• cümə, 19 Aprel, 17:20
  • Baku Bakı 25°C

Vüqar Xəlilov: Beynəlxalq təcrübəyə istinad mühüm əhəmiyyət daşıyır - MÜSAHİBƏ

04.11.22 12:18 1245
Vüqar Xəlilov: Beynəlxalq təcrübəyə istinad mühüm əhəmiyyət daşıyır - MÜSAHİBƏ

Media Təhlil Mərkəzinin (MTM) direktoru Vüqar Xəlilov Heydər Əliyev Mərkəzi və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə Media Təhlil Mərkəzi tərəfindən mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil olunan master-klasla bağlı müsahibə verib. Kaspi.az "AzərTac"a istinadla Müsahibəni təqdim edirik.

- Vüqar müəllim, MTM-in mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil etdiyi master-klass başa çatdı. İndiyə qədər Azərbaycanda jurnalistlər üçün müxtəlif təlimlər keçirilsə də, Sizin təşkil etdiyiniz master-klass formatına görə daha fərqli idi. Bu barədə nə deyə bilərsiniz?

- Əvvəlcə onu deyim ki, MTM-in əsas missiyalarından biri Azərbaycan media məkanının, dövlət və qeyri-hökumət qurumlarının kommunikasiya siyasətinin təhlil və araşdırmalarının aparılması, onların fəaliyyət səmərəliliyinin yüksəldilməsi məqsədilə təkliflərin hazırlanmasıdır. Bundan başqa bizim məqsədlərimizə ölkədə həyata keçirilən media islahatlarına töhfə vermək, medianın hazırki dinamik mühitdə inkişafını təşviq etmək, jurnalistlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək də daxildir. Bu baxımdan təşkil etdiyimiz master-klassa Heydər Əliyev Mərkəzinin və Medianın İnkişafı Agentliyinin dəstək verməsi bizi çox məmnun etdi. Master-klassın əsas özəlliyi onun Azərbaycanda ilk dəfə və məhz mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilməsi idi. Təbii ki, hər bir layihənin hədəfləri olur. Bizim də hədəfimiz mətbuat xidmətlərinin rəhbərlərinin fəaliyyətinin daha da təkmilləşdirilməsinə və inkişafına töhfə vermək idi və düşünürəm ki, biz hədəfimizə çatdıq. Bundan başqa master-klassı fərqləndirən cəhət orada müzakirə olunan mövzular idi. Xüsusi hazırlanmış proqrama vacib nəzəri mövzularla yanaşı, peşəkar müzakirələrin aparılması da daxil edilmişdi. Əlbəttə, press-relizlərin hazırlanma formasını, sosial media təşəbbüslərinin inkişaf etdirilməsini də unutmamaşdıq. Çünki bunlar media orqanları rəhbərlərinin gündəlik fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, həftənin yeddi gününü mediaya məlumat verən peşəkar mətbuat ofisinin təşkili, jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması, onların suallarına vaxtında dəqiq cavabların verilməsi də master-klassın proqramına salınmışdı. Təbii ki, biz bu mövzuların tədrisində beynəlxalq təcrübəyə əsaslanmışdıq. Məsələn, Britaniya və Amerikadakı hökumət qurumları, həmçinin, UNICEF kimi beynəlxalq təşkilatlar tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar vebsaytın təşkili, inandırma psixologiyası kimi aktual mövzulara istinad etmişdik.

- Niyə məhz mətbuat xidmətlərinin rəhbərləri?..

- Layihənin məqsədi mümkün qədər dövlət və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətlərinin informasiya ilə düzgün işləmə vərdişlərinə yiyələnməsinə nail olmaq idi. Çünki mətbuat xidməti rəhbərlərinin informasiya ilə düzgün işləməsi həlledici və vacibdir. Onların rəsmi məlumatları düzgün formada təqdim etməsi cəmiyyətdə obyektiv mövqenin də formalaşdırmasına səbəb olur. Məhz bu səbəbdən də biz diqqəti mətbuat xidmətlərinin işinin təşkilinin müasir üsul və vasitələrdən yararlanaraq səmərəli təşkilinə yönəltmişdik. Fikrimcə, təşkil etdiyimiz master-klass bu baxımdan faydalı oldu. Əminəm ki, bu master-klass mətbuat xidmətlərinin rəhbərlərinə informasiya məkanında baş verən bütün dəyişikliklərdən xəbərdar olmaq imkanı yaratmaqla, onların məlumatla işləmək bacarıqlarının artırılmasına və təkmilləşdirilməsinə də imkan verəcək.

- Sizcə, master-klassın keçirilməsini zəruri edən daha hansı səbəblər oldu?

- Siz də yaxşı bilirsiniz ki, indi dünya sürətlə dəyişir. Ölkələrin inkişaf dinamikası özlüyündə bir çox sahələrdə yeni, müasir trendlərin yaranmasına gətirib çıxarıb. Media da bu dəyişikliklərin tərkib hissəsidir və düşünürəm ki, ən çox sürətlə dəyişən sektor olmaq etibarilə media müasir islahatlara açıq olmalıdır. Bunun əksi yoxdur. Daha çox öyrənmək, müasir texnologiyaların tətbiqi, informasiya ilə işləmək bacarıqlarının təkmilləşdirilməsi indi həmişəkindən daha çox vacibdir. Azərbaycanın müasir, eyni zamanda, özünəməxsus inkişaf modeli var. Biz də media dəyərlərimizi də bu modelə uyğunlaşdırmalıyıq.

- Beynəlxalq təcrübəyə toxundunuz. Bildiyimiz qədər, master-klassı Britaniyadan dəvət olunan mütəxəssis aparıb.

- Bəli, master-klassı London şəhər Universitetinin jurnalistika üzrə professoru Barni Consa etibar etməyimiz təsadüfi deyil. O, olduqca təcrübəli jurnalistdir və yüksək media biliklərinə malikdir. Cənab Cons Britaniyanın “The Media Society” təşkilatının vitse-prezidentidir və İcmalar Palatasında media məsləhətçisi kimi çalışır. O, xaricdə yayım bacarıqlarını tədris etməklə yanaşı, "yaxşı idarəçilik" aspektlərini də təbliğ edir. Barni Cons Böyük Britaniyada “The Andrew Marr Show” və “Breakfast with Frost” siyasi xarakterli televiziya proqramlarının yaradıcısı və aparıcısı olub. Həmçinin, müstəqil radio müxbiri kimi çalışıb, sonradan BBC-də bəzi layihələr üzərində işləyib. Bir çox siyasi xadimlərdən də müsahibələr götürüb.

- Yəqin ki, sizin onunla tanışlığınız BBC-dəki fəaliyyətiniz dövrünə təsadüf edib...

- Bəli, düz qeyd etdiniz. Bu, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlinə təsadüf etmişdi. O zaman dünyada indiki kimi hadisələr sürətlə cərəyan edirdi. SSRİ-nin dağılması fonunda yeni dünya düzəni qurulurdu. Bu vəziyyət beynəlxalq medianın qarşısında yeni tələblər qoymuşdu. Hamımız xəbərin operativliyinə köklənmişdik, lakin bu, əslində, həyatın dinamikasının dəyişilməsi demək idi. Xatırlayıram ki, dünyanın transformasiyası SSRİ məkanında yeni nəsil jurnalistlərin yaranmasını da şərtləndirmişdi və biz də o prosesin içində idik. Qərb mediası SSRİ-nin siyasi nomenklaturasında gedən siyasi təlatümləri diqqətlə izləyirdi. O zaman “Azadlıq” radiosunda çalışırdım. 1991-ci ildə Sovet İttifaqında dövlət çevrilişinə cəhdin baş verdiyi Moskvadakı Ağ Evin qarşısından tarixə “avqust qiyamı”, yaxud “QKÇP qiyamı” kimi düşən hadisələr, o cümlədən, ermənilərin Qarabağda başlatdığı və tədricən qanlı münaqişəyə gətirib çıxaran müharibə haqqında Qərb ictimaiyyətini məlumatlandırırdım. Sonra BBC dövrü başladı. Bu dövr də mənim üçün yeni mərhələ idi. O vaxt BBC-ni Kremlin və parlamentin tədbirlərini işıqlandıran jurnalist qrupunda təmsil edirdim və bu dövrdə Mixail Qorbaçov, Boris Yeltsin və Soljinitsindən müsahibələr almışdım. O da yadımdadır ki, Moskvada onlarla insanın həlak olduğu, yüzlərlə insanın girov götürüldüyü Dubrovka hadisəsi, 2000-ci ildə “Kursk” atom sualtı qayığının qəzaya uğraması ilə müşayiət olunan faciə barədə ilk məlumatları dünya ictimaiyyətinə çatdırmışdım. Bütün bunları ona görə deyirəm ki, mediada beynəlxalq təcrübədən istifadə böyük əhəmiyyət daşıyır və bu təlimi keçirməkdə məqsədimiz həmin təcrübəni yerli mediamızla paylaşmaq, onların fəaliyyətinə ciddi töhfə vermək idi.

banner

Oxşar Xəbərlər