AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Virtual məktəb” nədən danışacaq?

“Virtual məktəb” nədən danışacaq?

Müsahibə
01 Aprel 2020, 18:03 6327
Təhsil Nazirliyinin idarə rəisi yeni layihə ilə interaktiv təhsil imkanının genişləndirildiyini deyir 


Təhsil Nazirliyi şagirdlərə yönəlik yeni "Virtual məktəb” layihəsinə start verir. Nazirliklə "Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə hazırda təqdim olunan teledərslərin növbəti mərhələsidir. 
Layihənin məqsədi və üstünlükləri barədə Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırma idarəsinin rəisi Vüsal  Xanlarovla söhbətləşdik.


- "Virtual məktəb” layihəsi hansı zərurətdən gündəmə gəldi?


- Bilirsiniz ki, 11 mart tarixindən etibarən Təhsil Nazirliyi teledərslər layihəsinə başlayıb. "Mədəniyyət” və "ARB Günəş” kanallarında hazırlanmış müxtəlif mövzu və fənlər üzrə dərslər yerləşdirilir. Növbəti mərhələ olaraq bu dərslərin interaktivliyinin artırılması və məsafədən tədris imkanlarının genişləndirilməsi məqsədilə "Virtual məktəb” layihəsinə başlamağa qərar verildi. Bu layihə 2 aprel tarixindən etibarən virtual.edu.az saytında aktiv olacaq. İstənilən şagird oxuduğu sinfə uyğun olaraq sistemə daxil olub qeydiyyatdan keçə bilər. Platformada dərslərin video məzmunu təqdim olunacaq, həmçinin həmin mövzuya uyğun sual və tapşırıqlar da qeyd olunacaq. Şagird suallara cavab verib nəticələri anında görəcək və valideynləri ilə birgə təhlil etmək imkanı qazanacaq. Hər həftə mövzular üzrə yeni suallar sistemə yüklənəcək. Bu platformanın imkanları genişdir. Burda şagirdlər yazılı və video bağlantı vasitəsilə bir-birləri və müəllimləri ilə ünsiyyət qura bilərlər. Növbəti mərhələlərdə biz başqa yeni xidmətləri və funksiyaları təqdim edəcəyik.


- Özünüz də qeyd etdiniz ki, hazırda nazirlik tərəfindən teledərslər təqdim olunur. Bəs yeni platforma hansı üstünlükləri vəd edir?


- "Virtual məktəb” layihəsi "Teledərslər” layihəsinin növbəti mərhələsidir. Əgər teledərslərdə resursları çəkib televiziya vasitəsilə yayımlayırıqsa, bu layihə çərçivəsində şagirdlər eyni resurslara elektron sistem vasitəsilə istədikləri vaxt baxa bilərlər. Onlar teledərslərdə əhatə olunan mövzular üzrə suallara cavab verib daha çox interaktivlik əldə edə biləcəklər. Mövzular teledərslərdə birtərəfli yayımlanırdısa, "Virtual məktəb” layihəsində həmin mövzulara aid olan tapşırıqlar veriləcək, şagirdlər suallara cavab verəcək və öz cavablarının nəticələrini görə biləcəklər. Şagirdlər daha çox interaktiv təhsil imkanı əldə edəcəklər. Növbəti mərhələdə bu layihəyə müəllimləri də cəlb edəcəyik. Şagirdlər yaxın gələcəkdə öz müəllimləri ilə də əlaqə yarada biləcəklər. Layihədə əsas fərq interaktivlikdir. Bir var dərslər birtərəfli yayımlanır, bir də var, ona uyğun tapşırıqlar da verilsin. 


- Bəs layihənin sinxron məsafədən təhsil imkanları yaratması üçün hansı addımları atmaq lazımdır? Təhsil mütəxəssisləri təhsildə onlayn platformanın daha çox tərəfdarıdırlar. Yəni şagirdlər onları maraqlandıran suallara canlı olaraq cavab alsınlar.


- Bu platforma asinxron məsafədən təhsil imkanıdır. Məsafədən təhsilin həm asinxron, həm də sinxron növü məqsədəuyğun hesab olunur. Hazırda asinxronla da şagirdə interaktiv təhsil imkanı yaradılmış olur. Növbəti mərhələdə müəllimləri də prosesə cəlb etməklə artıq sinxron məsafədən təhsil imkanları da yaranacaq. Bu, qısa müddət ərzində baş verəcək. Virtual mühitdə həm müəllimlər, həm də şagirdlər birgə çalışmaq imkanı əldə edəcəklər. Platformanın formatı buna imkan verir. Hələlik isə şərait yaradırıq ki, şagirdlər platformadan istifadə zamanı müəyyən tapşırıqları yerinə yetirsinlər. 


- Layihə bütün fənləri və sinifləri əhatə edəcəkmi?


- Bütün siniflər üzrə sistemdə məzmun yerləşdirilir və uzun müddətə bütün sinifləri və fənləri əhatə edəcək. İlkin vaxt ola bilsin ki, hansısa sinif və ya fənlər olmasın, amma bu, hər gün yenilənən bir platformadır. Hər gün fənlər və siniflər üzrə yeni resurslar olacaq.


- Layihəyə müəllimlərin cəlbi hansı seçim əsasında keçiriləcək?  


- Burda seçim yoxdur. Müəllimlər öz istəkləri ilə qeydiyyatdan keçib prosesə cəlb oluna bilərlər.  


- Bu tip layihələr şagirdlərin üz-üzə məktəb təhsilinə nə qədər alternativ sayıla bilər?


- "Virtual məktəb” platformasını hazırkı vəziyyətdə təhsil imkanlarının genişləndirilməsi və məsafədən təhsilin yaranması üçün təqdim edirik. Əlbəttə, istifadədən və gələcəkdə müəllimlərin və şagirdlərin aktivliyindən asılı olaraq platformanın imkanları daha aydın məlum olacaq. Biz gərək layihəni istifadəyə verək, müşahidələrdən sonra bununla bağlı hansısa qərarlar verilsin.


- Dərslərə hansı tarixdən start veriləcək?


- Platformaya qeydiyyat üçün hansısa vaxt məhdudiyyəti yoxdur. İstənilən vaxt şagirdlər prosesə qoşula bilər. Əvvəlki həftələrdə keçirilən dərslərin hamısı sistemdə qalır və şagirdlər izləyə bilərlər. 


- Necə bilirsiniz, platforma ətrafına şagird və müəllimləri cəlb edəndən sonra teledərslərə ehtiyac qalmayacaq?


- Onu gələcək göstərəcək... Bunlar əslində bir-birini tamamlayan layihələrdir. Çünki teledərslər məzmundur. Bu keyfiyyətli və faydalı məzmuna karantin rejimindən asılı olmayaraq həmişə ehtiyac var. Növbəti addımlarda bu resursların üzərində müəllimlər hansısa mühazirələrini və ya tapşırılqarını videoya yazıb platforma vasitəsilə yayımlaya və ya canlı bağlantıya keçə bilərlər.  Bu platformanın bir üstünlüyü də ondan ibarətdir ki, hansısa müəllim bir dərsi keçibsə və şagird hansı səbəbdənsə dərsə qoşula bilməyibsə həmin bağlantını yazıb sistemdə saxlamaq olar ki, şagird sonra sistemə daxil olub o məzmunla tanış ola bilsin.


- Maraq doğuran bir sual da var: layihə şagirdlərin karantin rejimi ilə bağlı evdə qaldıqları dönəmi əhatə edəcək, yoxsa davamlı olacaq?


- Ümumiyyətlə, bu layihəyə zərurət hazırkı vəziyyəti nəzərə alaraq yaranıb. Ancaq düşünürük ki,  layihə davamlı olaraq həyata keçiriləcək. Bir çox müəllimlər müxtəlif formalarda və pərakəndə şəkildə müəyyən videobağlantı edib dərs keçirlər. Bu platformanı təqdim etməklə biz hardasa bu pərakəndəliyi bir yerə toplayıb daha sistemli halda təqdim edəcəyik. Gələcəkdə müəllim və şagirdlər nəticələrə bir sistemdə baxa biləcəklər. Bu baxımdan layihənin davamlı olmasına ümid edirik. Layihə təkcə Bakı şəhərini deyil, bütün ölkəni əhatə edəcək.


Təranə Məhərrəmova