AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Virus öz-özünə çəkilib gedəcək” fikri yanlışdır”

“Virus öz-özünə çəkilib gedəcək” fikri yanlışdır”

Müsahibə
01 İyul 2020, 10:00 2911
Etibar Novruzov: "Xəstəlik çətin kontrol edilə biləcək bir mərhələyə keçdikdə, onun ciddi olduğu "inanmıram” deyənlərə də aydın olacaq”
 
Dünya COVİD-19 pandemiyası ilə mübarizəni davam etdirir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamaları virusun daha geniş yayıldığı, yoluxma və ölüm saylarının çoxalması haqqından təşviş yaradır. Bununla belə bəzi ölkələr sosial məsafəni saxlamaq, maska taxmaqla karantin qaydalarının yumşaldılmasına üstünlük verir. İnsanlar yoluxma riskinin nə qədər davam edəcəyi, virusdan necə qorunmaq yolları, ən əsası, xəstəliyə qarşı vaksinin nə zaman tapılacağı ilə bağlı cavab axtarışındadırlar. İsveçrənin Aarau Kantonal Xəstəxanasının həkimi Etibar Novruzov qəzetimizə müsahibəsində yaşadığı ölkənin koronavirusa qarşı mübarizəsindən, infeksiyaya elmi nöqteyi-nəzərdən yanaşmadan danışdı.
 
- İsveçrədə koronavirusla mübarizə metodu necədir? Bəzi qonşu ölkələr virusla mübarizədə karantin qaydalarından imtina etdilər. Bu yanaşma nə qədər doğrudur?
- İsveçrədə koronavirusla mübarizə üçün bütün dünyada həyata keçirilən tədbirlərdən istifadə olunur. Buraya sosial məsafənin saxlanılması, əllə görüşməkdən imtina, ictimai yerlərdə qoruyucu maskalardan istifadə etmək və 5 nəfərdən çox kütləvi toplantılardan imtina etmək aiddir. Bu tədbirlərdən bəziləri iyun ayının əvvəlindən aradan qaldırılıb. Yəni artıq bu ayın əvvəlindən 5 nəfərdən çox insanın bir yerə toplanmasına icazə verilir. Amma sosial məsafənin qorunması, əllə görüşməkdən imtina və qoruyucu maskalardan istifadə kimi tədbirlər ictimai yerlərdə hələ öz qüvvəsində qalır. Tədbirlərin bir hissəsi aradan qaldırıldıqdan sonra digər tədbirlər də insanlar tərəfindən qeyri-ciddi qəbul edilməyə başlayıb və bu qaydalara, artıq bir çox ölkələrdə olduğu kimi, İsveçrədə də o qədər də riayət olunmur. Dünyada bir neçə ölkədə, o cümlədən Belarus və İsveçdə, koronavirusla mübarizə tədbirləri qeyri-sərt olub və ya ümumiyyətlə həyata keçirilməyib. Qonşu ölkə olan İsveçin koronavirusla mübarizə strategiyasını İsveçrənin strategiyası ilə müqayisə etdikdə, İsveçrədə həyata keçirilən tədbirləri 2-3 dəfə daha effektiv hesab etmək olar. Ona görə də, bu ölkədə koronavirusla əlaqədar ölüm sayı İsveçə nisbətən daha az - 5200-ə nisbətdə 1800-dür. 

- COVID-19 -un insan həyatı üçün təhlükəsini necə izah edə bilərsiniz?
- Koronavirusun 19-cu subtipi olan COVİD-19-un insan həyatı üçün təhlükəsini insanın immun statusu, genetik xüsusiyyətləri və orqanizmində olan digər xəstəliklərlə əlaqələndirmək olar. Mənim çalışdığım xəstəxanada 65 yaşından yuxarı insanlar risk kateqoriyasına aid edilir. O cümlədən, risk kateqoriyasına ağciyər xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri, xüsusən immunsupressiv, yəni orqan transplantasiyasından sonra və ya digər autoimmun xəstəliklər səbəbindən bədənin immun statusunu aşağı salan dərmanlar qəbul edən xəstələr və bunların arasında da ən əsası, ağciyər transplantasiyası keçirmiş xəstələr aiddir. Bu kateqoriyalara aid olan xəstələrdə COVİD-19 virusuna qarşı immunitet daha gec və zəif yaranır və ya ümumiyyətlə yaranmır. Bəzi qrup xəstələrdə genetik xüsusiyyətlərdən asılı olaraq COVİD-19-a qarşı immunitet yaranmaya bilər. Bu halda, yaşından asılı olmayaraq, cavan insanlar belə COVİD-19 infeksiyasını fulminant, yəni daha tez, intensiv və ağır formada keçirə bilərlər. Bu qrup xəstələrdə ölüm halı əsasən yüksəkdir. Transplantasiya olunmuş xəstələrdə isə immunitetin ümumilikdə aşağı olması immunsuppresiv dərmanların qəbulu ilə əlaqədardır. Bu baxımdan, infeksiyaya qarşı immunitetin yaranması uzun müddət çəkir və bu müddətdə ağciyər toxumasının zədələnməsi daha böyük miqdarda ola bilər və ya virusun digər orqanları da zədələməsi mümkündür. Odur ki, son zamanlar COVİD-19 infeksiyasını keçirmiş xəstələrə tez-tez "COVİD-miokardit” diaqnozu da qoyulur. O cümlədən, bizim xəstəxanada da COVİD-19 infeksiyasının fəsadı olaraq "COVİD miokardit” və bu səbəbdən yaranan ürək çatışmazlığı diaqnozu qoyulub. COVİD-19 infeksiyasının miokardit kimi fəsad yaratması İsveçrədə də elmi tədqiqatlar əsasında araşdırılır.

- Koronavirusun mövcudluğu ilə bağlı cəmiyyətdə yaranan inam və inamsızlıq - ikili fikirlər, sizcə, nədən qaynaqlanır?
- COVİD-19 virusunun mövcudluğuna inamsızlıq, ilk növbədə virusla əlaqədar olan tədbirlərin böyük iqtisadi fəsadlara gətirib çıxarması ilə bağlıdır. Virusa yoluxmuş insanların sayı, ümumilikdə, cəmiyyətdə olan xəstə insanların sayına nisbətən çox aşağıdır. Virusun patogenliyi isə adi qrip virusunun patogenliyindən bir neçə dəfə yüksəkdir. Xəstələnən insanların sayının aşağı olması COVİD-19 xəstələrinə ancaq xəstəxanalarda rast gəlinməsinə gətirib çıxarır və cəmiyyətdə bu xəstələrin sayının çoxluğu hiss olunmur. Odur ki, sıravi insan üçün bu qədər az sayda xəstənin həyatının xilas edilməsindən ötrü bu qədər tədbirlərin görülməsinin mənası böyük bir sual yaradır. Elmi nöqteyi-nəzərdən bu virusun olmasına heç bir şübhə yoxdur. Və bu virusun patogenliyini nəzərə alsaq, tədbirlərin görülmədiyi və ya qeyri-ciddi qəbul edildiyi halda infeksiyanın geniş yayılması tam mümkündür. Məhz o zaman, yəni xəstəlik çətin kontrol edilə biləcək bir mərhələyə keçdikdə, onun ciddi olduğu "inanmıram” deyənlərə də aydın olacaq. Amma bu mərhələyə keçmənin qarşısını almalıyıq. Bunun üçün koronavirusa qarşı tədbirlərin bütün təbəqələr tərəfindən ciddi qəbul edilməsi çox vacibdir.

- İnsanların məsuliyyəti yoluxmaya qarşı mübarizədə hansı əhəmiyyətə malikdir?
- İnsanların bu xəstəliyə ciddi münasibəti, onların ilk növbədə təbliğat olmadan elmi nöqteyi-nəzərdən maariflənməsi ilə əlaqədardır. Hesab edirəm ki, bunun üçün də koronavirusun yayılmasına qarşı tədbirlərin ən əsas hissəsi kimi əhalinin bütün təbəqələrinin elmi nöqteyi-nəzərdən maarifləndirilməsi lazımdır.

- Virusa qarşı tətbiq edilən dərmanlar haqqında nə deyə bilərsiniz?
- Onu deyə bilərəm ki, hazırda COVİD-19 virusuna qarşı heç bir vaksin yoxdur. Bu, hələ yaradılmayıb. Koronavirus həmişə olub. Yeni isə onun 19-cu subtipidir, hansı ki COVİD-19 adlandırılır. Bu, yeni mutasiya əsasında yaranmış koronavirusunun daha patogen subtipidir. COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün məhz bu subtipə qarşı vaksin yaradılmalıdır.

- "Hami bu virusa yoluxacaq” –deyə səslənən fikirlər nə qədər həqiqətdir?
- Əgər bu virus təbiətdə varsa, gec-tez hər bir insanın onunla qarşılaşması ehtimalı var. Bu qısa müddətdə, yəni 2-3 və ya 5-10 ay ərzində baş verə bilər və ya illər çəkə bilər. Potensial risk qrupuna aid insanların peyvənd olunması onların gələcəkdə virusla qarşılaşdıqda daha immunitetli olmasına, xəstəliyi daha yüngül formada və ya simptomsuz keçirmələrinə gətirib çıxara bilər. Koronavirusa qarşı tədbirlərə riayət olunmadığı halda, virusun daha qısa müddətdə yayılması tam mümkündür. Bu halda əhalinin böyük kütlələri də qısa müddətdə bu xəstəliyə yoluxa bilər. Odur ki, bu fikrin tam reallıqdan uzaq olmasını da demək olmaz. Amma virusun uzunmüddətli perspektivdə insanın azad kommunikasiyasına və ya hərəkət etməsinə pis təsir göstərəcəyinə inanmıram. Çünki tarixən bundan da ağır epidemiyaların və pandemiyaların qarşısı alına bilib. Ona görə də, qısa müddətdə vaksinin tapılacağı və risk qrupları peyvənd olunduqdan sonra xəstəlik hallarının sayının aşağı salınacağı  tam inandırıcıdır.

- Virusun öz-özünə çəkilib gedəcəyi fikrinə tibbi baxış necədir?
- "Virus öz-özünə çəkilib gedəcək” fikri yanlışdır. Virus artıq təbiətdə var və təbiətdə də qalacaq. Bir həkim kimi koronavirusla mübarizə tədbirlərinə ciddi riayət etməyi tövsiyə edirəm. Bu, risk qrupuna aid insanlar üçün xüsusən vacibdir. Bundan əlavə, xəstəlik simptomu olan insanlara həkimə vaxtında müraciət etməkdən çəkinməməyi tövsiyə edirəm. İstənilən xəstəlik vaxtında aşkarlandıqda, müalicəsi daha asan olur.

- COVİD-19-la mübarizədə hansı ölkənin mübarizə modelini örnək hesab edirsiniz?
- İsveçrədə artıq karantin tədbirlərinin aradan qaldırıldığını nəzərə alsaq, ölkənin koronavirusla mübarizə strategiyasını örnək hesab etmək olar. Bu, koronavirusa qarşı tədbirlərin pandemiya elan olunduğu gündən çox ciddi formada aparılması ilə əlaqədardır. Pandemiya yarandığı ilk gündən xəstəliyə qarşı aparılan tədbirlər qısa müddətdə öz nəticəsini göstərdi. Xəstəliyin bəzi ölkələrdə daha intensiv, bəzi ölkələrdə daha yüngül formada yayılmasını təkcə maliyyə və strateji faktorlarla əlaqələndirmək düzgün deyil. Burada əhalinin düzgün maarifləndirilməsi böyük rol oynayır. Məhz düzgün maariflənmiş insanlar pandemiyanı ciddi qəbul edəcək və ölkə səviyyəsində nəzarətdən asılı olmayaraq, həmişə virusa qarşı tədbirlərə riayət edəcəklər.
 
Söhbətləşdi 
Təranə Məhərrəmova