AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xalidə Xalid və sürücüsü ETTELAAT-ın nəzarətində saxlanılır

Xalidə Xalid və sürücüsü ETTELAAT-ın nəzarətində saxlanılır

Siyasət
07 May 2013, 10:34 1562
AMEA-nın Təbrizdə həbs olunan elmi işçisi Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov ETTELAAT-ın nəzarətində saxlanılır və onların işi araşdırılır.

APA-nın “iribnews”-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün keçirdiyi həftəlik mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib.

Onun sözlərinə görə, İranda qanundan kənar və qeyri-adi hərəkətlər törədən xarici vətəndaşların hər bir hərəkətini İran təhlükəsizlik qüvvələri diqqətlə izləyir və onlara qarşı tədbirlər görülür.

R. Mehmanpərəstin sözlərinə görə, İran və Azərbaycan rəsmilərinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olmalarına və buna çalışmalarına baxmayaraq, bəzi ifratçı şəxslər və qüvvələr iki ölkə arasında yaxşı münasibətləri korlamağa çalışır.

Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X. Xalidin sürücüsü Şamxal Hüseynov olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.

Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar - Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.