• şənbə, 20 Aprel, 08:48
  • Baku Bakı 14°C

VİDADİNİN MÜASİRLİYİ

16.05.16 11:18 3346
VİDADİNİN MÜASİRLİYİ

Molla Vəli Vidadi XVI əsr Füzuli qəzəlinin ruhunu, daxili enerjisini iki əsr sonra s[z xəzinəmizə eyni duyarlıq və ruhdaşlıqla daşıyır.

Nə qədər olsa qoca gərçi Vidadi xəstə,

Yenə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər –

yazırdı. Əlbəttə, bu, daha çox bir dost zarafatı idi. Amma sözünün işlənmə, ifadə etmə ustalığına indinin özündə belə, fəhmlə nəzər yetiriləndə, gerçək olan zarafat pərdəsi altında gerçək bir eyhamın vurulduğunun da fərqində olursan. Şahid olursan ki:

Şəm gər yansa savadi-şəb üçün

heyf olmaz,

Şöləsi çünki onun arizi-cananə dəyər.

Və yaxud:

Mən ki, meydani-bəla içrə sərin top edərəm,

Ta düşər əldən-ələ, axırı çövkənə dönər –

beytləri ilə Vidadi sözün həqiqi mənasında Füzuliyanədi və bu halı, gerçək poetik mərtəbəsi, məqamı ilə nə qədər qoca olsa da, "yenə Vaqif kimi, əlbəttə, min oğlanə dəyər”.

Xətai, Dirili Qurbani, Abbas Tufarqanlı və nəhayətdə Füzuli ədəbi məktəblərinin bitkin, fəhmli yetirməsi olan Vidadi anadilli şeirimizin bütün dəyərlərini özündə ehtiva edən heç bir şerində milli kimliyimizin, adət-ənənələrimizin gül üzünə kölgə salacaq, ədəbdən kənar hansısa bir ifadəyə, hətta işarəyə belə yer verməyib. Bütün qəmini-qüssəsini də, nəşə duyğularını da Füzuliyanə bir ustalıq və ədəb-ərkanla ifadə edib:

O nə qəmdir oda bir mərdin ucundan yanasan?

Verəsən canını bir canə ki, min canə dəyər.

Gətirilən bu beytlər heç bir şərtə-filana əl yeri qoymadan şəhadət verir ki, Vidadi ən böyük mətləbləri bütün sərrastlığı, bütövlüyü ilə ifadə etmək meydanında özünə çox güvənlidi. Bu sahədə onunla ayaq-ayağa qoymaq, ədəbi ustalığına şərik çıxmaq mümkünsüzdü. Vidadi istər əruzda, istərsə də heca vəznində eyni dərəcədə sərbəst və mükəmməldi. Bütün hallarda isə Vidadi poetik söz oyununun mahir idarəçisidi. Məzmun və formanın, ifadə olunan fikrin poetik biçimi onda bir ahəngdə, vəhdətdədi. Bu bütövlüyün məntiqindən gələn həqiqətdi ki, Vidadi indinin özündə də heyrətamiz bir qüvvətlə söz mülkünü istədiyi ucalıqdan təqdim edə bilir. Diqqətə yönəltdiyimiz bu dolğun beytlərdə Vidadi XVIII əsrin də qüdrətli söz ustası idi, bu bitkinlik, sənətkar ustalığı indinin özündə də Vidadinin ən etibarlı güvənc yeridi:

Enmədən sinə vücudun,

doldu qəbrim qan ilə,

Gördüyün nazik bədən

xak ilə yeksan oldu, gəl!

Rəkmi-tərdən incinən tən

həmdəm olmuş mar ilə,

Üz tutub qarıncalar

yollara karvan oldu, gəl!

Vidadi ilk növbədə mənəvi ilkinlikdən, sufi əxlaqından gələn bir aləmin yazarı idi. Bətnindən gəldiyi ilkinliyi, sufi əxlaqını bütün yaradıcılığı boyunca hifz edib qoruya bilməsi onun əxlaqi kamilliyindən irəli gəlirdi. Vidadi, sadəcə, klassik Şərq ədəbiyyatının gizlinlərinə bələd olan və bu gizlinliklərdən əxz etdiklərini yaradıcılığına kamil şəkildə tətbiq edə bilən söz ustası deyildi; eyni dərəcədə də dünyagörmüş, ağsaqqal, müdrik bir türk insanı, yüksək tərbiyə sahibi, maarifçi idi. Tale, ömür-gün sarıdan gileyində də, sevgi zəbanında da varlığına hakim kəsilən abır-həya ölçüsünə, qədərinə biganəlik göstərmirdi. Görmək istədiyinin pünhanlığına pünhan şəkildə "gəl” deməyi bacarırdı, yetmək istədiyinin nəm-nişanını pünhani bir şəkillənməylə ifadə edə bilirdi:

Vidadiyəm, təbib dərdim bağlamaz,

Sinəm başın düyünləməz, dağlamaz,

Yad yığılar, sərin baxar, ağlamaz,

Qərib öldüm, bikəs öldüm, yad öldüm.

Ey sevgilim, səndən qeyri kimim var?

Gəl üstümə, aman öldüm, dad öldum.

Vidadi heç bir halda ədəbi, poetik yükdən uzaq, sətiraltı və sözaltı mənadan azad, yerində olmayan ifadəyə yol vermirdi. Şəxsi problemlərindən yazanda da, cəmiyyəti saran nöqsanları ifadə edəndə də, sevgi iztirablarını qələmə alanda da, o, mümkün qədər sehirli, aşiqanə, pünhani işarələrlə yazmağı bacarırdı.

Dərdim çoxdur, birin doğru sanan yox,

Məgər burda qəm hərfini qanan yox? –

misralarının ifadə etdiyi dolğunluq, sözə həssas münasibət Vidadi poeziyasını günümüzə dəyər ölçüsü kimi gətirir. O, bütün biganəliyi, cəmiyyəti bürüyən hər cür laqeydliyi, soyuqqanlılığı, səbatsızlığı, nadanlıq əlamətlərini məhz özünəməxsus bir piranəliklə "məgər burda qəm hərfini qanan yox?” suallandırması ilə ifadə edirdi. Bu, Vidadi poeziyasından gələn, məhz ona məxsus son dərəcə abır-həyalı münasibətin ifadəsidi. Vidadi hər cür biganəliyi və susqunluğu qırmanclayır, ancaq heç bir halda könül qırmır, bayağı, şit ittihamlara lüzum görmür, sözün Füzuli mərtəbəsinin ədəb-ərkanına xələl gətirmir. Hətta ən şux, oynaq qoşmalarında belə:

Açılıb cənnəttək camalın gülü,

Ötür çevrəsində şeyda bülbülü.

Bu gülşənin, yasəməni, sünbülü

Nə bir bağa, nə bostanə düşübdü.

...Qaşı-gözü durub qanın almağa,

Zülf tökülmüş din-imanın almağa,

Vidadi xəstənin canın almağa

Xət bir yana, xal bir yana düşübdü.

Bütün vəzn, ritm, janr, deyim tərzi fərqlərinə baxmayaraq, Vidadi poeziyası ilə Füzuli şeri arasında elə bir doğmalıq, ruh birliyi var ki, hər bir halıyla açıq-aşkar görünən bu silsiləsinin eyni kökdən gəlməsi həqiqəti bir an da olsun haçalanmır. Bağdad–Şəmkir–Qazax arası bir çevrəni qapayan doğmalığın gəlişmələri Füzuli–Vidadi şeiriyyətilə möhürlənir. Bağdaddan köç edən qəm karvanının – Füzuli ahının iç ağrısını Qazax, Şəmkir ellərinin asimanından keçən durna qatarı bütün yaşamıyla ifadə edə bilir. Füzuli kədəri, Vidadi nisgili bir-birinin havasına, yaşamına tuş olan, biri o birinin səbbini alan, biri o birində səngiyən aləmindən pərvəriş tapıb, biri o birini tamamlayır və daha çox da yaşadır. Dil zənginliyi, səmimiyyəti və aydınlığı Vidadi poeziyasının başlıca məziyyətləridi. Ancaq bu məziyyət təkcə şeirin texnoloji gəlişmələrinə dirənib qalmır. Daha çox məzmuna, fikrin ifadəsinə, dolğunluğuna hesablanır. Bəzən XVIII əsr poeziyamızın dil aydınlığı ilə müqayisədə XIX əsr şeirimizdə rast gəlinən fars-ərəb tərkibli nümunələrin önə çıxmasına heyrətlənməyə bilmirsən. Heyrətlənməyə bilmirsən ki, Vidadinin

Ey həmdəmim, səni qanə qərq eylər,

Gəl tərpətmə yaralanmış könlümü.

Ayrı düşmüş vətənindən, elindən,

Həmdərdindən aralanmış könlümü –

beytlərində göz önündə olan anadilli şeirimizin tamamilə aydın, saf dünyasına daha sonra gələn şeir örnəklərimizdə nədən bu qədər yad dil faktorları daxil edilib.

Vidadinin aşağıdakı misraları dil aydınlığı və milli kədər hissinin ifadəçisi olmaq baxımından daha çox çağdaşdı, daha çox bu günümüzün şeridi:

Könül verdin hər bivəfa yarlara,

Hayıf oldu, ömür getdi badlara.

Fələk saldı dürlü-dürlü odlara,

Şan-şan olmuş, paralanmış könlümü.

Bu misralar günümüzdə zorla cəlb edildiyi müharibədə torpaq itkisinə məruz qalmış, dost bilib üzünə qapı açdıqları nakəslərdən ağır zərbələr almış, sayğısızlıq görmüş Azərbaycan insanının yaşamını incəliklərinə qədər ifadə edir və XVIII əsrdən daha çox çağdaşlığımızın şeiridi. Bu baxımdan, Vidadi düha çox müasirimizdi, daha çox aktual və şeirə-sənətə daha çox etinalıdı.

GÜLAYƏ
banner

Oxşar Xəbərlər