• cümə, 29 Mart, 00:50
  • Baku Bakı 7°C

Vyana görüşü Azərbaycanın növbəti diplomatik uğurudur - Fotolar

01.04.19 20:53 722
Vyana görüşü Azərbaycanın növbəti diplomatik uğurudur - Fotolar
Müstəqil Azərbaycanın xarici siyasətində əsas prioritet ölkənin ərazi bütövlüyünü təmin etmək, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdır. Bu münaqişənin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə AzərbaycanınDağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal olunan Dağlıq Qarabağ və ətrafdakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından ümumilikdə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatsa da, işğalçı dövlətin silahlı birləşmələri mütəmadi olaraq atəşkəsi pozur, hətta dinc insanları, o cümlədən körpə uşaqları da hədəfə alırlar. Həmin vaxtdan etibarən Dağlıq Qarabağ münaqişəsinin həlli iləATƏT-in Minsk qrupu məşğul olur. Bu qrupATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından bu qrupun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlıBMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədənBMTBaş Assambleyası,AŞPA,ATƏT, İƏT, həmçinin digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Lakin işğalçı Ermənistan bütün bunlara əhəmiyyət vermir, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur, dünya ictimaiyyətinə sayğısızlıq nümayiş etdirir. Ona görə də Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman bir nömrəli problem - əsas vəzifə kimi qarşıya qoyulur. Azərbaycanın xarici siyasət kursunu reallaşdıran Xarici İşlər Nazirliyi, o cümlədən diplomatlarımızla yanaşı, dövlət başçısı İlham Əliyev də bütün xarici səfərlərində, beynəlxalq əhəmiyyətli tədbirlərdə ən yüksək tribunadan Dağlıq Qarabağ problemi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Bununla bərabər, Prezident İlham Əliyev həmsədr dövlətlərin vasitəçiliyi ilə işğalçı Ermənistanın siyasi rəhbərliyi ilə müxtəlif vaxtlarda görüşlər keçirir, münaqişənin dinc yolla, xüsusən də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün danışıqlar aparır. Cari il martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən daha bir görüş də bu qəbildəndir. İlk növbədə qeyd edək ki, bu görüşü Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirmək olar. Sözügedən görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, Ermənistanda inqilab yolu ilə siyasi rəhbərlik dəyişdikdən sonra işğalçı dövlətin rəsmiləri müxtəlif bəyanatlar səsləndirir, danışıqlar prosesində separatçıların da iştirak etməsinə cəhdlər göstərirdilər. Yəni, Ermənistan tərəfi danışıqların formatının dəyişdirilməsi ilə bağlı absurd iddialar irəli sürürdü. Lakin 9 mart tarixində ATƏT-in Minsk Qrupu həmsədrləri Bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində dəfələrlə formatın dəyişilməzliyini vurğuladı. Beləliklə də Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, diplomatiyamızın gücü sayəsində düşmən ölkənin bu kimi bütün niyyətinin qarşısı alındı, işğalçı ölkənin lideri danışıqlar masasına otuzduruldu. Xeyli müddət keçdikdən sonra Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəsi ilə ilk dəfə, özü də 2 saatdan artıq təkbətək görüş keçirildi. Daha sonra görüşə həmsədrlər və 2 ölkənin xarici işlər nazirləri də qatıldı, toplam 3 saatdan artıq müddətdə danışıqlar aparıldı.

Xüsusilə qeyd olunmalıdır ki, bu görüş danışıqlar prosesinə yeni bir impuls verdi. Nəticə etibarilə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər tərəfindən birgə "3+2” formatında Bəyanat verildi. Bəyanatda qeyd olunur ki, görüş əsnasında danışıqlar prosesinin əsas məsələləri və substantiv məqamları barədə fikir mübadiləsi aparılıb. Sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımlar atılmasının vacibliyi qeyd olunub. Dövlət başçılarının görüşündən əvvəl 2 ölkənin xarici işlər nazirləri arasında 4 dəfə görüş keçirilib. Bu da formatın eyni şəkildə davam etdirilməsinin göstəricisidir. Bəyanatda atəşkəslə bağlı məqamlar da qeyd edilib. Həmçinin atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, substantiv əsaslarla bir-birini tamamlaması vacib şərtlərdəndir, bunlar paralel və davamlı aparılmalıdır.

Danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycanın mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Mövqeyimizin əsasını Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və ölkəmizin ərazi bütövlüyü, suverenliyi təmin olunmalıdır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, işğalçı Ermənistanın "çabalamaları”na baxmayaraq, Vyana görüşü Azərbaycanın növbəti diplomatik uğurudur.

O cümlədən bu səfər Azərbaycan və Avstriya arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısı Avstriya Federal kansleri, Avstriya Prezidenti və vitse-kansleri ilə görüşlər keçirib. 2 ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradılıb. Burada da 2 ölkənin aidiyyatı nazirliləri, işgüzar dairələri bir araya gətirilir. Görüş əsnasında bir daha qeyd olunub ki, Azərbaycan və Avstriya arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Azərbaycan Avstriyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşıdır. İqtisadiyyat, ticarət, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji və texnologiyalar kimi sahələrdə əməkdaşlığın böyük perspektivləri var. Avstriya şirkətləri Azərbaycanda fəal surətdə çalışırlar. Avstriya şirkətləri Azərbaycanda İçəri Şəhərdə bir sıra tarixi abidələrin bərpasında, dağ xizək turizm komplekslərinin yaradılmasında yaxından iştirak ediblər.

Onu da qeyd edək ki, Avstriya rəhbərliyi də Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. Bu səbəbdən də sözügedən səfər Azərbaycanla Avstriya əlaqələrinin hərtərəfli inkişaf etdirilməsi üçün münbit zəmin yaratmış olub. Avstriya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını yaxından dəstəkləyir. Məhz Avstriyanın sədrliyi dövründə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanıb. Nəqliyyat sahəsində 2 ölkə arasında böyük perspektivlər var. Azərbaycanın regionda yaratdığı infrastruktur imkanları Avstriya şirkətlərinin yeni bazarlara çıxışı üçün əlverişli imkanlar yaradır ki, rəsmi Vyana bunda maraqlıdır.

Bütün bunları nəzərə alsaq, Prezident İlham Əliyevin Vyana səfərini həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi, işğalçı dövlətin yenidən danışıqlar masası arxasına cəlb edilməsi, həm də Azərbaycan-Avstriya münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından uğurlu hesab etmək olar.
Alpər TURAN
banner

Oxşar Xəbərlər