Vüsal Qasımlı: İqtisadiyyat məhsuldarlıq əsaslı modelə keçir
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı postkonflikt dövründə keyfiyyət və kəmiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyur. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan iqtisadiyyatının yeni dövrdə inkişaf perspektivləri barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı müsahibə verib.
- Biz postneft dövrünə keçid edirik. Azərbaycanın uğurlu neft strategiyası iqtisadiyyatımız üçün nə verdi?
- Azərbaycanın uğurlu neft strategiyası təkcə iqtisadiyyatın üçqat artımı, sosial rifahın yaxşılaşması, dövlətin strateji qüdrəti, həmçinin dövlət və ordu quruculuğunda deyil, həm də ölkədə əsas fondların dəfələrlə artmasına öz töhfəsini verdi. Əgər böyük neft gəlirlərinin ölkəyə daxil olması ərəfəsində - 2005-ci ildə Azərbaycanda əsas fondlarımızın dəyəri 34 milyard manata çatmırdısa, 2019-cu ildə ölkənin əsas fondlarının dəyəri 210 milyard manata yaxınlaşmışdı. Özü də mədənçıxarma sənayesi ilə yanaşı, əsas fondlar digər sahələrdə, məsələn, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, nəqliyyat və anbar təsərrüfatı, daşınmaz əmlak, emal sənayesi, aqrar sahədə hər birində 10 milyard manata yaxın və ya ondan çoxdur. Beləliklə, biz torpağın altındakı neft ehtiyatlarımızı vaxtında real milli sərvətə çevirə bildik. Etiraf edim ki, hər resursla zəngin ölkə öz potensialını milli sərvətə bu cür çevirməyi bacarmır.Qarşıdakı illərdə Azərbaycanda neft hasilatı azalsa da, təbii qaz hasilatı çoxalır və hələ uzun müddət karbohidrogen ehtiyatlarımızdan faydalanacağıq. Amma qlobal trendə uyğun olaraq Azərbaycan təmiz ətraf mühiti olan "yaşıl artım” ölkəsinə çevrilməyi hədəfləyir.
- Yaradılmış əsas fondlar iqtisadi inkişafa təsiri necədir?
- Əvvəla onu deyim ki, əsas fondların artması onu göstərir ki, yatırılan sərmayə həm köhnəlmə xərclərini qarşılayıb, həm də əsas fondların ümumi həcmini artırıb. İqtisadiyyatın fondla silahlanması ilə yanaşı, indi əsas məsələ həm də iqtisadiyyatda fondverimini yüksəltməkdir. Əgər 2005-ci ildə Azərbaycan iqtisadiyyatının fondverimi 0,37-ə bərabər idisə, yəni hər bir manat fond hesabına 37 qəpik dəyərində ÜDM istehsal olunurdusa, 2019-cu ildə bu göstərici 39 qəpiyə yüksəlmiş, 2020-ci ildə bir qədər enmişdi. Bir sözlə, neft gəlirlərinin hesabına əsas fondlar artsa da, fondverimi təxminən eyni səviyyədə qalır. Bu hal bir daha təsdiqləyir ki, son 17 ildə üç dəfədən də çox artmış Azərbaycan iqtisadiyyatının artımı üçün əsas fondlara yatırılan sərmayə ilə yanaşı, məhsuldarlıq prinsipi önə keçməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev strateji yol xəritələrində məhsuldarlıq-əsaslı modelə keçidi hədəf kimi müəyyənləşdirib. Son on il ərzində, texnoloji tərəqqidə və innovativ investisiyalarda baş verən sürətli artıma baxmayaraq, dünya üzrə də məhsuldarlıq səviyyəsində durğunluq müşahidə edilir. Məhsuldarlıq paradoksunun ən son təcəssümü – texnoloji innovasiyanın məhsuldarlığı artıra bilməməsi ilə bağlı təsəvvür – hazırkı dövrün ən böyük iqtisadi sirlərindən biridir. Klaus Şvab bildirir ki, məhsuldarlıq, uzunmüddətli artımın və həyat standartlarındakı yüksəlmənin ən əhəmiyyətli determinantıdır. Əgər aşağı məhsuldarlıq dördüncü sənaye inqilabı boyunca davam edərsə, o zaman iqtisadi artım da zəif olacaq. Azərbaycan da bu qlobal çağırışla üz-üzədir.
- Deməli, sərmayə ilə yanaşı həm də məhsuldarlıq vacib şərtdir?
- Mən deyərdim ki, uzunmüddətli perspektivdə məhsuldarlıq əsas şərtdir. İqtisadi artım üçün sərmayənin rolu bəlli bir nöqtəyə qədərdir. Uzunmüddətli dönəmdə iqtisadi artımın drayveri investisiya, əmək resursları və təbii ehtiyatlar deyil, məhsuldarlıqdır, yalnız bu halda eyni həcmdə istehsal amili ilə daha çox iqtisadi artımı təmin etmək olar. Əgər iqtisadiyyat səmərəli fəaliyyət göstərsə, sərmayəni də, ixtisaslı əməyi də cəlb edəcək. Bunun üçün ölkədə sabitlik, institutların keyfiyyəti, insan kapitalı, infrastruktur, əlverişli biznes mühiti, bazarlara çıxış, qlobal dəyər zəncirlərində iştirak, inkişafı tətikləyən mədəni kodlar, mədəni-etnik müxtəliflik, identiklik, narrativlər, davranış iqtisadiyyatı və sosial kapital kimi amillər nəzərə alınmalıdır. Hər bir ölkə sadalanan amillərdən yalnız özünəməxsus "buket” hazırlamaqla iqtisadi artımı təmin edə bilər.
- Azərbaycan regionda hər nəfərə düşən sərmayə həcminə görə öndə gedən ölkədir. Belə çıxır ki, qalır sərmayə cəlbi ilə məhsuldarlığı tarazlaşdırmaq?
- "Dünya İnvestisiya Hesabatı - 2020”-də göstərilir ki, 2014-2019-cu illərdə Azərbaycan Rusiya və Qazaxıstanla birlikdə ən çox xarici birbaşa sərmayə cəlb edən keçid ölkələrinin ilk üçlüyündədir. Ən çox xarici birbaşa sərmayə cəlbinə rəğmən, hər üç ölkədə iqtisadi artımın sürətləndirilməsi əsas vəzifədir. Bu faktın özü də göstərir ki, sərmayə cəlbi qədər, sərmayənin effektivliyi də əhəmiyyətlidir. Bütövlükdə, iqtisadiyyatın məhsuldarlıq səviyyəsi iqtisadi artım üçün daha mühüm əhəmiyyət kəsb edir. Belə olmasaydı, son 25 ildə Meksika Polşadan daha çox sərmayə (ÜDM-ə nisbətdə) cəlb etdiyi halda daha aşağı sürətlə iqtisadi artım səviyyəsinə malik olmazdı.Hazırda dünyada sərmayə qoyuluşunda geriləmə var, təsəvvür edin ki, ötən il UNCTAD-ın məlumatına görə birbaşa xarici investisiya həcmi dünyada 42 faiz, inkişaf etməkdə olan ölkələrdə isə daha çox - 69 faiz azalıb. Müqayisə üçün deyim ki, Azərbaycanda sərmayə qoyuluşunun azalması dünya ilə müqayisədə daha yüngül olmuş, əsas fondlara yatırılan sərmayə 2020-ci ildə cəmi 8,3 faiz azalmışdır. Bu il də sərmayə həcmi azalır. İndi əsas məqsəd sərmayə cəlbini artırmaqdır. Xarici sərmayənin Azərbaycanda əlverişli "Doing Business” göstəricisi region səviyyəsində yaxşı sayıla biləcək kredit reytinqləri və makroiqtisadi, ictimai-siyasi sabitliklə yanaşı, həm də dövlət əmlakının özəlləşdirilməsi, xarici bazarlara çıxış imkanı, insan kapitalı və keyfiyyətli infrastruktur kimi amillər də cəlb edə bilər. Azərbaycanın işğaldan azad edilmiş əraziləri də sərmayə məkanı kimi çox cəlbedicidir. Azərbaycan dövlətinin verdiyi təşviqlər, o cümlədən investisiya təşviqi sənədi, xüsusi iqtisadi zonalar, sənaye, aqrar və texno parklar, sənaye məhəllələri, dövlət-özəl tərəfdaşlığı imkanları sərmayə cəlbini stimullaşdırır. Hər bir ölkə sərmayədarlar üçün elə bir şərait təmin etməyə çalışır ki, daha yüksək və davamlı gəlirlilik təmin olunsun.
- Sərmayə cəlbində dövlət və özəl mənbələrin rolu necə olacaq?
- Dünyada texnoloji inqilab və kapitalın mərkəzinin Qərbdən Şərqə yerdəyişməsi, habelə iqlim dəyişikliyi kimi qlobal çağırışlarla bərabər COVID-19 pandemiyasının yaratdığı yeni şərait iqtisadi artım trayektoriyasına təsir göstərir. İqtisadi artımı dəstəkləyən dövlət siyasətinin davam etməsi üçün "fiskal fəza” və institutların keyfiyyəti, habelə rəqəmsal həllər və yaşıl inkişaf paradiqmaları vacib şərtdir. Biznes mədəniyyəti və biznes modeli də yeni dövrün tələbinə uyğun reformat olunmaqla iqtisadi artımda rol alır. Azərbaycanda iqtisadi artımın təmin olunması üçün postpandemiya ilə bərabər, həm də postkonflikt dövrü yeni şərait yaratmışdır. Son 17 ildə üç dəfədən də çox böyümüş Azərbaycan iqtisadiyyatının qarşıdakı 10 ildə daha iki dəfə artması hədəfi, dövlətin qarşıya qoyduğu vəzifələrin, o cümlədən sosial rifah halının daha da yaxşılaşdırılması üçün zəmindir. 2013-cü ildən başlayaraq Azərbaycanda fiskal multiplikator aşağı düşür ki, bu da iqtisadi artımda qeyri-dövlət sərmayələrinə tələbi artırır. Buna görə də, Prezident İlham Əliyevin təsdiqlədiyi "milli prioritetlər” sənədində deyilir ki, milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Beləliklə, ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcək bunun üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Ötən il Azərbaycana yatırılan sərmayənin hər 10 manatından 6 manatı özəl sektorun və 7 manatı daxili mənbələrin hesabına düşüb. Getdikcə biz özəl və xarici sərmayənin cəlbini daha da sürətləndirməliyik. Özü də birbaşa investisiyalarla yanaşı, toxum, vençur, mələk investorların, portfel sərmayələrin, kraudfandinq və kraudinvestinq mexanizmlərinin rolu artırılmalıdır. Rəqəmsal valyuta da sərmayə cəlbində yeni imkan olaraq nəzərdən keçirilə bilər.
- İqtisadi artım üçün yeni nəşr olunmuş kitabınızda "resept” varmı?
- Deyim ki, iqtisadi artımın hazır "resept”i olmur. Bizim kitabda iqtisadi artım məsələsi üç müstəvidə həll edilir. Birincisi, artımın diaqnozu qoyulur, ikincisi, artımla bağlı qərarların verilmə səviyyəsi müəyyənləşir, üçüncüsü, iqtisadi artımın həll üsulu seçilir. Bu üç müstəvi 1974-cü ildə macar professoru Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmaca - Rubik kubunu xatırladır. Biz "İqtisadi artım” kitabında bu məsələyə ayrıca toxunmuşuq. Rubik kubunun "artım diaqnozu” adlanan müstəvisində institutlar, texnologiya, biznes modeli, klassik artım amilləri (torpaq, kapital və əmək), mədəniyyət və coğrafiya kimi altı xana yerləşir. Rubik kubunun "siyasət səviyyə”ləri müstəvisində altı xana var: mikro, mezo, əyalət, makro, regional və qlobal. Nəhayət, Rubik kubunun "həll üsul”ları müstəvisində xanalar bunlardı: problemin hərəkətə gətirdiyi və iterasiya olunan adaptasiya (PDIA) və həll və liderin hərəkətə gətirdiyi yanaşma (SLDA). Beləliklə, biz "İqtisadi artım Rubik kubiki” yaratmış oluruq. Rubik kubunun sürətli quraşdırılması – spidkubinq kimi iqtisadi artımın da diaqnoz, səviyyə və həll üsulundan asılı olaraq düzgün kombinasiya edilməsi vacibdir. Burada ən əsası çoxlu variantların içərisində düzgün kombinatorikanı etməkdir. Hazırda Azərbaycanda iqtisadi inkişafla bağlı üç mühüm sənəd hazırlanır: 2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası, Rəqəmsal transformasiya konsepsiyası, işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hər üç sənədlə bağlı təkliflərini hazırlayıb.
- İqtisadi inkişaf üçün inam nə qədər rol oynayır?
- Azərbaycan növbəti dönəm üçün yeni narrativlə yeni hədəflərə səfərbər olunmalıdır. Məsələn, ulu öndər Heydər Əliyevin yaratdığı uğurlu yol - neft strategiyası ölkəmizə yeni investisiya dalğası üçün cəlbedici narrativ ola bilər. Müstəqillik dövründə illik 10 milyard dollara qədər investisiya cəlb edərək iqtisadiyyatını üç dəfədən də çox böyütmüş Azərbaycan yeni sərmayə dalğasına investorları inandıra bilər. Məşhur filosof Fukuyama da deyir ki, iqtisadiyyat inamın üzərində qurulur. Müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev böyük investorları Azərbaycana sərmayə yatırmağa inandıra bildi. Çünki onun şəxsiyyətinə, liderliyinə, qurduğu uğurlu yola və sözünə inandılar. Hazırda qalib dövlət kimi Azərbaycan daha çox inam qazanıb. Siyasət mümkün olanların əldə edilməsi sənətidir, amma Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordu-Dövlət-Xalq birliyi mümkün olmayanı reallaşdırdı və özgüvəni artırdı. Kompleks islahatlar və inam hissi sərmayə cəlbini artıra bilər.
- Amma dünyada yalnız iqtisadi artım deyil, həm də bərabərsizlik problemi var...
- İqtisadi artım iqtisadi və sosial inkişafla nəticələnəndə, davamlı və inklüziv olanda, ətraf mühitə təsirləri minimuma enəndə və nəhayət Soljenitsinin sözlərilə desək, "məhvedici” olmayanda daha arzuolunandır. Bir sözlə, iqtisadi artım özlüyündə son məqsəd deyil, davamlı inkişaf üçün vəsilədir. Harvard Universitetinin professoru D.Rodrik bildirir ki, xüsusən də COVID-19 pandemiyası şəraitində inkişaf etməkdə olan ölkələrdə aşağı ixrac xammalı qiymətləri, kapital axını, pul baratlarının azalması və ticarət şərtinin pisləşməsi əhalinin sosial müdafiəsini daha da çətinləşdirir. Rodrikin fikrincə, buna görə də iqtisadi artımda inklüzivlik və bərabərliyin təmin olunması önə çıxmalıdır. Digər Harvard professoru və mənim müəllimim olmuş M.Endryus da hesab edir ki, inklüzivlik iqtisadi artıma müsbət təsir göstərir. BMT-nin davamlı inkişaf məqsədləri də inklüziv artımın təmin edilməsini hədəfləyir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2018-ci ildə hazırlanmış "İnklüziv iqtisadi artım siyasəti çərçivəsi” sənədində göstərilir ki, qloballaşma, rəqəmsallaşma, demoqrafik və iqlim dəyişiklikləri iqtisadi artım üçün yeni imkanlar açsa da, qeyri-bərabərliyin artması riskini ortaya qoyur.Qarşımızda yeni üfüqlər açılıb. ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın belə bir fikri vardı ki, "İnsanın zəkasının, təxəyyülünün və təəccübünün həddi olmadığı üçün artımın da həddi yoxdur”. Əgər belə olmasaydı bizim era başlayanda cəmi 183 milyard dollar olan dünya iqtisadiyyatı hazırda 100 trilyon dolları keçdiyi halda, iqtisadi artım yenə də əsas müzakirə mövzusu olmazdı. Təsəvvür edin ki, 1820-ci ildə dünyada adambaşına düşən ÜDM 1102 ABŞ dolları olduğu halda, 2018-ci ildə bu göstərici 15 dəfə çox – 15 min 212 ABŞ dolları təşkil edib. İqtisadi artım xüsusən son 50 il ərzində daha yüksək tempə malik olub. İqtisadi artımın sürəti regionlar və ölkələr üzrə kəskin fərqlənməyə başlayıb. Adam Smitdən başlayaraq günümüzə qədər verilən "niyə dövlətlərin gəlir səviyyələri fərqlidir?” sualına yekcins cavab yoxdur. Bəlkə də buna görədir ki, Adam Smitin yaşadığı dövrdə ən varlı və ən kasıb ölkələrin hər nəfərə düşən gəliri cəmi dörd dəfə fərqlənirdisə, indi ən varlı Monako və ən kasıb Burundinin hər nəfərə düşən ÜDM həcmləri 711 dəfə fərqlənir. Başqa sözlə, Burundinin adambaşına gəlirini iki dəfə artıranda Madaqasqar, Madaqasqarın adambaşına gəlirini iki dəfə artıranda Nepal, Nepalın adambaşına gəlirini iki dəfə artıranda Qana, Qananın adambaşına gəlirini iki dəfə artıranda İordaniya, İordaniyanın adambaşına gəlirini iki dəfə artıranda Kuba, Kubanın adambaşına gəlirini iki dəfə artıranda Latviya, Latviyanın adambaşına gəlirini iki dəfə artıranda Yaponiya, Yaponiyanın adambaşına gəlirini iki dəfə artıranda İsveçrə və nəhayət İsveçrənin adambaşına gəlirini iki dəfə artıranda Monakonun səviyyəsinə çatmaq olar. 2019-cu ildə yüksək gəlirli ölkələrdə adambaşına ÜDM 44 min 613 dollar, yuxarı orta gəlirli 9014 dollar, orta gəlirli 5562 dollar, aşağı orta gəlirli ölkələrdə 5071 dollar və aşağı gəlirli ölkələrdə 810 dollara bərabər olub. Gəlir fərqləri təkcə dövlətlərin deyil, insanların, şirkətlərin və cinslərin də arasında artır. OXFAM-ın hesablamlarına görə, dünyanın ən varlı 1 faiz əhalisinin sərvəti 6,9 milyard insanın sərvətindən iki dəfə daha çoxdur.
- Prezident İlham Əliyev həm də iqtisadi diplomatiyanın qarşısında yeni vəzifələr qoymuşdur. Bu barədə nə demək olar?
- Ərazilərimizin işğaldan azad olunmasından sonra xarici siyasətimizdə ölkənin iqtisadi-ticari maraqlarının reallaşdırılması üçün daha böyük imkanlar yaranır. Bu baxımdan yenilənmiş diplomatik korpusun, səfirlərimizin qarşısında dayanan əsas məsələlərdən biri də, ölkəmizə sərmayə cəlbində və qeyri-neft ixracının artırılmasında daha çox töhfə verməkdir. İİTKM bir beyin mərkəzi olaraq bu sahədə analitik materialların təqdim olunması, həm də "Azexport”, "EnterpriseAzerbaijan.com” və Rəqəmsal Ticarət Qovşağı kimi innovativ təşəbbüsləri ilə diplomatik korpusla əməkdaşlıq edir. Azərbaycanın xaricdəki ticarət və turizm nümayəndəlikləri iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi və iqtisadi maraqların qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində fəaliyyətlərini gücləndirməlidirlər. Eyni zamanda, hökumətlərarası komissiyalar, beynəlxalq və regional təşkilatlarda təmsilçilik, Ələt Azad İqtisadi Zonası, AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti və başqa mexanizmlər vasitəsilə sərmayə cəlbi, qeyri-neft ixracının artırılması və ölkəmizin qlobal dəyər zəncirlərinə qoşulması üçün imkanlar genişdir. Qarabağda bərpa-quruculuq fəaliyyəti də iqtisadi diplomatiyamızın maraq dairəsindədir. Beləliklə, dövlət hakimiyyətinin bütün qolları, xüsusən də xarici siyasət və iqtisadi blokun əl-ələ verib iqtisadi diplomatiyanı yeni səviyyəyə qaldırması zərurəti var.
- Azərbaycanın nəqliyyat-logistika imkanlarını yeni reallıqda necə qiymətləndirirsiniz?
- Ən böyük kontinental imperiya olmuş monqol imperiyası və müasir dövrün iqtisadi möcüzəsi Sinqapur şəhər-dövlətini müqayisə etməklə, geotexnoloji rəqabətin getdiyi müasir dövrdə daha çox nələrə fokuslanmağı aydınlaşdırmaq olur. Təkcə ərazinin ölçüsü yox, onun üzərində qurulan iqtisadiyyat və ərazinin strateji əhəmiyyəti də nəzərə alınmalıdır. Hazırda Sinqapur və Monqolustanın hər vahid əraziyə ÜDM istehsalı birincinin xeyrinə 50 min dəfə fərqlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan "çətin qonşuluq” və "dənizlərə birbaşa çıxışın olmaması” kimi coğrafi məhdudiyyətlərini üstünlüyə çevirməyi bacardı. Qərb sərhədlərimizdə Qarabağ zəfəri və şərq sərhədlərimizdə Xəzərin statusunun müəyyənləşməsi ilə yeni geosiyasi və geoiqtisadi reallığa daxil olmuşuq. Regional kommunikasiyaların açılması ilə Azərbaycan daha böyük imkanlar əldə edəcək. Dünya Bankı Avrasiyada 30 ölkənin Rotterdam və Şanxaya bir konteyner göndərməsi üçün xərclərini müəyyənləşdirib və aydın olub ki, Azərbaycan ən yaxşı ilk beşlikdədir. Xüsusən də, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətində yeni imkanlar qazanacaq. 123,8 kilometr və 4-6 hərəkət zolaqlı Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və Araz boyunca dəmir yolunun çəkilməsi, eyni zamanda, Qarsla Naxçıvanı birləşdirən kommunikasiyaların gücləndirilməsi "Zəngəzur dəhlizi”ni Böyük İpək Yolunun üzərində mühüm həlqəyə çevirir. Bu yaxınlarda Özbəkistanda beynəlxalq konfransda Mərkəzi Asiya və Cənub-Şərqi Asiya ölkələrinin bu dəhlizə necə maraq göstərdiyinin şahidi oldum. Avrasiyanın digər iri oyunçuları Avropa İttifaqı, Türkiyə, Rusiya və İran da Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlıdırlar. Çünki Azərbaycanın öz gücünə təklif etdiyi nəqliyyat-logistika infrastrukturu həm məsafələrin qısalması, həm də təhlükəsizlik və şaxələndirmə baxımından xarici dövlət və biznes dairələrinin diqqətini cəlb edir. Xəzərin sahilində ən böyük dəniz limanı, altı beynəlxalq aeroport, 20 hava xətti, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən dünyada 24-cü ən keyfiyyətli yollar, 11-ci dəmir yolu xidməti, 12-ci hava yolu xidmət olan Azərbaycan mühüm nəqliyyat-logistika habıdır.