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun iştirakı ilə müvafiq komissiya dağıntı olan əraziyə baxış keçirdi, dəymiş zərərin müəyyənləşdirilməsi istiqamətində iş apardı. Zəlzələ ilə bağlı gücləndirilmiş iş rejiminə keçən səhiyyə müəssisələrində isə sağlamlığına ziyan dəyən vətəndaşlara yüksək tibbi xidmət göstərildi.

Fövqəladə hallar naziri K.Heydərov Prezident İlham Əliyevin zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıqlar verdiyini dilə gətirərək, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında müvafiq işlər görüləcəyini bəyan etdi. O, qəzalı vəziyyətdə olan evlərin sakinlərinin lazımi yerlərdə müvəqqəti yerləşdiriləcəyini diqqətə çatdırdı. Bununla paralel olaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun nümayəndələri də zəlzələnin dağıntılara yol açdığı kəndlərdə oldular, kənd sakinləri ilə görüşüb söhbətlər apardılar. Yekun olaraq, həm icra qurumu rəhbərləri ölkə başçısına, həm də Heydər Əliyev Fondunun nümayəndələri Birinci vitse-prezidentə zəlzələnin törətdiyi fəsadlarla əlaqədar real məlumatlar çatdırdılar.

Dünən axşam isə Prezident İlham Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzaladı. Həmin sərəncamla, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrıldı. Bu vəsait baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına xərclənəcək. Bununla da Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti səviyyəsində ölkə vətəndaşlarına, onların üzləşdiyi problemlərə həssaslıq nümayiş olunduğu göründü. Amma bu, heç də hamısı deyildi. Fevralın 7-də dövlət başçısı İlham Əliyev Şamaxı rayonuna gedib, zəlzələnin törətdiyi fəsadlarla yerindəcə tanış olub, şəxsən vətəndaşlarla görüşüb, onlarla söhbətləşib, fikirlərini dinləyib. Azərbaycan Prezidenti vətəndaşlara bildirib ki, zəlzələ nəticəsində ziyan dəyən evlərdən hansılar bərpa olunmalıdırsa bərpa olunacaq, təmir ediləcək, bərpası mümkün olmayan evlərin yerində isə yenisi tikiləcək.

Xatırladaq ki, 2012-ci ilin mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində də Qax rayonunun Güllük, Qapıçay, Ləkit, Ləkit-Kötüklü, Zərnə və Fıstıqlı kəndlərində çoxsaylı evlər qəzalı vəziyyətə düşmüşdü. Həmin il mayın 9-da Prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün fəlakət bölgəsinə səfər etmiş, o cümlədən Güllük kəndində də olmuş, zərərçəkən sakinlərlə görüşmüşdü. Təbii fəlakətin törətdiyi fəsadlarla yerində tanış olan dövlətimizin başçısı qəzalı evlərin sökülərək təcili surətdə yenilərinin tikilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər vermişdi.Verilən göstərişlərin nə dərəcədə, hansı səviyyədə yerinə yetirildiyini yoxlamaq üçün 2012-ci il sentyabrın 9-da bölgəyə səfərə gələn dövlət başçısı zəlzələdən sonra evi qəzalı vəziyyətə düşən Qax rayonunun Güllük kənd sakini Abdulla Məmmədov üçün yeni inşa edilmiş fərdi evdə də oldu. Digər kənd sakinləri kimi onu da dinlədi, yaradılan şəraitlə nə dərəcədə qane olduğunu öyrəndi.

Eyni mənzərəni 2010-cu ilin may ayında Kür çayının daşması nəticəsində ətraf kəndlərə ciddi ziyan dəyəndə də müşahidə etdik. Daşqından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə mayın 7-də müşavirə keçirildi. Dövlətimizin başçısı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq orqanlara tapşırıqlar verdi. Minlərlə texnika və canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə cəlb olundu. Təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı dövlət strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində alındı. Dağılan bəndlərin operativ bərpası, əhalinin daha təhlükəsiz yerlərə köçürülməsi nəticəsində insan tələfatına yol verilmədi. Mayın 11-də isə Prezident İlham Əliyevin təbii fəlakət bölgəsinə getməsi və burada sakinlərlə görüşməsi, onların problemləri ilə maraqlanması, dəyən ziyanın aradan qaldırılmasının, vətəndaşlarımızın probleminin dövlətimizin başçısının daim diqqətində olduğunu göstərdi. Tədricən əhalinin yaşayış yerlərinə köçürülməsinə, evləri dağılan insanların mənzil problemlərinin həllinə başlandı. Müvafiq strukturların cəlb olunduğu tikinti-quraşdırma işləri zamanı əsas diqqət evlərin əvvəlki kimi çiy kərpicdən yox, daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına yönəldildi. Sentyabrın 7-də Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün tikilmiş yeni mənzillərin istifadəyə verilməsi mərasimi keçirildi. Prezident İlham Əliyev şəxsən bu mərasimdə iştirak edərək, həm görülən işlərlə yerindəcə tanış oldu, həm də sakinlərin fikirlərini dinlədi, onlara yeni mənzillərinin açarlarını təqdim etdi.

Bütün bu sadalanan faktlar bir daha onu nümayiş etdirir ki, dövlət başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmaq barədə verdiyi vədə daim sadiqdir. Bu, onun həyata keçirdiyi sosial-iqtisadi siyasətdə davamlı şəkildə özünü büruzə verir. Dünyanın ən inkişaf etmiş, demokratik ölkələrində belə, təbii fəlakətdən ziyan çəkən vətəndaşlara adətən dövlət kompensasiya ödəmir, təmir-bərpa işləri sığorta şirkətlərinin üzərinə düşür. Əgər kimsə öz təsərrüfatını, daşınar və daşınmaz əmlakını sığortalayıbsa, müvafiq sığorta şirkəti vətəndaşa dəymiş ziyanın müəyyən qismini qarşılayır. Amma Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir vətəndaşın probleminə həssaslıqla yanaşılır. Hətta təbii fəlakətlər zamanı vətəndaşların sığortası, qeydiyyatı, müvafiq sənədləri olmayan amma fəlakətdən ziyan çəkən mülkləri də dövlət tərəfindən təminat altına alınır. Ciddi ziyan dəyən mülklər tamamilə yenidən təmir olunur, yaxud yenisi tikilərək vətəndaşların istifadəsinə verilir. Bu da onu göstərir ki, Azərbaycan Prezidenti, onun ən yaxın silahdaşı sayılan Birinci vitse-prezident, eləcə də dövlət başçısının siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları daim vətəndaşların yanındadırlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər