AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Virusa qarşı yeganə silahımız

Virusa qarşı yeganə silahımız

Cəmiyyət
20 Fevral 2021, 12:00 376
Həkimlər vətəndaşları tərəddüd etmədən peyvənd olunmağa çağırırlar
 
 
Yanvarın 18-dən etibarən ölkəmizdə COVİD-19 virusuna qarşı peyvəndləməyə başlanılıb. Azərbaycan vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasındadır. Artıq 11 aydır ki, pandemiya ilə mübarizə aparır, normal həyatımıza qayıdacağımız günləri səbirsizliklə gözləyirik. "Dünən”ə kimi xəstəliyin peyvəndinin tapılmasını arzulayır, ona xilaskar kimi baxırdıq. Bu gün isə peyvəndlə bağlı fikirlərimiz birmənalı deyil. Peyvəndlənmək üçün növbəsini gözləyənlərlə yanaşı, etiraz edənlər, onun yan təsirlərindən qorxduqları üçün "mən vurdurmayacağam” deyənlər də az deyil. Bəs hazırda vəziyyət necədir? İnsanlar peyvəndlənməyə maraq göstərirmi? İndiyə qədər peyvənd edilənlər arasında yan təsirlərə məruz qalanlar varmı?

Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı "COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda bildirib ki, Azərbaycan vaksinasiya prosesinə uğurla başlayıb: "Azərbaycanda yanvarın 18-dən səhiyyə işçilərinin vaksinasiyasına başlanılıb və onların 80 mindən çoxu peyvənd olunub. Mən də vaksinasiyadan keçmişəm, özümü yaxşı hiss edirəm”.
 
"Qalib gəlmək üçün bunu etməliyik”
 
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Natiq Əliyev deyir ki, sağlamlığımız üçün peyvəndə inanmalı, yanaşı xəstəlikləriniz varsa da həkim məsləhəti ilə hərəkət etməliyik: "Artıq 11 aydır ki, pandemiya ilə yaşamağa öyrənmişik. İnsanlar arasında peyvəndlə bağlı sualların olmasını, narahatlıqları normal qarşılayırıq. Amma gedişata baxdıqda, hələ ki təhlükəli halla rastlaşmamışıq. Fevralın 8-dən 65 yaşlı əhali arasında peyvəndləmə işləri artıq başlayıb. Bizə ən çox verilən suallar yanaşı xəstəlikləri olanlarla bağlıdır. Biz onlara izah edirik ki, sizin yanaşı xəstəliklərinizin olması xəstəliyə yoluxanda daha ağır keçirməyinizə gətirib çıxara bilər. Ona görə də vaksinasiya olunmağınız mütləqdir. Keçən ilin mart ayında bizim ən çox istədiyimiz bu idi ki, vaksin gəlsin, bəla bitsin. İndi vaksin gəlib insanların "nə baş verəcək, necə olacaq” kimi düşüncələri onları narahat edir. Sağlamlığımız üçün bu düşüncələri kənara qoymalıyıq”.

Həkim vurğulayır ki, bu bəladan qurtulmaq üçün yeganə çıxış yolu vaksindir: "Necə ki, mart ayında deyirdik sadə qaydalar-mask, sosial məsafə, şəxsi gogiyena bizim həyatımızı qurtarır. İndi də deyirik ki, vaksin bizim bu bəladan qurtulmağımız üçün yeganə çıxış yoludur. Çünki orqanizmdə və ətrafda kütləvi immunizasiya prosesi əmələ gəlməsə, bu bəladan cəmiyyət, toplum olaraq qurtulmağımız deyil. Ona görə də hər bir şəxs yanaşı xəstəliyinin olub-olmamasından asılı olmayaraq müraciət etsin. Onsuz da həkim konsultasiyası olur və həkim vətəndaşın ümumi durumunu dəyərləndirir. Bəzi xəstələr var ki, həkim tərəfindən dəyərləndirildikdən sonra uyğun görülməzsə, vaksin vurulmayacaq”.
 
Hələ də maska, sosial məsafəyə riayət etmək məsələsinə gəldikdə isə, həkim deyir ki, kütləvi immunitetin bir gündə yaranması mümkün deyil: "İnsanlarda kütləvi immunitet yaranmalıdır. Bu yaranma prosesinin də bir günün içində olması mümkün deyil. Peyvəndləmə mərhələli şəkildə aparılan prosesdir. İkinci doza ən azı 28 gündən sonra vurulur ki, bu zaman vaxt sərf olunur. Düşünün ki, vaksin vurdurmadan bu prosesi 1 il də uzatdıq. Həyatımız tamamilə iflic olacaq və normal yaşam prosesinə qayıtmayacağıq. Necə ki, biz aprel ayında ikinci dalğanı keçirdik. Bu dönəmdə yenidən artımlar oldu. Bu zamana qədər 500-ləri yüksək rəqəm görürdüksə, bu rəqəm 4 minlərə qalxanda 500-ə şükür edəcək vəziyyətə gəldik. İndi 4 mindən 3 rəqəmliyə düşdük. hətta 2 rəqəmli ilə də rastlaşırıq. Bu, qaydalara riayət olunduğu üçün belədir. Başa düşürəm çox çətindir, amma qalib gəlmək üçün bunu etməliyik. İmmunizasiya yarandıqdan sonra həyatımız normala qayıdacaq”.
 
"Yoluxduqdan sonra sağlam qalacağınıza qarantiya verə bilərsiniz?”
 
Həkim Ümüd Səlimzadə isə deyir ki, əgər peyvəndə əlçatanlıq təmin olunubsa, hamı mütləq şəkildə peyvəndlənin: "Vaksindən qorxan insanlara demək istəyirəm ki, yoluxduqdan sonra sağlam qalacağınıza qarantiya verə bilərsiniz? Almaniyada COVİD-dən dünyasını dəyişən insanların sayı 64 mindir. Bunun 61 mini 60 yaş üzərində olanlardır. Bu, həddindən artıq böyük və qorxulu rəqəmdir. Əgər peyvəndə əlçatanlıq təmin olunubsa, mütləq dərəcədə peyvəndlənin. Biz pandemiyanın əvvəlində dedik ki, hər bir insan bir insanı yoluxdurur. Bu peyvəndin qoruyuculuğu 90 faizə qadirdir. Yəni əgər 10 nəfər peyvənd alırsa, 9 nəfəri yoluxdurmayacaq. Peyvənd sayəsində yoluxdurma ehtimalı 10 dəfə azalır. Peyvənd bizim üçün yeganə çıxış yoludur”.
Vaksinasiya üçün qeydiyyat prosesi necə aparılır?
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyir ki, artıq tibb işçilərinin 70 faizi peyvənd olunub: " 8 fevral tarixindən etibarən artıq strategiyada qeyd olunduğu kimi ikinci mərhələ başlayıb. İkinci mərhələdə yaşı 65-dən yuxarı olan əhali qrupunun peyvəndlənməsinə başlanılıb. Poliklinikalarda yaradılan məntəqələrdə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi onlayn keçiriləcək. Qeydiyyata alınmaq üçün yaşı 65-dən yuxarı olanlar randevu.its.gov.az linkinə daxil olacaq. Linkə daxil olanların qarşılarına hazır qeydiyyat forması çıxır. Həmin formanı doldurmaqda çətinlik çəkənlər üçün yazılı və videoçarx şəkilində təlimat var. Qeydiyyatda olan tibb işçiləri bu prosesdə vətəndaşa yardımçı olacaqlar. Vaksinasiya 2 dozadan ibarətdir. Vətəndaş qeydiyyatdan keçdiyi zaman ilk dozanın vurulduğu tarixə əsasən sistem dərhal 2-ci doza üçün tarixi avtomatlaşdırılmış şəkildə göstərəcək. Mobil nömrələrə də bununla bağlı SMS göndəriləcək. Bu, işin gedişatını bir qədər də asanlaşdıracaq”.
Kimlər peyvənd vurdura bilməz?
 
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyir ki, dünyada, o cümlədən ölkəmizdə heç olmazsa, əhalinin 60 faizdən çoxu qısa müddət ərzində kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik. Peyvəndin yan təsirlərinin olmasına gəldikdə isə, həkim vurğulayıb ki, dünyada bir qrup şəxslər var ki, peyvəndləmə prosesinin qəti əleyhinədirlər. Bu, peyvəndin yan təsirləri ilə bağlıdır: "Peyvəndin yüngül və ciddi yan təsirləri var. Yüngül yan təsirlərə peyvənd olunan nahiyədə qızarıqlıq, şişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq aiddir. Vaksin orqanizmdə müəyyən xəstəlik əlaməti formalaşdırmalıdır ki, ona qarşı immun sistemimiz aktivləşsin və immunitet formalaşsın. Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir. Ciddi yan təsirlərə anafilaktik şok, yəni allergik reaksiya aiddir ki, o da ilk 30-40 dəqiqə ərzində baş verir. Onsuz da peyvənd olunanlar 20-30 dəqiqə müddətində vaksin vurdurduqları məntəqədə gözləmə zalında nəzarətdə olacaqlar. Bu da çox nadir hallarda ölümlə nəticələnir. Yəni bu, milyonda bir halda baş verə biləcək hadisədir. Belə hal daha çox əks-səda doğuracaq, nəinki peyvəndin müsbət tərəfləri. İstənilən dərman preparatına qarşı da insanda allergik reaksiya, anafilaktik şok baş verə bilər. Təəssüf ki, insanlar peyvəndin və ya hansısa dərman vasitəsinin yaxşı tərəfini düşünmürlər. Yəni kimsə peyvənd olundu xəstələnmədi, faydasını gördü hissəsini deyil, xəstələndisə və ya hansısa reaksiya, yan təsir baş verdisə onu yadda saxlayırlar. Bu da əhali arasında sürətlə yayılır, nəinki yaxşı təsirlər. Bu münasibət koronvirusa qarşı da var. Daha çox bu xəstəlik səbəbindən vəfat edənlərin sayını yadda saxlayırlar, sağalanların sayı diqqətdən kənarda qalır. İnsanlar arasında təşvişə səbəb olan da məhz belə hallardır”.
Qeyd edək ki, artıq peyvəndin ilk tətbiq olunmasından 1 ay keçib. Həkimlər və 65 yaş üzərində olan insanlar arasında aparılan vaksinasiya prosesində mənfi, faciəvi nəticəyə rast gəlinməyib.
 
Aygün ƏZİZ