• cümə, 29 Mart, 17:29
  • Baku Bakı 14°C

Xalq teatrları yaşayır və təəccübləndirir

24.04.19 10:15 1524
Xalq teatrları yaşayır və təəccübləndirir
Azərbaycanda xalq yaradıcılığının inkişafı, qorunması və təbliğinə dəstək məqsədilə Mədəniyyət Nazirliyində "Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı” hazırlanaraq təsdiq edilib. Həmin fəaliyyət planında xalq teatrlarının əhalinin estetik zövqünün formalaşdırılması və asudə vaxtının səmərəli təşkilində rolunun artırılması üçün sistemli işlərin, o cümlədən festival, müsabiqə, forum və digər tədbirlərin təşkili nəzərdə tutulub.Hazırda respublikanın paytaxt və regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı fəaliyyət göstərir. Bu teatrlarda milli dramaturgiyanın parlaq əsərləri ilə yanaşı, xarici müəlliflərin də bir sıra əsərləri hazırlanıb tamaşaçılara təqdim edilir.Bu münasibətlə III Respublika Xalq Teatrları Festivalının seçim turları başa çatıb. Festivalın münsiflər heyətinin üzvləri - Şuşa Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist, Prezident mükafatçısı Loğman Kərimov (sədr), nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri Vüqar Məmmədov, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Azad Şükürov, Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi, teatrşünas, Əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev bölgələrimizi qarış-qarış gəzərək xalq teatrlarının tamaşalarını izləyib və onlara ustad dərsləri keçərək öz məsləhətlərini bildiriblər. Xalq teatrlarının süquta uğradığını və məhvə doğru getdiyini düşündüyümüz bir dönəmdə bu festivalın keçirilməsi onlara yeni nəfəs vermiş kimi oldu. Biz də festivalın münsiflər heyətində yer alan bir çox sənətkarlarımızdan təəssüratlarını xəbər aldıq.
Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Məmmədov peşəkar teatrlarımızın bünövrəsinin məhz xalq teatrlarından başladığını, onların aktyorların formalaşmasında əsas mərhələlərdən biri olduğunu vurğuladı: "III Respublika Xalq Teatrları Festivalı çərçivəsində rayonlarda fəaliyyət göstərən xalq teatrlarının tamaşalarını izlədik. Nümayiş olunan tamaşalar bizi həddən ziyadə məmnun etdi. Belə ki, xalq teatrlarında istedadlı, yüksək potensiala sahib olan aktyorlarla tanış olduq. Təbii ki, tamaşaların hamısı zövqlü, möhtəşəm və keyfiyyət standartlarına cavab vermirdi. Ancaq ümumi proses bizi qane etdi. Xalq teatrlarının iştirakçıları müxtəlif peşə sahibləri idi, onlardan bank işçiləri, xadimə, satıcı, fəhlə və başqa peşə sahibləri ilə rastlaşdıq. Belə ki, iştirakçılar asudə zamanlarında həm məşqə gəlib tamaşanın hazırlanma prosesində iştirak edir, həm də bu tamaşanın bir parçası olurlar. Onlarla söhbət zamanı aydın oldu ki, bu sənətlə hobbi kimi məşğul olurlar. Onlar xalq teatrı adı altında bir araya toplaşırlar. Festival çərçivəsində bir çox xalq teatrlarımız elə peşəkar səviyyədə tamaşa nümayiş etdirdilər ki, o tamaşalar bizim paytaxtda fəaliyyət göstərən peşəkar teatrların əsərlərindən fərqlənmirdi. Təbii ki, bu da bizi məmnun etdi. Hansı ki, onlar dar şəraitdə, məhdud imkanlar daxilində çalışır və nələrsə etməyə cəhd göstərirlər”.
V.Məmmədov xalq teatrları festivallarının bundan əvvəlki illərdə də keçirildiyini və nə üçün arada bu qədər məsafənin yaranmasına belə aydınlıq gətirdi: "Festivalların keçirilmə tarixləri arasında yaranan bu məsafə müəyyən maliyyə məsələləri və digər səbəblərdən qaynaqlanır. Bundan sonra xalq teatrları festivalını 2 ildən bir keçirmək niyyətindəyik. May ayında festivalın final mərhələsini keçirəcəyik”.
Müsahibimiz xalq teatrları festivalının keçirilməsinin daha çox onların potensialının nümayişi kimi qəbul edildiyini bildirdi: "Hazırda 37 xalq teatr kollektivi var. Onlarda yaradıcı proses gedir. Sözün həqiqi mənasında teatr sənətinin yaşaması üçün xalq teatrları baza rolunu oynayır. Peşəkar teatra bazası olan, ali təhsilli gənclər lazımdır. Xalq teatrları universitetə qədər bu gəncləri formalaşdırır. Ali təhsil ocağı isə onları cilalayır, formalaşdırır, yavaş-yavaş səhnə həyəcanını dəf etdirir, sonra ali təhsil verib peşəkar səhnəyə çıxarır. Xalq teatrları peşəkar teatrlarımızın kadr potensialını təmin edir. İnanın ki, bu, teatr sənətinin mövcud olma səbəbi qədər vacibdir”.
Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva layihənin məqsədinin xalq teatrlarını yaşatmaq, fəaliyyətini genişləndirməkdən ibarət olduğunu vurğuladı: "Münsiflər heyəti olaraq məqsədimiz ən yaxşı tamaşaları seçməkdən ibarət idi. Biz münsiflər heyətinin üzvləri ilə birlikdə bir sıra bölgələrdə olduq, istedadlı gənclərimizlə tanış olmaq imkanı qazandıq. İzlədiyimiz tamaşaların içərisində mükəmməl, zövqlü tamaşalar az deyildi. Hiss edirdik ki, tamaşanı sevərək, ona ürəklərini qoyaraq hazırlamışdılar və onlar bizi çox təəccübləndirdilər. Hətta tamaşaların içərisində peşəkar rejissor, peşəkar aktyor işi ilə rastlaşdıq. Baxmayaraq ki, onlar ali təhsil ocaqlarında təhsil almayıb və İncəsənət Universitetində bu sənətin sirlərinə yiyələnməyiblər. İştirakçıların arasında sürücü, fəhlə, müxtəlif peşə sənəti ilə məşğul olan insanlar da az deyildi. Ötən il bu festivalda münsif heyəti qismində iştirak edirdim və düşünürdüm ki, maraqlı bir tamaşa hazırlamaq üçün təhsil almaq ən vacib amillərdəndir. Bu dəfə adi bir fəhlə elə bir oyun göstərdi ki, biz onun təcrübəsiz olduğuna inanmaqda çətinlik çəkdik”.
Gülnar xanım deyir ki, hələlik tam seçim olmayıb: "Bacardığımız qədər onların ən mükəmməlini seçəcəyik. Seçərkən rejissor işi, aktyor oyunu, tərtibat, hətta geyimə qədər hər şeyi nəzərə alacağıq. Festivalda müxtəlif nominasiyalar üzrə qaliblər olacaq”.
Əməkdar artisti Loğman Kərimov bir ildə xalq teatrlarının təqdim etdiyi tamaşaların əksəriyyətini izlədiklərini və tamaşaların bu günün tələblərinə cavab verə biləcək dərəcəyə yaxınlaşdığını dedi: "Bu çox müsbət haldır. İstər Bakı şəhərində, istər bölgələrimizdə xalq teatrları var və onlar davamlı olaraq çalışırlar. Onların hər biri ayrı-ayrılıqda öz təqdimatlarını etdilər. Təbii ki, onların hamısı mükəmməl deyillər. İçərisində zəif, orta, yaxşı ssenarisi olan, olmayan tamaşalar da vardı. Festivalda iştirak edən kollektivlər bacardıqları qədər çalışırdılar ki, hazırladıqları tamaşalarla özlərini göstərə bilsinlər. Onların içərisində çox təqdirəlayiq əsərlər var idi. Tarixi keçmişimiz və müasir problemlər bu tamaşalarda öz əksini tapmışdı. Biz onlara öz təklif və məsləhətlərimizi bildirdik. Bundan əvvəlki festivalda tutduğumuz iradlar bu dəfə yox idi. Demək ki, festival iştirakçıları əvvəlki məsləhətlərimizdən yararlanıb daha peşəkar şəkildə bu festivala hazırlaşmışdılar. Hətta çox maraqlı kukla tamaşaları ilə rastlaşdıq. Onlar tamaşalarını müasir təqdimatla tamaşaçıya təqdim edirlər. Misal üçün, əgər klassik bir əsər oynayırlarsa, o demək deyil ki, saqqaldan istifadə edilməlidir. Onlar klassik əsərləri müasir detallardan istifadə edərək canlandırırdılar. Biz bu festivalda çox maraqlı aktyor oyunları ilə rastlaşdıq. Hətta 7-8 yaşında uşaqların səhnədə canlandırdığı performansları gördük, o uşaqlara məəttəl qaldıq. Festivalda 80 yaşına qədər olan insanlar iştirak edirdi. Hansı ki, onlar bu sənət üçün çalışıblar, həyatlarını bu sənətə fəda ediblər. Biz çox gözəl tamaşalar izlədik. Onların gözlərində "mənə diqqət edin”, "mən bunu bacarıram” kimi ifadələr özünü gizlətmirdi. Mən festivalda iştirak edən bütün xalq teatrlarını alqışlayıram. Mədəniyyət Nazirliyinə bu festivalı keçirdiyinə görə təşəkkürümü bildirirəm”.
Dosent Azad Şükürov da xalq teatrlarının hazırladıqları tamaşalardan məmnun qalıb. Qeyd edir ki, ölkədə baş verən ictimai-siyasi hadisələrin xalq teatrlarını diqqətdən kənarda qoyduğunu düşünsə də bu, festival onun fikrini dəyişib: "Respublikada kifayət qədər uğurlu xalq teatrları var. Yevlax, Bərdə, Biləsuvar, Şabran rayonlarının xalq teatrlarının adlarını qeyd edə bilərəm. Digər xalq teatrlarımızın fəaliyyəti də qənaətbəxşdir. Onlar çalışırlar, həvəslidirlər, xüsusən də gənclər işlərini sevərək görürlər. Asudə zamanlarında xalq teatrlarına gəlirlər, günlərini orada keçirirlər, zövqləri formalaşır. O xalq teatrlarında yaxşı tamaşaçılar yetişir. Onların içərisindən müsabiqə müddətində 20-yə qədər gənci İncəsənət Universitetinə sənəd vermək üçün dəvət etdim. O gənclərin çox yaxşı potensialları var. Biz orada ustad dərsləri keçdik, onlara etdikləri səhvləri göstərdik. Münsiflər heyəti kimisə yoxlamaq, təftiş etmək mənasında deyil, onlara doğru yolu göstərmək üçün bunu etdi. Xalq teatrları kollektivlərinin üzvləri də razı idilər. Çox yaxşı bir əlaqə yaradıcılıq əlaqəsi yarandı. Bir həftəyə nəticələr hesablanacaq. Onlar Bakıya dəvət olunacaq. Mən buradan Mədəniyyət Nazirliyinə bu layihə üçün təşəkkür etmək istəyirəm. Çünki bu, yerində və zamanında atılmış bir addımdır”.
Müsahiblərimizlə söhbətlərdən aydın oldu ki, III Respublika Xalq Teatrları Festivalının seçim mərhələsində nəinki tamaşalar izlənilib, peşəkar rejissor, aktyorlar tərəfindən xalq teatrlarında fəaliyyət göstərənlər üçün ustad dərsləri də keçirilib. Dərslərdə səhnə mədəniyyəti, jestlər, mimikalar, səsləndirmə və hərəkətlər izah edilib, tamaşalara quruluş verilməsi zamanı xalq teatrlarının rejissorlarına müasir dövrün tələblərinin nəzərə alınması, etik qaydalar, tamaşaçılar ilə ünsiyyətin qurulması üçün cəhdlərin göstərilməsi tövsiyə edilib.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər