• şənbə, 20 Aprel, 16:07
  • Baku Bakı 23°C

Voleybol üzrə Avropa çempionatında yığmamız favoritdir

16.09.17 09:10 1389
Voleybol üzrə Avropa çempionatında yığmamız favoritdir
Uzun müddət zədə səbəbindən məşqlərdə iştirak edə bilmədim. Ona görə də bir həftə müddətində yarışlara tam hazır vəziyyətdə olacağımı düşünürəm.
AZƏRTACxəbər verir ki, bu sözləri Bakıda təşkil ediləcək voleybol üzrə Avropa çempionatında mübarizə aparacaq Azərbaycan millisinin kapitanı Odina Bayramova bildirib.
Yığmamızın digər voleybolçusu Yelizaveta Səmədovanın uğurlu çıxışının onu qıcıqlandırmadığını vurğulayan Odina Bayramova deyib: "Onu özümə rəqib saymıram. Kim yaxşı formadadırsa, o da əsas heyətdə oynasın. Y.Səmədova ona verilən tapşırıqları layiqincə yerinə yetirir. Voleybolçu kimi ona böyük hörmətim var. Ancaq voleybolda hər şey ola bilər. Oyunun gedişində vəziyyətə uyğun olaraq bir-birimizi əvəzləyə bilərik. Komandamızda həmişə topun qəbulu ilə bağlı problem olurdu. Çünki hər zaman daha böyük məsuliyyət mənim və Valeriya Məmmədovanın üzərinə düşürdü. İndi Y.Səmədovanın parlaq çıxışı sayəsində belə problem aradan qalxıb. İndi üzərimizdə böyük təzyiq yoxdur”.
Oyunun dinamik alınmamasının heyətdə Natalya Məmmədova və Polina Rəhimova kimi ucaboy hücumçuların olmasından irəli gəldiyini bildirən O.Bayramova qeyd edib ki, onlar hündür toplara zərbə endirməyə üstünlük verir. Qələbə üçün dinamik oyun vacib şərt deyil. Bizim özümüzəməxsus oyun üslubumuz var.
Azərbaycan millisinin kapitanı Avropa çempionatında yığmamızın favorit olduğunu bildirib: "Əsas heyətdə kimlərin olacağını deyə bilmərəm. Ancaq Natalya, Polina və Valeriyanın 100 faiz ilk altılıqda yer alacağı dəqiqdir. Favorit kimi yığmamızın adını çəkə bilərəm. Çünki başqa güclü komandaların ciddi problemləri var. Bir çoxunun zədəli oyunçuları mövcuddur. Serbiyanın əsas top paylayıcısında dopinq aşkarlanıb. Amma bunlar bizi arxayınlaşdırmamalıdır. Biz öz oyunumuza baxacağıq”.
Xatırladaq ki, sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda və Gürcüstanda təşkil ediləcək qadınlar arasında voleybol üzrə Avropa çempionatında Azərbaycan yığması Polşa, Almaniya və Macarıstan komandaları ilə birlikdə "A” qrupunda yer alıb.
banner

Oxşar Xəbərlər