Veteran jurnalistlərin yubileyləri qeyd edilib - Fotolar
Bu gün
Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə
tanınmış veteran jurnalistlər Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik
yubileylərinə həsr olunmuş toplantı keçirilib.
MŞ sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun
başlıca fəaliyyət istiqamətlərindən biri də ömrünü-gününü Azərbaycan
jurnalistikasına həsr etmiş dəyərli sənət adamlarının yubileylərinin
keçirilməsi, onlarla bağlı əlamətdar günlərin yada salınmasıdır. Şuranın Ahıl
Jurnalistlər Məclisi də məhz bu məqsədlə yaradılıb. Məclisin ötən müddətdə
gördüyü işlərin rəğbətlə qarşılandığını vurğulayan Ə.Amaşov əlavə edib ki, bu
gün təşkil olunmuş tədbir də jurnalistika peşəsinə dəyər verən şəxslərin
əməyinin qiymətləndirilməsi baxımından zəruridir. Bundan sonra MŞ sədri
tanınmış diktor, xalq artisti E.Bayramı və T.Yusifovu rəhbərlik etdiyi qurumun
diplomu ilə təltif edib.
MŞ-nin
Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə yubilyarlara
məclisin xatirə hədiyyəsini təqdim edib və bildirib ki, Mətbuat Şurası ahıl
jurnalistlərə qayğı ənənəsini davam etdirməkdədir. M.Süleymanzadə E.Bayramın və
T.Yusifovun jurnalistika sahəsindəki fəaliyyətindən söz açıb, onları peşələrinə
sadiq sənət adamları kimi xarakterizə edib.
Çıxış
edənlərdən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı,
İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, «Xalq qəzeti»nin baş redaktor
müavini Tahir Aydınoğlu, tanınmış diktor, xalq artisti Əli Məmmədov, veteran
jurnalistlər - İntiqam Mehdizadə, Bəbir Hüseynov, Şəddat Cəfərov və başqaları
hər iki yubilyarın ömür yolundan söz açaraq xatirələrini bölüşüblər.