Xalq teatrlarının “paytaxt yürüşü” - Fotolar
Teatr ədəbiyyatın, musiqi sənətinin, rəssamlığın,
sözün geniş mənasında, mədəniyyətin inkişafına səbəb olan qüvvətli təsir vasitəsi,
insanların tərbiyə məktəbidir. Peşəkar teatrların təməlində isə dram dərnəkləri
və xalq teatrları dayanır. Bəs görəsən bu gün xalq teatrlarının vəziyyəti necə,
sabitdirmi? Ümumiyyətdə öz ömrünü davam etdirə bilirlərmi? Əgər mövcuddurlarsa,
bu gün peşəkar teatrlar belə tamaşaçı qıtlığı yaşadığı halda, xalq teatrları
necə fəaliyyət göstərir? Canlı sənət növü ölüm-dirim mübarizəsindən üzüağ çıxa
bilirmi? Uzun müddətdir ki, özüm-özümə verdiyim bu suallar beynimdə var-gəl
edirdi. Mövzunun araşdırması uzun zaman tələb etdiyindən hər dəfə onu təxirə
salırdım. Mövsümün əvvəlində III Respublika Xalq Teatrları Festivalının
keçiriləcəyi xəbərini eşidəndə, çox sevindim.
Nə yalan deyim, bu gün xalq teatrlarının yaşamasının
özü bizim üçün möcüzə kimi bir şeydir. Çünki bölgələrimizdə mühafizəkarlığın nə
qədər güclü olduğundan az-çox xəbərdarıq, orada əksər valideynlər övlad
böyüdərkən arzu etmir ki, övladı böyüyüb aktyor və ya rejissor olsun. İçində bu
sənətə sevgisi, arzusu olan insanlar belə, sanki bu arzunu içlərində boğmağa
çalışırlar. Ona görə ki, onların da yaşadığı cəmiyyətdə "el-aləm mənə nə deyər?”
düşüncə tərzi var. Belə ki, kimsə dərnəyə gələrsə, çevrəsindəki insanlar ona
"artist” deyəcək, sabah onun qızına elçi gəlməyəcək, oğluna atası "artistdir”
deyib qız verməyəcəklər. Əlbəttə ki, istisna hallar da az deyil. Tutalım ki,
bölgədə yaşayan gənc, yeniyetmə, orta, ahıl yaşlı biri dərnəyə gəlib aktyor
olmaq istədiyini bəyan etsə, onu nə gözləyəcək? Bəllidir ki, xalq teatrına elit
təbəqənin nümayəndələri getmir. Onların asudə zamanları üçün barlar, otellər,
əyləncə məkanları mövcuddur. Gündüz tarlada işləyib, axşam dərnəyə gələnlər isə
içindəki sənət sevgisini ortaya qoymaq, az da olsa teatra öz töhfəsini vermək
istəyənlərdir. Onların nə qədər peşəkar olub-olmadıqları isə sonrakı söhbətdir.
Paytaxtda oturub varlığından xəbərsiz olduğumuz o
xalq teatrları üçün III Respublika Xalq Teatrları Festivalı bir nəfəslik açdı. Onlar
"biz də varıq” demək üçün çalışdılar, çabaladılar, əllərindən gələni etdilər.
Bizlərə göstərməyə çalışdılar ki, "baxın,
xalq teatrlarımızın fatihəsi oxunmayıb”. Bölgələrdən gələn xalq teatrlarının
yaradıcı kollektivləri ilə festivalın final mərhələsində - 23 iyunda Rəşid
Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, 24 iyunda isə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında tanış olmaq imkanı qazandıq. "Azərbaycan Xalq
Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət
Planı”na müvafiq olaraq gerçəkləşən festivalın baxış-seçim mərhələsi bu ilin aprelində
həyata keçirilmişdi. Əməkdar artist Loğman Kərimovun rəhbərliyi ilə, əməkdar
artist Azad Şükürov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu
rejissoru Gülnar Hacıyeva, tənqidçi, sənətşünas Atababa İsmayılov və başqalarının
daxil olduğu münsiflər heyəti bölgə-bölgə gəzib onların hazırladıqları
tamaşaları izləyərək, ən yaxşılarını bizlərə təqdim etmək üçün repertuara
salmışdılar.
Ölkəmizdə ümumilikdə 37 xalq teatrı kollektivi
fəaliyyət göstərir. Onların arasından 13 kollektiv həlledici mərhələyə dəvət
qazanmışdı. Bunlar İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı,
Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları idi.
Siyahı necə də gözoxşayandır. Yəni bizim bu qədər xalq teatrlarımız var?
Festivalda iştirakımız çərçivəsində səmərəli zaman
keçirdik. Bölgə xalq teatrlarının ümumi vəziyyətindən xəbərdar olduq, yeni
insanlar tanıdıq. Bakının qonaqları bu teatr festivalından o qədər sevinc,
qürurla danışırdılar ki, bəlkə də onları ayaq üstə saxlayan, stimul verən məhz
bu layihədir - deyə düşünməyə başladıq. Bəlkə də onlar elə ötən bir il ərzində
paytaxt teatrlarında çıxış etmək, böyük səhnədə görünmək arzusu ilə yaşayıblar.
Hazırladıqları kiçik tamaşalar zamanı üzlərindən sevinc, həyəcan, sevgi hiss
olunurdu. Səmimilik, sadəlik də öz yerində. Hətta tamaşa sonrası mənə
yaxınlaşıb, "al, bu kartof, yumurta soyutmasından bir tikə ye, səhərdən ac-acına
tamaşalara baxırsan” deyənlər də oldu.
İyunun 23-də Rəşid Behbudov adına Azərbaycan Dövlət
Mahnı Teatrında doqquz kollektiv hazırladıqları səhnə əsərlərini təqdim etdi. Adından
da göründüyü kimi, xalq teatrları festivalı olduğu üçün nümayiş olunan
tamaşalar o qədər də peşəkar hazırlanmamışdı. Ancaq özfəaliyyət səviyyəsində də
deyildi. Final mərhələsinin birinci baxış günü əvvəlcə İsmayıllı rayon Xalq Teatrının
Qarabağ, vətənpərvərlik, müharibə mövzusunda "Əsgər papağı” (əsərin müəllifi
Elnurə Abdullayeva) tamaşası nümayiş olundu. Münsiflər tamaşanın estetik
həllini yüksək qiymətləndirsələr də, aktyorların bir-birilərinin qarşısına
keçdiyini, belə olanda, digər aktyor həmkarlarının səhnədə görünmədiyini, aktyorların
səhnədə daha yüksək səslə çıxış etdiklərini irad tutdular. Qəbələ Xalq Teatrı
ilə Beyləqan rayon Xalq Teatrı "Göyçək Fatma” tamaşası ilə çıxış etdilər.
Uşaqlar üçün nəzərdə tutulmuş hər iki tamaşa fərqli ampluada hazırlanmışdı.
Qəbələ Xalq Teatrının komediya üslubunda hazırladığı tamaşaya, Beyləqan
teatrında müasir baxış əlavə edilmişdi. Belə ki, ikinci "Göyçək Fatma” müasir
dəyərləri özündə əks etdirirdi. Göyçək Fatma tamaşanın əvvəlində hind,
ortasında milli rəqs edərək, güpəgirən qarıdan qurtulmaq üçün "Vatsap”, "Facebook”,
"İnstagram”da kömək istəmişdi. Sosial şəbəkələrin xalq teatrında inikası
maraqla qarşılandı. Şabran rayon Xalq Teatrının təqdimatında Qarabağ xanlığının
tarixindən bəhs edən "Hökmdar və qızı” (İlyas Əfəndiyev) tamaşası nümayiş
olundu. Açığı, bu tamaşa heç də peşəkar tamaşalardan seçilmirdi. Onların səhnə geyimləri,
dekorasiyaları, aktyorun səhnədə çıxışı, sözün əsil mənasında bizləri təəccübləndirmişdi.
Müasir səhnə texnikası, göz oxşayan geyimlər, aktyorların sərbəst özünü ifadəsi
münsifləri, elə tamaşaçıları da heyran etmişdi.
Ardınca Zaqatala Xalq Teatrının ifasında klassik
komediya nümunələrimizdən olan "Beş manatlıq gəlin”ə (Məmməd Səid Ordubadi) baxdıq.
Səhnədə çıxış edən aktyorlar plastikaları, oyun tərzləri ilə çox məşq
etdiklərini və təcrübəli sənətkarlardan bəhrələndiklərini hiss etdirdilər. Masallı
rayon Xalq Teatrı çağdaş insanın, xüsusən qadınların problemlərini ön plana
çıxaran "Qaçqın gəlin” (İbadulla Hüseynzadə) adlı psixoloji-sosial səhnə işi
ilə səhnəyə çıxdı. Özünəməxsus ənənələri
olan Şərur Xalq Teatrının təqdimatında A.Puşkinin "Motsart və Salyeri”
birpərdəli dramını izlədik. Bu tamaşa səhnədə royal, şamlar, qəsr dekorları və
peşəkar aktyor oyunu ilə yaddaşlara əks olundu. Duyğusal anlar, emosiyalar,
hisslərin açıq şəkildə tamaşaçıya ötürülməsi zərgər dəqiqliyi ilə işlənmişdi.
Daha sonra səhnədə Füzuli Xalq Teatrı göründü. Onlar festivala "Xocalı harayı”
tamaşası ilə gəlmişdilər. İlk günün sonuncu tamaşası isə Yevlax Xalq Teatrının
yazıçı Pərvinin birpərdəli pyesi əsasında hazırladığı "Qadınlar” oldu.
Nümayiş olunan səhnə işləri rəngarəngliyi və
quruluş həlləri ilə diqqət çəkdi. Hər nümayişin ardınca yaradıcı heyətləri
tamaşa salonuna dəvət edən münsiflər heyəti oyun üslubu, səhnə manevrləri,
quruluş elementlərindəki müvafiq ştrixlər barədə fikirlərini bildirib,
tövsiyələrini verdilər.
Final mərhələsinin ikinci günü – iyunun 24-də daha
4 kollektiv məharətini göstərdi. Mərdəkan Xalq Teatrının "Dadaşbala əməliyyatı”
tamaşasında məhəllədə baş verən hadisələr nümayiş olundu. Qax rayon Xalq Teatrı
isə "Məhəbbət bir bəladır” tamaşası ilə çıxış etdi. Bərdəlilər "Çimnaz xanım
yuxudadır” tamaşası ilə maraqlı anlar yaşatdı. Vətənpərvər ruhda başlayan
festival elə ab-havada - Cəlilabad Xalq Teatrının ifasında "Biz qayıdacağıq,
Xocalı!” tamaşası ilə yekunlaşdı. Yekun mərhələdə Mədəniyyət Nazirliyinin
müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o
cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçildi.
Daha sonra mükafatlandırma mərasimi keçirildi. Bölgələrdən
gələn aktyorlar üçün həyəcanlı anlar başlandı. Komediya janrında uğurlu
tamaşaya görə Qax, Bərdə, vətənpərvərlik mövzusunda uğurlu tamaşaya görə İsmayıllı,
Masallı, Füzuli xalq teatrları diploma layiq görüldülər. Uşaq tamaşalarının
quruluşuna görə Qəbələ, Beyləqan, uğurlu kukla tamaşasına görə Yevlax teatrları
mükafatlandırıldı. Festival çərçivəsində digər nominasiyalar üzrə də mükafatlar
verilsə də, hər kəs əsas yerləri qazananların açıqlanmasını gözləyirdi və o an
gəlib çatmışdı. Birinci yerə Şabran
rayon Xalq Teatrı, ikinci yerə Cəlilabad və Şərur teatrları, üçüncü yerə isə
Mərdəkan, Zaqatala və Yevlax teatrları layiq görüldülər.
Qaliblərin sevincinin həddi-hüdudu yox idi. Sanki
bu mükafatlarla onlara bir dünya verilmişdi. Gözlərində sevinc gözyaşları,
üzlərində gülüş... Bəlkə də ilk dəfə idi ki, bu qədər tamaşaçı qarşısına çıxır və
bu qədər alqışlara tuş gəlirdilər. Onlar sənət fədaisi olduqlarının mükafatını
almışdılar. Az da olsa əməklərinin qiymətləndirdiklərini və heç də diqqətdən
kənarda qalmadıqlarını hiss etdilər.
Ancaq biz onlara layiq olduqları diqqəti əsirgədik.
Belə ki, bir neçə gün öncədən sosial şəbəkə üzərindən, eləcə də şəhərimizin
küçələrində yerləşdirilən afişalar vasitəsilə belə bir festivalın baş
tutacağını, tamaşaların keçiriləcəyi məkan və saatları çoxumuz bilirdik. Bununla
yanaşı, hətta tamaşalara giriş sərbəst idi. Amma təəssüf ki, paytaxtımızın
qonaq incəsənət nümayəndələrinə tamaşaçı
qismində dəstək olanlar azlıq təşkil edirdi. Bölgə teatrlarından həvəslə, sevinclə
paytaxta üz tutan aktyorların gözləri qapıda qaldı.
Deyirlər, həyatda ən asan şey kimisə qınamaqdır. Bəlkə
başqalarından əvvəl elə özümüzdən başlayaq?..
Xəyalə Rəis
Teatrşünas