AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Virusu tanıt, məsuliyyət duyğusunu oyat, davranışını dəyiş, sosial güvəncə ver, evdə tut!

Virusu tanıt, məsuliyyət duyğusunu oyat, davranışını dəyiş, sosial güvəncə ver, evdə tut!

Təfsilat
10 Aprel 2020, 15:45 250
Biz bu gün çətin və qorxulu imtahan günlərində yaşayırıq. Bilərəkdən fəlakət, müsibət, bəla sözlərini seçmədim. Məncə, bu sözlər insanları qorxudur, onları passivləşdirir, ağıl və duyğu gücündən istifadə imkanlarını azaldır. Ona görə də, imtahan sözünü seçdim. Bu söz insanı bir savaşda hiss etdirir, ağıl və duyğularını hərəkətə keçirir, ona deyir ki, sən vəziyyəti doğru dəyərləndirsən, elmli olsan, hərəkətə keçsən, bu savaşda qalib gələ bilərsən. (Qeyd edim ki, uca Allah Qurani-Kərimdə insanın yaradılış məqsədlərini açıqlayarkən bu ölçüləri qoymuşdur: yalnız uca Allaha itaət, yer üzünün xəlifəsi olmaq, imtahan, dua, insanları xeyir işlərə yönəltmək (xeyiri çoxaltmaq), pisliklərdən çəkindirmək).
AZƏRTAC filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacının koronavirusla bağlı hazırladığı birinci yazını təqdim edir.
Mən çətin və qorxulu imtahan dedim. Çünki qeyri-müəyyənlik var. İnsanlığı təhdid edən virusun aşısı – peyvəndi, dərmanı hələlik tapılmayıb. Qeyri-müəyyənlik qorxuya, qorxu çaşqınlığa, çaşqınlıq tədbirsizliyə yönəldir, bu hal da insanı əllərini açaraq onu ölümə çağıran virusun qucağına atır.
Bir imtahanın üç işi var: o, güclünü zəifdən, elmi olanı cahildən, yaxşını pisdən seçir. Bu virus da seçəcək, hər kəsin boyası ortaya çıxacaq. Cəsurlar, fədakarlar, paylaşanlar, şəfqət və mərhəmətlilər, insanlara ümid verənlər də ortaya çıxacaq, qorxaqlar, eqoistlər, xəsislər, acımasızlar, şarlatanlar, insanları dəhşətə salanlar da ortaya çıxacaq. İkincisi, imtahanın işi öyrətməkdir. Bu virus da bizi öyrədəcək. Hər şeydən öncə özümüzü və həqiqəti tanıyacağıq. Üçüncüsü, bir imtahan inkişaf etdirir. Ağıllı, elmli, məsuliyyətli olanlar bu imtahandan zəfərlə çıxıb, irəliyə doğru bir addım atacaqlar.
Bu çətin və qorxulu imtahan günlərində insanlar tez-tez soruşurlar: virusdan canımız nə vaxt qurtaracaq? Bu sualın ortaya çıxmasının iki önəmli səbəbi var: a) virusu doğru tanımamaq; b) şəxsi məsuliyyətini qavramamaq. İnsan bu iki dəyərdən (qavrama və məsuliyyətdən) məhrumdursa, dövlət hansı tədbiri alırsa alsın, ciddi nəticə verməyəcək, virusun ömrü uzanacaq, o, can almağa davam edəcək. Belə düşünün: bir qabınız var, onu bol suyu olan bir bulağın altına qoymusunuz, ancaq qabınız dolmur, çünki qabınızın altı deşikdir. Siz ya qabınızın deşiyini tutmalısınız, ya da qabınızı dəyişdirməlisiniz (bir az bədii yazıram, bunun da səbəbi var, mənə elə gəlir ki, insanların virusu olduğu kimi tanımamasının, təhlükəni yetərincə hiss etməməsinin bir səbəbi də onun haqqında danışanların dil və üslub yetərsizliyidir. Hər axşam təxminən eyni adamlar eyni cümlələrlə, insanların ağıl və duyğularını hərəkətə keçirmək gücü olmayan biçimdə virus haqqında danışırlar).
Unutmayaq ki, bu dövr həm də bir zehniyyət dəyişikliyi dövrüdür. Virus bu dəyişikliyi sürətləndirdi. Bunun zehniyyət dəyişikliyi dövrü olmasının ən açıq göstəricilərindən biri də odur ki, elm, savaş, ölüm kimi anlayışları önə çıxarmışdır. Bütün zehniyyət dəyişiklikləri sancılı olur. Bir-birinə zidd anlayışları ortaya çıxarır. Bu proses alimin, elmin dəyərini açıq bir biçimdə ortaya çıxardığı kimi, cəhalətin gətirdiyi fəlakəti də göstərir. Bu virus elmin, alimin dəyərini bizə tanıtdı, elə deyilmi?! Bu virus bizə uca Allahın Qurani-Kərimi niyə namaz qıl, oruc tut, zəkat ver, iman et əmrləri ilə deyil, "Oxu!” əmri ilə başladığını öyrətdi, elə deyilmi?!
Mənim bu virusdan canımız nə zaman qurtaracaq sualına cavabım belədir: Təsəvvür edin ki, bir meşə alov-alov yanır, bu alovun sönməsinin iki şərti var: meşədəki bütün ağaclar yanıb kül olacaq, ya da biz bu alovla savaşacağıq.
İnsan ağıllı, vicdanlı, mərhəmətli varlıqdır, həm də həyatı ölüm təhlükəsi ilə qarşı-qarşıyadır. Bu halda, yanğınla (virusla) savaşı seçməlidir. İnsanların bir çoxu bu gerçəyi qavradığından virusla savaşır. Ancaq önəmli bir hissəsi də bu savaşda iştirak etmək istəmir. Onların bu davranışı hamımızın həyatına təsir göstərir, çünki biz bir-birimizdən asılıyıq. Bu önəmli kəsimin virusla savaşmaq istəməməsinin səbəbi virusu tanımamaq və məsuliyyətini dərk etməməkdir (burada məsuliyyətin dərəcəsini də ifadə etmək istəyirəm: bir həkim virusa yaxalanmış bir xəstə qarşısında özünü necə hiss edirsə, biz də elə hiss etməliyik. O, bir anlıq məsuliyyətini unutsa, ilk növbədə özü də virusa tutulacaq, virusun daşıyıcısı olacaq, onun əsgərinə çevriləcək).
Unutmayaq ki, kürəsəl yanğını fərdi, ya da milli (ayrı-ayrı dövlətlər, millətlər biçimində) həll etmək imkansızdır. Bu, kollektivin, yer üzündəki bütün insanların iştirakı, əməyi, həmrəyliyi, mübarizəsi, məsuliyyəti ilə qazanılacaq bir savaşdır. Hər kəs anlamalıdır ki, fərdi qurtuluş yoxdur.