• cümə axşamı, 28 mart, 15:10
  • Baku Bakı 16°C

Vyanada tədbir: Şərqi Tirol Azərbaycanla görüşür

13.11.19 11:30 665
Vyanada tədbir: Şərqi Tirol Azərbaycanla görüşür
Noyabrın 12-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində "Şərqi Tirol Azərbaycanla görüşür" adlı tədbir keçirilib.
AZƏRTACxəbər verir ki, Avstriya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edən tədbirdə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar üzrə Federal naziri Andreas Rayxerdt, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Avstriya Parlamentinin üzvləri, incəsənət xadimləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bildirib ki, iki dövlət arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı nəzərə alınaraq, birgə tədbir həyata keçirilməsi qərara alınıb. Bu tədbir iki ölkənin incəsənət, mətbəx, musiqi və turizm imkanlarını əhatə edib.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında birgə mədəni tədbirlərin iki ölkə və onların regionları, eləcə də hər iki tərəfin insanları arasında bir körpü olduğunu qeyd edərək, ideya müəllifi Avstriya Parlamentinin üzvü Qerald Hauzerə minnətdarlığını bildirib.
Avstriya parlamentində Turizm Komissiyasının sədri Qerald Hauzer Azərbaycan-Avstriya parlamentlərarası işçi qrupda fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycana səfərlər etdiyini və Avstriya ilə bir sıra ortaq cəhətlər gördüyünü xatırladıb. O, iki ölkə arasında turizm sahəsində böyük əməkdaşlıq potensialı olduğunu vurğulayaraq, gələcəkdə bu imkanlardan geniş istifadə ediləcəyinə əminliyini söyləyib.
Tədbirin bədii hissəsində Avstriyanın Şərqi Tirol regionununun "Quqqenberqer bacıları" musiqi qrupu milli proqramla çıxış edib. Sonra Avstriyada yaşayan musiqiçilər Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayev (skripka) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.
Azərbaycan Mədəniyyət Mərkəzində avstriyalı incəsənət xadimləri Harald Vayskopf, Otmar Trost və Peter-Paul Bundşuhun rəsm və heykəltəraşlıq əsərləri sərgilənib.
Tədbirdə, həmçinin hər iki ölkənin mili mətbəxi təqdim olunub.
banner

Oxşar Xəbərlər