“WhatsApp”da baş proqramçı işləyən azərbaycanlı - UĞUR HEKAYƏSİ
Sabir Əlizadə:
"İnternetdə oxusanız ki, "WhatsApp” hansısa ölkədə böyük bir kommersiya bazarı
yaradır, bilin ki, bu, mənim və komandamın layihəsidir”
İkinci kursdan
başlayaraq proqramçı kimi işləyir. Dördüncü kursda oxuyanda qlobal şirkətlərdə
çalışmaqla bağlı qarşısına hədəflər qoyur. 2013-cü ildə məzun olur. Daha 3 il
ölkədə çalışdıqdan sonra Almaniyaya gedir. İlk olaraq təhsil alır, sonra
"Careem” ("Uber”) şirkətində işləməyə başlayır. Daha sonra "Meta” şirkətindən
iş təklifi alır və Londona köçür. Söhbət "Meta” şirkətinə daxil olan
"WhatsApp”ın London şöbəsində baş proqramçı vəzifəsində çalışan həmyerlimiz
Sabir Əlizadədən gedir.Bildirək ki,
S.Əlizadə 1991-ci ildə Bakı şəhərində anadan olub. Fizika-riyaziyyat
informatika təmayüllü liseyin məzunudur. Bakı Dövlət Universitetinin kompüter
elmləri ixtisasında bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
informasiya sistemlərinin idarə edilməsi üzrə MBA təhsili alıb. Növbəti magistr
təhsili üçün seçimi isə proqram təminatı sistemi mühəndisliyi üzrə Almaniyanın
RWTH Aachen Universiteti olur.
"Riyaziyyata
marağım böyük idi”
- Fizika,
riyaziyyat və informatika təmayüllü liseydən məzun olmusunuz. Bu liseydə təhsil
valideynlərin yönləndirməsi idi, ya öz istəyinizlə oldu?
- Orta məktəbdə
oxuyanda riyaziyyata marağım böyük idi. Ona görə
harada güclü riyaziyyat öyrənə biləcəyimlə maraqlanırdım. Fizika, riyaziyyat və
informatika təmayüllü liseydə bu cəhətdən daha yaxşı imkan olduğunu öyrəndikdən
sonra belə qərar verdim. Valideynlərim də məni dəstəklədi. Təbii ki, qəbul
imtahanla idi. 20 sualdan 18-ni yazsan, keçirdin. 8-ci sinifdə oxuyanda
imtahanlardan keçib liseyə daxil oldum.
- Riyaziyyat məktəb
və liseydə. Hansı fərqi gördünüz?
- Liseydə təhsil
aldıqda riyaziyyatın tətbiq sahələri ilə tanış oldum və informatika vasitəsilə
riyazi biliklərimi necə tətbiq edəcəyimi öyrəndim. Bu, mənə daha maraqlı idi.
Çünki öyrəndiyim biliklərin necə böyük prosesləri avtomatlaşdıra biləcəyinin
şahidi oldum.
- Həm liseydə
oxuyanda, həm də tələbə vaxtı informatika üzrə olimpiadalarda iştirak
etmisiniz. Olimpiadalar sizə nə qatırdı?
- Liseydə
olanda olimpiada qrupları ilə tanış olmağa başladım. İnformatika üzrə olimpiada
belədir ki, bir neçə alqoritmik problem verilir. Qısa vaxt ərzində həmin
problemi optimal bir alqoritmik yolla həll etməlisiniz. O təcrübə mənə nə qatdı? İndi "Meta”, "Google” kimi qlobal şirkətlərə işə
necə götürürlər? Orda bir çətin alqoritmik problem verirlər. Mövcud problemi
bir proqramla həll etməyinizi gözləyirlər. Müəyyən nəzəri biliklərdən istifadə
edib onu optimal vaxtda həll etməlisiniz. Bir neçə raund bunu təkrarlayırlar. Alqortimlərlə
işləməyi öyrənmisinizsə, sonra daha çətin alqoritmlərlə qarşılaşanda təcrübəli
olursunuz. Beyin qısa müddətdə necə həll tapmağı öyrənir. O cəhətdən mənə çox
şey qatdı. Həm nəzəri biliklər ala bildim, həm də iş həyatımda böyük təkan
oldu.
"Proqramlaşdırma
istiqamətində biliklərimi təkmilləşdirdim”
- İkinci kursun
əvvəlləri artıq proqramçı kimi işləməyə başlamısınız. Bu müddətdə iş həyatına
hazır olmağınız necə baş verdi?
- Lisey vaxtı
artıq proqramlaşdırma ilə tanış olmuşdum. Xalam oğlu proqramçıdır və mən liseydə
oxuyanda o, artıq universiteti bitirib işləyirdi. O, mənə çox yaxşı istiqamət
verirdi. Bu sahədə işin nədən ibarət olduğunu, proqramçı olmaq üçün nələri öyrənəcəyimi
artıq bilirdim. Bəzən suallarım olurdu, xalam oğlunun iş yerinə gedirdim. O və
iş yoldaşları mənə izah edirdilər, proqramlaşdırma dili ilə bağlı kitab
verirdilər, öyrənirdim. Yəni məktəb vaxtı proqramlaşdırma ilə bağlı çox
çalışırdım, üzərimdə işləyirdim. Məktəb vaxtı baza formalaşdı. Birinci kursda
oxuyanda isə artıq bir fokusum var idi. Necə proqramçı olacam? Bu yol mənə daha
aydın idi. Birinci kursdan daha məqsədyönlü şəkildə çalışdım, olimpiadaya
qoşuldum. Azərbaycan ikincisi oldum. Bu müddətdə proqramlaşdırma istiqamətində
biliklərimi təkmilləşdirdim. Beləliklə, ikinci kursa başlayanda artıq ilk işimə
başladım.
- Aktiv iş
axtarışında idiniz?
- Aktiv olaraq
iş axtarmırdım. Bir iş elanı diqqətimi cəlb etmişdi və iş təcrübəm olmadığına
görə hansısa bir şirkətdə işləyərək daha çox öyrənə biləcəyimi düşünürdüm. Həmin
şirkət müsahibəyə çağırdı və proqramlaşdırma biliklərindən əlavə olaraq SQL
proqramlaşdırma dilini bilməyin də tələb olunduğunu dedilər. Mən həmin dili
bilmirdim, amma bir həftə vaxt verəcəkləri təqdirdə öyrənə biləcəyimi dedim.
Yadımdadır, müsahibəni götürən mütəxəssis 4 gün sonraya növbəti müsahibə təyin
etdi və orda SQL-dən çoxlu suallar verəcəklərini dedi. Növbəti 4 gün dayanmadan
oxudum və müsahibədən uğurla keçdim. İlk bir neçə həftə daha çox öyrənmək və təcrübə
toplamaqdan ibarət idi. Amma qısa zamanda tam olaraq işlərə qoşuldum. Düzdür,
tam ştatlı iş və dərslər bir az çətin olurdu, amma yaxşı qərar idi. Həm bu sahənin
təhsilini alırdım, həm də işdə tətbiq edirdim.
"İş həyatında
magistr təhsilinə xüsusi ehtiyac hiss etdiyimi deyə bilmərəm”
- Tələbəlik
müddətində davamlı işlədiniz?
- Bəli. 8 ay
ilk iş yerində işlədim. Daha sonra tələbəlik dövründə "E-Gov”da və daha iki İT
şirkətində çalışdım.
- İki
magistr təhsili almısınız. İş həyatında bu təhsillərə ehtiyac hiss edirdiniz?
- Əslində, iş həyatında
magistr təhsilinə xüsusi ehtiyac hiss etdiyimi deyə bilmərəm. Mən bakalavr təhsilini
texniki, riyazi sahədə almışdım. İdarəetmə ilə bağlı da biliyim olmasını istəyirdim.
Ona görə, Azərbaycanda informasiya sistemlərinin idarə edilməsi üzrə MBA təhsili
aldım.İkinci magistr
təhsilinə gəlincə isə, texniki sahədə daha qlobal bazarı görmək istəyirdim. Azərbaycanda
yaxşı şirkətlər var, amma əksər şirkətlər daxili bazara fokuslandığından istər-istəməz
sizin yaratdığınız məhsulun miqyası bəllidir. Amma məsələn, "WhatsApp” kimi
platformada məhsulunuzla 2 milyarddan çox aktiv istifadəçiyə çata bilərsiniz.
Daha böyük auditoriyaya məhsul təqdim edən proqramların texniki yükü daha böyük
olur. Bunları ərsəyə gətirmək üçün daha çox elmi və texniki biliyə ehtiyac
duyulur. Bu miqyasda olacaq layihələr mənə daha maraqlı gəlirdi və ona görə
xaricə gəlmək qərarı verdim. Xaricdə magistr oxuyub-oxumamaqla bağlı tam əmin
deyildim. İşləmək üçün də gələ bilərdim. Texniki biliklərim xaricdə işləmək
üçün kifayət idi, iş cəhətdən problem olmayacaqdı. Amma elmi cəhətdən əskikliklər
ola bilərdi. Etiraf etməliyik ki, xaricdə təhsil daha dərindir. Təhsil aldım ki
elm, təhsil baxımdan daha özgüvənli olum. Düşünürəm ki, yaxşı qərar idi.
- Almaniyada
magistr təhsili aldığınız dönəmdə işləməmisiniz. Bəs xərclərinizi necə
qarşılayırdınız?
- (Gülür)
İkinci kursdan Bakıda işləyirdim. Xaricə köçmək qərarı verəndən artıq pul
yığmağa başlamışdım. Bilirdim ki, ilk dövrlər üçün mənə pul lazım olacaq.
"Meta”dan iş təklif
gələndə düşündüm ki...”
- Almaniyada
universiteti bitirəndən sonra iş tapmağınız necə oldu?
- Berlində
"Careem” (Hazırda "Uber” gedir. Çünki sonra "Uber” o şirkəti aldı) şirkətindən
təklif aldım. Həmin ərəfədə başqa şirkətlərdən də iş təklifi almışdım. Amma
"Careem”də görəcəyim iş daha maraqlı idi. Nəticədə, "Careem”də proqram mühəndisi
olaraq işə başladım. 2 il orada çalışdım. Sonra "Meta”dan iş təklifi gəldi.
- Və "yox” demədiniz…
- Təbii ki, demədim.
Bu, mənim istəklərimdən biri idi. Proqramçıların böyük əksəriyyəti istəyər ki,
"Big Tech” dediyimiz, dünyada lider olan bir şirkətdə çalışsın. Çünki onların
işlədiyi innovasiya, orda olan texnologiya tamam fərqlidir. Digər sənayelərin bəlkə
də bir neçə il sonra tətbiq edəcəyi texnologiya ilə siz artıq indi işləyirsiniz.
"Careem”də çalışdığım müddətdə gələcəkdə "Meta”ya (O vaxt şirkətin adı
"Facebook” gedirdi) müraciət etməyi və orda işləməyi planlaşdırırdım. Amma
planımda hələ bir müddət gözləmək də var idi. Çünki "Uber” özü də çox nüfuzlu
şirkətdir və çalışdığım şirkəti aldıqdan sonra çox maraqlı yeniliklər olmağa
başladı. "Meta”dan iş təklif gələndə düşündüm ki, yaxşı vaxtdır. Çünki həm "WhatsApp”, həm də "Instagram” bizneslər üçün daha
böyük platformaya çevrilməyə başlamışdı. Ona görə işlər mənim üçün maraqlı gəldi.
Müsahibədən uğurla keçdim, istədiyim təklifi də aldım və Londona köçmək qərarı
verdim. Düzü, Almaniyada uzun müddət qalmaq fikrim yox idi. Bu iş təklifi köçmək
prosesini sürətləndirdi.
"İndi "WhatsApp
Commerce” üzərində işləyirəm”
- "WhatsApp”da
istifadə etdiyimiz hansı məhsulların ərsəyə gəlməsində sizin əməyiniz var?
- Mənim əməyim
olan məhsulları növbəti illərdə bazarda görəcəksiniz. Əslində, bazarda var, sadəcə
olaraq Azərbaycana gəlməyi bir az vaxt alacaq. İlk böyük miqyaslı işlədiyim
layihə "Multi-Device” adlanır. Hansı ki, "WhatsApp” istifadəçilərinə öz
hesablarını eyni anda bir neçə fərqli cihazda işlətmək imkanı yaradır. Bu, o
deməkdir ki, artıq sizin mobil cihazınız sönsə belə, digər cihazlarda aktiv ola
biləcəksiniz.Platforma
olaraq mən "WhatsApp Business” üzərində çalışıram.
Bu, hazırda bir çox adamın istifadə etdiyi proqram deyil. O, kiçik bizneslər,
biznes adamları üçündür. Amma o proqramla milyon adama mesaj yazmaq mümkün
deyil. Mən işlədiyim "WhatsApp Business” platforması daha böyük bizneslər
üçündür. O bizneslər ki, eyni anda milyonlarla istifadəçi ilə danışır. O mesajı
bir telefonla oturub yaza bilməz. Qısa şəkildə izah etsəm, fiziki olaraq
milyonlarla müştərisi olan bir biznesin "WhatsApp” tətbiqi ilə öz müştəriləri
ilə əlaqə saxlaması, demək olar ki, qeyri-mümkündür. Mən və komandamın ərsəyə gətirdiyi
"WhatsApp Business” platforması böyük şirkətlərə eyni anda milyonlarla müştərisi
ilə əlaqə saxlamaq imkanı yaradır.Sonra artıq baş
mütəxəssis təyin olundum. İndi əsas "WhatsApp Commerce” üzərində işləyirəm. Bu
layihə ilə bağlı əsas hədəfim "WhatsApp”ı hər bir istifadəçinin çox sadə şəkildə
ödəniş edib istədiyi servis və əşyanı sifariş edə biləcəyi bir platformaya
çeviməkdir. Misal üçün "WhatsApp” üzərindən yemək sifariş edə, kontur yükləyə və
s. edə bilərsiniz. Artıq Hindistanda işləyir. Azərbaycana qısa zamanda gəlməyəcək.
Çünki ödəniş sistemlərini ölkəyə gətirmək üçün onun hüquqi prosesləri tam həll
olunmalıdır. Razılaşma olandan sonra ölkə bazarına daxil ola bilər. İnternetdə
oxusanız ki, "WhatsApp” hansısa ölkədə böyük bir kommersiya bazarı yaradır, bilin
ki, bu, mənim və komandamın layihəsidir.
"Deyirlər ki,
bizim "WhatsApp” mesajlarını oxuya bilirsiniz?”
- "Facebook”,
"Instagram”, "WhatsApp” kimi məhsullarından çox adamın istifadə etdiyi şirkətlərdə
çalışanlara dost-tanışların müxtəlif sualları olur. Sizə ən çox hansı sual
verilir?
- (Gülür)
Deyirlər ki, bizim "WhatsApp” mesajlarını orda oxuya bilirsiniz? Bəzən elə
bilirlər ki, "WhatsApp”da işləyən adam istədiyi adamın mesajlarını oxuya bilər.
Amma burda mesajlar şifrələnir. O şifrələnməni geri qaytarmaq olmur. Şifrələnməni
qısa zamanda qırmaq isə mümkün deyil. Orda o qədər riyazi, elmi hesablamalar
var ki, istəsək belə, "WhatsApp” mesajlarınızı oxuya bilmərik.
Aygün Asimqızı