• cümə, 29 Mart, 05:03
  • Baku Bakı 7°C

Mənəviyyatsız hücuma qarşı müqavimət

27.12.18 17:50 3370
Mənəviyyatsız hücuma qarşı müqavimət
Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan və orada yerini rahatlayandan sonra ölkəmiz əleyhinə kampaniya aparan Vidadi İsgəndərlinin davranışları ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Məhz buna görədir ki, bir qrup fəal vətənpərvər gənc özünü "hüquq müdafiəçisi”, "demokrat” adlandıran V.İsgəndərli barədə Fransa dövləti və hakimiyyətinə tələb irəli sürüb, eləcə də, petisiya hazırlayıb.Azərbaycan ictimaiyyəti adından fransız dilində hazırlanan və "change.org” saytında başladılan petisiyada gənclər Fransa Prezidenti Emmanuel Makrona və daha 9 nəfər səlahiyyətli şəxsə müraciət ünvanlayıblar. Müraciətdə V.İsgəndərlinin Azərbaycanda iğtişaş, terror, qeyri-sabitlik çağırışları etdiyi xatırladılır və Fransanın dövlət qurumlarından onun barəsində müvafiq ölçülərin götürülməsi tələb edilir. Həmçinin bildirilir ki, bu şəxs ölkədə olarkən, bir sıra cinayət əməlləri törədib və heç bir siyasi proseslərdə iştirak etməyib. Petisiyanın mətnində qeyd olunub ki, dövlət bir millətin hüquqi ifadə formasıdır və millətin hər bir üzvü dövlətin simvollarına və qanunlarına hörmətlə yanaşmalıdır. Bir ölkənin ərazisində şiddət, terrorizm və anti-konstitusion hərəkətlərin təşviqi üçün çağırışlar etmək beynəlxalq hüquq normalarının və demokratiyanın tələblərinə ziddir. Bu xüsusda, Fransada siyasi sığınacaq almış V.İsgəndərli adlı şəxsin Azərbaycanın dövlət qurumları və simvollarını təhqir etməsi qəti olaraq yolverilməz haldır.Qeyd olunub ki, Fransa hakimiyyəti və bu ölkənin müvafiq qurumları həmin ölkədə yaşayanın digər bir ölkədə qanunsuzluqlar törətmək çağırışlarına qarşı dərhal tədbirlər həyata keçirməlidir.

"Qhtxeber.az” saytının baş redaktoru Sənan Nəcəfov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirdi ki, Fransaya sığınaraq Azərbaycana, eləcə də bir çox ictimai-siyasi xadimə qarşı çirkin kampaniya aparan V.İsgəndərli öz "mənəviyyat” və tərbiyəsinə uyğun olaraq təhqirlər səsləndirir, heç bir çərçivəyə sığmayan hədyanlar dilə gətirir. Media rəhbəri deyib ki, belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun fəaliyyətinə hər cürə şərait yaradılması Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur: "Bu idbar məxluq haqqında hər cür fikir bildirmək, mahiyyətinə uyğun istənilən təhqirli sözü işlətmək olar. Çünki o, bütün təhqir və aşağılayıcı sözlərin ünvanı olduğunu öz fəaliyyəti ilə sübut edib. 30 ildən çoxdur ki, siyasi prosesləri izləyir, mətbuatda fikirlərimizi bildiririk. Son 10 ildə sosial şəbəkələrlə blogerlik fəaliyyətindəyik. Bu müddətdə Vidadi İsgəndərlini milli azadlıq mübarizəsində, bu mübarizənin ortasında, qırağında, dalında görməmişik. Bu məxluq yalnız Fransaya qaçandan sonra "youtube ulduzu” olub. Araşdırmadan sonra epizodik olaraq müxalifətin keçirdiyi mitinqlərdə, küncdə-bucaqda, onun-bunun yanında fotoqrafların obyektivinə təsadüfən düşən görmüşük. İndi bu əcaib düşüncəli insanı cəmiyyətə "siyasi mühacir” adı ilə tanıdırlar. Niyə? Şübhəli şəkildə Fransada "siyasi sığınacaq” almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət rəmzlərini eybəcər formada təhqir edən bu məxluqun mübarizəsi kiminlə və nə ilədir? Niyə bu adama sığınacaq verilib? Axı bunun heç bir siyasi mübarizəsi olmayıb. Belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun fəaliyyətinə hər cür şərait yaradılması Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur”.

S.Nəcəfov bildirib ki, Fransa dövləti V.İsgəndərlinin terror və zorakılıq çağırışlarına diqqət yetirməli və müvafiq tədbirlər görməlidirlər. Onun sözlərinə görə, bir qrup vətənpərvər gəncin başlatdığı petisiyanın əsas məqsədlərindən biri də məhz budur: "Fikrimcə, bu petisiya Azərbaycan siyasətinə, mentalitetinə, mənəvi dəyərlərinə xas olmayan, heç cür yaraşmayan, iyrənc söyüşə və təhqirə qarşı olan insanlara çağırışdır. Biz bununla göstərmək istəyirik ki, bu şərəf və ləyaqətdən bixəbər insan sığındığı ölkənin divar və otaqlarına arxayın olaraq, gözünü yumub, ağzını açıb. O, elə düşünür ki, nə istəsə, nə desə bunun cəzasızlıq mühiti sonsuza qədər davam edəcək və bu məsələdə maraqlı olan qüvvələrin dəstəyi yaranmış irinli immunitetinə qarşı antidot tapılmayacaq. Amma yanılır! Petisiyada məqsəd Fransa hökumətindən Vidadi İsgəndərli ilə bağlı hüquqi ölçü götürülməsini tələb etməkdir. Aydın məsələdir ki, "kiş” deməklə donuz darıdan çıxan deyil. Bu, cəmiyyətin fərdə qarşı etirazı deyil. Bu, dövlətinə, siyasi və ictimai institutlarına, mentalitetinə, tərbiyəsinə, qarşı yönələn mənəviyyatsız hücuma müqavimətidir”.

Baş redaktor deyib ki, dəfələrlə terrora məruz qalan, ərazisində sosial və siyasi iğtişaşlar baş vermiş bir dövlətin öz ağuşunda belə yaramaz, terrorçu və psixopat birisini bəsləməsi anlaşılan deyil. S.Nəcəfovun fikrincə, Fransa kimi dövlətin V.İsgəndərli kimi qeyri-qanuni, pozucu və cinayətkar fəaliyyət göstərən birisinə şərait yaratması Azərbaycan cəmiyyətində təəssüf doğurur: "Onun çıxışlarında insanları zorakılığa, terrora çağırmaq, qeyri-konstitusion davranışa sövq etmək kimi məqamlar aydın görünür. Bu da suveren xalqın iradəsinə, demokratiya normalarına, habelə beynəlxalq qanunvericiliyə ziddir”.

Petisiyaya qoşulduğunu diqqətə çatdıran siyasi şərhçi Azər Həsrət də hesab edir ki, V.İsgəndərli kimi adamlar Avropa ölkələri, o cümlədən Fransa üçün üz qarasıdır: "Biz, adətən Avropadan mədəniyyət, demokratiya və sair bu kimi dəyərlərə sayğı görmüşük. Lakin təəssüflər olsun ki, son illər tamamilə bunun əksini müşahidə edirik. Ağzının danışığını bilməyən, ədəbdən, tərbiyədən uzaq adamlar Fransa kimi ölkələrdə "siyasi” sığınacaq alır, ardınca da vaxtilə vətəndaşı olduğu ölkəyə qarşı söyüş kampaniyası aparırlar. Təəccüblüdür ki, Fransa və onun kimi digər Avropa ölkələri belə şər-böhtan kampaniyası aparanlara qarşı dözümlü yanaşırlar. Bu baxımdan hesab edirəm ki, petisiyanın ortaya çıxması yerinə düşür. Ümumiyyətlə, Azərbaycan dövləti və cəmiyyəti bu cür insanlar barəsində yalnız hüquq, ədəb, qayda-qanun çərçivəsində reaksiya verməlidir. Özümüzü vidadilərin səviyyəsinə endirib onlara söyüş, təhqirlə cavab verə bilmərik. Bu, bizə yaraşmaz. Ancaq Fransa dövlətindən tələb və xahiş etməliyik ki, bu cür adamları öz sərhədləri çərçivəsində tərbiyəyə və əxlaqa dəvət etsin. Əgər bunu edə bilmirsə, o zaman onlarla bağlı qanunlar çərçivəsində tədbir görsün”.

Xatırladaq ki, petisiyaya qatılmaq çox sadə prosesdir. Bunun üçün petisiyanın linkinə daxil olub müvafiq yerlərdə ad, soyad və email adresinizi yazıb imzalamalı, daha sonra həmin email adresinizə daxil olub imzanızı təsdiqləməlisiniz. Bununla da kampaniyada iştirak etmiş olursunuz.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər