• çərşənbə, 24 Aprel, 03:57
  • Baku Bakı 14°C

“Övlad öz valideynini arxasında deyil, yanında bilməlidir” - Mənim balam

17.04.20 13:45 4138
“Övlad öz valideynini arxasında deyil, yanında bilməlidir” - Mənim balam
Sevinc Fədai: Uşaq hansı yaşını yaşamırsa, gələcəkdə mütləq həmin illəri yaşamaq istəyir
Onunla söhbətdə fərqli dünyanın qonağına çevrilirsən. Deyir ki, bəzən qadınlar özlərini təsdiq edə bilmədikdə, övladının uğurları ilə özünü olduğu mühit və cəmiyyətdə təsdiq etdirmək istəyir. Yəni mən bu uğur qazanan uşağın anasıyam. Burda əsas özünü vurğulamaq olur. Sosial şəbəkələrdə valideynlər uşağının ancaq uğurunu paylaşır. Halbuki, uşağa uduzmağı da qəbul etməyi öyrətmək lazımdır...
Müsahibimiz Qadın və Uşaq Akademiyası İctimai Birliyinin rəhbəri, jurnalist və ən əsası, 5 yaşlı Ucalın anası Sevinc Fədaidir. Onunla müsahib kimi görüşsəm də, söhbətimizin sonunda, əslində, iki ana kimi dərdləşdiyimizin fərqinə vardım. "Qadının dilindən yenə də qadın anlar" deyimi, yəqin ki, burda yerinə düşər.
- Ana olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Mən ana olacağımı biləndə də, Ucal dünyaya gələndən sonra da daha çox bunun məsuliyyətini hiss etdim. Təsəvvür edin ki, bir insanın həyatı sənin əlindədir və sən onu istədiyin şəkildə yetişdirə bilərsən. Mənə görə, analıq hissi, övlada sevgi növbəti mərhələdə yaranır. Ona toxunduqca, yedizdirdikcə, qucağına aldıqca, ağlayanda sakitləşdirdikcə, daha çox ana olduğunu hiss etməyə başlayırsan.

Ana olmaq gözəl bir hissdir. Məsələ mükəmməl ana olmağa çalışmaq deyil, biz bilmədən səhv də edə bilərik. Əsas övladınla aranda sağlam bağ yarada bilməkdir. Uşaq özü də körpəlikdən qucaqlanmaq istəyi ilə o bağı yaratmağa meyilli olur. Bu sevgi və bağ həm də övladında özgüvən hissi yaradır, uşaq özünü mənən güclü hiss edir.

Analıq mənim özümə qarşı da məsuliyyət hissimi artırdı. Artıq həyatına, yaşam tərzinə bir ana, himayəndə daha bir insanın olduğu qadın kimi yanaşırsan. Analıq məni səbirli və qərarlarımda daha qətiyyətli etdi. Ucal dünyaya gələndən sonra daha çox təmkinli oldum. Bunu mənə təkcə ana olmağım qazandırmasa da, bütün hallarda həyatda nə yaşamağıma baxmayaraq, ən böyük qazancım elə təmkinli davranmağı öyrənməyim oldu. Əvvəllər baş verən hadisələrə daha emosional yanaşırdım.


banner

Oxşar Xəbərlər