• çərşənbə axşamı, 19 mart, 12:19
  • Baku Bakı 8°C

VII Qlobal Forumda mətbuatda peşəkarlıq müzakirə edilib

27.04.16 13:10 3142
VII Qlobal Forumda mətbuatda peşəkarlıq müzakirə edilib
Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusunda bölmə iclası keçirilib.
APA-nın məlumatına görə, iclasın moderatoru, Media və Öyrənmə Assosiasiyasının baş icraçı direktoru Sally Reynolds təhlükəsizlik sahəsinə yönəldilən vəsaitlərin təhsil sahəsinə yönəldilməsinin daha effektiv nəticə verəcəyinə inandığını bildirib.
UNESCO-nun proqram mütəxəssisi Alton Grizzle deyib ki, KİV tənqidi məlumatları təhlil edərək cəmiyyətə çatdırmalı, sosial təbliğatla məşğul olmalıdır. Rod Adaları (Rhode Island) Universitetinin professoru Rene Hobbs təbliğatın mənfi və müsbət istiqamətdə aparıla biləcəyini söyləyib: “Əsas odur ki, uşaqlar bu təbliğatın müsbət, yaxud mənfi xarakterli olduğunu qiymətləndirə bilsinlər”.
Tennesse Universitetinin professoru Sanjay Asthana media sahəsində müstəqil tədqiqatçılara ehtiyac olduğunu qeyd edib: “Avropaya miqrasiyaya gələn insanlar arasında təlim aparılmalıdır”.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın da yerləşdiyi regionda zorakılıq, dini dözümsüzlük və ekstremizmin sürətlə yayılmaqda olduğunu vurğulayıb: “Bugünkü sessiyada zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkilində medianın rolunu müzakirə edirik. Çox təəssüflə qeyd etməliyik ki, münaqişənin təsirinə məruz qalmış ölkələrdə media yanlış istiqamətdə yönəldilir. Media ekstremizmin, zorakılığın və irqi ayrı-seçkiliyin bir hissəsinə çevrilir. Bəzi hallarda bu, bilərəkdən siyasi rejimlər tərəfindən edilir, bəzi hallarda isə qeyri-peşəkarlığın nəticəsi kimi qiymətləndirilə bilər. Mədəniyyətlərarası dialoqun və tolerantlığın təbliğ edilməsində media ən effektiv vasitədir. Bəzi hallarda dünyanın aparıcı media vasitələri də münaqişələri işıqlandırarkən düşmən imicinin yaradılması trendinin təsirinə məruz qalır. Bu, ötən 20 il ərzində keçmiş sovet ölkələrində baş verən müxtəlif münaqişələrə media vasitələrinin fərqli yanaşması ilə bir daha özünü büruzə verir. Əgər başqa münaqişələr itirilmiş ərazilərin azad edilməsi, milli suverenliyin bərpa edilməsi kontekstində təqdim olunursa, bəzi media vasitələri Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və ya “xristian qardaşlığı“ kontekstində yanaşır. Biz burada işğalçıya bəraət qazandırma cəhdlərini görürük. Münaqişənin təşəbbüskarı “qurban”, lakin münaqişənin qurbanı olmuş tərəf təcavüzkar kimi təqdim edilir”.
Ə. Həsənov bildirib ki, Ermənistan mediası nifrət ritorikasından istifadə etməklə islamofobiya və türkofobiya təbliğatı aparır: “Ermənistan mediası Azərbaycanı ləkələmək və işğalı qanuniləşdirmək istiqamətində təbliğatla məşğuldur. Ermənistanın keçmiş və hazırkı prezidentləri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətlərinin rəhbərləri azərbaycanlılarla ermənilərin birgə yaşayışının qeyri-mümkünlüyü barədə beynəlxalq tribunalarda bəyanatlar verirlər. Onlar buna görə tənqid olunmur və ya pislənmir”.
banner

Oxşar Xəbərlər